Ənənəvi yubiley konserti

 

Niyazinin mənzil-muzeyində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, professor, əməkdar incəsənət xadimi Oqtay Abasquliyevin pedaqoji fəaliyyətinin 50 illiyi münasibəti ilə keçirilməsi nəzərdə tutulan silsilə konsertlərin açılışı olub. Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova konserti giriş sözü ilə açaraq bildirib ki, burada Klassik Musiqi Həvəskarları Klubunda musiqisevərlərin bir araya toplanması artıq ənənə halını alıb. 2013-cü ilin ilk tədbiri olan Oqtay Abasquliyevin sinfinin konsertimusiqi həvəskarlarını xüsusilə sevindirir.

 

İtaliya və Malayziyada keçirilən müsabiqələrdə birinci yerə layiq görülmüş Bakı Musiqi Akademiyasının tələbəsi Səmra Əmiraslanovanın, Nilufər Cəfərlinin, Fəridə Məmmədovanın, Tofiq Şıxıyevin və digərlərinin ruhoxşayan musiqi  nömrələri  konsert proqramına rəngarənglik bəxş edib.

Onu da deyək ki, görkəmli incəsənət xadiminin Azərbaycan fortepiano ifaçılığı mədəniyyətindəki yaradıcılıq yolu böyük əhəmiyyətə malikdir. Onun istər ifaçılıq, istərsə də pedaqoji fəaliyyəti Azərbaycan fortepiano mədəniyyətinin ayrılmaz qolunu təşkil edir. Oqtay Abasquliyev öz müəllimlərinin - görkəmli pianoçu-pedaqoqların - əməkdar müəllim R.Siroviç, sənətşünaslıq doktoru, professor Y.Milşteyn və əlbəttə, bu sənətin inkişafında müstəsna rol oynamış xalq artisti, əməkdar incəsənət xadimi, professor M.Brennerin ənənələrini, pedaqoji üslubunu özünəməxsus dəst-xətlə yaşadır. Üzeyir Hacibəylinin bizə miras qoyduğu Bakı Musiqi Akademiyasında mükəmməl kadrlar yetişdirən Oqtay Abasquliyevin pedaqoji fəaliyyətinin bəhrəsi ilə yüzlərlə pianoçu sənət aləminə vəsiqə qazanıb. Onların sırasında Nərminə Quliyeva, Gülnarə Səfərova, Xədicə Rzayeva, Samir Mirzəyev, Mədinə Tuayeva, Mehriban Ağayeva, Ayan Salahova, Nigar Məcidova, Züleyxa Bayramova, Günay Qasımova, Lalə Musayeva kimi peşəkar musiqiçilər  var. Tələbələrinin əksəriyyəti respublika və beynəlxalq müsabiqələrin laureatlarıdır. Onlar təhsillərini dünyanın müxtəlif ölkələrində, o cümlədən Türkiyə, Almaniya, İngiltərə və başqa yerlərdə davam etdirirlər. Ölkəmizdə və onun hüdudlarından  kənarda çoxsaylı konsertlərlə çıxış edən pianoçular öz müəllimlərinin yoluna, ənənələrinə sədaqətlərini daim təsdiqləyirlər. Onun yaradıcılıq məktəbinin nümayəndəsi olan Gülnarə Səfərova Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra beynəlxalq müsabiqənin ilk laureatı kimi ifaçılıq fəaliyyətini Yaponiyada davam etdirirsə, Tutu Məmmədova İstanbul Konservatoriyasında təhsil alır. Beynəlxalq müsabiqələr laureatı Fidan Ağayeva hazırda təhsilini Qriq adına Norveç Konservatoriyasında başa çatdırmaqda, Ayan Salahova  isə Avropa-Asiya Beynəlxalq müsabiqələr laureatı, London Kral Musiqi Akademiyasının doktorantıdır.

Azərbaycan musiqi mədəniyyətində, təhsilində böyük xidməti olan Oqtay Abasquliyev səmərəli fəaliyyəti ilə adını tarixə böyük hərflərlə yazmaqdadır. Bu gün Oqtay müəllim böyük əzm və fəallıqla çalışaraq sənətin kamillik zirvəsinə ucalacaq kadrlar yetişdirir. Oqtay müəllimə belə şərəfli yolda bundan sonra da uğurlar arzulayırıq!

 

 

Şanə VƏLİZADƏ,

Bakı Musiqi Akademiyasının III

kurs tələbəsi, musiqişünas

 

Azərbaycan.- 2013.- 15 fevral.- S.7.