Erməni məkrinin naibi

 

Müstəqil Azərbaycanın gənc dövlət olaraq qısa müddətdə əldə etdiyi möhtəşəm nailiyyətlərə dünyanın bir çox ölkələri yalnız həsəd apara bilər. Cəmi iki il əvvəl müstəqilliyinin bərpasının 20 ilini qeyd edən xalqımız dövlətimizin sürətli inkişafı ilə fəxr edir, qürur duyur. İndi dünya inkişafın Azərbaycan modelindən danışır, yüksəlişimizi dəyərləndirir. 22 il əvvəl müstəqillik yolunda çarpışan xalqımız üçün BMT əlçatmaz görünürdü. Bu gün isə artıq BMT-də söz sahibiyik.

 

Müstəqil Azərbaycan beynəlxalq münasibətlər sistemində artıq özünə ən layiqli yeri tutub. Beynəlxalq enerji təhlükəsizliyi məsələsində Azərbaycanla hesablaşır,  mövqeyini qəbul edirlər. İndi biz dünyanın ən mötəbər beynəlxalq tədbirlərinə ev sahibliyi edirik. İki ildən sonra Azərbaycanda ilk Avropa Olimpiya Oyunları keçiriləcək. Dünyanın ən qədim və bir nömrəli bu idman tədbirinin keçirilməsində ev sahibliyinin Azərbaycana həvalə olunması inkişafın, beynəlxalq etimadın və artan nüfuzun göstəricisidir.

Ötən dövrlərdə olduğu kimi, 2013-cü ilin də Azərbaycan üçün möhtəşəm uğurlarla başa çatacağı şübhəsizdir. Və artıq bir neçə gün öncə biz bu ilin və bütövlükdə Azərbaycanın tarixinin ən möhtəşəm hadisələrindən birinin təntənəsini yaşadıq. Azərbaycan kosmosa öz peykini göndərdi. Beləliklə, inkişafın Azərbaycan modelini yaradan, ən qlobal məsələlərdən olan dünyanın enerji təhlükəsizliyinə öz töhfəsini verən, BMT Təhlükəsizlik Şurasının üzvü seçilən, olimpiya oyunlarına ev sahibliyi etməyə hazırlaşan Azərbaycan artıq özünün telekommunikasiya peyki ilə kosmosda təmsil olunur.

Bütün bu nailiyyətlər qəlbində vətən sevgisini yaşadan hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Lakin bir məsələni də unutmamalıyıq ki, Azərbaycanın qələbələrini, yüksəlişini, inkişafını istəməyən dairələr də mövcuddur.  Antiazərbaycançı şəbəkənin elementləri adlandırdığımız belə dairələrin bir qismi Azərbaycanın müstəqil dövlət olmasını, bir hissəsi yüksəlişini və Cənubi Qafqazın lider dövlətinə çevrilməsini, bəziləri ölkəmizin dünya neft bazarında iştirakını həzm edə bilmirlər. Buna görə vaxtaşırı Azərbaycanla bağlı müxtəlif məkrli layihələrini həyata keçirməyə cəhd göstərirlər.

Antiazərbaycançı şəbəkənin Azərbaycan əleyhinə fəaliyyətində faydalandığı əsas vasitələrdən biri də sapı özümüzdən olan baltalardır. Xüsusilə Azərbaycanın möhtəşəm bir uğura imza atdığı vaxtda və ərəfədə buna mane olmaq istəyənlər, yəni "sapı özümüzdən olan baltalar" meydana çıxır. Tarixdə fitnələrə uyaraq öz dövlətinin əleyhinə getmək istəyənlər olsa da, onların haqlı cəzasını elə zaman özü verib. Amma görünür, hələ də öz xalqının əleyhinə çıxmağın acı sonluğundan dərs götürmək istəməyənlər var. Moskvada "Drujba narodov" jurnalında dərc edilən "Daş yuxular" adlı əsəri ilə xalqımızı aşağılayan Əkrəm Naibov da belələrindəndir. Azərbaycan oxucusu tərəfindən hiddət və qəzəblə qarşılanan bu əsərdə həqiqətin qərəzli şəkildə təhrifi, yazıçının "bədii əsər" adı ilə tarixi gerçəklikləri saxtalaşdırması, azərbaycanlıların təsvirində kin və nifrət motivlərinin üstünlük təşkil etməsi bu hiddəti doğuran əsas məqamlardır.

