3. Türkmənçay
müqaviləsi
Ağalar bilmədi birdir bu torpaq,
Təbriz də, Bakı da Azərbaycandır.
Bir elin ruhunu, dilini ancaq
Kağızlar üstündə bölmək
asandır.
Bəxtiyar Vahabzadə,
"Gülüstan" poeması
185 ilin həsrəti
I Pyotrun
(1689-1725) arzuları tədricən həyata keçməkdə
idi. Hələ XVIII əsrin əvvəllərində rus
qoşunları Xəzər boyu xeyli torpaqlar ələ
keçirmişdi. 1735-ci il Gəncə müqaviləsinə əsasən
Azərbaycanı tərk etməli oldu. Xəzər dənizində
donanma saxlamaq hüququnu isə qoruya bildi. Şimala doğru hərəkətdə
çətinlik çəkən Rusiyanın nəzərləri
isə əvvəlki kimi cənuba - Qafqaza dikilmişdi. I
Pyotrun ölümündən sonra bu "intizar" uzun
çəkmədi, yenidən rus qoşunları Qafqazın
müxtəlif yerlərində göründü. Əvvəlcə
Gürcüstan, sonra Azərbaycan torpaqları hissə-hissə
onların əlinə keçməyə başladı. Bu isə
1804-1813-cü illərdə I Rus-İran müharibəsinə
gətirib çıxardı. Qələbə isə bu dəfə
də rusların tərəfində idi. Özü də təkcə
Qafqazda deyil...
1813-cü
ildə Qarabağda Zeyvə çayı
yaxınlığındakı Gülüstan kəndində
rus ordu qərargahında Gülüstan müqaviləsi
bağlanan zaman rus çarı I Aleksandr Napoleon Bonapartla
savaşda idi. Belə bir şəraitdə İranla sülh
müqaviləsi bağlanması onun istəklərinə tam
cavab verir, Rusiyanı Qafqazda və Xəzər dənizində
əsas söz sahibinə çevirirdi. Müqaviləyə əsasən,
Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı,
Talış xanlığı, eləcə də Şərqi
Gürcüstan və Dağıstan Rusiyanın tabeliyinə
keçmişdi.
101 top atəşi və ya A.Qriboyedovun
"Ağıldan bəla" əsərindəki "Bəs
hakimlər kimdir?" sualı...
İran
Gülüstan müqaviləsinin şərtlərilə
heç cür barışa bilmirdi və xüsusi elçi
kimi Tehrandan qayıdan knyaz Menşikov hələ yolda ikən - 1826-cı ildə
II Rusiya-İran müharibəsi başladı. Bir
faktı da vurğulamaq lazımdır ki, bu müharibənin də
İran tərəfdən əsas aparıcı qüvvəsi
azərbaycanlılar idi. Başda Abbas Mirzə
olmaqla ən sıravi döyüşçüyə qədər.
Bu hücum vaxtı işğal olunmuş
bütün xanlıqların ərazilərində - Şəki,
Qarabağ, Şirvan, Bakı və digərlərində
ruslara qarşı üsyanlar müşahidə olunurdu.
1826-cı ildə
əməliyyata başlayan Abbas Mirzə sürətlə irəliləmək
əvəzinə 45 gün ərzində Şuşanı
mühasirədə saxladı, bu isə ruslara qüvvələrini
cəmləşdirməyə və əks hücuma keçməyə
imkan verdi. Bu dəfə ruslar
Naxçıvanı, Xoyu, Mərəndi, Ərdəbili və
Təbrizi də ələ
keçirdilər.
1828-ci il fevralın 9-da Təbriz yolunun üç
verstliyində yerləşən kiçik Türkmənçay
kəndində ikinci sülh sazişinin sonuncu iclası
keçirildi. Fevral ayının 10-da
"İsanın anadan olmasının 1828-ci ilində" gecə
münəccimin təyin etdiyi vaxtda barışıq paktı
imzalandı. Müqaviləni Rusiya tərəfindən
İvan Paskeviç, İran tərəfindən isə Mirzə
Əbdül Həsən xan imzaladılar.
