Paytaxtın
«Şimal qapısı» -Binəqədi dinamik inkişaf
yolundadır
Hələ qədim
dövrlərdən hər bir dövlətin və xalqın
milli-mənəvi varlığının, özünəməxsusluğunun
rəmzi təcəssümünə çevrilmiş paytaxt
şəhərlər yalnız inzibati mərkəz statusu
daşımamışdır. Tarixilik,
millilik və müasirliyin ən mütərəqqi elementlərini
özündə yaşadan bu meqapolislər mənsub
olduqları xalqların daim qürur və iftixar yeri
sayılmışdır.
Qədim tarixə, zəngin ənənə
və dəyərlərə malik Azərbaycan xalqı da Xəzərin sahilində
böyük amfiteatrı xatırladan əzəmətli
paytaxtına - Bakı şəhərinə məhz bu cür
ülvi hisslərlə yanaşmışdır. Hələ
ötən əsrin 70-80-ci illərində - Azərbaycana
birinci rəhbərliyi dövründə milli eksteryerə
malik tikililərlə paytaxtı nəhəng inşaat
meydanına çevirmiş ümummilli lider Heydər Əliyev
bu gün hər bir azərbaycanlıda qürur hissi və məmnunluq
doğuran möhtəşəm inzibati binaların, sosial
infrastruktur obyektlərinin, mədəniyyət abidələrinin
əzəmətli memarı kimi dərin ehtiramla
xatırlanır.
Azərbaycanda əsası ümummilli
lider Heydər Əliyev tərəfindən qoyulmuş və
ciddi elmi əsaslara söykənən sosial-iqtisadi strategiya
2003-cü ilin 15 oktyabr prezident seçkilərindən sonra
keyfiyyətcə yeni mərhələyə qədəm
qoymuşdur. Bakıya daxilən bağlı olan, onu milli
kimliyimizin və varlığımızın rəmzi kimi sevən
cənab İlham Əliyev şəhərin milli üslubda
inkişaf etməsi, təmizliyi, gözəlliyi, müasirliyi
ilə göz oxşaması üçün əlindən gələni
əsirgəmir. "Biz xalq üçün işləyirik.
Məqsədimiz də odur ki, ölkə vətəndaşları
vəziyyətin ildən-ilə daha da yaxşılaşmasını
görsünlər, bunu gündəlik həyatlarında hiss
etsinlər" - deyən Azərbaycan Prezidenti bu məqsədə
xidmət edən çoxşaxəli islahatları çevik
və işlək mexanizmlər üzərində
reallaşdırır, davamlı yüksəlişi təmin
etmək üçün ölkənin daxili potensialından səmərəli
istifadəni əsas vəzifə kimi qarşıya qoyur.
Prezident İlham Əliyev 4 may 2011-ci il
tarixli sərəncamı ilə "2011-2013-cü illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı"nı təsdiq etmişdir. Ölkə
başçısının sədrliyi ilə 2012-ci ilin
mayında Bakı Şəhər İcra Hakimiyyətində
dövlət proqramının icra vəziyyəti müzakirə
olunmuş və Prezident tərəfindən dövlət
proqramına əlavə və dəyişiklikər edilməsi
barədə müvafiq sərəncam imzalanmışdır.
Ölkə başçısının sərəncamı
ilə təsdiq olunmuş əlavələrdə Binəqədi
Rayon İcra Hakimiyyəti tərəfindən qaldırılan
məsələlərin əksəriyyəti öz əksini
tapmış və dövlət proqramına 26 bənd əlavə
edilmişdir. Ümumilikdə, yeni dövlət proqramında
Binəqədi rayonuna aid 77 bənd nəzərdə
tutulmuşdur ki, bunun da 38-i təhsil sahəsinə, 5-i səhiyyə,
2-si mədəniyyət, 3-ü idman, 2-si ekologiya, 7-si
kanalizasiya təsərrüfatı, 6-sı
sahibkarlığın inkişafı sahəsinə, 10-u isə
digər sahələrə aiddir. Beləliklə, əlavələr
də nəzərə alınmaqla, dövlət proqramı
çərçivəsində Binəqədi rayonunda 103 tədbirin
keçirilməsi nəzərdə tutulmuşdur.
