2. Gülüstan
müqaviləsi
Azərbaycan tarixində silinməz izlər qoyan Gülüstan müqaviləsinin imzalanmasından 200 il ötür. Xalq şairi Bəxtiyar Vahabzadə hələ 1959-cu ildə böyük bir ağrı və əzabla qələmə aldığı "Gülüstan" poemasını Azərbaycanın birliyi və istiqlaliyyəti uğrunda çarpışan Səttar xanın, Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvərinin əziz xatirəsinə həsr edərək azadlıq qurbanlarının Gülüstan müqaviləsindən üzü bəri keçib gəldiyi çox uzun və mürəkkəb, çətinliklərlə, məhrumiyyətlərlə dolu həyat yoluna nəzər salmağa çalışırdı:
İpək yaylığıyla o, asta-asta
Silib eynəyini gözünə taxdı.
Əyilib yavaşca masanın üstə
Bir möhürə baxdı, bir qola baxdı.
Kağıza
həvəslə o da qol atdı,
Dodağı
altından gülümsəyərək.
Bir qələm
əsrlik hicran yaratdı,
Bir
xalqı yarıya böldü qılınctək.
O
dövrdə Cənubi Qafqazın 1809-1817-ci illəri əhatə
edən xəritələrində Gülüstan müqaviləsindən
əvvəl formalaşan və bu müqavilə ilə təsdiqlənən
Rusiya - İran sərhədləri və o sərhədlər
arasında Azərbaycan torpaqları da tam dəqiqliyi ilə
göstərilir. O torpaqların itkisi və
xalqımızın parçalanması ilə nəticələnən
Gülüstan müqaviləsinin imzalanması 1813-cü ilin
12 oktyabrında Qarabağda Gülüstan kəndində
baş tutdu. Bu sənəd (ingiliscə: Treaty of Gulistan) Rusiya
imperiyası ilə İran dövləti arasında imzalanan və
tarixi Azərbaycan ərazilərini ikiyə bölən ilk
müqavilə idi.
Fərman
padşahındır, dağlar bizimdir...
Hər
şey çar Rusiyası ilə Osmanlı dövlətiı
arasında 1812-ci ilin yayında imzalanan Buxarest müqaviləsindən
sonra başladı. Belə ki, 1806-cı ilin sonlarında
Türkiyə Rusiya ilə müharibəyə başladı.
Hərbi əməliyyatlar Balkan yarımadasında və
Qafqazda gedirdi. 1810-11-ci illərdə Rusiya hər iki cəbhədə
üstünlük qazanaraq Türkiyəni 1812-ci il mayın
16-da Buxarestdə müqavilə imzalamağa məcbur etdi. Həmin
müqaviləyə əsasən, Türkiyə Qafqazın
böyük bir hissəsinin Rusiya tərəfindən
işğal edilməsini də təsdiqləməli oldu.
1812-ci ildə Napoleonun Rusiyaya hücumundan istifadə edərək İran vəliəhdi Abbas Mirzə rusların işğal etdiyi Azərbaycan xanlıqlarını geri qaytarmağa cəhd etsə də, general P.Kotlyarevski bunun qarşısını ala bildi. Abbas Mirzə Qarabağa daxil olub Şahbulağı tutsa da, əldə saxlaya bilmədi. Gəncəyə, Şəkiyə hücumların da nəticəsi olmadı. Ruslar irəliləyərək 1813-cü il yanvarın 1-də Lənkəran qalasını ələ keçirdilər. Rusların qələbəsindən və İranın içərilərinə doğru irəliləməsindən narahat olan ingilislər şahı sülh bağlamağa təhrik etdilər. Beləliklə, Birinci Rusiya-İran müharibəsi ikincinin tam məğlubiyyətilə qurtardı və 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində tərəflər arasında sülh müqaviləsi imzalandı. Bu müqaviləni İran şahının vəkili Mirzə Əbdülhəsən xan Şirazi və Qafqazın yeni baş komandanı Ratişşev imzaladılar. İran Şərqi Gürcüstana, Qazax və Şəmşəddil sultanlıqlarına, həmçinin Dağıstana olan iddialarından əl çəkdiyini bildirdi. Xəzər dənizində hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya aid edildi. Bu maddə Rusiya-İran ticarəti üçün əlverişli şərait yaradır, rus tacirlərini daxili gömrük vergisindən azad edirdi. Bu sülh müqaviləsinin şərtlərinə əsasən, eyni zamanda Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaqla, yerdə qalan bütün xanlıqlar - Talış, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ və Şəki Rusiyaya verilirdi.
200 ildir xalqımızı iki yerə ayıran Gülüstan müqaviləsi torpaqlarımızın tamamilə parçalanmasına gətirib çıxardı. Bu mənada 12 oktyabr günü dövlətçilik tariximizdə, xalqımızın yaddaşında ən faciəli günlərdən biridir.
