Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 21 Bakı şəhəri, 11 fevral  2013-cü il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin yeddinci abzasını rəhbər tutaraq büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti  qərara alır:

1. "Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin  həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci hissəsinin müddəti 2014-cü il yanvarın 1-dək uzadılsın.

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, digər aidiyyəti dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə tapşırılsın ki, tabeliyində olan qurumlarda  boş (vakant) iş yerlərinə məcburi köçkünlərin işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsini daha da gücləndirsinlər və görülmüş işlər barədə hesabatı rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, məşğulluq xidməti orqanlarına müraciət etmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

4. Bu qərar 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.     

 

 

Artur Rasi-zadə,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 14 fevral.- S.1.