Xüsusi vurğulamaq lazımdır ki,
dövlət başçısı İlham Əliyev proqram
çərçivəsində müxtəlif obyektlərin,
yolların, körpülərin təməlqoyma və
açılış mərasimlərində iştirak etmək
üçün ötən 9 ildə dəfələrlə
Binəqədiyə gəlmiş, bu diqqət və
qayğı rayonun dinamik inkişafına, uzun illərdən bəri
yığılıb qalmış bəzi problemlərin həllinə
əsaslı təkan vermişdir. Ən əsası, bu səfərlərin
hər biri Binəqədi sakinlərinin həyatında
müsbət irəliləyişlərə səbəb
olmuş, onların yaddaşında xoş izlər
buraxmışdır.
Mövcud potensialın səmərəli
realizə edilməsi, rayonun malik olduğu əmək
ehtiyatlarının və digər resursların konkret məqsədlərə
yönəldilməsi, ən başlıcası, Azərbaycan
Prezidentinin imzaladığı dövlət proqramlarından,
fərman və sərəncamlarından irəli gələn
vəzifələrin böyük əzm və bacarıqla həyata
keçirilməsi Binəqədi rayonunun 2012-ci il ərzindəki
möhtəşəm uğurlarını şərtləndirən
əsas məqamlar sırasındadır. Qısa müddətdə
rayonun yeni rəhbərliyinin böyük səyləri ilə
əldə olunan nailiyyətlər həm kəmiyyət, həm
də keyfiyyət göstəricilərinə görə
miqyaslı, konkret və ünvanlıdır. Binəqədi
Rayon İcra Hakimiyyəti üzərinə düşən məsuliyyəti
düzgün qiymətləndirməklə, fəaliyyətini
dövlət başçısının
yürütdüyü çevik və səmərəli inkişaf
strategiyasının mahiyyətinə uyğun qurmağa, idarəetmədə
mütərəqqi prinsipləri tətbiq etməyə,
qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirərək
vaxtında və düzgün icrasına nail olmağa
çalışır.
Azərbaycanın müxtəlif guşələrində
müşahidə olunan abadlıq, tərəqqi və
yüksəliş Bakının Binəqədi rayonunda da
qabarıq görünür. Bakının şimal-qərbində
yerləşən, özünün tarixi ənənələri,
milli mədəniyyət nümunələri, bəzi
coğrafi özəllikləri ilə seçilən rayon həm
də uzun illər halal zəhmətə tapınan,
işgüzar insanların məskunlaşdığı məkan
kimi məşhurlaşmışdır. Tarixən "qara
qızıl"la zəngin olmuş Binəqədi rayonu
paytaxtın mühüm iqtisadi və sənaye mərkəzlərindən
sayılır. Lakin etiraf etməliyik ki, ötən ildən
başlayaraq rayonun inkişafında keyfiyyətcə yeni mərhələ
başlanmış, həyata keçirilən
tikinti-abadlıq, quruculuq işləri özünün
sistemliliyi, qlobal miqyası, müasirliyi ilə diqqət
çəkmişdir.
Cənab İlham Əliyevin
apardığı siyasətin mahiyyətindən irəli gələrək
ötən il rayonda qarşıya qoyulmuş başlıca vəzifələr
əhalinin sosial rifah halının
yaxşılaşdırılması, abadlıq-quruculuq
işlərinin daha sürətlə və keyfiyyətlə
aparılması, təhsil-səhiyyə müəssisələrinə
diqqətin artırılması, xidmət və infrastruktur sahələrində
işin müasir dövrün tələblərinə
uyğunlaşdırılması, sahibkarların fəaliyyətinə
mane olan süni əngəllərin aradan
qaldırılması olmuşdur. Ötən il rayon üzrə
həyata keçirilmiş tədbirlər sistemi həm kəmiyyət,
həm də keyfiyyət göstəricilərinə görə
miqyaslı, konkret və ünvanlı olması ilə diqqəti
çəkir.
