Azərbaycan dünyaya yanacaq və elektrik enerjisi ixrac edən ölkəyə
çevrilib
Ölkədə
əsası ümummilli lider Heydər Əliyev tətəfindən
qoyulmuş yanacaq-enerji
kompleksinin inkişafı uğurla davam etdirilir. İndi Azərbaycan
bu sahədə dünyanın inkişaf etmiş ölkələri
ilə bir sırada düzənlənir. Bir neçə il
bundan önədək ölkənin regionlarında, eləcə
də Bakıda elektrik enerjisi ilə təchizatda problemlər
mövcud idi. Paytaxt Bakı da daxil olmaqla respublikanın
bölgələrində elektrik enerjisi fasilələrlə
verilirdi, təbii qaz bəzi rayonlarda, kənd və qəsəbələrdə
yox dərəcəsində idi.
Azərbaycan Prezidenti İlham Əliyevin
uğurlu daxili siyasəti sayəsində artıq bütün
bu çətinliklər çoxdan arxada qalıb. Təkcə
bir faktı xatırlatmaq kifayətdir
ki, Azərbaycan iqtisadiyyatı son doqquz il ərzində
üç dəfə artmış, şaxələnmiş,
dayanıqlı inkişafa nail olunmuşdur. Bu uğurlar
sırasında ölkəmizin yanacaq-enerji kompleksinin
inkişafı önəmli yer tutur. Ölkədə elektrik
enerjisi istehsalı 6,9 faiz artıb, alternativ və bərpa
olunan enerji ilə təminat sahəsində ötən il
"Azgüntex" günəş panelləri,
"Füzuli" və "Qusar-1" su elektrik
stansiyaları istifadəyə verilib. İndi
respublikamızın ən ucqar guşələri belə elektirik və istilik enerjsi ilə tam təmin edilir.
Vaxtilə başqa ölkədən elektrik enerjisi almaq məcburiyyətində
olan Azərbaycan indi qonşu Rusiya, Gürcüstan, İran və
Türkiyə kimi ölkələrə elektrik enerjisi ixrac
edir. Bu nailiyyətin əldə olunmasında 8 il əvvəl qəbul olunmuş
və hazırda uğurla həyata keçirilən "Azərbaycan
Respublikasının yanacaq-enerji kompleksinin inkişafı
(2005-2015-ci illər) üzrə Dövlət Proqramı" əsas
rol oynayır.
Proqramda qarşıya qoyulan vəzifələrin
yerinə yetirilməsi 4 hissəyə bölünür:
neft və qaz sənayesi, qaz təchizatı,
elektroenergetika və yanacaq-energetika kompleksinin idarə
olunması. Qarşıya qoyulan vəzifələr bu istiqamətlərin
hər biri üzrə müvəffəqiyyətlə icra
edilir.
Dövlət
proqramının icrası ilə əlaqədar səkkiz ildə
çox işlər görülüb. "Azərenerji"
ASC üzrə bir sıra enerji bloklarının yenidən
qurulması başa çatdırılıb. Təzə
obyektlərin inşası, köhnələrin əsaslı təmiri,
elektrik xətlərinin təzələnməsi istiqamətində
işlər davam etdirilir. İqtisadiyyatın inkişafı və
ixrac tələb edir ki,
generasiya gücləri artırılsın. Ona görə də
yeni stansiyalar tikilib istifadəyə verilir. Bu il yanvar
ayının 31-də elektrik enerjisi istehsal edən daha bir
obyekt - Bakının Nərimanov rayonunda 110/35/6 kilovoltluq
yarımstansiya istismara verilib. Bu müasr mərkəz
fiber-optik kabel vasitəsilə "Bakıelektrikşəbəkə"nin
Mərkəzi Dispetçer Xidmətinə - SCADA sisteminə qoşulub.
Yarımstansiyanın işə düşməsi ilə əlaqədar
12 faiz güc artımına nail olunub. Yeni
yarımstansiyanın açılış mərasimində
Prezident İlham Əliyev demişdir: "Bu gün Bakı şəhərində
elektrik enerjisi ilə təchizatda heç bir problem yoxdur. Əksinə,
ildən-ilə, gündən-günə elektrik təchizatı
yaxşılaşır, maddi-texniki baza möhkəmlənir,
yeni xətlər çəkilir, gözəl
yarımstansiyalar tikilir və beləliklə, şəhərimizin
bundan sonrakı dövrdə inkişaf proqramını həll
etmək üçün yeni güclər yaradılır".
"Azərbaycan
Respublikasının yanacaq-enerji kompleksinin inkişafı
(2005-2015-ci illər) üzrə Dövlət Proqramı"na
əsasən həyata keçirilən tədbirlər nəticəsində
Azərbaycan elektrik enerjisi istehsalı sahəsində
olduğu kimi, dünyada çox önəmli neft, qaz hasil və
ixrac edən ölkə kimi də tanınıb. Müəllifi
ulu öndər Heydər Əliyev olan "Əsrin müqaviləsi"nin
uğurları Azərbaycanın
qədim neft ölkəsi kimi dünyadakı nüfuz və
şöhrətini daha da artırıb. İndi Azərbaycan
nefti dünya bazarlarına üç kəmər vasitəsilə
çatdırılır. Nəql sisteminin başlıca
arteriyası isə təbii ki, Heydər Əliyev adına
Bakı-Tbilisi-Ceyhan neft kəməridir. Bu kəmər Avrasiya
regionunda ən unikal mühəndis qurğularından biri
olaraq dünyanın enerji təhlükəsizliyində
mühüm rol oynayır.
