Zərif
qanadlı «Göyərçin»
Azərbaycan mətbuat
salnaməsində özünəməxsus yeri olan "Göyərçin"
jurnalının qanad çaldığı gündən 55 il
keçir. Şərəfli ömür yoluna malik olan bu
jurnalı vaxtilə xalq yazıçısı Mirzə
İbrahimov "Körpələrimizin həyatına sevinc gətirən,
onlarda yaxşı fikirlər və hisslər oyadan" dərgi
kimi dəyərləndirib. Hətta şair Mikayıl Rzaquluzadə
"Göyərçin"in ilk nömrəsi işıq
üzü görəndə yazmışdı:
"Göyərçin"!
Balaların gözəl, sevimli quşu,
Daha
da yaxşı olsun gündən-günə uçuşu.
1958-ci ildə birinci nömrəsi
işıq üzü görən "Göyərçin"in
ilk redaktoru, yazıçı Yusif Əzimzadə Azərbaycan
mətbuatında zərifcə qanadlanan bu jurnala öz
xeyir-duasını belə dilə gətirmişdi: "Sən
elə bir "Göyərçin"sən ki, hər məktəbdə
isti yuvan var. Hamı, əlbəttə, hamıdan çox
körpələrimiz, balaca vətəndaşlarımız səni
səbirsizliklə gözləyirlər".
Hələ sovet dövründə hər
bir uşaq "Göyərçin" jurnalının yeni
nömrəsini səbirsizliklə gözləyərdi. Jurnalın
səhifələrində uşaqların yaş səviyyəsinə
uyğun bilgilər, şəkillər, nağıllar,
şeirlər verilərdi. Uşaq məktəbə artıq
tam hazır olurdu. Orta məktəbdə isə ibtidai siniflərdə
"Azərbaycan pioneri" qəzetinə, "Pioner"
jurnalına abunə yazılırdı. Bir qədər
yuxarı siniflərdə isə mütləq "Azərbaycan
gəncləri" qəzetinin abunəçisi olardılar.
Beləliklə, bir nəslin formalaşmasında uşaq mətbuatının
böyük əhəmiyyət daşıdığı
aydınlaşır. Həyata qanadlandığı gündən
öz zərif uçuşunu davam etdirən "Göyərçin"
jurnalının müxtəlif vaxtlarda yazıçılardan
Hüseyn Abbaszadə, Xalidə Hasilova, şair Tofiq Mahmud
redaktoru olublar. Hazırda
jurnala şair və ədəbiyyatşünas Rafiq
Yusifoğlu baş redaktorluq edir. "Göyərçin"in
indiyə qədər 595 nömrəsi işıq üzü
görüb.
Azyaşlı uşaqların sevimli
jurnalı olmaq missiyasını ləyaqətlə yerinə
yetirən "Göyərçin"i əlifbadan sonra
"ikinci dərslik" adlandırırlar. Çünki
uşaqların oxu vərdişlərinin inkişaf etdirilməsində
bu dərginin rolu böyük olub. Uzun illər ibtidai siniflər
üçün dərsliklər tərtib edilərkən
ilkin mənbə kimi jurnala müraciət edilib. Bu da təsadüfi
deyildir. 55 ildir ki, nəşr edilən "Göyərçin"
balacalar üçün uşaq ədəbiyyatının ən
gözəl nümunələrini öz səhifələrində
dərc edib. Təkcə balacalar üçün deyil, müəllimlər
üçün də ən yaxın köməkçiyə
çevrilən "Göyərçin" haqqında
müxtəlif pedaqoqlar, məşhur alimlər çox qiymətli
fikirlər söyləyiblər. Məşhur pedaqoq - alim,
akademik Mehdi Mehdizadə haqlı olaraq yazırdı:
"Balalarımızın tərbiyə olunmasında
"Göyərçin"in xidməti
böyükdür".