İcrasına uğurla
başlanılmış qlobal layihələrin yüksək
dinamizmlə həyata keçirilməsi nəticəsində
Binəqədi bu gün böyük tikinti meydanını
xatırladır. Son illər təkcə paytaxt
üçün deyil, ümumən respublika əhəmiyyətli
qlobal yol-nəqliyyat, infrastruktur layihələrinin gerçəkləşdirilməsi
bu rayonla xeyli dərəcədə bağlıdır. Bu
baxımdan cənab İlham Əliyevin sərəncamları əsasında
rayonda bir sıra yeni körpülərin, yol
ötürücülərinin, piyada keçidlərinin
inşasını xüsusi xatırlatmaq lazımdır. Hələ
2006-cı ildə dövlət başçısının
iştirakı ilə Atatürk və Ziya Bünyadov prospektlərinin
kəsişməsində yerləşən yol
ötürücünün, Tbilisi prospektində "20
yanvar" dairəsindən başlayan yol
ötürücüsünün, Azadlıq və Ziya
Bünyadov prospektlərinin kəsişməsində, habelə
Biləcəri qəsəbəsində tikilmiş yeni
körpülərin təntənəli açılış
mərasimləri keçirilmişdir. Həmin il Prezident
İlham Əliyev məşhur rumın bəstəkarı
G.Eneskunun rayonda ucaldılmış abidəsinin
açılış mərasimində də iştirak
etmişdir.
2007-ci ildə dövlət
başçısı həmçinin, Xırdalan-Binəqədi
və Biləcəri-Binəqədi avtomobil yolunun
açılış mərasimində iştirak edərək
görülən işləri müsbət qiymətləndirmişdir.
2008-ci ildə isə dövlət başçısı
görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın
adını daşıyan parkda, habelə Bakı
Metropoliteninin "Nəsimi" və "Azadlıq prospekti"
stansiyalarında aparılan işlərlə tanış olmaq
üçün Binəqədi rayonuna gəlmişdir. Həmin
il Prezident İlham Əliyev metronun "Nəsimi"
stansiyasının açılış mərasimində
iştirak etmişdir. Dövlət
başçısının ətraf ərazinin də
abadlaşdırılması ilə bağlı verdiyi tapşırığa
müvafiq olaraq "Nəsimi" stansiyasının
açılışı ərəfəsində S.Məmmədova
küçəsində səliqə-sahman
yaradılmış, 4 binanın fasadı zövqlə təmir
olunmuş, həmin ərazi rayonun görməli yerlərindən
birinə çevrilmişdir.
Prezident İlham Əliyev rayonda Bakı
Beynəlxalq Avtovağzal kompleksinin, Bakı Tennis
Akademiyasının, akademik Zərifə Əliyeva adına
Milli Oftalmologiya Mərkəzinin, məcburi köçkünlər
üçün inşa edilmiş yeni yaşayış
kompleksinin, metronun "Azadlıq prospekti"
stansiyasının, habelə Azadlıq və Ziya Bünyadov
prospektlərinin kəsişməsində yerləşən
yol qovşağının, Azadlıq prospektində yeni
tikilmiş yerüstü piyada keçidinin
açılış mərasimlərində iştirak
etmişdir. Şübhəsiz, bu və digər
sosial-infrastruktur obyektləri, ilk növbədə, rayon sakinlərinin
firavan və rahat yaşayışına hesablanmış
layihələr kimi qiymətləndirilməlidir.
Binəqədi rayonunda respublika əhəmiyyətli
infrastruktur layihələri uğurla həyata keçirilir.
Hazırda Bakı Dairəvi Avtomobil yolunun Binəqədi hissəsi,
Z.Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində
tikilmiş yol qovşağının 3-cü növbəsi,
Sumqayıt şosesində yerüstü piyada keçidi, 7-ci
mikrorayonda Bakı Metropoliteninin yeni stansiyası və
vaqonların daim işlək vəziyyətdə
saxlanılmasını və istifadəyə
yararlığının uzunmüddətli olmasını təmin
etmək məqsədilə Depo stansiyası, eləcə də
Biləcəridə metronun yeni stansiyasının tikintisi davam
etdirilir.
2010-cu ildə dövlət
başçısı iki dəfə Binəqədi rayonunda
olmuş, Mərkəzi Seçki Komissiyasının və
Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binalarının
açılışını bildirən lenti kəsmişdir.
