İnsanlığa qarşı cinayət

 

Xocalıya ilk böyük hücum

 

 Belə bir vaxtda Dağlıq Qarabağda yaşanan qarşıdurmanın xarakterik xüsusiyyətlərindən biri yollarda "daş müharibəsi"nin getməsi idi. Bu, əsas etibarı ilə Xankəndi-Xocalı-Əsgəran arasında özünü göstərirdi. Həmin istiqamətdə keçən yoldan azərbaycanlılara məxsus avtomobilləri ermənilər daşa tutur, onları əzir, sahiblərinə müxtəlif xəsarətlər yetirirdilər. Bunun əvəzi isə daha çox Əsgərandan Xankəndiyə, habelə əks istiqamətdə hərəkət edən və beləliklə, Xocalıdan keçmək məcburiyyətində qalan ermənilərə məxsus avtomobillərdən çıxılırdı. Ona görə də ermənilər Xocalı maneəsinin mümkün qədər tez neytrallaşdırılmasına çalışır və kiçik bir həmlə ilə Xocalını məhv edəcəklərinə inanırdılar. Elə bu məqsədlə də 1988-ci il sentyabrın 18-də Xankəndidə keçirilən nümayiş meydanından 12 minə qədər erməni 10 kilometrlik məsafəni piyada qət edərək Xocalıya tərəf üz tutdu. Ermənilərdən irəlidə isə "KrAZ" və "KaMAZ" markalı 4 yük avtomobili gəlirdi. O da məlum oldu ki, ermənilərin arasında xüsusi təlim keçmiş döyüşçülər var. Bundan başqa, ermənilər benzin doldurulmuş butulkalarla, ucu itilənmiş dəmirlərlə silahlanmışdılar. Lakin bunlar Xocalı sakinlərini qorxutmadı. Əksinə, Xocalıya iki kilometr qalmış ermənilərə qarşı az bir qüvvə ilə həmləyə keçən xocalılılar erməniləri geri oturtdular. Sonradan isə məlum oldu ki, həmin vaxt ermənilər arasında yaşanan qarmaqarışıqlıq nəticəsində onlardan 27-si ölmüş, 100-dən çoxu yaralanmışdı. Hadisənin səhərisi günü Zori Balayan "YAK-140" təyyarəsi ilə 12 nəfər həkimlə birlikdə Ermənistandan Xankəndiyə gəldi. Yalnız sentyabrın 21-də Bakıdan Azərbaycan KP Mərkəzi Komitəsi Xocalıya nümayəndə heyəti göndərdi. Lakin bu nümayəndələr daha çox ermənilərin əzişdirilməsinə görə öz iradlarını bildirirdilər. Hadisədən az sonra mərkəzdən gələn istintaq qrupu isə baş verənlərə görə bir neçə Xocalı sakininin həbsinə dair qərar çıxardı. Elə bundan sonra yollarda və digər məntəqələrdə keşik çəkən sovet ordu qüvvələri erməniləri Xocalı sakinlərindən müdafiə etməyə daha çox diqqət yetirdi.

Bu dövrdə artıq "daş müharibəsi" intensivləşir və odlu silahlardan daha çox istifadə olunurdu. Yerevandan Xocalı aeroportuna edilən gündəlik reyslərin sayı 30-a çatırdı. Həmin təyyarələrlə ermənilər Xankəndiyə hərbi sursat daşıyırdılar. Ancaq sonradan Xocalı polisinin fədakar əməyi sayəsində Ermənistandan gələn reyslərin sayı 4-ə qədər azaldı. Hətta Moskvanın bu məsələyə qəti etirazını bildirməsinə baxmayaraq, Xocalı polisi inadından dönmədi və sərnişin reyslərindən başqa heç bir yük təyyarəsinin Xocalı aeroportuna enməsinə yol vermədi.

Beləliklə, Dağlıq Qarabağ münaqişəsi fonunda ermənilərin əsas hədəflərindən biri olaraq Xocalını seçməsi heç də təsadüfi deyildi. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda əsas məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları daha uzağa hesablanmış məqsəd güdürdülər. Onların əsas niyyəti Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Bununla da ermənilər Sovet ordusunun 366-cı alayının köməyilə tarixdə ən qanlı səhifələrdən birinin yazılmasına nail ola bildilər. Beləliklə, ötən əsrdə Xocalı daha bir faciə yaşamış oldu. Həmin faciədən əvvəl də Xocalı öz tarixində bir neçə dəfə erməni təcavüzünə məruz qalmış, soyqırımlarına uğramışdı. Təkcə XX əsrin əvvəllərində - 1905, 1906, 1917 və 1918-ci illərdə də Xocalı dörd dəfə erməni təcavüzünə məruz qalmış, yandırılmış, talan edilmiş, dağıdılmış, lakin ayağa qalxaraq düşməndən qisasını almış, yenidən bərpa olunmuş və yaşamışdı. Amma tarix Xocalını daha bir qanlı faciə ilə sınağa çəkməyə hazırlaşırmış.

