Məhkəmənin
qərarı ilə Gülər Əhmədova barəsində
həbs qətimkan tədbiri seçilmişdir
Baş Prokurorluğun mətbuat xidmətindən
AzərTAc-a daxil olmuş məlumatda deyilir ki, xəbər
verildiyi kimi, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru
Elşad Abdullayev tərəfindən Gülər Əhmədova
ilə bağlı kütləvi informasiya vasitələrində
yayımlanmış videoçəkilişlərdə əks
olunan məlumatlar əsasında toplanmış material üzrə
Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin
178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin
külli miqdarda əmlakını ələ keçirmə)
maddəsi ilə cinayət işi başlanmışdır.
İstintaqla müəyyən
edilmişdir ki, G.Əhmədova külli miqdarda özgə əmlakını
ələ keçirmək məqsədi ilə 2005-ci ilin
oktyabr-noyabr aylarında tanışı Sevinc Babayeva ilə
qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə
girməklə sonuncunun vasitəsi ilə Azərbaycan Beynəlxalq
Universitetinin rektoru vəzifəsində işləmiş
E.Abdullayevlə görüşərək ona qarşı olan
etibarından sui-istifadə etməklə E.Abdullayevə deputat
seçilməsinə kömək
edəcəyi barədə yalan vədlər verib aldadaraq
1.000.000 (bir milyon) ABŞ dollarını ələ keçirməklə
dələduzluq etmişdir. Bundan başqa o, S.Babayevanın
2007-ci ilin may ayında vətəndaş Namiq Əliyev və
başqalarının etibarından sui-istifadə etməklə
dələduzluq yolu ilə külli miqdarda özgə əmlaklarını
ələ keçirdiyinə görə barəsində
2009-cu il yanvarın 19-da Cinayət Məcəlləsinin
178.3.2-ci maddəsi ilə başlanmış cinayət işi
üzrə Daxili İşlər Nazirliyinin Baş İstintaq
və Təhqiqat İdarəsində istintaqın
aparıldığını, həmin iş üzrə
S.Babayevanın qeyd edilən maddə ilə təqsirləndirilən
şəxs qismində cəlb olunması və barəsində
axtarış elan edilməklə həbs qətimkan tədbiri
seçilməsi haqqında qərarın qəbul
olunduğunu bilərək, şəxsi münasibətlərinə
görə 2012-ci il sentyabrın 26-da onu Bakı Hava
Limanından İstanbula yola salmışdır. Qabaqcadan
aralarında olan razılaşmaya əsasən
tanışı - Türkiyə Respublikasının vətəndaşı
Selcuk Ağlayan onun xahişinə əsasən, S.Babayevanı
qarşılayaraq İstanbulda Meryem Solmaz adı ilə 2012-ci
il dekabrın 26-dək qeyri-leqal yaşamasını təşkil
edib həmin müddətdə onun Türkiyə
Respublikasında yaşamasını maliyyələşdirməklə
S.Babayevanın tutulmasına fəal surətdə mane olaraq,
qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmişdir.
G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci və 307.2-ci maddələrində
nəzərdə tutulan cinayət əməlini törətməkdə
təqsirləndirilən şəxs qismində cəlb edilərək
barəsində məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilmişdir.
Azərbaycan.-
2013.- 14 fevral.- S.8.