2011-ci ildə dövlətimizin başçısı Binəqədi
rayonunda Heydər Əliyev adına Parkda aparılan yenidənqurma
işləri ilə tanış olmuşdur. Parkda modern üslubda layihələndirilmiş
Heydər Əliyev Mərkəzinin tikilməsinə
başlanılır. Ölkə başçısı 2012-ci
il 30 dekabr tarixdə növbəti dəfə Binəqədi
rayonuna gəlmiş, burada inşa olunan məscid kompleksində
aparılan tikinti işlərinin gedişi ilə tanış
olmuşdur. Dövlət başçısı inşaat sahəsini
gəzmiş, tikintinin gedişi ilə maraqlanmış,
müvafiq tapşırıqlarını vermişdir.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı
filialı da bir neçə ay əvvəl Binəqədi
rayonunun Xocasən qəsəbəsində tikilib istifadəyə
verilib. Ölkə
başçısı açılışda iştirak
etmişdir.
Binəqədi
rayonunda müşahidə olunan böyük canlanma, inkişaf
və tərəqqi, ilk növbədə, sistemli,
ardıcıl və yeniliyə əsaslanan mütərəqqi
iş üslubunun bəhrəsidir. Rayon rəhbərliyi
ölkə başçısının çevik və səmərəli
iqtisadi islahatlar strategiyasını rəhbər tutaraq, idarəçilikdə
mütərəqqi üsulların tətbiq edilməsinə
nail olmuşdur. İlk növbədə, rayonun illik inkişaf
planı hazırlanaraq təsdiq olunmuş, bu sənəddə
hər rüb üzrə görülməli işlər,
onların maliyyələşdirilməsi mexanizmləri dəqiq
əksini tapmışdır. Bunun nəticəsidir ki, 2012-ci
ildə rayonda bütün sahələr üzrə yüksək
makroiqtisadi göstəricilər əldə edilmişdir. Real
sosial-iqtisadi inkişaf isə quru fakt və rəqəmlərdə
deyil, hər bir sakinin gündəlik həyatında, məişətində,
maddi rifah halında əksini tapır.
İl
ərzində rayonun sənaye potensialındakı yüksək
artım mühüm uğurlar sırasında xüsusi qeyd
oluna bilər. İnvestiyaların dinamik artımı da Binəqədi
rayonu üçün səciyyəvi uğurlardan sayıla
bilər: iqtisadi və sosial sahələrin inkişafı
üçün ötən il bütün maliyyə mənbələrindən
əsas kapitala 128 milyon 613 min manat məbləğində
investisiya yönəldilmişdir. Tikinti-quraşdırma təşkilatlarının
öz gücləri ilə yerinə yetirdikləri podrat
işlərinin həcmi 285 milyon 700 min manat olmuşdur ki, bu da
2011-ci illə müqayisədə 21,9 faiz çoxdur.
Ölkəmizin
sosialyönümlü bazar iqtisadiyyatı strategiyası, eləcə
də "Ünvanlı sosial yardım haqqında" qanunun
tələbləri əsas tutulmaqla rayonun aztəminatlı
sakinlərinə ünvanlı sosial yardım proqramından
faydalanmaq imkanı yaradılmışdır. Binəqədi
rayonunda 2012-ci ildə 2221 ailə və ya 8752 nəfər
ünvanlı sosial yardım almışdır. İl ərzində
sosial yardım alan ailələrin sayı 3672-yə
çatmış və ya 15,4 faiz artmışdır. Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən
2012-ci il oktyabrın 5-də təşkil olunmuş əmək
birjasında 120 rayon sakini iştirak etmiş, onlardan 17-si
peşə kurslarına istiqamətləndirilmiş, 21 nəfərə
isə işə düzəlməsi üçün göndəriş
verilmişdir. Ötən il rayonda 200-dən çox
sahibkarın iştirakı ilə iki müxtəlif
toplantı keçirilmişdir. Həmin toplantılarda
Sahibkarlığa Kömək
Milli Fondu tərəfindən 12 nəfər rayon sahibkarına
714 min manat güzəştli kredit verilmişdir.
Müasir
dövrdə hər bir dövlətin qarşısında
duran əsas vəzifələrdən biri də vətəndaşlar
üçün keyfiyyətli təhsil, müasir səhiyyə
xidməti təşkil etməkdir. Azərbaycan Prezidentinin son
9 ildə imzaladığı fərman və sərəncamların
nəticəsi kimi, bu sahələrdə əldə
olunmuş nailiyyətlər Bakının Binəqədi rayonu
üçün də səciyyəvidir. Paytaxtın digər
rayonlarında olduğu kimi, burada da təhsil və səhiyyə
infrastrukturunun yeniləşdirilməsinə xüsusi qayğı
göstərilir, bu sahədə problemlərin həlli
üçün davamlı tədbirlər həyata
keçirilir.
