Britaniya Parlamentində «Avropanın enerji təhlükəsizliyinin təmin olunması: Türkiyə və Azərbaycanın rolu» mövzusunda Beynəlxalq konfrans keçirilmişdir

 

Fevralın 13-də Londonda, Westminister Sarayı İcmalar Palatasında Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi, Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAİF) və Londonda yaradılmış türk tələbələr təşkilatı Network of Studentsın (NOS) birgə təşkilatçılığı ilə "Avropanın enerji təhlükəsizliyinin təminatı: Azərbaycan və Türkiyənin rolu" mövzusunda Beynəlxalq konfrans keçirilmişdir.

Konfransda Azərbaycan və Türkiyənin dövlət və hökumət nümayəndələri, səfirliyimizin əməkdaşları, Britaniyada təhsil alan azərbaycanlı və türk tələbələrlə yanaşı, xarici tələbələr də iştirak etmişlər.

Tədbiri açan ASAİF-in sədri Ramin Həkimov rəhbərlik etdiyi təşkilatın və NOS-un fəaliyyətindən danışmış, hər iki qurumun fəaliyyəti və gələcək planları haqqında iştirakçılara məlumat vermişdir.

Böyük Britaniya Parlamentinin deputatı Eric Joyce qonaqları salamlamış, möhkəm qarşılıqlı əlaqələri olan Azərbaycan və Türkiyə ilə bağlı enerji kimi əhəmiyyətli bir mövzuda konfrans keçirilməsini yüksək qiymətləndirmiş, belə mötəbər tədbirdə iştirakından məmnunluğunu ifadə etmişdir.

Konfransın aparıcısı - "Global Resources Corporation" təşkilatının sədri Mehmet Oqutçu Avropanın enerji təhlükəsizliyinin əsas elementləri haqqında məlumat vermiş, Azərbaycanın qaz ixracatçısı, Avropa İttifaqının qaz idxalatçısı və bazarı kimi, Türkiyənin isə tranzit ölkə kimi rollarından bəhs etmişdir. Hər iki ölkə ilə Avropa arasında əməkdaşlığın bundan sonra daha da inkişaf edəcəyini bildirmişdir. Xüsusilə TANAP layihəsinin, qaz boru xəttinin ərsəyə gətirilməsi ideyası, uğuru, hazırdakı vəziyyət və bundan sonrakı mərhələ üçün həm region, həm də Avropa üçün gözlənilən dəyişikliklərdən bəhs etmişdir.

Türkiyənin sabiq xarici işlər naziri Yaşar Yakış ölkəsinin Avropanın enerji təminatındakı hazırkı rolundan bəhs etmişdir. Ölkələrimiz arasındakı münasibətlərin daha da inkişaf etdiyini vurğulayan Y.Yakış, beynəlxalq aləmdə bir-birilərini dəstəkləyən iki qardaş ölkənin Avropanın enerji təminatı üçün ən əhəmiyyətli  dövlətlərdən olduğunu qeyd etmişdir.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov ölkəmizdə enerji sektorunun inkişaf tarixi haqqında iştirakçılara ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, Azərbaycanın müasir milli inkişaf siyasətinin əsası 1993-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1994-cü ildə "Əsrin müqaviləsi" ilə təməli qoyulan yeni neft strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycanın müstəqilliyinin dönməzliyi təmin edilmiş, gələcək inkişafının beynəlxalq qarantiyası alınmış və maddi resursları təmin olunmuşdur.

Diplomat demişdir ki, dövlət başçısı İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" xüsusi fərman imzalayaraq ölkənin gələcək sosial-iqtisadi inkişafının təmin edilməsini dövlət siyasətinin prioritet vəzifəsi kimi müəyyənləşdirmişdir. Bundan sonra enerji resurslarının ixracından əldə olunan gəlirlər xüsusilə artmışdır. Azərbaycanın tarixində ilk dəfə neft hasilatı ildə 50 milyon ton, qaz hasilatı isə 30 milyard kubmetr təşkil etmişdir.

Türkiyə ilə Azərbaycanın enerji sahəsindəki əmakdaşlığından da bəhs edən səfir vurğulamışdır ki, iki qardaş ölkə bir sıra möhtəşəm layihələrə birgə imza atmışdır. Respublikamızın zəngin təbii ehtiyatlarının dünya bazarlarına çıxarılmasında önəmli rola malik olan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərləri, hazırda yekunlaşmaqda olan və "Dəmir İpək Yolu" adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi belə transmilli layihələrdəndir. İndi bu layihələr sırasına daha biri - TANAP da əlavə olunur. Söz yox ki, TANAP da digər layihələr kimi uğurla həyata keçiriləcək və qardaş ölkələrimizi bir-birinə daha da sıx bağlayacaqdır.

Vurğulanmışdır ki, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdirmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov Azərbaycan ilə Avropa İttifaqı arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın perspektivləri haqqında geniş məlumat vermişdir. O, Trans-Anadolu Qaz Kəməri (TANAP), "Cənub Enerji Dəhlizi", "Trans-Xəzər" qaz kəmərləri kimi planlaşdırılan layihələrin reallaşması ilə Azərbaycanın istər enerji istehsalçısı, istərsə də Mərkəzi Asiya ilə Avropa arasında tranzit ölkə kimi bu bölgənin enerji sistemində rolunun böyük olduğunu vurğulamışdır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Böyük Britaniyadakı nümayəndəliyinin başçısı Rüfət Əfəndiyev Türkiyə ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyi üçün böyük önəm daşıdığını qeyd edərək, "Şahdəniz" layihəsinin əhəmiyyətini vurğulamışdır. R.Əfəndiyev diqqətə çatdırmışdır ki, "Şahdəniz" layihəsi Türkiyənin "mavi yanacaq"a olan tələbatının ödənilməsi baxımından da çox mühüm  rol oynayır. Eyni zamanda "Cənub dəhlizi" yeni qaz mənbələrinə çıxış baxımından Avropa üçün mühüm əhəmiyyət kəsb edir.

Sonda iştirakçıların sualları cavablandırılmış, xatirə şəkilləri çəkdirilmişdir.

 

 

Orxan İSMAYILOV,

AzərTAc-ın xüsusi müxbiri

London

 

Azərbaycan.- 2013.- 15 fevral.- S.2.