Bu
gün də tədris vəsaitlərinin, oxu
kitablarının, dərsliklərin hazırlanmasında
"Göyərçin"də çap olunan bədii
nümunələrdən istifadə olunur. "Göyərçin"
nəşrə başlayan gündən onun səhifələrində
ədəbiyyat tariximizə adları əbədi həkk
olunan Abdulla Şaiq, Süleyman Rəhimov, Mirzə
İbrahimov, Mehdi Hüseyn, Əli Vəliyev, Rəsul Rza,
Süleyman Rüstəm, Məmməd Rahim, Əhməd Cəmil,
İlyas Əfəndiyev, Mirvarid Dilbazi, Əzizə Cəfərzadə,
Bəxtiyar Vahabzadə, Qasım Qasımzadə, Məmməd
Araz, Xəlil Rza Ulutürk, Anar, Elçin, eləcə də
digər görkəmli yazıçı və şairlərimizin
əsərləri çap olunub. Bu jurnalın həm də
uşaqlar üçün gözəl rəsmlər,
illüstrasiyalar çəkən rəssamların yetişməsində
böyük rolu olub. Uşaq şairi Teymur Elçin "Hər
bir evə qonaqsan, "Göyərçin!" sözlərini
məhz ona görə dilə gətirmişdi ki, bu dərgini
təkcə balacalar deyil, böyüklər də məmnuniyyətlə
oxuyur və sevirdilər.
Ötən
əsrin sonlarında ölkədə baş verən xaos və
qarışıqlıq nəticəsində jurnalın da taleyində qara
günlər yaşandı. Lakin ümummilli lider Heydər Əliyevin
xalqın təkidi ilə yenidən hakimiyyətə gəlməsi
"Göyərçin"in zəifləmiş
qanadlarını bərkitdi. Məhz ulu öndərin
qayğı və himayəsi sayəsində "Göyərçin"
uçuşunu davam etdirməyə başladı.
Bu
gün 55 yaşını qeyd edən "Göyərçin"
yenə də həmin şövqlə, həmin mətləblə
balacaların görüşünə gəlir. Amma burada bir
təəssüfümüzü də bildirmək istəyirik
ki, vaxtilə bu jurnal daha çox məsafələr,
ünvanlar qət edərdi. İndi yayılması o qədər
də geniş deyil. Əgər biz uşağı
bağçaya, məktəbə qoymağa məcburuqsa, onun
mütaliəsinin də davamlı olmasını mütləq
təmin etməliyik. Mütaliəyə marağın
azalmasına bir səbəb də aşağı sinif
şagirdlərinin dərs yükünün ağır
olması, xüsusilə də dərs vəsaitlərinin həddən
artıq çoxluğudur. Məktəbli çantaları
özlərindən ağır olan balaların vaxtı o qədər
çox olmur ki, onlar üçün gərəkli məlumatlarla,
bilgilərlə zəngin belə dərgiləri oxuya bilsinlər.
Maraq
üçün "Göyərçin"in son nömrələrini
vərəqlədik. Jurnalın səhifələrində nəinki
balacaların, hətta gənclərin öyrənməsi
üçün o qədər vacib materiallar, bilgilər var
ki!.. Tarixi və əlamətdar günlərimizdən, milli
bayramlarımızdan tutmuş bugünkü
ağrı-acılarımıza qədər çox gərəkli
mövzular "Göyərçin"in səhifələrində
əks-səda tapır. Körpələrin yaşına,
dünyagörüşünə, təfəkkürünə
münasib şeirlərin, kiçik hekayələrin
seçilməsi də məharətlə aparılır.
Bu
jurnalın hansısa bir əlamətdar günü ilə əlaqədar
xalq şairi Nigar Rəfibəyli belə bir bədii
alqışını qələmə alıb:
Olsun
"Göyərçin"in yaşı mübarək,
Onun
hünərinə alqışlar deyək.
Daha da
ucalsın, qalxsın, boy atsın,
Şeirlər,
nəğmələr, sözlər yaratsın…
Nəsildən-nəslə yadigar qalan
"Göyərçin" barəsində rəhmətlik
Nigar xanım qədər poetik təbrik söyləyə bilməsək
də, arzumuz budur ki, qanadları yorulmasın! Uçduğu fəzanın
bütün nöqtələrini fəth edə bilsin!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2013.- 15 fevral.-
S.7.