2012-ci
ildə "2011-2013-cü illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı"nın
icrası ilə əlaqədar Binəqədi rayonunda yerləşən
102, 3, 276, 246, 284, 126, 244 və 100 saylı məktəblər
əsaslı təmir edilərək yeni dərs ili ərəfəsində şagirdlərin istifadəsinə
verilmişdir. 244, 246 və 143 saylı məktəblərdə
yeni tədris korpuslarının tikintisinə
başlanmış, Binəqədi RİH-in sifarişçi
olduğu 103 saylı məktəb üçün əlavə
640 yerlik məktəb binası tikilib istifadəyə
verilmişdir. 211, 294 və 86 saylı uşaq bağçalarının binaları yararsız vəziyyətdə
olduğu üçün həmin binalar tamamilə
sökülmüşdür və hazırda həmin
bağçalar üçün yeni binalar inşa edilir. 11
saylı uşaq musiqi məktəbi üçün yeni bina
tikilmiş, Fikrət Əmirov adına 6 saylı məktəbdə
isə təmir işləri davam etdirilir.
Ötən
il Azərbaycan Prezidentinin imzaladığı dövlət
proqramlarından, fərman və sərəncamlardan irəli gələn
vəzifələrin uğurlu həlli üçün rayonun
mövcud potensialı səmərəli şəkildə
realizə edilmiş, tərəqqi və inkişafa xidmət
edən islahatlar işlək mexanizmlər əsasında, yüksək
dinamizmlə həyata keçirilmişdir. Məhz bunun nəticəsidir
ki, hər bir inkişaf mərhələsi üçün əldə
edilmiş makroiqtisadi göstəricilər Binəqədi
sakinlərinin həyatında qabarıq duyulur, insanların
maddi rifah halı, yaşayış səviyyəsi yüksəlir.
Bu baxımdan rayon ərazisində əsas
magistral yolların, kommunikasiya xətlərinin əsaslı təmiri,
əhalinin kommunal problemlərinin həlli sahəsində həyata
keçirilən tədbirləri xüsusi vurğulamaq olar.
Ötən illərdə rayon əhalisinin içməli su, təbii
qaz və elektrik enerjisi ilə təminatı, habelə kənd,
şəhər, şəhərlərarası magistral
yolların tikintisi, təhsil, səhiyyə və mədəniyyət
obyektlərinin inşası istiqamətində mühüm nəticələr
əldə olunmuşdur. Biləcəri, Xocasən, Sulutəpə
yaşayış sahələrində, Binəqədi, M.Ə.Rəsulzadə, 28 May qəsəbələrində
yeni qaz xətləri çəkilmiş, əhalinin təbii
qazla təminatının
yaxşılaşdırılması, rayonun bütün ərazilərinə
təbii qazın bərabər miqdarda və təzyiqdə
paylanması üçün tədbirlər
görülmüşdür. 2012-ci ildə rayon ərazisində
42 müxtəlif ünvanda 267,8 km uzunluğunda orta təzyiqli
müxtəlif diametrli qaz xətləri çəkilmiş,
34280 ədəd mexaniki qaz sayğacları smartkart tipli
sayğaclarla əvəz olunmuşdur.
Binəqədi
rayonunda abadlıq-quruculuq işləri böyük sürətlə
davam etdirilir. Qısa müddətdə Binəqədi
şosesi, Binəqədi-Mehdiabad, Xocasən qəsəbəsində
Dəyirman yolu, Biləcəri qəsəbəsində isə
A.Zeynallı və Y.Hüseynov küçələri yenidən
qurulmuşdur və bu işlər davam etdirilir. Mikrorayonlar ərazisində
235 binanın zirzəmisində su və kanalizasiya xətləri
əsaslı təmir edilmiş, 36 binada isə işlər
davam etdirilir. Həyətlərdə yöndəmsiz avtomobil
qarajları sökülərək yerində müasir qarajlar
tikilir.
