Azərbaycan-Küveyt əlaqələri inkişaf edir

 

Fevralın 13-də Milli Məclisin Sədri Oqtay Əsədov Küveyt Dövləti Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Sabah Əl-Xalid Əl-Hamad Əl-Sabahın başçılığı ilə Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşmüşdür.

O.Əsədov demişdir ki, qarşılıqlı səfərlər və keçirilən görüşlər ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da dərinləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Müstəqil Azərbaycan Körfəz ölkələri, o cümlədən Küveyt Dövləti ilə əlaqələrin dərinləşməsinə böyük əhəmiyyət verir. Dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin gələcək inkişafı üçün yaxşı zəmin yaratmışdır. Bugünədək Azərbaycanla Küveyt arasında əməkdaşlığımızın hüquqi bazasını təmin edən 13 sənəd imzalanmışdır. Səfər çərçivəsində daha 3 sənədin imzalanması gözlənilir və bu sənədlər əməkdaşlığımızın möhkəmlənməsi üçün hüquqi baza yaradır.

Bildirilmişdir ki, ictimai-siyasi, ticari-iqtisadihumanitar sahələrdə əlaqələri daha da dərinləşdirmək üçün potensial imkanlar mövcuddur. Hökumətlərarası birgə komissiyanın bu günlərdə keçirilən ikinci iclası iqtisadi sahədə münasibətlərimizin daha da dərinləşməsinə öz töhfəsini verəcəkdir.

O.Əsədov əməkdaşlığımızın inkişafında parlamentlərin rolunu xüsusi vurğulamış, hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirmişdir. Qeyd olunmuşdur ki, nümayəndə heyətlərimiz müxtəlif beynəlxalq qurumlarda səmərəli əməkdaşlıq edirlər.

Milli Məclisin Sədri BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçkilərdə Küveytin ölkəmizə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirmişdir.

Dağlıq Qarabağ münaqişəsi və onun törətdiyi fəsadlardan söz açan sədr problemin həllində Küveytin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirmişdir. Bununla yanaşı, Milli Məclisin Sədri Küveytin bəzi maliyyə qurumlarını Ermənistanın müxtəlif təşkilatları ilə əlaqələrdə diqqətli olmağabu məsələdə həssaslıq nümayiş etdirməyə çağırmışdır.

Bildirilmişdir ki, Dağlıq Qarabağ münaqişəsi zamanı böyük itkilər vermiş Azərbaycan Xocalı soyqırımı ilə bağlı İslam Konfransı Təşkilatında qəbul olunmuş qərarı yüksək dəyərləndirir və inanır ki, quruma üzv dövlətlərin milli parlamentləri, o cümlədən Küveytin qanunvericilik orqanı da bu məsələyə öz münasibətini bildirəcəkdir.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Küveyt Dövləti Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Sabah Əl-Xalid Əl-Hamad Əl-Sabah ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləmişdir. Qonaq qeyd etmişdir ki, onun ölkəsi Cənubi Qafqazın bu bölgəsi ilə əməkdaşlığa böyük maraq göstərir. Siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə və parlamentlər səviyyəsində əlaqələrimizin dərinləşməsi ümumi maraqlara xidmət edir. Küveytli nazir Azərbaycana səfərinin əlaqələrimizin daha da dərinləşməsinə yeni töhfə verəcəyinə inamını ifadə etmişdir.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 14 fevral.- S.1.