Ümumiyyətlə, Ə.Naibov hərəkətləri ilə özü barəsində hər zaman qeyri-sabit xarakterli və yarımçıq insan təsiri yaratmışdır. Ömrü boyu nala-mıxa vurmağı, içinin kin-küdurətlə dolu olmağı, paxıllığı, xəbisliyi, heç kəsi sevməməyi, özündən başqa bir kimsəni bəyənməməyi onun  keyfiyyət göstəriciləridir. Hərəkətlərindəki qeyri-səmimiliyi, məqsədyönlü şəkildə mənafeyindən uzağıgörməzliyi, həqiqəti danmaq yolu ilə fərqlənmək cəhdlərini, xəstə təxəyyülün daşıyıcısı olduğunu anlamamaq qeyri-mümkündür. Daim Azərbaycanın görkəmli qələm sahiblərini, Yazıçılar Birliyinin rəhbərliyini yersiz tənqid etmək, deputat seçilmədikdən sonra hakimiyyətə münasibətini dəyişən, reneqata çevrilən, Eldar Namazova qoşularaq ağzına gələni danışan bu adam artıq xeyli müddət idi ki, özü barəsində mənfi imic formalaşdırmışdı.

Bu mənada onu xarakterizə edən xüsusiyyətlər yazdığı əsərlərinə də hakimdir. Ona görə də qəhrəmanlarının çoxunun fikirləri, hərəkətləri müəmmalıdır, aydın və bəşəri deyil. Bu obrazlar milli dəyərləri səciyyələndirmək baxımından çox zəifdir, əksinə, bu dəyərləri alçaltmağa, aşağılamağa, məhv etməyə istiqamətləndirilib. Əsərlərindəki insanlar öz xeyirxah əməlləri, düşüncələri, fikirləri, sabaha inamları, torpağa, xalqa, vətənə sədaqətləri, tarixlərinə, dinlərinə hörmətləri ilə fərqlənməli olduqları halda, əksinə, avamlıqları, xəyalpərəst olmaları, öz dinlərini təhqir etmələri, adət-ənənələrinə xor baxmaları ilə daha çox yadda qalırlar.

Yəqin ki, xarakterinə bələd olanlar onun həmin üzdəniraq əsərini oxuyanda təəccüblənməyiblər, Əkrəmin avantürist xarakterinə bələd olduqlarından bunu "sürpriz" kimi qarşılamayıblar. Çünki bilirlər ki, Ə.Naibov ermənilərə xüsusi rəğbət bəsləyir. Bu adam indiyədək Qarabağ münaqişəsi ilə bağlı bir söz deməyib - hələ nəsə yazmağı qalsın bir tərəfə. Qarabağ münaqişəsi başlanandan bəri o, heç vaxt Azərbaycanın maraqlarına uyğun bircə kəlmə belə söyləməyib. Üstəlik, açıqlamalarında ermənilərlə dostluğundan xüsusi nostalji hisslərlə danışır. Beləsindən artıq nə gözləyəsən?! "İstiqlal" ordeni, "Şöhrət" ordeni, "xalq yazıçısı" fəxri adı və digər titulimtiyazlar isə ona pərdələnmək üçün lazım imiş. Bunun üçünsə ən azı gərək vicdanını itirmiş olasan. Dövlətin ən ali mükafatlarını almış bir "yazıçı"nın xalqına, millətinə qarşı hikkəli şəkildə böhtanlarla dolu belə bir roman yazması və tərcümə etdirərək başqa bir ölkənin jurnalında nəşr etdirməsi nankorluqdan, çörəyini yeyib, suyunu içdiyi, onu boya-başa çatdıran xalqa xəyanətindən başqa bir şey deyil. Torpaqlarımızın müdafiəsinə qalxmış Qarabağ şəhidlərinin axıdılan qanı qurumamış, ermənilərin Xocalıda törətdikləri dəhşətli vəhşiliklərin vurduğu yaralar qaysaqlanmamış Azərbaycan millətinə qarşı şantaj dolu belə bir  "roman"ın yazılması, əslində, müəllifin kim olmasından xəbər verir.