Elə həmin
an müqavilənin bağlanması
münasibətilə rus toplarından 101 yaylım atəşi
açıldı. Səfir A.Qriboyedov sabahı gün bu
"xoş xəbər"i Rusiya paytaxtına
çatdırdı və Petropavlovsk qalasından da top atəşləri
açıldı. Azərbaycanın tarixində
faciələrə yol açan bu müqavilənin xəbərini
hökmdara çatdıran İvan Paskeviç qraf elan edildi.
Türkmənçay sazişinin digər
iştirakçısı, "Ağıldan bəla"
komediyasının müəllifi A.Qriboyedova 4000 çervon ənam,
A.Obrezkovun nişanlısına isə üç yüz minlik
cehiz hədiyyə edildi.
Müqaviləyə
görə, İrəvan və Naxçıvan Rusiyaya verildi,
Xəzər dənizi Rusiyanın daxili dənizi hesab edildi. Bundan sonra ermənilərin
kütləvi surətdə Azərbaycan ərazilərinə
köçürülməsi başladı və xüsusi
köçürülmə komitəsi yaradıldı. 1828-1829-cu illərdə İrandan 40-50 min, Türkiyədən
90 min erməni Azərbaycana köçürüldü.
Gülüstan
müqaviləsindən fərqli olaraq, Türkmənçay
müqaviləsinin şərtləri daha tez reallaşdı. A.Qriboyedovun "Ağıldan bəla"
əsərində: "Bəs
hakimlər kimdir?" sualının cavabı gün kimi
aydın idi. Bir də "qaliblər mühakimə
olunmurlar."
Türkmənçay və ermənilər
1828-ci il martın 21-də I Nikolay iki Azərbaycan
xanlığı ərazisində "erməni vilayəti"
yaradılması barədə fərman verdi və bu fərmanla
çar Rusiyası ermənilərin Cənubi Qafqazda dövlət
yaratmasına və bu yolda daha çox qan tökməsinə
imkan yaratmış oldu. Ona görə bəzi
tarixçilər erməniləri "Türkmənçayın
övladları" adlandırırlar. Hətta bunu erməni
tarixçisi Anahid Terminas etiraf edirdi:
"Ermənilər 1917-ci ilədək Qafqazın
heç bir məntəqəsində çoxluq təşkil
etməmişlər və onların müəyyən bir əraziləri
də yox idi...". Lakin
artıq XX əsrin əvvəllərində Azərbaycanda bir
milyondan çox erməni məskunlaşdırılmışdı.
Beləliklə,
Gülüstan müqaviləsini Türkmənçay
müqaviləsi əvəz elədi. 1828-ci il 21 martda Azərbaycan
torpaqlarında - İrəvan və
Naxçıvan xanlıqlarının ərazisində
yaradılan "Erməni vilayəti"nə gürcü
knyazı, şair, general-mayor Aleksandr Çavçavadze rəis
təyin edildi. Bu qurum 1840-cı ildə ləğv
edildi və 1849-cu ildə keçmiş İrəvan və
Naxçıvan torpaqları əsasında İrəvan
quberniyası təşkil olundu.
Həmin
vaxt A.Çavçavadzenin kürəkəni, şair-dramaturq
A.Qriboyedov isə İranda nazir-rezident (səfir) idi və o,
bütün qüvvəsi ilə çarizmin Qafqazda müstəmləkəçilik
siyasətini reallaşdırmağa
çalışırdı. Lakin bu siyasət hər yerdə
narazılıqla qarşılanırdı. Nəticədə,
1829-cu il yanvarın 30-da Qriboyedov və səfirliyin
bir çox əməkdaşı İranda qətlə
yetirildi. Təntənəli surətdə imzalanan Türkmənçay
müqaviləsinin şərtləri də onu bu ölümdən
qurtara bilmədi: "İran şahı həzrətləri,
qabaqlar olduğu kimi, Rusiyaya ticarətin xeyrinə tələb
olunan hər yerə konsullar və ticarət agentləri təyin
etmək hüququ verir və öhdəsinə
götürür ki, hər ikisinin məhiyyəti on nəfərdən
çox olmayacaq konsul və agentlərə hamilik göstərsin
ki, onlar öz rütbələrinə verilmiş
şan-şövkət və üstünlüklərdən
istifadə etsinlər..."
