Əkrəm Naibov xalqına qarşı işlətdiyi günahı heç vaxt silə bilməyəcək

 

Əkrəm Naibovun Rusiyada "Drujba narodov" jurnalında dərc edilmiş "Kamennıe snı" ("Daş yuxular") romanını oxuyandan sonra hər bir azərbaycanlı kimi, mənim də içimdə bu cür suallar baş qaldırdı: görəsən, niyə əsərin çapolunma vaxtı məhz Xocalı soyqırımının bütün dünyaya çatdırılması və tanıdılması istiqamətində  səylərin  ciddi surətdə artdığı  bir vaxta düşüb? Əkrəmin Azərbaycan və Türkiyənin milli maraqlarına zərbə vurmaq istəyi haradan qaynaqlanır? Nə üçün yazıçı müqəddəs islam dininə qarşı bu cür aqressiv mövqedədir?

Zənnimcə, yuxarıda sadalanan sualların bir cavabı var: erməni məkrinin təəssübkeşliyi! Ə.Naibov bu əsərində xalqımızın erməni qəsbkarlarına  qarşı mübarizə tarixini, dəfələrlə deportasiyaya məruz qalmış qərbi azərbaycanlıların  şəxsiyyətlərini ("yerazı" - "yerazlar", "sukinı deti bejensı" - "it uşağı qaçqınlar") təhqir edir, qatili məzlum, qurbanı qatil qismində təsvir etməyə çalışır, "ermənilər yox, biz özümüz pisik" deyir.

Əlbəttə, xalq yazıçısı adını daşıyan adam erməni xalqını böyütməkdən ötrü öz xalqını bu qədər təhqir etməli deyildi, çünki hər hansı xalqa mənsub olan yazıçı ilk əvvəl o xalqın dəyərləri və adət-ənənələri, istəkləri və arzuları ruhunda yazıb-yaratmağa meyilli olmalıdır. Məhz  sosial-mədəni özünəməxsusluq, tarixi mənşə ümumiliyi mədəniyyət nümunələri vasitəsilə milli həyata möhkəm daxil olaraq milli mənsubiyyət hissinin daha da güclənməsinə səbəb olur. Əkrəmin "Daş yuxular"ında isə biz bunun tərsini görürük: xalqımızın milli dəyərlərinə və müqəddəsliyinə aid hər nə varsa, əsər müəllifinin təhqiramiz və kinayəli ifadələri ilə alçaldılır.

 Ə.Naibov unudur ki, əsər sadəcə yaradıcılıq məhsulu deyil. Hər hansı bir əsər bəşəri dəyərləri, sivilizasiyalararası dialoqu təbliğ etməklə millətlərarası ünsiyyətin dərinləşməsinə də səbəb ola bilər (məsələn, Elçin Əfəndiyevin "Mahmud və Məryəm" əsəri), irqçilik və qatı millətçilik ideyalarının təbliğ edilməsi ilə milli-etnik münaqişələrə və müharibələrə də səbəb ola bilər (məsələn, Hitlerin "Mənim mübarizəm" kitabı). Erməni Zori Balayanın "Ocaq" əsəri Dağlıq Qarabağdakı ermənilərin "Miatsum" (Azərbaycan torpaqları hesabına "birləşmiş erməni dövləti"nin yaradılması ideyası) hərəkatının ideoloji platformasına çevrildi. Silva Kaputikyanın şeirləri Qarabağ ermənilərini "milli-azadlıq mübarizəsi" adı ilə Azərbaycanın mərkəzi hakimiyyətinə qarşı terrorçuluğa səslədi.

Əkrəmin özü yaxşı başa düşür ki, əsərin bəşəriliyi onun xəlqiliyindən doğur. Xəlqi olmayan əsər bəşəri ola bilməz. Yazıçılıq sadəcə üslubdan ibarət deyil, başlıca olaraq oxuculara həqiqəti çatdırmaqdır. Əgər Əkrəm ermənilərin 1905-1906, 1918-1920, 1988-1993-cü illərdə azərbaycanlılara qarşı həyata keçirdikləri məkrli, sistemli və kütləvi soyqırımlarını (yeri gəlmişkən, dünyada assurilərdən sonra insanların dərisini diri-diri soyan yeganə azğın kütlə ermənilərdir), Quba məzarlığını görmək istəmirsə, əvəzində öz doğma yurd-yuvalarından başaçıq, ayaqyalın didərgin salınan, gözünün qarşısında əzizlərinə dağ çəkilmiş, süngülənmiş soydaşlarımızın (Zori Balayanın türk, Ə.Naibovun "yeraz", "qancıq balaları" adlandırdığı insanların) Sumqayıtda 32 nəfərin ölümü ilə nəticələnən kinini və qəzəbini görürsə, buna "yaradıcı" yox, "xəstə təxəyyül" demək lazımdır.