Bu əsər əvvəldən axıra qədər erməni siyasətinə xidmət edir. Əsərdə günahkar Azərbaycan xalqı obrazı yaradılıb. Erməni separatizminə haqq qazandırılıb. Bununla da Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə ideoloji zəmin yaratmaq niyyəti güdülüb. Bu nankor erməni təbliğatının dünyaya sırımaq istədiyi fikrə - guya onlara qarşı türklərin birtərəfli şəkildə soyqırımı törətməsi iddiasına haqq qazandırıb, ermənilərin azərbaycanlılar tərəfindən qırılmasını "bədii" şəkildə sübut etməyə çalışıb. Müəllifin rəğbətlə təsvir etdiyi personajları birmənalı şəkildə "ermənilər yox, biz özümüz pisik" deyirlər. Romanda azərbaycanlılar - həm kişilər, həm qadınlar - erməniləri balkondan atıb öldürürlər, diri-diri yandırırlar. Ermənilərin törətdikləri vəhşiliklərdən isə müəllifin sanki heç xəbəri yoxdur. Bir çox hallarda tarixi sənədlərlə təsdiq olunmuş faktları - türklərə qarşı daşnak qəddarlığını müəllif azərbaycanlıların ayağına yazır. Demə, Naxçıvanda azərilərin belinə qaynar samovar bağlayan, hamilə qadınların qarnını süngüylə yaranlar da Andranikin quldurları deyilmiş, Azərbaycanı bolşevik-daşnak qətliamından xilas edən türk ordusunun əsgərləri imiş. Ə.Naibov Azərbaycan türklərini çalalara doldurub diri-diri basdıran, hamilə qadınların qarnına süngü taxaraq onları körpəsi ilə birlikdə öldürən, uşaqları analarının əlindən alıb havaya ataraq süngüyə keçirən, kəndin camaatını məscidə doldurub yandıran ermənilərin bu vandallıqlarından xəbərsizdirmi? İllər boyu ermənilərin dünyaya car çəkərək türklərin soyqırımı törətdiklərini utanmadan və həyasızcasına, dönə-dönə bəyan etmələrini bu adam bilmirdimi? Əlbəttə bilirdi!.. Heç olmasa Xocalıda qətlə yetirilən qocaları, qadınları, uşaqları, boruya salınıb qaynaqlanan körpələri göz önünə gətirəydi. Yazdığı "əsəri" ilə ermənilər tərəfindən seviləcəyi, rəğbətlə qarşılanacağı yaxşı məlum olan müəllif, görəsən, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin qarşısında vicdanını necə təmizə çıxaracaq? Bütün ali dövlət mükafatlarına - fəxri adlara, hörmət və izzətə yiyələnmiş Ə.Naibovu ermənilərə naib, nökər olmağa vadar edən hansı hisslər, hansı duyğulardır? Bircə onu deyə bilərəm ki, Azərbaycanın çörəyini yeyib, suyundan içib, hörmətlə qarşılandığın halda məqam tapıb ona arxadan zərbə vurasan, - bunu sənə nə tarix, nə Xocalıda, Şuşada, Ağdamda, Kəlbəcərdə, Zəngilanda tökülən şəhid qanları, nə də ki Azərbaycan xalqı bağışlayacaq.

Birtərəfli qaydada ermənilərin haqsız mövqelərinin müdafiəsinə xidmət edən "Daş yuxular"da ortaq mövqe düşüncəsi də yoxdur. Ermənilərə ifrat dərəcəyə çatan rəğbət və məhəbbət, müsəlmanlara, xüsusilə türklərə patoloji nifrət bu "əsər"in məğzini müəyyənləşdirir. Romandakı Saday Sadıqlı obrazı da kilsələrin dərin xiffətini çəkən, zahiri obyektivlik pərdəsi altında ermənilərin mövqeyində dayanan surətdir. Saday Sadıqlıdakı güclü ermənipərəstlik ruhu, aşırı həddə çatan kilsə təəssübkeşliyi, müəllif bunu gizlətməyə çalışsa da, bu surətin ən azı azərbaycanlı tərəfi ağıla gəlməyən qarışıq soykökə malik obraz olduğunu düşünməyə əsas verir. Ə.Naibov müsahibəsində deyir ki, "Daş yuxular" zalımlığa qarşı dinini dəyişməyə hazır olan, o qəddarlığa üsyan edən bir ürəyin, azərbaycanlı artistin fəryadıdır. Belə bir fikri erməni yazıçısı öz əsəri haqqında deyərdimi? Heç vaxt! Amma Ə.Naibov deyir. Bu isə yazıçının xislətini bir daha azərbaycanlı oxucusuna açıq göstərir.

