Azərbaycanda ilk dəfə
olaraq ictimai siyasət
üzrə magistratura proqramı açılır
Azərbaycan
Diplomatik Akademiyası (ADA) 2013-2014-cü tədris ilindən
başlayaraq akademik proqramlarına yeni ixtisas əlavə edəcəkdir.
Burada
Azərbaycanda ilk dəfə olaraq ictimai siyasət üzrə
magistr təhsili veriləcəkdir. Son illər ərzində
beynəlxalq təhsildə ictimai siyasət ixtisası
geniş yayılmışdır. Xüsusilə inkişafda
olan dövlətlərin ictimai siyasət üzrə yerli
mütəxəssislərə ehtiyacı böyükdür.
Bu sahədə təhsil bir neçə elmi əhatə
etdiyinə görə magistrlər iqtisadiyyatdan tutmuş, etika
və kommunikasiyaya, riyaziyyat və statistikaya aid dərsləri
keçirlər. Sonda bu mütəxəssislər ictimai siyasət,
layihə və proqramların tətbiqi, dövlət və
ictimai sektora aid mürəkkəb məsələlərin təhlili,
ictimai problemlərə dair məlumatın dəqiq qiymətləndirilməsi
və düzgün yanaşmanın formalaşması, hətta
liderlik və natiqlik bacarığı üzrə də
qabiliyyətlərə yiyələnirlər.
ADA-da
yeni açılan bu ixtisas və qəbul qaydaları barədə
AzərTAc-ın suallarını Azərbaycan Diplomatik
Akademiyasının İctimai və Beynəlxalq Münasibətlər
İnstitutunun dekanı, fəlsəfə doktoru Anar Vəliyev
cavablandırır.
-
Anar müəllim, Azərbaycan Diplomatik Akademiyası nəyə
görə ictimai siyasət ixtisasına yer ayırmaq qərarına
gəlmişdir?
- Azərbaycanın
əmək bazarının təhlili onu göstərir ki,
dövlət və ictimai sektor həm yaxın, həm də
uzaq gələcəkdə çoxsaylı iş yerlərini
doldurmalı olacaqdır. Hazırda Azərbaycanın dövlət
strukturları tərəfindən 28 min 648 nəfər
dövlət qulluqçusu kimi işə götürülmüşdür.
Bundan əlavə, 15 min nəfər bələdiyyələrin
idarə edilməsi sahəsi üzrə
çalışır. Bunlardan 5 min nəfəri növbəti
3 il, digər 3 min nəfəri isə növbəti 6 il ərzində
xidmətlərini başa vurub təqaüdə
çıxacaqlar. Beləliklə də, boşalan iş yerlərinin
doldurulması üçün bilikli kadrlara ehtiyac
yaranacaqdır.
Onu
da unutmaq olmaz ki, sürətlə inkişaf edən
iqtisadiyyatın ehtiyacları ilə ali təhsil ocaqları məzunlarının
qabiliyyət imkanları üst-üstə düşməyə
bilər. Məsələn, hazırda ölkədə səhiyyə
və humanitar elmlər üzrə buraxılan məzunların
sayı çoxluq təşkil edir. Eyni zamanda, maliyyə
menecerləri, inzibatçılar, ümumi siyasət təhlilçiləri
kimi işləyə biləcək məzunların sayında
qıtlıq hiss edilir.
Azərbaycanın
dövlət və ictimai sektoruna bütün səviyyələrdə
yaxşı menecerlər lazımdır. Mükəmməl təhsil
almış insanlar həm dövlət və ictimai sektorun
işinin keyfiyyətini qaldıracaq, həm də ölkədə
islahatların daha səmərəli aparılmasına töhfə
verəcəklər.
-
Mümkünsə, ictimai siyasət üzrə magistr təhsilinin
tədris proqramı barədə bir qədər geniş
danışın. ADA-nın bu ixtisas üzrə məzunları
harada işləyə biləcəklər?
-
Diplomatik Akademiyanın ictimai siyasət üzə magistr (Master
in Public Policy-MPP) proqramı həm yerli, həm də xarici tələbələr
üçün tərtib edilmişdir. Qeyd etdiyim kimi, proqram
geniş spektrli elmləri öyrənərək ictimai, sosial
və iqtisadi məsələləri araşdırır və
tələbələrin siyasət, iqtisadiyyat, ətraf
mühit, sağlam cəmiyyət üçün sosial şərtlər
kimi anlayışlarını genişləndirir.
Tədris
proqramı tələbələrin təkcə nəzəri
biliklərini deyil, həm də bacarıqlarını kəmiyyətcə
və keyfiyyətcə artırır, ictimai məsələlər
üzrə peşəkarlara bu gün lazım olan idarəetmə
qabiliyyətini aşılayır. Tələbələrimizdən
nəzəri biliklərini real həyat şəraitində
nümayiş etdirmələri tələb olunur. MPP məzunları
təkcə yerli deyil, həm də beynəlxalq səviyyədə
hadisələr və çağırışlara tənqidi
təfəkkür və analitik düşünmə əsasında
yanaşmağı, ictimai məsələlər və ictimai
siyasət üzrə mükəmməl biliklər
nümayiş etdirməyi, müxtəlif sistemlər
arasında müqayisə aparmağı, həm müstəqil
olaraq, həm də komanda tərkibində səmərəli
işə yararlı olmağı, bildiklərini və öyrəndiklərini
yazılı və şifahi kommunikasiya qabiliyyəti ilə
ifadə etməyi, başqalarını dinləməyi
bacarmalıdırlar.
