Lerik aqrar-sənaye və turizm rayonuna çevrilir
Bu qış dağlar diyarı Lerikdə də mülayim keçir. Yalnız rayon mərkəzinin cənub-qərbində yerləşən sal qayalardan ibarət çılpaq dağlarda tala-tala seyrək qar görünür. Leriklilər havaların belə xoş keçməsindən istifadə edərək tikinti-abadlıq, quruculuq işlərini davam etdirir, sosial-iqtisadi sahədə uğurlarını möhkəmləndirirlər.
Hər rübdə, yarımildə, il başında görülən işlərə yekun vurmaq, qarşıdakı vəzifələri müəyyənləşdirmək respublikamızda artıq çoxdan adət halını almışdır. Ölkə səviyyəsində Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin belə iclaslarında sosial-iqtisadi sahədə görülən işlər ətraflı təhlil edilir, ayrı-ayrı nazirlik, komitə və digər dövlət qurumu rəhbərlərinin məlumatları dinlənilir, mövcud problemlərin həlli yolları müəyyənləşdirilir. İqtidarla xalq arasında körpü yaradan, demokratiyanı inkişaf etdirən belə iş metodu yerlərdə də tətbiq olunur. Öncə qəsəbə, kənd inzibati ərazi nümayəndələri, sonra isə şəhər və ya rayon icra hakimiyyəti başçıları xalqa və hökumətə hesabat verirlər.
Bu günlər leriklilər də 2012-ci ildə görülən işlərə yekun vurmaq, 2013-cü ildə görüləcək işləri müəyyənləşdirmək məqsədilə rayon mədəniyyət evinə toplaşmışdılar. Hesabat məruzəsi ilə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov bildirdi ki, 2012-ci ildə rayonda ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 12,2, pərakəndə əmtəə dövriyyəsi 2,2, pullu xidmət 2,2, təmir-tikinti 74,1, sənaye məhsulunun ümumi həcmi 56 faiz artmışdır. Rayon üzrə əhalinin orta aylıq əməkhaqqı ötən ilə nisbətən 2,1 faiz artaraq 274,6 manata çatmışdır. Hesabat ilində kənd təsərrüfatı sahəsində də müsbət nəticələr əldə edilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən subsidiyalar sahənin inkişafına təkan vermişdir. Regionların sosial-iqtisadi inkişafı ikinci Dövlət Proqramının icrası çərçivəsində Lerikdə son 4 ildə 3,2 min, keçən il 1200-dən çox, 2004-2012-ci illər ərzində isə 8 min yeni iş yeri açılmışdır. Onların 40 faizdən çoxu daimidir.
Məruzədə vurğulandı ki, Lerikin tarixində ilk dəfə olaraq 2006-cı ildə buraya təbii qaz xətti çəkilmişdir. Bu gün Lerik şəhəri və digər 12 yaşayış məntəqəsi mavi yanacaqdan istifadə edir. Hazırda rayonun daha 20-dən çox kəndinə qaz xətti çəkilir. Cari ilin sonuna kimi isə daha 20 kənd qazlaşdırılacaq.
Natiq
qeyd etdi ki, rayon mərkəzinin yenidən qurulması və
abadlaşdırılması ilə bağlı 2012-ci ildə
də işlər davam etdirilmişdir. Bir çox
küçələrdə abadlıq işləri
aparılmış, şəhərin giriş və
çıxış hissələrində istinad divarları
yeni formada bərpa olunmuş, divarlar çay daşı,
ağ lay üzlük daşları və mərmərlə
üzlənmiş, səkilərə ağ lay və tamet plitələr,
yollara asfalt döşənmiş, müasir
işıqlandırma sistemləri
quraşdırılmışdır. Hazırda isə Lerik
şəhərində eyni vaxtda 300 nəfərə xidmət
edə biləcək xeyir-şər evinin inşasında son
tamamlama işləri görülür. Bunlardan əlavə,
keçən il Züvüc, Davadibi, Daster, Aran, Ləkər,
Barzavu, Veri kəndlərində yeni məktəb binaları
şagird və müəllimlərin istifadəsinə verilmişdir.
Hazırda Nücü, Molalan, Livədirgə, Bibyani,
Durğan, Nüvədi, Zəriküməco kəndlərində
də yeni məktəb
binaları tikilir. Ümumiyyətlə, 2013-cü ildə daha
6 məktəbin tikilməsi və 2 məktəbin təmiri nəzərdə
tutulur.
R.Bağırov
xatırlatdı ki, ötən il Prezidentin sərəncamı
ilə Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun tikintisi
üçün ilkin olaraq 3 milyon manat vəsait
ayrılmışdır. Artıq yolun 8,6 kilometri
asfaltlaşdırılmış, Noda, Peştətük kənddaxili
yollarına 7 min 820 kvadratmetr asfalt döşənmişdir. Həmçinin
rayon əhalisinin yaxından köməyi ilə digər bir
neçə kəndin yolları
abadlaşdırılmış, körpülər təmir
edilmişdir.
Lerikin
təbiəti füsunkardır və rayon ərazisində
çoxlu tarixi abidələr mövcuddur. Rayon
uzunömürlülər diyarı kimi də şöhrət
tapmışdır. Bunlar isə turizmin inkişafına imkan
yaradan mühüm amillərdir. Rayon ərazisində indi
"Relax", "Cənub", "Yaşıl ada",
"Meşəbəyi" və digər turizm-istirahət mərkəzləri
fəaliyyət göstərir. Yaradılan şərait nəticəsində
rayona gələn turistlərin sayı ilbəil artır.
RİH
başçısının sözlərinə görə,
keçən il əhalinin elektrik enerjisi və içməli
su təminatında müəyyən irəliləyişlər
olmuşdur. Belə ki, 19 kilometrlik Qosmalian-Lerik su xəttinin
çəkilişi başa
çatdırılmışdır. Hazırda isə
su-kanalizasiya sisteminin çəkilişi davam etdirilir.
Məruzəçi
qeyd etmişdir ki, əhalinin yumurta və quş ətinə tələbatını
ödəmək üçün rayonun Piran kəndi ərazisində
tikilən broyler fabrikində də son tamamlama işləri
görülür. Gündə 50 ton quş əti istehsal edəcək
fabrikin tikintisində 80 nəfər lerikli işləyir.
Müəssisə tam gücü ilə işlədikdə
burada 150-dən çox işçi çalışacaq.
Tənqid
və özünütənqid şəraitində
keçirilmiş yığıncaqda Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının məsul
işçisi Vəfadar Bağırov da iştirak
etmişdir.
Seyran CAVADOV
Azərbaycan.-2013.- 13 fevral.- S.10.