BTC əsasən "Azəri-Çıraq-Günəşli"
(AÇG) neftini daşıyır. Lakin bu gün ölkəmiz
təkcə AÇG-dən deyil, qurudakı və dənizdəki
köhnə yataqlardan da neft hasil edir. Neftçilərimiz
yataqlarda da istismarın intensivləşdirilməsi, yeni
quyuların qazılması, köhnələrdə isə təmir-bərpa
işləri aparılır, hasilatı sabit saxlamağa nail
olurlar. Dəniz neftçiləri təzə platformalar
inşa etmədən mövcud özülləri genişləndirib
və təmir edərək orada yeni quyular qazırlar.
"Bulla-dəniz", "Ələt-dəniz", "8
Mart", "Günəşli", "Neft
Daşları" və digər yataqlarda yeni özüllər
tikilib, yaxud köhnələri təmir olunub.
Ölkənin neft emalı kompleksində
istehsal edilən məhsullar da daxili tələbatı tam
ödəyir və xaricə ixrac olunur. Dövlət Statistika
Komitəsinin məlumatına görə, 2012-ci ildə
avtomobil benzininin istehsalı 0,1, ağ neftin istehsalı 0,8,
neft bitumunun istehsalı 8,4 faiz artıb.
Emal kompleksində istehsal edilən neft məhsullarının
keyfiyyəti də ildən-ilə yüksəlir. Keyfiyyətin
Avropa standartlarına uyğunlaşdırılması məqsədilə
mühüm tədbirlər həyata keçirilir.
Çeşid çoxalır, emalın dərinlik faizi
artır.
Son illərdə dünyada mavi
yanacağa tələbatın artdığı bir şəraitdə
Azərbaycan özünü beynəlxalq aləmdə
etibarlı qaz istehsalçısı və
ixracatçısı kimi təqdim edib. 2004-2011-ci illərdə
ölkədə qaz hasilatı getdikcə artıb və 5,5
milyard kubmetrdən 26 milyard kubmetrə
çatdırılıb. Bir neçə il əvvəl qaz
idxal edən Azərbaycan indi Gürcüstana, Türkiyəyə,
Rusiyaya, İrana və Yunanıstana qaz ixrac edir.
Hazırda 1-ci mərhələ çərçivəsində
qaz və kondensat çıxarılan, ikinci mərhələsi
isə işlənməkdə olan "Şahdəniz"
layihəsi Azərbaycanın enerji baxımından tam müstəqilliyini
təmin etməyə imkan verib. 2018-ci ildə "Şahdəniz"dən
ilk qazın hasil olunacağı gözlənilir. Bundan sonra
ölkəmiz qaz ixracını daha çox şaxələndirmək
imkanı qazanacaq.
"Ümid" yatağı Xəzərin
Azərbaycan bölməsində qaz ehtiyatlarının hələ
çox olduğuna inamı daha da artırdı. Bu perspektivli
strukturda ARDNŞ-nin daxili resurslar hesabına
apardığı kəşfiyyat işləri 2010-cu ildə
uğurla nəticələndi. Burada yeni qaz-kondensat
yatağı kəşf olundu. İndi həmin yataqdan hasilat
davam edir. "Abşeron" qaz-kondensat yatağını isə
ARDNŞ-lə Fransanın "Total" şirkəti birlikdə
kəşf edib.
Qaz hasilatının artması ilk
növbədə, ölkə əhalisinin mavi yanacaqla təminatının
daha da yaxşılaşdırılmasına təkan verir.
Odur ki, son illərdə ölkənin şəhər və
rayonlarının qazlaşdırılması sahəsində
genişmiqyaslı işlər görülür. İndi hətta
bir sıra dağ bölgələrinin ucqar kəndlərində
mavi alov şölələnir.
Ölkədə qazlaşmanın yeni mərhələsi
başlanıb. Bu məqsədlə aparılan
tikinti-quraşdırma və təmir-bərpa işləri
ölkənin bütün ərazisini əhatə edib. Qaz təsərrüfatının,
paylayıcı sistemin dünya standartlarına
uyğunlaşdırılması, sahənin maddi-texniki
bazasının gücləndirilməsi istiqamətində
görülən təxirəsalınmaz tədbirlər
öz bəhrəsini verib. Təkcə 2011-ci ildə ümumi
uzunluğu 5 min kilometrdən çox yeni qaz kəmərləri
çəkilib. 1536 kilometr uzunluğunda müxtəlif
diametrli qaz kəmərləri və 8 paylayıcı stansiya əsaslı
təmir edilib. Nəticədə əhali kateqoriyasına aid
olan 90 min, 2012-ci ilin 8 ayı ərzində isə daha 63 min
abonent qazla təchiz edilib. Qazlaşma ilə bağlı
işlər uğurla davam etdirilir. 2013-cü ilin sonuna kimi bu
sahədə bütün rayonları əhatə edən layihələr
başa çatmalıdır. Dövlət
başçısının dediyi kimi: "Əgər biz
buna nail olsaq... onda yaşayış məntəqələrinin
95 faizi qazla təmin ediləcəkdir. İndi böyük
şəhərlərdə, rayon mərkəzlərində bu
işlər gedir. Biz artıq kəndlərdə də işlərin
görülməsinə başlamışıq. Qeyd etməliyik
ki, 2013-cü ilin sonuna qədər biz bu hədəfə
çata bilərik".
Bütün bunlar deməyə əsas
verir ki, Azərbaycan hələ bundan sonra da ölkəmizin,
eləcə də Avropanın və dünyanın enerji təhlükəsizliyi
məsələlərində əvəzsiz rol oynayacaq.
Rəhman SALMANLI
Azərbaycan.- 2013.- 14 fevral.- S.6.