Silahlı Qüvvələrin və ona bərabər silahlı birləşmələrin fəaliyyətini tənzimləyən qanunlar toplusu

 

"Azərbaycan Respublikasının Hərbi Qanunvericilik Ensiklopediyası" nəşr olunmuşdur. Bu sahədə ilk nəşr edilmiş kitabda Azərbaycan Respublikasının Silahlı Qüvvələri və ona bərabər silahlı birləşmələrin fəaliyyətini tənzimləyən, müstəqillik illərindən bu günə kimi parlamentdə qəbul olunmuş bütün hərbi qanunlar əksini tapmışdır. Ölkənin hərbi və təhlükəsizlik sektoruna aid bütün qanunvericilik aktlarının toplandığı ensiklopediyanın baş redaktoru Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, redaktoru isə Nizami Səfərovdur. Kitabın tərtibatçısı, Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovdur.

Adıçəkilən ensiklopediyada göstərilir ki, keçmiş SSRİ süquta uğradıqdan sonra bu birliyə daxil olan müttəfiq respublikalar öz müstəqilliklərini bəyan etmiş və müvafiq olaraq, Silahlı Qüvvələrini də yaratmağa başlamışdır. Hər bir xalq öz mövcudluğunun və xoşbəxt gələcəyinin təminatçısı kimi qurduğu dövlətin müdafiəsini yaratmış olduğu Silahlı Qüvvələr vasitəsi ilə həyata keçirir. "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikası Qanununun

1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkənin suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücumun qarşısının alınmasına, təcavüz olarsa,  dəf edilməsinə xidmət göstərir.

Silahlı Qüvvələrin yaradılması dövlətlə onun vətəndaşları arasında yaranan bir çox ictimai münasibətlərin - həqiqi hərbi xidmətə çağırış, hərbi xidmət, hərbi qulluqçuların statusunun müəyyənləşdirilməsi və onların sosial-hüquqi müdafiəsi və s. hərbi qanunvericilik aktları ilə nizama salınmasını tələb edir. Ordu quruculuğunu və Silahlı Qüvvələrin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların qəbul olunması yalnız dövlət və onun vətəndaşları arasında meydana çıxan hərbi münasibətlərin normalarda təsbit olunması demək deyil. Bu həm də Silahlı Qüvvələrin qarşısında duran vəzifələrin, ölkənin müdafiə qabiliyyətinin artırılması və ordunun yüksək döyüş qabiliyyətinin  təmin olunması istiqamətində dövlətin məsuliyyətinin müəyyən edilməsidir.

Kitabda hərbi sahəyə aid qanunlar, Milli Təhlükəsizlik Strategiyası, Hərbi Doktrina, Konstitusiya Məhkəməsinin qərarları, hərbi nizamnamələr, əsasnamələr, məcəllə və qanunlardan çıxarışlar, Nazirlər Kabinetinin qərarları, Silahlı Qüvvələrin geyim formaları və fərqlənmə nişanları, silahlı qüvvələrin və ayrı-ayrı qoşun növlərinin bayraqları, orden və medallar, onların təsvirləri, müdafiə nazirinin əmrləri və s. yer almışdır.

"Azərbaycan Respublikasının hərbi qanunvericilik ensiklopediyası" hərbi hissə komandirləri (rəisləri), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, onun yerli idarə, şöbə və bölmələrinin əməkdaşları, hərbi qulluqçular, onların ailə üzvləri, hakimlər, prokurorluq orqanları işçiləri, elmi işçilər, ali təhsil və ali hərbi təhsil müəssisələrinin tələbələri (kursantları), hərbi hüquqi sahədə biliklərini artırmaq arzusunda olan hər bir insan və hərbi xidmət keçmək kimi konstitusion vəzifə daşıyan hər bir vətəndaş üçün nəzərdə tutulmuşdur.

 

 

M.NƏRİMANOĞLU

 

Azərbaycan.-2013.- 13 fevral.- S.7.