İnsanlığa
qarşı cinayət
Bəşər tarixinə
qanla yazılan gün
Tarixinin
müxtəlif dönəmlərində ermənilər tərəfindən
soyqırımına məruz qalan Azərbaycan
xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda
üzləşdi. Sovet imperiyasının süqutu ilə
yaranan mürəkkəb ictimai-siyasi
şəraitdə dövlət müstəqilliyini yenicə bərpa
edən Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli
faciələrindən birini
yaşaması ölkənin yeni tarixinə
qara hərflərlə yazıldı.
Yaranan vəziyyətdən maksimum faydalanmağa
çalışan ermənilər Xocalını daha tez ələ
keçirməyə səy göstərirdilər. 1992-ci il fevralın 25-də saat
22 radələrində Ermənistandan Azərbaycan
Respublikası ərazisinə keçirilmiş
silahlı qüvvələr, habelə Dağlıq
Qarabağın millətçi ermənilərindən təşkil
olunmuş qanunsuz
silahlı dəstələr keçmiş
SSRİ Müdafiə Nazirliyinin 366-cı
motoatıcı alayının komandir heyəti
və hərbi texnikası ilə birgə Xocalı şəhərinə
hücuma keçdilər. Hücumda 366-cı
alayın komandiri Zarviqorov
Yuri Yureviç və
mayor Ohanyan Seyran Muşeqoviçin
komandanlığı altında alayın 2-ci batalyonu,
Nabokix Yevgeni Aleksandroviçin komandanlığı
altında 3-cü batalyonu, həmçinin
1-ci batalyonun qərargah rəisi Çitçiyan Valeriy İsaakoviç, habelə alayda
xidmət edən 50-dən çox erməni
və digər millətlərdən olan
zabit və gizirlər iştirak
edirdilər. Eyni zamanda
hücum zamanı 90-dan çox
tank, piyadaların döyüş
maşını, top və digər müasir hərbi texnikadan
istifadə olundu.
Hücumdan əvvəl şəhər
şiddətli top atəşinə tutuldu. Güclü artilleriya atəşi şəhərdə
olan müdafiə postlarını və
müdafiə nöqtələrini sıradan
çıxardı. Bundan sonra
gecə saat 1-dən başlayaraq
4-ə qədər piyadaların şəhərə daxil olması davam etdi. Şəhərdə axırıncı
müqavimət nöqtəsi səhər saat
7-də susduruldu. Bu
zaman yenə də 366-cı alayın
texnikasından istifadə olundu.
Beləliklə,
ermənilər çoxsaylı tanklar, PDM
və zirehli transportyorların
müşayiəti ilə Xocalını ələ
keçirdilər. Onlar şəhərə
daxil olduqdan sonra dinc əhalini xüsusi amansızlıqla qətlə yetirməyə
başladılar. Azğınlaşmış
düşmən mülki əhaliyə, o cümlədən qadınlara, uşaqlara, qocalara, bir sözlə, qarşılarına
çıxan hər bir kəsə
müxtəlif çaplı odlu silahlardan atəş açır, hərbi
texnikanın altına salıb əzir, mühasirədən
çıxıb qaçmağa müvəffəq
olanları isə yollarda, keçidlərdə,
meşələrdə təqib edərək vəhşicəsinə
öldürürdülər. Əsir və girov
götürdükləri azərbaycanlılara da
aman vermir, işgəncə
ilə qətlə yetirirdilər.
Qətlə
yetirilən insanların başlarının dərisi soyulur, müxtəlif əzaları kəsilir,
gözləri çıxarılırdı. Qadınların
qarınları yarılır, adamlar diri-diri torpağa
basdırılır və ya
yandırılır, meyitlər eybəcər hala
salınırdı. Xocalıda mülki əhalinin düşünülmüş şəkildə
qətlə yetirilməsini sübut edən
çoxsaylı faktlardan biri
də budur ki, həmin
gün qaçıb xilas
olmaq istəyənlərin çoxu
ərazinin çıxış yollarında əvvəlcədən
xüsusi hazırlanmış pusqularda güllələnmişdir.
Faciənin
törədilməsinə rəvac verənlər
sırasında Ermənistanın sabiq
prezidentləri Levon Ter-Petrosyan,
Robert Koçaryan və
işğalçı ölkənin indiki
dövlət başçısı Serj Sarkisyan da vardı. Hələ
1992-ci ildə Levon Ter-Petrosyan
erməni ordusuna müraciətində deyirdi:
"Siz, ermənilər düşməni
öldürərkən ürəyiyumşaqlıq göstərməməlisiniz.
Dağlıq Qarabağda azərbaycanlı
deyilənləri qırıb qurtarana və
orada öz
sivilizasiyamızı bərqərar edənə qədər sizin düşmənə
yazığınız gəlməməlidir".