Bakının Şimal
istiqamətində magistral yolun Binəqədi ərazisindəki
hissəsinin hər iki tərəfinin
abadlaşdırılması, burada gözəl xiyaban və
parkların, yaşıllıqların salınması rayonun
yeni rəhbərliyinin təşəbbüsü əsasında
həyata keçirilmiş və ümumilikdə paytaxt sakinləri
tərəfindən böyük rəğbətlə
qarşılanmışdır. Hazırda şəhərin
şimal istiqamətində hərəkət edən hər
bir vətəndaş qısa müddətdə necə
böyük və uğurlu bir layihənin
reallaşdırıldığının fərqindədir.
Ekoloji tarazlığı təmin etmək məqsədilə
Bakı-Sumqayıt şosesi istiqamətində, Biləcəri
qəsəbəsində eniş yolunda və şosenin sağ
və sol hissəsində sakinlərin
rahatlığını və səs baryerini təmin etmək
məqsədilə istinad divarları tikilmişdir. Eyni zamanda,
torpaqdan ibarət istinad divarları
yaşıllaşdırılmışdır. Yol boyunca
salınmış yaşıllıqlar, əkilmiş dekorativ
kol və ağaclar, bir sözlə, landşaft
memarlığı insanların zövqünü
oxşayır, onlarda razılıq doğurur. Müvafiq
işlər şose boyu Bakı avtovağzalı, 1 May
yaşayış massivi, Ekologiya postu, körpü və yol
keçidlərinin ətrafında və digər ərazilərdə
də davam etdirilmiş, şosenin başlanğıcı 7
metr diametrində saat kompleksi və digər memarlıq elementləri
ilə zənginləşdirilmişdir. Binəqədi
rayonu Sulutəpə yaşayış massivində sahəsi
2,6 ha olan yeni parkın salınması üçün
hazırlıq işləri tamamlanmışdır və
yaxın vaxtlarda işlərə başlanılması
planlaşdırılır.
Ümumilikdə,
gələcək layihələrdə Böyük Şorun,
Xocasən gölünün, Binəqədi qəsəbəsində
İdman Kompleksinin qarşısındakı göllərin təmizlənməsi
və burada yaşıllıqların, parkların
salınması nəzərdə tutulur. Rayonun Azadlıq prospektində
- ümummilli lider Heydər Əliyevin adını
daşıyan istirahət parkında həyata keçirilən
yenidənqurma və abadlıq işləri rayon ərazisində
aparılan işlərin mərkəzində dayanır. Azadlıq prospekti ilə Z.Bünyadov prospektinin kəsişdiyi
ərazidən yol genişlənməsi ilə başlanacaq
abadlıq işlərinə dair layihə, əlillər
üçün yol və s. mütəxəssisər tərəfindən
hazırlanmış, ümumi planlaşdırma işləri
başa çatdırılmışdır.
Bu
işlərdə Heydər Əliyev Fondu da yaxından iştirak
edir. Fondun prezidenti Mehriban xanım Əliyeva respublikanın hər bir bölgəsinə, eyni zamanda
paytaxt rayonlarına xüsusi diqqət və qayğı ilə
yanaşır, sosial infrastrukturun yeniləşdirilməsi ilə
bağlı həyata keçirilən dövlət siyasətinə
töhfəsini verir. Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə rayonda 100 saylı orta məktəbin yeni korpusu inşa
edilərək istifadəyə verilmişdir. Rayonun yüzlərlə
sakini məhz Azərbaycanın birinci xanımının
köməyi sayəsində problemlərinin həllinə nail
olmuşdur. Məhz buna görə də Binəqədi rayon
sakinləri Heydər Əliyev Fonduna pənah aparır, onun fəaliyyətini
daim rəğbətlə qarşılayırlar.
Dövlət
başçısı İlham Əliyev paytaxtın ekoloji
durumunun yaxşılaşdırılması məqsədilə
qısa müddətdə 3 milyon ağacın əkilməsi
ilə bağlı göstəriş vermişdir.
Yaşıllıqların salınması, eyni zamanda mövcud
olan parkların bərpası və qorunması istiqamətində
həyata keçirilən tədbirlərlə yanaşı,
problem yaradan səbəblərin aradan qaldırılması da
xüsusi önəm kəsb edir. Rayon ərazisində
mövcud park və yaşıllıqların qorunub
saxlanılması, yenilərinin salınması istiqamətində
ardıcıl tədbirlər görülmüşdür. Belə
ki, ümumilikdə 70 min 362 kvadratmetr çəmən (qazon)
salınmış, 109 min ədəd müxtəlif növ
gül-çiçək, dekorativ kollar və 5 min 732 ədəd
müxtəlif növdə ağaclar əkilmişdir.