Ə.Naibov əgər xalqımızın ağrılı problemindən söz açsaydı, Qarabağ həqiqətlərini qələmə alsaydı, Xocalı soyqırımından yazsaydı, nifrətlə "yeraz" adlandırdığı azərbaycanlıların didərginliyindən, başına gətirilən müsibətlərdən yazsaydı, ən doğrusunu edərdi. Amma etmədi. "Daş yuxular" isə müəllifinin illər boyu qəlbində Azərbaycan xalqına qarşı gəzdirdiyi kin və nifrəti büruzə verdi. Azərbaycanlı olan kəs bunu etməzdi. Ə.Naibov öz əməli ilə Azərbaycan vətəndaşı olmasının üstündən qara xətt çəkdiyi üçün onun kimliyi, "əsərinin" kimin sifarişi olduğunu, kimə xidmət etmək istədiyi aidiyyəti qurumlar tərəfindən araşdırılmalıdır.

Ə.Naibovun cızmaqaraları bədii təxəyyülün məhsulundan daha çox siyasi bəyanata bənzəyir. Dünyada haqsızlıqların, ədalətsizliyin olduğu təqdirdə Ə.Naibovun belə bir əsər yazması Azərbaycan xalqına arxadan zərbə vurmaq, ölkəmizə qarşı istər hərbi, istərsə də siyasi diplomatik hücuma keçənlərə bu əsərlə yardım edilməsi deməkdir. Erməni yazıçıları  və ideoloqları hər zaman Azərbaycana qarşı böhtanyalanlarla çıxış ediblər. Ə.Naibov da bu addımı ilə yalançı erməni ideologiyasına dəstək vermiş oldu.

Lakin təəssüflə qeyd etməliyik ki, Ə.Naibovu dəstəkləyənlər də tapılır. İlk vaxtlarda onu dəstəkləyənlərin səsi gəlsə də, sonradan, görünür, onlar da Ə.Naibovun Azərbaycan xalqına xəyanət etdiyini dərk etdilər. Onun mövqeyini dəstəkləməyə cəhd göstərənlər bunu, guya ki, humanizm dəyərləri və bəşəri ideyalarla izah edirlər. Bəşəri olmağın yolu Vətənə, Millətə, Dövlətə xəyanətdən keçmir. Bəşəri olmaq humanist bir xalqın ünvanına hədyanlar, yalanlar söyləmək deyil, onu digər millətlərin gözündə vəhşi, qaniçən kimi təsvir etmək də deyil. Bəşəri olmaq həqiqəti danmaq yox, onu bütün reallığı ilə göstərmək, yaşanan tarixin gizlədilən tərəflərini üzə çıxarmaq, onu ciddi dəlillərlə, sanballı, inandırıcı sübutlarla ortaya qoymaq deməkdir. Lakin buhumanistlikdir ki, torpaqlarının iyirmi faizi işğal olunmuş, Xocalı vəhşətinə məruz qalmış, olmazın zülmlərlə və qətllərlə üzləşən xalqımızın "günahlarını" dünyaya car çəkəsən, ona qarşı bütün bu işğalı, təcavüzü, qətliamı törədənləri isə mələk sifətində mədh edəsən?

Belə əsərlərlə bəşərilik qazanmaq qeyri-mümkündür. Əslində milli məsuliyyəti olmayan şəxsin bəşəri hisslərdən danışmağa haqqı yoxdur. Yaşının bu çağında vətəndaş natamamdırsa, onda bəşəri məsuliyyətin olması mümkün deyil. Heç vaxt dövlətinin, millətinin qədrini bilməyən, böyüklüyünü uca tutmayan, özgələrinə üstünlük verən yazıçı ümumbəşəri ola bilməz. Ə.Naibovun "Daş yuxular"da yazdıqları  ermənilərin saxtalaşdırdığı tarixi faktlara əsaslanıb. Əsərdə  yalnız Azərbaycanın maraqlarına zidd məqamlar öz əksini tapıb. Bu əməlinin adını da qoyub yazıçı azadlığı! O azadlıq ki haqqı, ədaləti tapdayır.