Dağlıq Qarabağ
separatçılarına rəhbərlik edən Robert Koçaryan da eyni mövqenin
sahibi idi. Ermənistanın indiki prezidenti Serj Sarkisyan isə 1992-ci
ildə Xocalı soyqırımını törədən
qüvvələrin komandanlarından olub,
həmin qüvvələri təşkilatlandıraraq yüzlərlə
insanın ölüm əmrini verib və beləliklə,
soyqırımında şəxsən iştirak edib. Bu mənada
Sarkisyanın Tomas de
Vaalın "Qara bağ"
kitabında yer alan
aşağıdakı fikirləri də çox
şey deyir:
"Xocalıya qədər azərbaycanlılar elə bilirdilər
ki, bizimlə zarafat
etmək olar, onlar elə
fikirləşirdilər ki, ermənilər
dinc əhaliyə əl qaldırmazlar. Biz o stereotipi
sındırdıq".
Faciə
baş verən gün
əsasən qadınlar, uşaqlar və qocalardan ibarət dəstə Qaraqaya
tərəfə üz tutaraq
Əsgəranın qarşısında, meşədə gizlənmişdi.
Adamlar
gecə şaxtalı havada səhərə
qədər dayanıb gözlədikdən sonra
dan yeri ağaran zaman meşədən
çıxıb Ağdama tərəf hərəkət
etmək istəyəndə pusquda dayanan ermənilərin güllələrinə
tuş gəldilər. Təlaş və
vahimə içərisində qaçan
adamların bir qismi böyük
çətinliklə Dəhraz kəndinə gəlib
çıxsa da, orada
yenə silahlı ermənilər tərəfindən kütləvi
şəkildə qətlə yetirildilər, əsir
götürüldülər. Kətik meşəsinə qaçanlardan da xeyli insan qətlə yetirildi. Silahsız insanlara qarşı kütləvi qətllər
törədən, soyqırımı həyata keçirən
ermənilər ən vəhşi üsullardan,
işgəncə metodlarından istifadə edir,
öldürülmüş insanların cəsədlərinin
başına min bir oyun açdılar.
Möcüzə
nəticəsində sağ qalan Xocalı sakinləri baş
verənləri belə xatırlayırlar:
Camal Heydərov: "Qaraqaya deyilən yerin
yaxınlığındakı fermanın 2 kilometrliyində
eybəcər hala salınmış xeyli azərbaycanlı meyiti
var idi. Qətlə yetirilmiş uşaqların sinəsini
yarıb ürəklərini parçalamış, əksər
meyitlər isə tikə-tikə
doğranmışdılar". Şahin
Heydərov Naxçıvanik kəndi
yaxınlığında 80-ə yaxın meyit
görmüşdür. Meyitlər qorxulu vəziyyətə salınmış,
başları kəsilmişdi. Cəlil Hümbətovun gözü
qarşısında ermənilər həyat yoldaşı
Firuzə, oğlu Muğan,
qızı Simuzər və gəlini Südabəni güllələmişdilər.
Kübra Paşayeva
Kətik meşəsinə girəndə ermənilərin
mühasirəsinə düşmüşdü.
Gizləndiyi kolluqdan həyat
yoldaşı Şura Paşayevin,
oğlu Elşadın güllələnməsinin
şahidi olmuşdu.
Xocalı işğal edilən zaman Xəzəngül Əmirovanın ailəsini
erməni silahlıları bütünlüklə girov götürmüşdülər. Ermənilər
Xəzəngülün anası Rayanı, 7 yaşlı
bacısı Yeganəni və xalası Göycəni güllələyib,
atası Təvəkkül Əmirovu isə benzin
tökərək yandırmışdılar. Zoya
Əliyeva 150 nəfərə qədər adamla
3 gün meşədə qalıb. Meşədə
Zoyanın yanında Dünya Əhmədova
və onun bacısı Gülxar
donub ölmüşdülər. Səidə
Kərimovanın qızı Nəzakəti, yanında olan Tapdığı, Səadəti, İradəni
işgəncə ilə qətlə yetirmişdilər. Səriyyə
Talıbova isə belə bir dəhşətli
hadisənin şahidi olmuşdur:
"Bizi erməni qəbiristanlığına
gətirdilər... Burada erməni döyüşçüsünün qəbri
üstündə 4 Məhsəti türkünü
və 3 azərbaycanlını qurban kəsdilər...
Sonra valideynlərinin gözü
qarşısında uşaqlarına işgəncə verdilər
və öldürdülər. Az sonra Milli Ordunun
formasında 2 azərbaycanlı gətirdilər, iti dəmirlə onların gözlərini
çıxartdılar". Faciə baş verən zaman 11
yaşı olan Ramil Həsənov
xatırlayır ki, dostlarım Elçin və Elgizin
meşədə necə öldüklərini yadımdan
çıxara bilmirəm, onların ayaqları donmuşdu, bizimlə qaça
bilmirdilər, lal-dinməz qarın üstündə
uzanmışdılar və yavaş-yavaş
gözlərini yumurdular.
(ardı var)
Azərbaycan.- 2013.- 14 fevral.- S.7.