İş
yerlərinə gəldikdə isə, tələbələri
hökumət, qeyri-hökumət və hətta biznes sektoruna
keyfiyyətli işçi qüvvəsi kimi hazırlamaq niyyətindəyik.
Tədrisdən əlavə, praktiki bilik və təcrübələrinin
artırılması üçün tələbələrimiz
ADA tərəfindən ixtisaslarına uyğun şirkətlərə
və qurumlara qısa müddətə təcrübə
proqramlarına göndərilirlər. Eyni zamanda, akademiya tərəfindən
tez-tez keçirilən konfranslar, seminarlar, qısamüddətli
təkmilləşdirmə proqramlarında da iştirak etmək
imkanı əldə edirlər.
-
İctimai siyasət üzrə magistraturaya qəbul
qaydaları necədir?
- Əvvəla,
xatırladım ki, Azərbaycan Diplomatik Akademiyasında ali təhsil
yalnız ingilis dilində verilir. Ona görə də potensial
magistrlərimiz ingiliscə təhsil almağa hazır
olmalıdırlar. Ümumiyyətlə, ADA-da qəbul prosesi
iki mərhələdən ibarətdir. Birinci mərhələdə
namizədlər elektron ərizə formasını
doldurmalı və Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının müvafiq imtahan nəticələri,
TOEFL və ya İELTS dil imtahanlarının nəticələri
və bəzi digər sənədləri cari ilin aprelin 1-dək
Azərbaycan Diplomatik Akademiyasına təqdim etməlidirlər.
Maraqlananlar bu sənədlər barədə daha ətraflı
məlumatı bizim www.ada.edu.az
internet səhifəsindən öyrənə bilərlər.
ADA-nın
öz qəbul komitəsi tərəfindən bəyənilən
namizədlər daha sonra ikinci mərhələyə, yəni
qəbul komitəsinin nümayəndələri ilə
müsahibəyə dəvət olunurlar. Bu mərhələdən
də uğurla keçən namizədlər ADA tərəfindən
proqrama qəbul olunduqları barədə rəsmi məktub
alırlar.
- Azərbaycan
Diplomatik Akademiyasında verilən təhsil proqramlarına
baxsaq görərik ki, buraya təkcə beynəlxalq
münasibətlər deyil, həm də ictimai siyasət,
biznesin idarəedilməsi kimi ixtisaslar daxildir. Akademiyanızda
hazırda üç institut -
İctimai və Beynəlxalq Münasibətlər,
Biznes, Humanitar və Dəqiq Elmlər institutları fəaliyyət
göstərir. Deməli, siz yalnız diplomatlar
hazırlamırsınız?
-
Doğrudur. Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı
ilə 2006-cı ildə təsis edilən Azərbaycan
Diplomatik Akademiyası fəaliyyətinə Xarici İşlər
Nazirliyinin əməkdaşları üçün xüsusi
təlimlərin keçirilməsi ilə başlamışdır.
Dövlətimizin xarici ölkələrdəki diplomatik
nümayəndəliklərinin sayı son 10 ildə əhəmiyyətli
dərəcədə artdığına görə bu təlimlərə
böyük ehtiyac var idi. İlk illərdə ADA-nın bu
kurslarından təxminən beş yüz nəfərə
yaxın diplomat məzun olmuşdur. Lakin daha sonra biz başa
düşdük ki, cəmiyyətin beynəlxalq səviyyədə
təhsil verəcək ali təhsil ocağına artan
ehtiyacı vardır. Ona görə də biz Azərbaycan
Diplomatik Akademiyasını genişləndirərək
inkişafda olan bazar iqtisadiyyatı, dövlət və ictimai
sektor üçün keyfiyyətli kadrlar hazırlayacaq məktəbə
çevirdik. Biz çox şadıq ki, elə ilk illərdən
Azərbaycan Diplomatik Akademiyasının fəaliyyəti
Prezident İlham Əliyev tərəfindən bəyənilmiş
və dövlət başçısının dəstəyini
qazanmışdır. Hazırda İctimai və Beynəlxalq
Münasibətlər, Biznes, Humanitar və Dəqiq Elmlər
institutlarında 300-ə yaxın tələbə bakalavr və
magistr pilləsi üzrə təhsil alır.
Qarşıdakı təhsil ilində tələbə qəbulunun
sayı iki dəfə artırılacaqdır. Gələcəkdə
biz ADA-nı genişləndirərək müxtəlif sahələr
və elmlər üzrə təhsil verən universitetə
çevirməyə planlaşdırırıq.
-
Müsahibəyə görə təşəkkür edirik.
Azərbaycan.-2013.- 13 fevral.- S.7.