"Gülüstani-İrəm"dəki
faciəmiz
11 maddədən ibarət müqavilə ilə yurdumuz amansızcasına bölüşdürüldü, düşmənçiliyə son qoymaq üçün iki istilaçı ölkə bundan sonra "əbədi dostluq şəraitində yaşayacaqlarına" söz verdilər. Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm"də faciəni belə xatırlayır: "Həmin ilin baharında (1813-cü il) İran dövləti ruslar tərəfindən alınan ölkələri geri qaytarmaqdan naümid oldu. Rum (Osmanlı) barışığı və Xorasanda baş verən iğtişaş nəticəsində şah barışığa meyil göstərdi. Mirzə Əbülhəsən xan Şirazi İran dövləti tərəfindən vəkil edildi. Sərdar Ratişşev də gəldi. Qarabağın Gülüstan adlı yerində, hicri 1228-ci (1813) ildə, təşrin-əvvəl (oktyabr) ayının 12-də Rusiya ilə İran dövlətləri arasında əhdnamə bağlandı. Bu əhdnaməyə görə, İran dövləti Gəncə, Qarabağ, Talış, Şəki, Şirvan, Bakı, Quba, Dərbənd xanlıqlarını, bütün Dağıstanı, Gürcüstanı və ona həmhüdud olan ölkələri Rusiya dövlətinə verdi. Onlar haqqında hər cür iddiadan əl çəkdi. Rusiya imperatoru da öhdəsinə aldı ki, şah hansı bir övladını vəliəhd təyin etsə, ona yardım göstərsin və hüququnu müdafiə etsin".
Müqavilədə deyilirdi:
"...Rusiya İmperiyası və İran dövləti arasında sərhəd
aşağıdakı xətt olsun: Adınabazar adlanan yerdən başlayaraq düz xətlə
Muğan düzündən Araz çayında Yeddibulaq
keçidinədək, oradan üzü yuxarı Kəpənək
çayının Arazla qovuşduğu
yerə, sonra da Kəpənək
çayının sağ tərəfi ilə
Mehri dağları silsiləsinə, oradan da xətti Qarabağ və
Naxçıvan xanlıqlarının sərhədləri ilə
davam etdirərək Alagöz
dağları silsiləsilə Qarabağ,
Naxçıvan, İrəvan xanlıqlarının və Yelizavetpol (Gəncə) dairəsinin bir hissəsinin sərhədləri birləşən
Dərələyəz sərhədinədək, buradan İrəvan
xanlığını Yelizavetpol dairəsindən,
həmçinin Qazax və Şəmşəddil
torpaqlarını ayıran sərhədlə Eşşəkmeydan
sərhədinə, oradan da
dağlar silsiləsilə, çayın sağ tərəfilə, onun
arxa yönündə Həmzəçəmən
yolu ilə Pəmbək dağları
silsiləsi ilə Şurakel sərhədinin
küncünədək, bu küncdən
də qarlı Alagöz dağının
başınadək, buradan da
Şurakel sərhədi, dağlar
silsiləsi ilə, Mastaras və Artkin arasıyla Arpaçayadək. Bununla belə,
Talış mülkü müharibə
vaxtı əldən-ələ keçdiyinə görə həmin
xanlığın Zinzeley və Ərdəbil
tərəfdən olan hüdudları daha artıq dürüstlük
üçün hər iki
tərəfdən qarşılıqlı razılıqla seçilmiş komissarlar
tərəfindən bu müqavilə bağlanıb təsdiq olunduqdan
sonra müəyyən ediləcək, onda status quo
ad prezenten əsasında
Talış xanlığının sərhəd xətti ilə
müəyyənləşdiriləcək ki,
hər bir tərəf malik
olduğu torpaqların sahibi
qalsın".
Haradan hara gəlmişik?!
Beləliklə,
1813-1828-ci illərə qədər Azərbaycanın ərazisi
410 min kvadratkilometr olub, o cümlədən İrandakı
Güney Azərbaycanın sahəsi 280 min kvadratkilometr,
Rusiyadakı Şimali Azərbaycanın sahəsi 130 min
kvadratkilometr idi. 1918-ci ildə Rusiyanın təzyiqilə ermənilərə
verilən İrəvan xanlığı - 9 min kvadratkilometr,
Rusiya əsarəti altındakı Dərbənd xanlığı
- 7 min kvadratkilometr, 1918-1920-ci illərdə Azərbaycan
Demokratik Respublikasının ərazisi - 114 min kvadratkilometr,
1920-ci ildə ADR-i işğal edən Sovet
İmperiyasının bölüşdürdüyü Azərbaycan
əraziləri: Zəngəzur, Göyçə, Şərur,
Dərələyəz, Dilican və Borçalının
birlikdə sahəsi - 27,4 min kvadratkilometr, 1920-1991-ci illərdə
Azərbaycan SSR-in ərazisi - 86,6 min kvadratkilometr, Ermənistanın
təcavüzü nəticəsində 1988-1994-cü illərdə
işğal olunmuş ərazilərimiz - 13.210 kvadratkilometr, -
Dağlıq Qarabağ (Şuşa, Xankəndi, Xocalı, Əsgəran,
Xocavənd, Ağdərə) - 4400 kvadratkilometr, Laçın
- 1835 kvadratkilometr, Kəlbəcər - 1936 kvadratkilometr,
Ağdam - 1094 kvadratkilometr, Cəbrayıl - 1054 kvadratkilometr,
Füzuli - 1386 kvadratkilometr, Qubadlı - 802 kvadratkilometr, Zəngilan
- 707 kvadratkilometr. Bir sözlə, Gülüstan
sülhündən sonrakı illərdə 80 faiz ərazimizi
itirmişik.
