«Daş yuxular»da Əkrəmin
gözünə görünənlər
22 ilə yaxın bir dövrdə əldə etdiyimiz dövlət müstəqilliyi ölkəmizin iqtisadi-siyasi inkişafında, xalqımızın firavanlığının artmasında hissediləcək dərəcədə öz bəhrəsini verməkdədir. Azərbaycan eyni zamanda beynəlxalq aləmdə öz nüfuzunu günbəgün artırmaqda, dövlətlərarası əlaqələrini inkişaf etdirməkdədir. Təbiidir ki, bu inkişaf bir sıra imperiya xislətli dövlətlərin maraqlarına uyğun gəlməyəcək. Ona görə də həmin dövlətlər ölkə daxilində qarışıqlıq yaratmaq üçün müxtəlif üsul və vasitələrə əl atmaq yolunu seçmişlər.
Çox təəssüf ki, Azərbaycanın
içərisində də bu siyasətə
qulluq göstərmək, milli
maraqlara xəyanət
etmək, düşmən dəyirmanına su
tökmək niyyəti güdən erməni xislətli həmvətənlərimiz vardır. Bunlardan
biri xalq
yazıçısı, bir çox fəxri
adları olan Əkrəm Naibovdur.
Onun "Daş yuxular" romanını
"Drujba narodov" jurnalının internet saytında
oxudum. Əvvəla, Azərbaycan yazıçısının
öz əsərini birbaşa Rusiya jurnalında nəşr etdirməsində onun niyyəti, məramı aydın olmur. Bu məsələ Azərbaycan oxucusuna çox təəccüblü
görünür. İnanmıram ki, Azərbaycanda bir mətbuat orqanı tapıla ki, belə bir
üzdəniraq romanı
öz səhifələrində
dərc etmiş olsun. Çünki müəllif xalqımızın
övladlarını Əylis
kəndi fonunda vəhşi, qaniçən,
amansız kimi təqdim etmişdir.
O, eyni zamanda tarixi hadisələri məqsədli
şəkildə təhrif
etmiş, Azərbaycan
ziyalılarını lağa
qoymuş, ələ salmışdır. Axı ağa
qara deməklə, həqiqəti təhrif etməklə müəllifin
mətbuata müsahibələrində
irəli sürdüyü
"iki xalqı barışdırmaq istəyirəm"
fikri heç cür uyğun gəlmir.
Əsər yalan, əsassız
məlumat, xalqımıza
yazıçının şər
və böhtanları
ilə doludur. Əsərdə göstərilir ki,
Mesrop Maştos erməni əlifbasını
elə Əylisdə yaradıbdır. Şovinist erməni yazıçısı
Raffi elə Əylisdə məktəbdə
dərs deyirmiş və s. 1918-ci ildə erməni daşnakları quldur Andranikin başçılığı ilə bu bölgədə nə qədər qətl-qarətlər
həyata keçirdilər.
Türk əsgərləri
naxçıvanlıların köməyinə gəldilər,
erməni daşnaklarının
bölgədən təmizlənməsində
iştirak etdilər, neçəsi şəhid
düşdü. Məzarları
indi də Əylisdə durur. Yazıçı erməninin
könlü açılsın,
xatiri xoş olsun deyə türk əsgərlərinin
1918-ci il hadisələrində
guya qaniçənliyini
təsvir etməkdən
də çəkinmir. Amma düşünmür
ki, onlara şər atması şəhidlərin ruhuna təhqirdir. Bu təhqiri xalq yazıçısı
(bu addan məhrum edildi) necə şəninə sığışdırır? Bu yalan, böhtan bəlkə də ermənilərin 2015-ci ildə
guya erməni soyqırımına hazırlığını
möhkəmləndirmək üçün onlara Azərbaycan yazıçısının
verdiyi dəstəyin əyani ifadəsinə xidmət edir.
Əkrəm Əylislinin milli
məsələdə ikili
mövqe tutması hələ 1989-cu il hadisələri zamanı özünü büruzə
vermişdi. Amma o, bu proseslərdə manevrlərlə, "mənim
dediyimi təhrif ediblər" bəhanəsi
ilə sudan quru çıxmışdı.
Onun indiki romanı köhnə xislətinin, ikibaşlı
mövqe tutmasının
daha bir təkrarından başqa bir şey deyildir.
Açıq demək lazımdır
ki, bu roman heç bir bədii məziyyətə
malik deyil, ancaq siyasi ambisiyalara,
şantaja xidmət göstərir. Bəlkə də Əkrəm Azərbaycanın
Orxan Pamuku olmaq sevdasına düşmüşdür. Azərbaycan
ədəbiyyatında iki
xalqı dostluğa, mehriban qonşuluğa səsləmək ənənəsi
vardır. Məsələn,
elə Cəfər Cabbarlının "1905-ci ildə"
əsəri. Heç
olmasa bu ənənədən nümunə
götürə bilərdi.
Nəinki beynəlxalq
aləmdə Azərbaycanı
istəməyən qüvvələrə
bizim əleyhimizə yalançı, uydurma faktlar ötürmək. Əkrəm mənsub olduğu xalqın çörəyini yeyib onun milli mənafeyinə,
milli ideallarına xəyanət etdi, naxələf çıxdı.
Bu hərəkətlə xalqın
nifrətini qazandı.
Elin töhməti ağır olar. Əlli milyonluq xalqın töhmətini, nifrətini qazanmaq çox ağır cəzadır. Sizin cəzanızı tarix verəcəkdir.
Əbülfəz QULİYEV,
filologiya elmləri doktoru,
AMEA-nın müxbir üzvü,
AMEA
Naxçıvan Bölməsinin İncəsənət, Dil və
Ədəbiyyat İnstitutunun direktoru
Azərbaycan.-2013.- 13 fevral.- S.8.