Azərbaycan parlament nümayəndə heyəti Pakistanda səfərdə olmuşdur

 

Xəbər verdiyimiz kimi, Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti fevralın 11-12-də İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının birinci iclasında iştirak etmək üçün Pakistanda səfərdə olmuşdur.

 

Nümayəndə heyətinin tərkibinə deputatlardan Əliağa Hüseynov, İlham Məmmədov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxil idilər.

Əvvəlcə toplantıda iştirak edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının təsis sənədini imzaladılar. Sonra təsis konfransında İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan altı ölkənin Parlament rəhbərləri və İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Şamil Ələsgərov çıxış etdilər. Çıxışlarda qarşılıqlı münasibətlərin inkişafı, ölkələrimizin üzləşdiyi problemlər, regional münaqişələrin birlikdə həlli məsələləri diqqət mərkəzində oldu. Türkiyə Böyük Millət Məclisinin Sədri Cəmil Çiçək çıxışında Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsinin həllində Azərbaycana daim dəstək olmağın vacibliyini qeyd etdi. Milli Məclisin Sədri Oqtay Əsədov İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının təsis edilməsini yüksək qiymətləndirdi və əmin olduğunu bildirdi ki, əsası qoyulan yeni beynəlxalq qurum ölkələrimizin parlamentləri arasında əməkdaşlığın inkişafına, dövlətlərimiz arasında siyasi və iqtisadi əlaqələrin dərinləşməsinə, bölgəmizin zəngin potensialının gerçəkləşməsinə kömək göstərəcəkdir. Milli Məclisin Sədri Oqtay Əsədov qeyd etdi ki, bu gün bəşəriyyət böyük sınaqlar və problemlər qarşısındadır. Bunlar elə problemlərdir ki, onları yalnız dövlətlərin birgə səyləri ilə aradan qaldırmaq mümkündür. Başqa sözlə desək, dövlətlər arasında əməkdaşlığın zəruriliyi tarix boyu heç zaman bu qədər dərindən hiss olunmamışdır. Müasir dünyanın dinamik inkişafı həyatın bir çox sahələrində hərtərəfli inteqrasiya ilə sıx bağlıdır.

Bütün bunlar beynəlxalq əməkdaşlığın mühüm bir formatını təşkil edən parlament diplomatiyasının roluna yeni məzmun verir. Ənənəvi diplomatiya mexanizmlərini tamamlayıb zənginləşdirən parlament diplomatiyası dövlətlər və xalqlar arasında dialoqun demokratik forumu və əməkdaşlığın səmərəli vasitəsi olduğunu artıq sübuta yetirmişdir. Bu baxımdan 10 dövləti birləşdirən İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətinin parlament ölçüsünün yaradılması çox böyük əhəmiyyətə malik olan siyasi hadisədir.

Azərbaycan tərəfi olaraq biz İqtisadi əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının fəaliyyətinə böyük ümidlər bəsləyirik. Əminik ki, yeni Parlament Assambleyası açıq və konstruktiv dialoq və müzakirələr üçün faydalı və əhəmiyyətli bir forum rolunu oynayacaq, sülh, sabitlik və sosial-iqtisadi rifah kimi ümumi maraqlarımızın təşviq və təmin edilməsinə xidmət göstərəcəkdir.

Oqtay Əsədov vurğuladı ki, yeni yaradılan Parlament Assambleyası bölgəmizdə mövcud olan dondurulmuş münaqişələrdən çıxış yollarının axtarılmasına da səmərəli surətdə xidmət etməlidir. Bu mənada 20 ildən çox davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri və normaları əsasında tezliklə nizama salınması, yəni Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi, daimi yaşayış yerlərindən zorla qovulmuş 1 milyon azərbaycanlının doğma yurdlarına qaytarılması son dərəcə böyük əhəmiyyət kəsb edir. Ölkəmizə qarşı təcavüzün nəticələrinin aradan qaldırılması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi regional əməkdaşlığın inkişafı üçün tamamilə yeni perspektivlər  açacaqdır.

Sonra İslamabad şəhərində keçirilən İƏT PA-nın birinci ümumi yığıncağında tövsiyə xarakterli qərarlar qəbul edildi və bir sıra təşkilati məsələlərə baxıldı.

Səfər çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədov toplantıda iştirak edən bir sıra parlament rəhbərləri ilə görüşlər keçirdi. Pakistan  Senatının sədri Seyid Nəyyar Hüseyn Buxari, Pakistan Milli Assambleyasının sədri xanım Fehmida Mirzə, İran parlamentinin sədri Əli Laricani və Pakistan Milli Assambleyasının sədr müavini Feysəl Kərim Kundi ilə görüşlərdə  yeni təsis olunan İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının fəaliyyəti və perspektivləri, ölkələrimiz arasında o cümlədən parlamentlərimiz arasında  münasibətlərin və əlaqələrin daha da genişləndirilməsi və inkişaf etdirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıldı. Bununla da Azərbaycan parlament nümayəndə heyətinin Pakistana səfəri başa çatdı.

 

Milli Məclisin Mətbuat xidməti

 

 

Azərbaycan.- 2013.- 14 fevral.- S.2.