Ə.Naibovun "əsər"i milli mənliyimizi, mənəviyyatımızı təhqir edən, tariximizi saxtalaşdıran, erməni işğalına bəraət qazandıran, bütövlükdə millətə və dövlətə xəyanəti əks etdirən sayıqlamadır və onun bu əməlinə hər hansı şəkildə haqq qazandırmaq olmaz. O, Azərbaycan xalqına, bütünlükdə türk dünyasına şər, böhtan yağdırmaq, tarixi təhrif etmək, minlərlə şəhidin ruhunu tapdalamaq, islam dinini alçaltmaq yolunu tutmuşdur ki, bu da haqlı olaraq hər kəsin nifrət və qəzəbinə səbəb olmuşdur. Ona görə Azərbaycan ictimaiyyəti bu adama özünün ictimai etirazını bildirir. İctimaiyyət haqlı olaraq onun "xalq yazıçısı" fəxri adından və Azərbaycan vətəndaşlığından məhrum olunmasını tələb edirdi. O, xalqımıza iftira atmaq və həqarət etməklə təkcə azərbaycanlılara deyil, bütün insanlığa, bəşəri dəyərlərə xəyanət edib. Bu xəyanətin cəzasını isə çəkməli idi. Məhz bütün bu cəhətləri və xalqın etirazını nəzərə alan Prezident İlham Əliyev Ə.Naibovun "xalq yazıcısı" adından məhrum olunması barədə sərəncam imzaladı.

Bu barədə sərəncamda deyilir: "Azərbaycan Respublikasının müstəqillik illərində dövlət mükafatlarına layiq görülmüş Əkrəm Əylisli (Əkrəm Nəcəf oğlu Naibov) xalqın ona göstərdiyi yüksək etimaddan sui-istifadə edərək son əsərində Azərbaycanın tarixi ilə bağlı gerçəklikləri Azərbaycan yazıçısı adına yaraşmayan şəkildə təhrif etmişdir. Azərbaycan xalqının antihumanist obrazını formalaşdırmağa cəhd göstərən, onu ümumbəşəri dəyərlər sisteminə zidd əməllərdə əsassız günahlandıran müəllifin xalqımızın ruhuna yad tərzdə yazdığı bu əsərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti saxtalaşdırılaraq uzaq və yaxın tarixi keçmişimizə qara yaxılmış, münaqişə nəticəsində doğma yurdlarından didərgin düşən bir milyondan çox soydaşımızın mənliyi təhqir edilmişdir".

Nankor yazıçı Prezidentin fəxri təqaüdündən də məhrum edildi. Böhtan dolu əsəri ilə Azərbaycan tarixini məqsədyönlü şəkildə təhrif edən Ə.Naibovun Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi barədə ictimaiyyətin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş soydaşlarımızın çoxsaylı müraciətlərini nəzərə alan Prezident İlham Əliyevin sərəncamı ilə Ə.Naibov fərdi təqaüddən məhrum edildi.

Bu sərəncamlar zamanında və məqamında verilən, çox məntiqli və düzgün qərarlar, Ə.Naibovun nankorluğuna layiqli cəzadır. Çünki xalqa böhtan atan şəxs xalq yazıçısı adını daşıya bilməz. Bununla Prezident bir daha xalqının yanında və xalqın maraqlarına qarşı çıxanlara münasibətinin sərt olduğunu nümayiş etdirdi. Bu sərəncamlar cəmiyyətdə yüksək qarşılanır və bu, xalq-hakimiyyət birliyinin növbəti təntənəsi kimi qiymətləndirilir. Yazıçıya verilən mükafatlar xalqa göstərdiyi xidmətlə bağlı olur. "Xalq yazıçısı" adının alınması cəza deyil, onun nankorluğuna verilən bir cavabdır. Əsl cəza isə xalqın ona olan nifrətidir. Xalqa böhtan atdığı üçün digər dövlət mükafatları da əlindən alınmalıdır.