Azərbaycanı bu faciəyə gətirib çıxaran ən başlıca səbəblərdən biri o dövrdə vahid dövlətin olmaması idi. Xanlıqlar arasında gedən daimi çəkişmələr, müharibələr onların xarici qüvvələr qarşısında müqavimətini olduqca zəiflədirdi. Müqavilədən əvvəl Azərbaycan xanları - Quba xanı Fətəli xan, Şəki xanı Çələbi xan, urmiyalı Fətəli xan Əfşar, Qarabağ xanı Pənahəli xan və başqaları ayrı-ayrılıqda Azərbaycanı birləşdirmək üçün cəhdlər etsələr də, bir nəticə hasil olmadı...
Beləliklə, 1813-cü ildə Gülüstan müqaviləsindən sonra Rusiya Azərbaycanda xeyli möhkəmləndi və "əbədi" olaraq imzalanmış "Əhdnamələr"ə məhəl qoymayaraq xanlıqları bir-bir ləğv etməyə başladı. 1819-cu ildə Şəki xanlığı, 1820-ci ildə Şirvan xanlığı ləğv edildi. 1822-ci ildə Qarabağ xanlığı da ləğv edildi və onun yerində komendant üsuli- idarəsi təsis edildi.
Qarabağ xanlığı ləğv edildikdən bir il sonra - 1823-cü ildə "Qarabağ əyalətinin təsviri..." hazırlandı. Qarabağda əhalinin sayı, etnik tərkibi haqqında az-çox etibarlı məlumatlara məhz burada rast gəlmək mümkündür. Professor S.Əliyarlının bu mənbə ilə bağlı araşdırmalarına görə, 1823-cü ildə rus idarəçiliyinin Qarabağda qeydə aldığı 18563 ailədən 1559 ailə, yəni 8,4 faiz beş alban məlikliyinin payına düşürdü. Erməni alimləri isə bu mənbəyə istinadən 1823-cü ildə Qarabağda 20 mindən artıq ailədən 5107-nin erməni olduğunu yazırlar. Hətta bu variantda da - ermənilərin İran və Türkiyədən kütləvi şəkildə Qarabağa köçürülməsini nəzərə almasaq belə, onların sayca Azərbaycan türklərindən 4-5 dəfə az olduğu görünür. "Qarabağ əyalətinin təsviri..." ermənilərə sərf etmədiyi üçün sonrakı dövrlərdə, demək olar ki, onu Rusiyanın bütün kitabxanalarından müxtəlif vasitələrlə çıxarıb məhv etdilər.
Müqavilədə
yazılmayanlar
Müqavilədə
yazılmışdı: "Biz, yuxarıda adları çəkilmiş
səlahiyyətli Müvəkkillər Qarabağ
mülkündə, Zeyvə çayı
yaxınlığındakı Gülüstan kəndində
toplaşaraq, vəkalətnamələrimizi bir-birimizə təqdim
etdikdən sonra, hər birimizə öz tərəfindən
bizim BÖYÜK HÖKMDARLARIMIZ adından bərqərar edəcəyimiz
sülh və dostluğa aid olan hər bir şeyi nəzərdən
keçirib, bizə verilmiş hakimiyyət və Ali səlahiyyətlərə
görə aşağıdakı maddələri qərara
aldıq və əbədiyyət üçün təsdiq
etdik".
Ancaq orada yazılanların "əbədiyyət"ə qədər uzanacağına nə onda, nə də sonrakı illərdə o taylı-bu taylı Azərbaycanda heç kim inanmadı. Elə onu vaxtilə yazıb möhür vuranlar da...
Bu isə
artıq müqavilələrin heç birində yoxdur -
Kürəkçay, Gülüstan, Türkmənçay...
Öz
sivri ucuyla bu lələk qələm
Dəldi
sinəsini Azərbaycanın.
Başını
qaldırdı, ancaq dəmbədəm
Kəsdilər
səsini Azərbaycanın.
O
güldü kağıza qol çəkən zaman,
Qıydı
ürəklərin hicran səsinə.
O
güldü haqq üçün daim çarpışan
Bir xalqın
tarixi faciəsinə.
(Ardı var)
Bəxtiyar QARACA
Azərbaycan.-2013.- 13 fevral.- S.9.