Tbilisidə Avropa İttifaqının «Şərq tərəfdaşlığı» proqramı üzrə dialoq keçirilmişdir

 

Tbilisidə Avropa İttifaqının (Aİ) "Şərq tərəfdaşlığı" proqramı üzrə qeyri-rəsmi dialoqun 2-ci iclası keçirilmişdir.

Tədbirdə Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan, Belarus və Ermənistandan nümayəndə heyətləri, Aİ-nin genişlənmə və Avropa qonşuluq siyasəti məsələləri üzrə komissarı Ştefan Fyule, qurumun xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə ali komissarının müavini Helqa Şmid iştirak etmişlər.

İclas media nümayəndələri üçün qapalı keçmişdir.

Tədbirdə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin başçılığı ilə Azərbaycan Respublikasının nümayəndə heyəti iştirak etmişdir.

Gürcüstanın xarici işlər naziri Maya Pancikidze AzərTAc-ın xüsusi müxbiri ilə söhbəti zamanı demişdir ki, "Şərq tərəfdaşlığı" proqramı üzrə ilk iclas Moldovada keçirilmiş, 2-ci iclas isə Tbilisidə baş tutmuşdur. Burada ilk dəfə olaraq xarici işlər nazirlərinin dialoqu və görüşləri ilə yanaşı, həm də Avropa İttifaqının nümayəndələri ilə nəqliyyat nazirlərinin görüşləri də keçiriləcəkdir.

 Nazir öz ölkəsinin Avropaya inteqrasiyası istiqamətində daha bir uğurlu addım atacağı baxımından bu tədbirin böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. M.Pancikidze bu ilin payızında Vilnüsdə keçiriləcək zirvə görüşü ərəfəsində belə bir dialoqun baş tutmasını təqdirəlayiq saymış və assosiasiya sazişi, azad ticarət zonası yaradılması, viza rejiminin liberallaşdırılması məsələləri üzərində də aparıldığını demişdir.

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev qeyd etmişdir ki, Avropa İttifaqı "Şərq tərəfdaşlığı"nın yaradılması təşəbbüsünü irəli sürmüş və hazırda onun üzvü olan ölkələr də təşəbbüsü dəstəkləmişlər. Həmin ölkələrin xarici işlər nazirləri altı ayda bir dəfə toplaşıb mövcud vəziyyəti, görülmüş işləri müzakirə edir, fikir mübadiləsi aparırlar. Bu görüşdə də "Şərq tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrlə əməkdaşlığın aktual məsələləri müzakirə olunmuşdur.

Nazir müavini demişdir ki, bu ilin payızında Vilnüsdə "Şərq tərəfdaşlığı" üzrə zirvə toplantısı keçiriləcəkdir və bu tədbirdə dövlət başçılarının iştirakı nəzərdə tutulan həmin iclasa hazırlıq məsələlərinə də diqqət yetirilmişdir. Biz "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlığın daha səmərəli qurulmasına mane olan başlıca problem kimi bölgədə mövcud münaqişələrin, o cümlədən, başlıcası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsini göstərdik. Təklif etdik ki, Avropa İttifaqı həmin münaqişələrin tənzimlənməsi məsələsində öz nüfuzundan istifadə etsin. Bu işdə yalnız ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə kifayətlənmək fikrimizcə nəticə vermir. Avropa İttifaqının özünün müstəqil mövqeyi olmalıdır.

Sonra brifinq keçirilmişdir. Aİ-nin genişlənmə və Avropa qonşuluq siyasəti məsələləri üzrə komissarı Ştefan Fyule bölgədə mövcud olan münaqişələrə münasibət bildirmişdemişdir ki, biz tərəflər arasında etimadın bərpa olunmasına çalışırıq. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də aparırıq, Minsk qrupu bu sahədə fəaliyyət göstərir.

Komissar qeyd etmişdir ki, münaqişənin tezliklə tənzimlənməsində maraqlıyıq.

 

 

İslam ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Tbilisi

 

Azərbaycan.-2013.- 13 fevral.- S.7.