Ermənilərin niyyətini yaxşı bilən Xocalı sakinləri müəyyən müdafiə tədbirləri görürdülər. Düşmən isə yaxşı anlayırdı ki, Xocalının ələ keçirilməsi Qarabağ münaqişəsinin sonrakı taleyində həlledici rol oynayan əsas məqamlar sırasındadır.  Ermənilərin diqqətini Xocalıya cəlb edən önəmli səbəblərdən biri onun geostrateji mövqeyi idi. 7000 əhalisi olan Xocalı Xankəndidən 10 kilometr cənub-şərqdə, dağ silsiləsində, Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da məhz Xocalıda idi. Ermənilərin əsas istəklərindən biri məhz buradakı hava limanı vasitəsilə Ermənistanla daha rahat əlaqə yaradılmasına nail olmaq idi. Dağlıq Qarabağda hələ A.Volskinin hakimiyyəti dövründən Xocalı aeroportuna gündə 20-30 təyyarə enib-qalxırdı. Onların əsas yükü silahxarici ölkələrdən köməyə gələn könüllümuzdlu əsgərlər idi. Dünyanın hər yerindən Dağlıq Qarabağ ermənilərinə kömək etmək üçün erməni könüllüləri daşınırdı. 1990-cı ilin noyabrında Əlif Hacıyev Xocalı təyyarə limanında Xətt Daxili İşlər Bölməsinin rəisi və Xocalı aeroportunun komendantı təyin olundu. Bu, ermənilərin silah daşımasının qarşısını müəyyən qədər aldı. Lakin yollarda qətl və təxribat hadisələri davam edirdi.

1991-ci ilin sonlarında SSRİ-nin dağılması ilə keçmiş sovet məkanında yeni geosiyasi şərait yarandı. Ermənistan, faktiki olaraq, Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə başladı. Ermənistanın hərbi birləşmələri Azərbaycanın sərhədlərini pozub Qarabağa daxil oldu və Dağlıq Qarabağın erməni separatçıları-terrorçuları ilə birləşərək Azərbaycan torpaqlarının işğalına başladı. Moskvadan və xaricdəki erməni diasporundan verilən dəstək, ovaxtkı Azərbaycan rəhbərliyinin yarıtmaz siyasəti nəticəsində ciddi müqavimətlə üzləşməyən ermənilər 1991-ci ilin oktyabrında Tuğ və Salakətin kəndlərini işğal etdilər. Bunun ardınca Xocavənd də işğalçıların nəzarəti altına keçdi.

O dövrdə Xocalı yenə də ermənilərin işğal siyasətinin daha sürətlə genişlənməsinə mane olurdu. Belə ki, ermənilər azərbaycanlılar yaşayan kəndlərə hücum edəndə Xankəndiyə və ermənilərin məskunlaşdıqları digər yerlərə Xocalıdan müqavimət göstərilir və düşmənin öz niyyətini həyata keçirməsinə maneələr yaradılırdı. Lakin Xocalıya və Qarabağın düşmən hücumuna məruz qalan digər bölgələrinə ovaxtkı Azərbaycan iqtidarı tərəfindən lazımi yardımlar edilməməsi və hakimiyyət uğrunda gedən savaşlar ermənilərin öz niyyətini daha asan reallaşdırmalarına imkan verirdi. Məhz bunun nəticəsində 1992-ci il yanvarın 10-da ermənilər Axullu kəndini zəbt edə bildilər. Elə həmin ilin fevralında Malıbəyli və Quşçular kəndləri hücuma məruz qaldı. Xankəndidə yerləşən 366-cı alayın bilavasitə iştirakı ilə bu kəndlər də ermənilər tərəfindən işğal olundu. Malıbəyli və Quşçular kəndlərinin işğalından bir neçə gün sonra Dağlıq Qarabağın ən iri yaşayış məskənlərindən olan Qaradağlı yenə də 366-cı motoatıcı alayın əsgər və zabit heyəti, eləcə də müxtəlif xarici ölkələrdən gətirilmiş muzdlu döyüşçülər hesabına ermənilərin əlinə keçdi.