Arazı ayırdılar...
Türkmənçay
müqaviləsi preambula və 16 maddədən ibarət idi.
"I
MADDƏ"yə əsasən, "Bütün Rusiya
imperatoru həzrətləri və İran şahı həzrətləri
arasında, onların vərəsələri və
taxt-tacın varisləri, onların dövlətləri və
qarşılıqlı surətdə təbəələri
arasında bundan sonra əbədi sülh, dostluq və tam
razılıq olacaqdır."
"III MADDƏ"yə
əsasən, "İran şahı həzrətləri
öz adından və öz vərəsələri və
varisləri adından Arazın o tayı və bu tayı
üzrə Erivan xanlığını və
Naxçıvan xanlığını Rusiya
İmperiyasının tam mülkiyyətinə güzəştə
gedir" və hər iki dövlət arasında sərhədlər
bu şəkildə müəyyən edilir: "Sərhəd
xətti Türkiyə torpaqlarının ucundakı kiçik
Araratın zirvəsindən aralıda düz istiqamətdə
ən yaxın nöqtədən başlayaraq o dağların
zirvəsindən keçir; buradan maillik üzrə
Araratın cənub tərəfindən axan Aşağı
Qarasu çayının yuxarılarına düşür,
sonra sərhəd xətti o çayın axarı üzrə
Şərur qarşısında onun Araza
töküldüyü yerədək davam edir; bu məntəqədən
Abbasabad qalasınadək Araz çayının yatağı
üzrə gedir; burada qalanın Arazın sağ sahilində
yerləşən xarici istehkamları yanında yarım
ağac və o ətrafda olan torpaq sahəsi
büsbütün məhz Rusiyaya məxsus olacaqdır və
bu gündən sayılmaqla iki ay ərzində ən yüksək
dəqiqliklə ayrılacaqdır..."
Türkmənçay
müqaviləsindən danışarkən tarix elmlər namizədi,
dosent Səməd Bayramzadənin Azərbaycan ərazisinə
aid coğrafi yer adlarının təhrif edilməsi,
saxtalaşdırılması ilə bağlı söylədikləri
diqqəti cəlb edir: "İlk olaraq "Ağrı
dağı" adı üzərində dayanaq.
Sözügedən müqavilənin fars
dili mətnində "Kiçik Ağrı dağı"
ifadəsi işləndiyi halda, rus dili mətnində
"kiçik Ararat dağı" ifadəsi getmişdir. Göründüyü kimi, müqavilənin fars
dilindən rus dilinə tərcümə edilməsi işində
ermənilər yaxından iştirak etmişlər."
Müqavilədə təhrif olunmuş belə yer adları isə
onlarladır.
"V MADDƏ"
ilə "İran şahı... Qafqaz sıra
dağları və Xəzər dənizi arasında yerləşən
bütün torpaqların və bütün adaların, bununla
bərabər həmin məmləkətlərdə
yaşayan bütün köçəri və başqa
xalqların əbədi zamanədək Rusiya imperiyasına məxsus
olduğunu təntənə ilə tanıyır." Əvəzində
isə " İran şahı həzrətləri
öz əlahəzrət oğlu şahzadə Abbas Mirzənin
öz vərəsəsi və taxt-tacın varisi təyin etmək
iltifatında bulunan kimi. Bütün Rusiya imperatoru həzrətləri
öz dostluq münasibətlərini və bu varislik
qaydasının təsdiqinə kömək etmək arzusunu
açıq-aşkar sübut etməkdən ötrü bundan
sonra şahzadə Abbas Mirzə həzrətlərinin
simasında İran taxt-tacının vərəsəsi və
varisini, onun taxta çıxmasından sonra isə onu o
dövlətin qanuni hökmdarı hesab etməyi öhdəsinə
götürür." (VII MADDƏ).
