Xaçmazda «Liderlik məktəbi - qış parlamenti» layihəsinin açılış mərasimi olmuşdur

 

Fevralın 12-də Xaçmazda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırdığı "VI liderlik məktəbi - qış parlamenti" layihəsinin açılış mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, "Atlant" istirahət və əyləncə mərkəzində keçirilən mərasimdə liderlik məktəbinin iştirakçıları ilə yanaşı, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının, Gənclər və İdman Nazirliyinin və Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak etmişlər.

Mərasimdə ATGTİ-nin sədri Şahin İsmayılov layihə haqqında geniş məlumat verərək bildirmişdir ki, layihənin ilk seçim mərhələsində 1200-ə yaxın tələbə gəncin elektron ərizəsi qeydiyyata alınmış, iki mərhələdə keçirilmiş seçimlərdən sonra onlardan 125 nəfəri "VI liderlik məktəbi - qış parlamenti"nin üzvü adını qazanmışdır.

Ş.İsmayılov qeyd etmişdir ki, layihə öz formatına görə ATGTİ-nin əvvəlki liderlik məktəblərindən fərqli olacaqdır. Bu dəfə "Qış parlamenti"ndə iştirakçılar komandalara deyil, müxtəlif komitələrə bölünəcəklər.

"Qış parlamenti" çərçivəsində gənc parlamentarilər layihənin ümumi şüarını seçərək hər biri öz komitəsinin baza prinsiplərinə uyğun layihələr yazıb təqdim edəcəkdir. Layihə ərzində tələbə gənclərin irəli sürdükləri yeni ideyaların, təklif və yeni layihələrin daha sonra ATGTİ-nin xətti ilə Milli Məclisin bu və ya digər komitəsinə təqdim olunması nəzərdə tutulmuşdur.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov çıxış edərək ölkəmizdə gənclərin böyük diqqət və qayğı ilə əhatə olunduğunu bildirmişdir. T.Süleymanov demişdir ki, son 5 ildə dövlət qulluğunda çalışan gənclərin sayı 2 dəfə artmış, bu istiqamətdə bir sıra sərəncamlar verilmişdir.

Hazırda ölkəmizdə 250-dən artıq gənclər təşkilatının fəaliyyət göstərdiyini bildirən natiq, respublika üzrə 35 olimpiya idman kompleksinin istismara verilməsini gənclərin sağlamlığının qorunmasına xidmət edən amil kimi qiymətləndirmişdir.

Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva da Azərbaycanda aparılan uğurlu gənclər siyasətindən danışmış, bunun sayəsində ölkəmizdə gənc nəslin nümayəndələrinin intellektual səviyyəsinin yüksək olduğunu qeyd etmişdir. Bildirmişdir ki, hazırda ölkənin bütün regionlarında gənclər evləri tikilir, yeni nəslin daha savadlı düşüncə tərzinə malik olması üçün müxtəlif tədbirlər həyata keçirilir.

Mərasimin sonunda "Qış parlamenti"nin 6 komitəsi təqdim olunmuş, onlara rəmzi bayraqlar təhvil verilmişdir.

Fevralın 17-dək davam edəcək layihə çərçivəsində gənc parlamentarilər öz komitələrinin baza prinsiplərinə uyğun qanun layihələri yazacaq, komitələrarası debatlar aparacaq, bu və ya digər qanun layihəsinin qəbulu üçün səsvermələr keçirəcəklər.

 

 

Azərbaycan.-2013.- 13 fevral.- S.7.