Artıq 1992-ci il fevralın 18-də Xocalı istiqamətində olan yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, yüksək mövqelər ermənilər tərəfindən tutulmuşdu. İndi ermənilər üçün əsas hədəf Xocalı idi. Xocalıda isə vəziyyət getdikcə ağırlaşırdı. Şəhər 1991-ci ilin oktyabrından blokadada idi. Oktyabrın 30-dan etibarən şəhərə gələn bütün avtomobil yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Belə vəziyyət şəhərə özünümüdafiə üçün silah, ərzaq və digər zəruri məhsulların çatdırılmasında ciddi problemlər yaradırdı. Ermənilərin hücumları isə ara vermirdi. 1991-ci il sentyabr ayının 24-də Ağdamdan Xocalıya fəhlə gətirən avtobus Əsgəranda daşqalaq edildi, sürücü və sərnişinlər ağır yaralandılar. Bundan iki gün sonra isə Xocalı polis şöbəsinin iki əməkdaşı maşında atəşə tutulub qətlə yetirildi. Ətraf erməni kəndlərindən hər gecə Xocalı "Alazan" və "Kristall" raket qurğularından atəşə tutulurdu. Noyabr ayından isə Xocalının AğdamaŞuşaya çıxış yolları tamamilə bağlandı.

 

Bəşər tarixinə qanla yazılan gün

 

Həmin dövrdə Dağlıq Qarabağda erməni separatçıları daha da fəallaşdılar, 1991-ci ilin sentyabrında "Dağlıq Qarabağ respublikası" adlanan oyuncaq dövlət yaradıldığını bildirdilər. Noyabr ayının 26-da isə Azərbaycan Ali Soveti Dağlıq Qarabağın muxtar vilayət statusunun ləğv olunduğunu bəyan etdi.

Proseslərin gedişi gərginliyi daha da ağırlaşdırırdı. Təcrid vəziyyətinə düşmüş Xocalıya sonuncu vertolyot 1992-ci il yanvar ayının 28-də endi. Şuşa səmasında mülki vertolyotun vurulması və içərisindəki 40 nəfər azərbaycanlının həlak olmasıyla şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən Xocalıya elektrik enerjisiverilmirdi. Xocalılılar ancaq öz hünərləri və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Şəhərin müdafiəsi əsasən avtomatov tüfəngləri ilə silahlanmış yerli özünümüdafiə dəstəsindən, yerli milis qüvvələrindənMilli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.

Fevralın ikinci yarısından başlayaraq erməni silahlı dəstələri tərəfindən mühasirəyə alınmış Xocalı hər gün toplardan, ağır texnikadan atəşə tutulur, erməni dəstələrinin həmlələrinə məruz qalırdı. Şəhəri əhatə edən Daşbulaq, Mehdikənd, Ballıca, Həsənabad, Pirəməki, Noraguh və Mirzəcan kəndlərinə avtomatpulemyotlarla silahlanmış yüzlərlə erməni yaraqlısı, "Alazan" raket qurğuları, PDM, ZTR və tanklar cəmlənmişdi. Qüvvələrin əsas hissəsi isə Xankəndidə və Əsgəranda hücum əmrinə hazır dayanmışdı. Həmin dövrdə şəhərdə hələ 3 min nəfər yerli əhali olsa da, Xocalıya vertolyot da göndərilmirdi. Ermənilər istər canlı qüvvə, istərsə də hərbi texnikasilah sarıdan xocalılılardan müqayisəedilməz dərəcədə üstün idilər. Buna baxmayaraq, ölkə rəhbərliyi şəhərin xilası istiqamətində heç bir tədbir görmürdü.

Halbuki düşmənin Xocalını yeni əsas hədəf kimi seçməsi və buraya hücuma hazırlaşması barədə ovaxtkı Azərbaycan rəhbərliyinə lazımi məlumatlar verilmişdi. Baş verənlərdən mərkəzi hakimiyyət tam xəbərdar idi. Təəssüf ki, heç bir tədbir görülmədi. Həmin vaxtlar hakimiyyətə gəlmək istəyən AXC də bir tərəfdən hakimiyyəti iflic vəziyyətinə salmışdı. İqtidardakı qüvvə isə hakimiyyətini qoruyub saxlamaq istəyirdi. Bakıda hakimiyyət davası getdiyindən təkcə Xocalı yox, bütün Qarabağ taleyin ümidinə buraxılmışdı. Belə vəziyyət erməniləri daha da şirnikləndirir, Xocalını ələ keçirmək planlarının tez həyata keçrilməsi üçün onlara stimul verirdi.

 

 

(Ardı var)

 

 

Azərbaycan.-2013.- 13 fevral.- S.9.