Bu gün Xəzəryanı
ölkələr arasında Xəzərin hüquqi statusu ilə
bağlı gedən müzakirələrin bir ucu da Türkmənçay
müqaviləsinə gedib çıxır: "...Hərbi gəmilərə gəldikdə
isə, qədimdə olduğu kimi, yalnız Rusiya hərbi
bayrağı altında olan hərbi gəmilər Xəzər
dənizində üzə bilərlər; bu səbəbdən
də əvvvəlki müstəsna hüquq indi də onlara
verilir və təsdiq edilir ki, Rusiyadan başqa heç bir
dövlətin Xəzər dənizində hərbi gəmiləri
ola bilməz." (VII MADDƏ).
"Barışığa
gələn yüksək tərəflər" əsasən
ermənilərin mənafeyini nəzərə alaraq qərara
aldılar ki:"... Arazın hər iki tərəfində tərpənməz
əmlaka malik olanlarına üç il
vaxt verilməlidir ki, onlar bu müddət ərzində onu azad
surətdə satsınlar və dəyişsinlər. Lakin
bütün Rusiya imperatoru həzrətləri ona aid
olduğuna görə, keçmiş İrəvan sərdarı
Hüseyn xanı, onun qardaşı Həsən xanı və
keçmiş Naxçıvan hakimi Kərim xanı bu
iltifatlı sərəncamdan kənar edir." Eyni
zamanda, "XIV MADDƏ" gizlindəki bir həqiqəti
üzə çıxarır. Çar Rusiyası öz
məqsədi naminə satqınlarla, xainlərlə əməkdaşlıqdan
belə çəkinmir: "...Yüksək tərəflərdən
heç biri axırıncı müharibənin
başlanmasınadək və ya o vaxt digərinin təbəəliyinə
keçmiş olan satqınların və fərarilərin
verilməsini tələb etməyəcəkdir..." Eyni
zamanda "Bütün Rusiya imperatoru həzrətləri
öz tərəfindən İran qaçqınlarının
Qarabağ və Naxçıvan xanlıqlarında və
İrəvan xanlığının Araz çayının
sağ sahilində yerləşən hissəsində yurd
salmasına və ya yaşamasına (hər hansı) bir qərarda
icazə verməyəcəyini vəd" etsə də,
tezliklə həmin ərazilər erməni köçü
ilə doldurulur və həmin ərazilərdə "erməni
vilayəti" yaradılır. 1829-cu il Ədirnə
müqaviləsi ilə Osmanlı imperiyasından da ermənilərin
yenicə işğal olunmuş Şimali Azərbayan ərazilərinə
köçürülməsi həyata keçirilməyə
başlayır.
Ermənilərin
köçürülməsinin əsas istiqamətlərindən
biri Qarabağ torpaqları idi. Qarabağ
xanlığının ləğv edilməsi zamanı onun əhalisinin
etnik tərkibi Qafqazdakı rus qoşunlarının baş
komandanı A.P.Yermolovun (1816-1827) göstərişi ilə tərtib
olunan "Təsvir"də əksini tapmışdır.
Ermənilərin kütləvi şəkildə Qarabağa
köçürülməsi nəticəsində burada yeni
erməni kəndləri (Marağalı, Canyataq və s.)
meydana gəldi və ermənilər sonradan bu "şərəfə"
Qarabağda abidələr ucaltdılar, lakin XX yüzilliyin
80-ci illərində Azərbaycana qarşı ərazi
iddiaları qaldırdıqları zaman onları elə özləri
dağıtdılar. Rəsmi məlumatlara əsasən,
1828-1830-cu illər arasında, cəmi 2 il ərzində
Şimali Azərbaycana, o cümlədən Qarabağa
İrandan 40 min, Osmanlı imperiyasından 90 min erməni
köçürüldü. Qeyri-rəsmi erməni
köçkünləri ilə birlikdə onların sayı
200 mini ötmüşdü. Köçürülmədən
sonra Qarabağın etnik tərkibində ermənilərin
sayı artmağa başladı. Qarabağda
möhkəmlənməyə çalışan ermənilər
1905-1906-cı illərdə Azərbaycanın digər yerlərində
olduğu kimi burada da azərbaycanlılara qarşı genosid
törətdilər.
