Bakıda Avronest
PA-nın enerji təhlükəsizliyi komitəsinin iclası keçirilmişdir
Fevralın
12-də Bakıda Avronest Parlament Assambleyasının (Avronest
PA) enerji təhlükəsizliyi
komitəsinin iclası keçirilmişdir.
AzərTAc
xəbər verir ki, iclasda Avropa Parlamentinin, eləcə də
Ukrayna, Gürcüstan və Moldova parlamentlərinin
deputatları, nüfuzlu beynəlxalq iqtisadi qurumların
ekspertləri, Azərbaycanın dövlət və hökumət
üzvləri iştirak etmişlər.
İclası
komitənin Azərbaycan tərəfindən həmsədri,
Milli Məclisin deputatı Fuad Muradov açaraq tədbirin
yüksək səviyyədə keçirilməsinə
yaradılmış şəraitə görə Azərbaycan
dövlətinin, hökumətinin və parlamentinin rəhbərlərinə
minnətdarlıq etmişdir. Bildirmişdir ki, iclasda
müzakirə olunan məsələlər və dinləniləcək
məruzələr gələcəkdə enerji təhlükəsizliyinin
təmin olunması yollarının tapılması və Azərbaycanın
bu məsələdəki rolunu müəyyən etməyə
imkan verəcəkdir.
Çıxış
edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
(ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov Azərbaycanın neft
sənayesi tarixindən, müstəqilliyin bərpasından
sonra imzalanmış iri layihələrdən, neft-qaz
yataqlarından, təbii ehtiyatlarımızdan, "Şahdəniz"
yatağı ilə bağlı təqdim olunan konsepsiyadan
danışmışdır. Bildirilmişdir ki, ölkəmizin
Avropanın enerji təhlükəsizliyinin təminatındakı
rolu getdikcə artır. Azərbaycan
2018-ci ilə qədər "Şahdəniz-2" layihəsini
reallaşdıra və 2019-cu ildə Avropaya qazı
çatdıra bilər. Avropa qaz məsələsinə
siyasi məsələ kimi baxır. Amma ARDNŞ, eləcə
də konsorsiuma daxil olan şirkətlər bu məsələyə
siyasi sövdələşmə kimi yox, kommersiya əməkdaşlığı
kimi yanaşırlar.
ARDNŞ-in
vitse-prezidenti onu da vurğulamışdır ki, Azərbaycan
öz təbii qazını TANAP layihəsi ilə
yanaşı, digər qaz kəmərləri ilə də
ixracatında maraqlıdır. Bununla bağlı müvafiq
danışıqlar aparılmış, razılaşmalar
mövcuddur.
Sonra
Sənaye və Energetika Nazirliyinin məsul işçisi Aysel
Bayramova nazir Natiq Əliyevin çıxışını təqdim
etmişdir. Çıxışda Azərbaycanda həyata
keçirilən enerji siyasətinin əsas istiqamətləri
barədə məlumat verilmişdir. Bildirilmişdir ki,
dünyada enerjiyə olan tələbat getdikcə artır.
Ölkəmiz zəngin təbii qaz və neft ehtiyatlarına
malikdir. Bundan səmərəli istifadə olunması
üçün ölkəmizdə düzgün siyasət
yürüdülür. Azərbaycanın enerji
ehtiyatlarının dünya bazarına
çatdırılması prosesi sabit şəkildə həyata
keçirilir.
Qeyd
olunmuşdur ki, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin
potensialının 50 milyard kubmetrə
çatdırılması planlaşdırılır.
Sonra
Milli Məclis Sədrinin müavini, parlamentin təbii
ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov
neft-qaz sənayesi ilə bağlı qanunvericilik, beynəlxalq
əməkdaşlıq və digər məsələlərdən
danışmışdır. Vurğulanmışdır ki, bu
gün Xəzər dənizində neft hasilatına sərmayə
qoymaq üçün heç bir risk yoxdur və Azərbaycanda
xarici investisiyalar üçün çox əlverişli
mühit vardır.
Azərbaycan
qazının Avropa bazarına çatdırılması
prosesində Avropa İttifaqının dəstəyinin
vacibliyini qeyd edən V.Ələsgərov demişdir ki, Xəzər
dənizinin Azərbaycana aid hissəsinin təbii ehtiyatlarının
Avropaya səmərəli və effektiv şəkildə
çatdırılması üçün Avropa
İttifaqının, o cümlədən digər Avropa
strukturlarının ciddi siyasi dəstəyi lazımdır. Əgər
bu dəstək yetərincə və vaxtında göstərilsə,
Avropanın enerji təhlükəsizliyində yaranan problemlər
öz həllini tapacaqdır. Azərbaycanın çox
düzgün neft strategiyası vardır. Rəsmi
Bakının həyata keçirdiyi siyasət nəinki Azərbaycanın,
eləcə də regionun və Avropanın enerji təminatında
mühüm əhəmiyyət kəsb edir.
Komitənin
digər həmsədri, Avropa Parlamentinin deputatı Yiri Mastalka
tədbirin yüksək səviyyədə təşkilinə
və göstərilən qonaqpərvərliyinə görə,
nümayəndə heyətləri adından Azərbaycan tərəfinə
minnətdarlığını bildirmişdir. O demişdir ki,
Azərbaycanın belə mühüm tədbirlərə ev
sahibliyi etməsi onun Avropa İttifaqı, Avropa Parlamenti və
Avropanın digər strukturları ilə əməkdaşlıqda
maraqlı olduğunu bir daha sübut edir.
Həmsədr
bu gün Avropada enerji təhlükəsizliyi məsələsinin
əsas müzakirə mövzusu olduğunu, bu toplantıda Azərbaycan
ilə tərəfdaşlıqda enerji məsələlərinə
dair indiyə qədər gündəmdə olan layihələrin
üzərində iş aparılacağını
bildirmişdir.
Sonra
iclasda neft-qaz sənayesinin inkişaf perspektivləri,
qanunvericilik bazası, enerji layihələrinin
diversifikasiyası, ekoloji təhlükəsizlik və digər
məsələlər müzakirə olunmuşdur.
Azərbaycan
nümayəndə heyətinin üzvləri enerji təhlükəsizliyi
ilə yanaşı, dövlətlərin ərazi
bütövlüyünün, sərhədlərinin
toxunulmazlığı məsələsini gündəmə
gətirmiş, Ermənistanın Azərbaycan
torpaqlarını işğal altında saxlamasını
Avropanın təhlükəsizlik arxitekturasına ciddi təhdid
olduğunu bildirmişlər. Çıxışlarda
münaqişənin həll olunmamasının narahatlıq
doğurduğu vurğulanmış, problemin tezliklə həllinin
vacibliyi qeyd edilmişdir.
İclasda
müzakirə olunan məsələlərlə bağlı
hazırlanan məruzənin Avronest PA-nın Brüsseldə
keçiriləcək növbəti sessiyasının gündəliyinə
daxil edilməsi, enerji təhlükəsizliyi ilə
bağlı seminarların keçirilməsi barədə qərarlar
qəbul olunmuşdur.
Qonaqların
və ekspertlərin fikirləri dinlənildikdən sonra komitə
öz işini başa çatdırmışdır.
* * *
İclas
başa çatdıqdan sonra Avronest PA-nın enerji təhlükəsizliyi
komitəsinin həmsədrləri Fuad Muradov və Yiri Mastalka
iclasın yekunlarına dair mətbuat konfransı
keçirmiş, jurnalistləri maraqlandıran sualları
cavablandırmışlar.
Azərbaycan.-2013.- 13 fevral.- S.6.