Azərbaycan
Prezidentinin icra strukturları qarşısında ilk gündən
müəyyənləşdirdiyi ciddi tələblərdən
biri də məhz vətəndaşların qəbulu,
onların ərizə və şikayətlərinə
ciddiliklə yanaşılması ilə bağlıdır. Binəqədi Rayon İcra Hakimiyyəti də fəaliyyətini
bu tələblər çərçivəsində quraraq vətəndaşların
qəbulunun təşkili, onların müraciətlərinə
vaxtında baxılması, icra aparatında nizam-intizamın
gücləndirilməsi üçün zəruri tədbirlər
görür. Rayon rəhbərliyinə edilən
müraciətlər cavabsız qalmır, vətəndaşların
problemlərinin aradan qaldırılması üçün
mütəmadi işlər görülür.
Əslində,
Binəqədi rayonunun yeni rəhbərliyinin mütərəqqi
iş üslubunun diqqəti çəkən məqamlarından
biri də vətəndaşlarla işin müasir tələblər
səviyyəsində qurulması, ərizə və şikayətlərə
baxılmasının mütərəqqi üsul və vasitələrinin
tapılmasıdır.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5
sentyabr tarixli "Açıq hökumətin təşviqinə
dair 2012-2015-ci illər üzrə Milli Fəaliyyət
Planı"nın və "Korrupsiyaya qarşı
mübarizəyə dair 2012-2015-ci illər üzrə Milli Fəaliyyət
Planı"nın icrası ilə əlaqədar rayon icra
hakimiyyəti başçısının müntəzəm
olaraq yerli sakinlərlə görüşləri, o cümlədən
səyyar qəbulları təşkil edilir. Vətəndaşların
müraciətləri, irad və təklifləri öyrənilərək
onların icrası ilə əlaqədar tədbirlər
planı təsdiq olunmuşdur. Təsdiq olunmuş qrafikə
uyğun olaraq 2012-ci ildə yerlərdə 32 görüş
keçirilmişdir. Bu görüşlərdə
ümumilikdə 5067 rayon sakini iştirak etmiş və onlar tərəfindən
579 məsələ qaldırılmışdır.
Qaldırılan məsələlərin əksəriyyəti
ümumi sosial və digər məişət məsələləri
ilə bağlı olmuşdur. Keçirilən
görüşlərdə vətəndaşların
qaldırdıqları 49 məsələ yerində həllini
tapmış, həlli vaxt tələb edən 530 məsələ
ilə əlaqədar "32 Tədbirlər Plan"ı təsdiq
olunaraq aidiyyəti qurumlara göndərilmişdir. Tədbirlər
Planı üzrə 362 məsələ icra edilmiş, 37 məsələnin
icrası plan üzrə müəyyən edilmiş müddət
əsasında hazırda aidiyyəti təşkilatların
icraatındadır.
Binəqədi
RİH informasiya-kommunikasiya texnologiyalarının ən son
imkanlarından istifadə etməklə fəaliyyətini
müasir formada qurmağa, vətəndaşların
etimadını qazanmağa çalışır. Bu
baxımdan Avtomatlaşdırılmış İnformasiya
Sisteminin (AİS) yaradılması sənəd dövriyyəsinin
real vaxt rejimində (online) həyata keçirilməsinə,
beləliklə, fəaliyyətin daha müasir, çevik
formada qurulmasına imkan yaratmışdır. Binəqədi
RİH-in Vergilər Nazirliyindən sonra bu sistemi uğurla tətbiq
edən ikinci dövlət qurumu olması faktını da
xüsusi vurğulamaq lazımdır.