Əkrəm müqəddəs islam dinini təhqir etmək üçün bir şeytan addımı atdı. Romanda surətlərin birinin dili ilə deyilir: "Necə yəni, sizin peygəmbər Allahdan ağıllıdır? Əgər insanda nə isə artıq olsaydı, məgər Allah kor idi bunu görməsin? Necə ola bilər  ki, Allah sifəti, gözləri, burnu, qulağı yaradanda səhv etmədi, hər şeyi qaydasında etdi, lənət şeytana, həmin yerə  gəlib çatanda isə  məktəbli kimi (Allahı da təhqir edir - C.H.) səhvə yol verdi... Oğlu atasının ona qarşı etdiyini (sünnəti - C.H.) fiziki zor, qəddarlıq və  mənasız bir vəhşilik kimi qavramışdı".

Romanda Bakı dünyanın ən pis yeri hesab edilir. Surətlərin birinin dili ilə deyilir: "Bir dəfə atam səhv edib məni bura (Bakıya) gətirdi. Özüm ondan betər səfehlik etdim, Moskvadan bura gəldim". Doğulduğu kəndi isə Əkrəm Naibov ruhi əsəb dispanseri kimi təsvir edir. Burada hər iki evdən birində ruhi xəstə vardır, çünki onlar günahsız qətlə yetirilmiş ermənilərin evlərini qəsb ediblər, halallıqlarını almadan orada yaşadıqlarından bu "məzlum" xalqın ruhu onları rahat buraxmır.

Görəsən, o  zaman Dağlıq Qarabağ ərazisində yaşayan 80 minlik erməni əhalisi Azərbaycanda milli-mədəni muxtariyyətlə təmin ediləndə, Ermənistanda yaşayan 350 minlik azərbaycanlı əhalisinə isə heç bir milli status verilməyəndə Əkrəmin ruhu rahat idimi?

"Daş yuxular"da  Azərbaycan qadınlarının Əylisdəki qadınların timsalında qədər tənbəl, biganə, ürəksiz olmasının, ananın cehizsiz gəldiyinə görə öz gəlinini evdən qovmasının, əksinə, erməni qadın Haykanuşun nəzakətli, humanist, mehriban olmasının yetim Camalın qayğısına qalmasının, hətta onun başının bitini dırnağı ilə dərindən təmizləməsinin təsvir edilməsi roman müəllifinin millətimizin  xarakterinə səviyyəsinə böhtanının göstəricisidir. Əkrəm Naibovun yadına bunları salmaq istəyirəm: Azərbaycan qadını tarix boyu öz ağlı, namusu, qeyrəti, isməti,  fədakarlığı, çalışqanlığı, mərdliyi, millətinə, torpağına olan hədsiz məhəbbəti gözəlliyi ilə tanınmışdır. Mənəvi-əxlaqi keyfiyyətləri ilə daim seçilmiş Azərbaycan qadını bu gün öz məziyyətləri  ilə bəşəri idealların təntənəsinə xidmət edir. Yüksək mənəvi sifətlərlə səciyyələnən gözəl qadın obrazlarının bədii təsviri xalq yaradıcılığı nümunələrində, qədim rəvayət dastanlarımızda da öz əksini tapmışdır. Ermənilərin hansı mental xüsusiyyətlərə malik olmasını isə onların özünə məxsus olan atalar sözləri daha aydın şəkildə ifadə edir: "Sən zurnanı çal, kimin qatırı hürkürsə, qoy hürksün. Evdə kürəkənim ölsün, bayırda gəlinim".

Ə.Naibov Şuşadan gəlmiş Şahqacar Ərməğanov (Şah Qacar adı obrazın qəddar qaniçən olmasına, Qacar türklərinin vəhşiliyinə işarədir) obrazı ilə azərbaycanlıların fizioloji quruluşuna da rişxənd etməkdən çəkinmir: "Bu adamın kvadratabənzər fiqurası var idi. Kürəyinin diqqət çəkən eni bütün standartlar çərçivəsindən çıxırdı. Onun zil qara gur saçları, eləcə qara sıx qaşları, geniş, gur bığları qabarıq, mənasız, heç bir şey ifadə etməyən timsah gözləri vardı". Əkrəm Naibovun "Daş yuxular" əsəri ilə bağlı düşüncələrim geniş olsa da, təklifim lakonik olacaq, çünki bu məsələ ilə bağlı xalqımızın, onun düşünən beyinlərinin (Ə.Naibovun əsərini oxumağa vaxt tapmayan, hər situasiyadan iqtidara qara yaxmaq üçün bəhrələnməyə çalışan reneqatlar dəstəsinin) öz xalqına xəyanət edən yazıçısına verdiyi cavabın təmkinli tutarlı olacağına heç bir şübhəm yoxdur. İstərdim ki, Əkrəm Naibovun "Daş yuxular" kitabı erməni vəhşiliyini görmək üçün Quba məzarlığına gələnlərin gediş-gəliş yolunda torpağa basdırılsın.

 

 

Ceyhun HÜSEYNOV,

ADAU-nun dosenti,

siyasi elmlər namizədi

 

Azərbaycan.-2013.- 13 fevral.- S.8.