Bir vətəndaş olaraq Prezident İlham Əliyevin Ə.Naibovun xalq yazıçısı adından və Prezident təqaüdündən məhrum edilməsi haqqında sərəncamını böyük məmnuniyyət hissi ilə qarşılayıram və hesab edirəm ki, bu nankor Azərbaycan vətəndaşı adını daşımağa da layiq deyil. Çünki Ə.Naibov vətəndaşlıq hissini, duyğusunu itirib. O, dərk etmir ki, verdiyimiz şəhidlər, torpaqlarımızın işğal altında olması və digər faciələrimiz erməni vəhşiliyinin nümunələridir. Bunu başa düşməyən Ə.Naibov Azərbaycan xalqını aşağılamağa, erməniləri isə "ucaltmağa" cəhdlər göstərib. Bu mənada belə bir əsər yalnız və yalnız antiazərbaycançı şəbəkənin sifarişi ilə yazılan bir əsər ola bilərdi.

Görəsən, Ə. Naibov "Daş yuxular" əsərində yazdıqlarına, söylədiklərinə özü inanırmı? Və yaxud, nəyin müqabilində Azərbaycanın milli və dövlətçilik maraqlarına tamamilə zidd olan əsər yazıb? Ə.Naibov bununla bəlkə Nobel mükafatını alacağını düşünür?! Bəlkə də antiazərbaycançı şəbəkə ona belə bir sifariş verib. Onun vaxtilə yazdığı əsərlərin səviyyəsi Nobel mükafatı standartlarına uyğun deyil. Ona görə "Daş yuxular"la Nobel əldə edəcəyi ağlabatan deyil. Amma bu dünyada antiazərbaycançı şəbəkədən, Azərbaycanı sevməyənlərdən nə desən gözləmək olar. Maraqlıdır ki, Ə.Naibov bu əsərə görə Nobel mükafatı alsa, bu "uğurunu" dünyayacür izah edəcək? Etiraf edə biləcəkmi ki bu mükafatı öz xalqına xəyanət etməklə alıb?! Və yaxud, niyə həmin mükafatın ona verildiyini dərk edə biləcəkmi?

Bu gün bəşəri hisslərdən məhrum, erməni xislətli Əkrəm Azərbaycanda gedən nəhəng quruculuq işlərindən, dünya miqyasında artan nüfuzumuzdan, xalqımızın əldə etdiyi yüksək nailiyyətlərdən, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq və mühüm layihələrin həyata keçirilməsi istiqamətində görülən işlərdən yaza bilməzdi?! Xalqımızın, dövlətimizin ona olan etibarından sui-istifadə edib "sərbəst düşüncəli yazıçı" pərdəsi altında əsl xislətini üzə çıxaran Ə.Naibov bundan sonra bu ölkənin havasını necə udacaq, bu torpaq üstündə necə gəzəcək? Artıq ermənilər onu qəhrəman ediblər. Yəqin, gedib təəssübünü və xiffətini çəkdiyi ermənilərin yanında yaşasa, özünə mənəvi rahatlıq tapa bilər.

Ermənilər və erməni təəssübünü çəkən dairələr "Daş yuxular" "əsərini" dünyada geniş təbliğ edəcək, Azərbaycana qarşı istifadə etmək istəyəcəklər. Hər halda Nobel mükafatı almasa da, bu "əsər" ermənilərin və ya Ermənistanın hansısa mükafatına mütləq layiq görüləcək. Amma bu hərəkəti ilə Ə.Naibov öz xalqını birdəfəlik itirdi. Ə.Naibov kimi satqın və xəyanətkara cəmiyyətimizdə yer yoxdur. O, bu xalqdan və dövlətdən aldıqları nə varsa, hamısına sahib olmaq haqqını itiribyaddaşlarda vətəninə, millətinə, xalqına xəyanət etmiş adam kimi qalacaq. Bu, bütün Azərbaycan xalqının ümumi rəyidir.

 

 

Arzuman MURADLI,

iqtisad üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2013.- 14 fevral.- S.5.