Müqavilənin
sonuna yaxın Azərbaycanın adı çəkilir (XV maddə)
və onun sakinlərinə sanki bir təsəlli. "müjdə"
verilir: "Şah həzrətləri öz dövlətinə
sakitliyi qaytarmaq və öz təbəələrindən
hazırkı müqavilə ilə bu qədər xoşbəxtliklə
başa çatmış müharibədə törədilmiş
bədbəxtlikləri daha da artıra bilən hər şeyi
kənar etmək kimi xeyirli, xilasedici niyyətlə hərəkət
edərək, Azərbaycan adlanan vilayətin bütün əhalisinə
və məmurlarına büsbütün və tam
bağışlanma əta edir. Hansı dərəcəyə
məxsus olmasından asılı olmayaraq, onlardan heç kəs
öz hərəkətinə və ya müharibə ərzində
və ya Rus ordusunun adı çəkilən vilayəti
müvəqqəti tutduğu zaman davranışına görə
təqibə, dini əqidəsinə görə təhqirə
məruz qalmamalıdır."
Birinci
maddə ilə əbədi zamanadək sülh elan olunsa da,
Türkmənçay müqaviləsinin müddəti, əsasən,
1917-ci ilin oktyabrında bolşeviklərin hakimiyyəti ələ
alması və Romanovlar sülaləsinin devrilməsilə
başa çatırdı. Lakin RSFSR və İran
arasında 1921-ci ildə bağlanmış müqavilədə
yenidən tarixi ədalətsizliyə yol verildi. Gülüstan və Türkmənçaydan sonra bu
müqavilə də Azərbaycanın
bölüşdürülməsini təsdiq etdi.
İlya Çavçavadzenin vəsiyyəti
İlya
Qriqoryeviç Çavçavadze (1837-1907) XIX əsrdə
Gürcüstanda milli-azadlıq hərəkatının
ideyalarını ifadə edən şəxslərdən idi. Yeni gürcü ədəbiyyatının
banisi hesab olunan Çavçavadze peşəkar gürcü
teatrının fəaliyyətinin bərpasından, ədəbi
və teatr tənqidinin formalaşmasından ötrü
müstəsna xidmətlər göstərib. Həmişə ehtiyat elədiyi bir hadisənin -
sosial-demokratlar tərəfindən hazırlanan sui-qəsdin
qurbanı olub. O,
bir vaxtlar "Erməni vilayəti"nə rəhbərlik
edən sələfi A.Çavçavadzedən fərqli
olaraq Rusiyanın ali məmurlarına müraciətində
yazırdı: "Zati-aliləri, erməni əhalisinin mərkəzi
rus torpaqlarında məskunlaşdırılmasına icazə
verməyin. Ermənilər elə zaddırlar
ki, bir neçə on il rus ərazisində yaşadıqdan
sonra dünyaya car çəkəcəklər ki, bu torpaqlar,
guya onların ata və babalarınındır".
O eyni zamanda
ermənilərin bu iyrənc yalanlarını və
gürcülərə qarşı tarixi-arxeoloji təcavüzlərini
ifşa edərək yazırdı: "Onlar bizim adımızı
biabır etməklə, bizi milli ləyaqətimizdən məhrum
etməklə kifayətlənməyib, bizi dünyadan
sıxışdırıb çıxarmaq üçün
qanla boyanmış tariximizi də, salnamələrimizi də,
tarixi xatirə və abidələrimizi də, tarixi sərvətlərimizi
də danırlar, müxtəlif fırıldaqlarla öz
adlarına çıxırlar".
Xudafərin ağrısı
İllər
ötür və böyük şairimiz Şəhriyarla Bəxtiyar
Vahabzadə şeirlərində parçalanan Vətəni
birləşdirə bilirlər:
Dolandı zəmanə,
döndü qərinə,
Şairlər
od tökdü yenə dilindən.
Vurğunun o
həsrət nəğmələrinə
Şəhriyar
səs verdi Təbriz elindən:
Heydər
baba, göylər qara dumandı,
Günlərimiz
bir-birindən yamandı.
Bir-birindən
ayrılmayın, amandır,
Yaxşılığı
əlimizdən aldılar,
Yaxşı
bizi yaman günə saldılar...
Bəxtiyar QARACA
Azərbaycan.-
2013.- 14 fevral.- S.7.