Binəqədi
Rayon İcra Hakimiyyəti başçısının 11
dekabr 2012-ci il tarixli əmri ilə "1646" Sakinlərin
Müraciət Xidməti sisteminin yaradılması da son dərəcə
təqdirəlayiq addımlardan biri kimi
vurğulanmalıdır. Belə bir sistemin
yaradılması rayon rəhbərliyinin ölkədə gedən
proseslərə adekvat siyasət yürütdüyünü,
ölkə başçısının fərman və sərəncamından
irəli gələn vəzifələrə böyük həssaslıqla
yanaşdığını göstərir. Xatırladaq ki, Prezident İlham Əliyevin 13 iyul
2012-ci il tarixli "Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin yaradılması və
dövlət orqanları tərəfindən vətəndaşlara
göstərilən xidmətlərin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında" fərmanı
ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi yaradılmışdır. Agentlik
qısa müddətdə "ASAN xidmət" mərkəzlərini
yaratmış, onların vahid
şəkildə idarə edilməsini, xidmət mərkəzlərində
fəaliyyət göstərən dövlət
orqanlarının əməkdaşlarının fəaliyyətinin
əlaqələndirilməsini, informasiya bazalarının
qarşılıqlı inteqrasiyasını təmin
etmişdir.
Bu
baxımdan icra strukturlarının da vətəndaşlar
üçün daha çevik, müasir müraciət
imkanları yaratması Azərbaycanın müasir inkişaf səviyyəsinin
diktə etdiyi obyektiv tələbatdır. Binəqədi
rayonunda yaradılmış Sakinlərin Müraciət Xidmətinin
fəaliyyəti daxil olan yazılı müraciətlərin
sayının azalmasına, bununla da qismən maliyyə xərclərinə
və əməkdaşların əlavə vaxt itkisinə qənaət
edilməsinə imkan yaradacaqdır. Yeni
xidmət hökumət orqanının hesabatlılığının
və korrupsiyaya qarşı mübarizədə əhalinin
rolunu artıraraq rayonun yerli struktur orqanlarının məsuliyyət
hissini artıracaq, mübahisələrin həllinə və əhalinin
informasiya əldə etmək imkanlarının genişlənməsinə
səbəb olacaqdır. Artıq 2013-cü il fevralın
6-dan etibarən Sakinlərin Müraciət Xidməti Binəqədi
rayon sakinlərinin istifadəsinə verilmişdir. Bu, dövlət idarəçiliyinə özəl
sektorda geniş yayılmış "müştəri məmnunluğu"
ideyasının inkorporasiya edilməsidir ki, bu da ölkədə
dövlət qulluqçusu-vətəndaş münasibətlərinin
keyfiyyətcə yeni müstəviyə keçməsinə
təkan verəcəkdir. Bu ideyanın maraqlı cəhətlərindən biri də odur ki, Binəqədi
rayon sakinləri üzləşdikləri problemlərin həlli
üçün yalnız bir ünvana müraciət edəcəklər.
Həmin müraciətlər qeydə alınacaq və
"bir qapı" prinsipi üzrə həllini tapacaqdır.
Bu, sakinlərin fərdi xərclərinin azalmasına, vaxt
itkisinin aradan qaldırılmasına, şəffaflığın
və onların rahatlığının təmin edilməsinə
imkan verəcəkdir.
Prezident
İlham Əliyevin dəfələrlə
vurğuladığı kimi, Azərbaycanda hər bir məmurun
başlıca vəzifəsi xalqa, vətəndaşlara layiqli
və vicdanlı xidmət olmalıdır. Fəaliyyətini məhz
bu prinsip əsasında quran Binəqədi RİH də dinamik yüksəliş
üçün bütün zəruri tədbirləri həyata
keçirməyə, ölkədəki inkişaf prosesinə
töhfəsini verməyə çalışır. Ulu öndərin hakimiyyəti dövründə
özü üçün güclü istehsal potensialı, zəngin
infrastruktur formalaşdırmış Binəqədi rayonu Azərbaycan
Prezidenti İlham Əliyevin diqqət və qayğısı
ilə böyük uğurlar əldə etmiş, daha da
gözəlləşmiş, müasirləşmişdir.
Bütün bunlar rayonun həyatında başlanmış
yeni intibah mərhələsinin uğurlu
başlanğıcıdır. Hazırda hər bir Binəqədi
sakini dövlət başçısı İlham Əliyevin
rəhbərliyi altında qazanılan uğurları həyatında
daha qabarıq hiss edir, yüksəliş və tərəqqi
kursunu ürəkdən dəstəkləyir.
Rafael CƏBRAYILOV,
Milli Məclisin
deputatı
Azərbaycan.-
2013.- 14 fevral.- S.4.