Cəbhə bölgəsi dövlət
qayğısının əsas ünvanıdır
Ərazisinin 77 faizi Ermənistan silahlı qüvvələri
tərəfindən işğal edilmiş Ağdam rayonunun sosial-iqtisadi
inkişafına dövlətin cəbhə bölgəsinə
yönələn davamlı və yetərli qayğısı
stimul verir. Uzun illər çətin şəraitdə
yaşamış, ağır məhrumiyyətlərə
dözmək məcburiyyətində qalmış rayon əhalisinin həyat şəraiti,
dolanışıq səviyyəsi ildən-ilə
yaxşılaşır. Azərbaycan Prezidenti İlham
Əliyevin qaçqın və məcburi köçkünlərin
firavanlığını təmin etmək üçün
imzaladığı fərman və sərəncamlar, həyata
keçirdiyi konkret tədbirlər
qədirbilən Ağdam camaatı tərəfindən
həmişə minnətdarlıqla qeyd edilir.
Bu günlərdə keçirilən Ağdam rayonunun 2012-ci ildə sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə həsr edilmiş yığıncaqda bölgəyə dövlət başçısının xüsusi qayğı və diqqəti sayəsində yaranmış yüksək əhval-ruhiyyə, qələbəyə yenilməz inam olduğu dönə-dönə vurğulanmışdır. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Ağdam rayonu üzrə nəzərdə tutulan tədbirlərin icrası uğurla davam etdirilir. Artıq tarixə çevrilmiş 2012-ci il inkişafın mühüm mərhələsi kimi yadda qalır. Rayon üzrə ümumi məhsul istehsalının həcmi keçən il 106,8 milyon manata çatmışdır. Bu, əvvəlki ildəkindən 10,7 milyon manat, yaxud 11,1 faiz çoxdur. Dövlət proqramının icrasına uyğun il ərzində 996-sı daimi olmaqla 1615 yeni iş yeri açılmışdır.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqovun hesabat məruzəsində Ağdama davamlı dövlət qayğısı dönə-dönə vurğulanmışdır. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın və həmin proqrama Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr və 2011-ci il 21 fevral tarixli sərəncamları ilə təsdiq edilmiş əlavələrin icrası ilə əlaqədar Ağdam rayonu üzrə 31 tədbir nəzərdə tutulmuşdur. Müvəffəqiyyətlə reallaşdırılan bu tədbirlər rayonun sosial-iqtisadi həyatının demək olar ki, bütün sahələrini əhatə edir.
Rayonda sahibkarlığın inkişafına xüsusi diqqət yetirilir. Bu sahənin dirçəlişinə artan qayğının nəticəsidir ki, 2012-ci ildə 964 nəfər fiziki, 6 nəfər isə hüquqi şəxs qeydiyyatdan keçmişdir. Aqrar, ticarət, emal və başqa sahələrdə fəaliyyət göstərən sahibkarlara əlverişli şərait yaradılmışdır. Məhsul istehsalında özəl sektorun payı 86.1 faiz təşkil edir. Sahibkarların kreditə olan ehtiyacları əsasən "Qafqaz kredit", "Kaspian-invest" və "Azərkredit" bank olmayan kredit təşkilatları tərəfindən ödənilir. Hesabat ilində 3.707 nəfərə 2.3 milyon manat kredit verilmişdir.
Rayon əhalisinin həyat şəraitinin yaxşılaşdırılması, adamları narahat edən sosial problemlərin aradan qaldırılması daim diqqət mərkəzindədir. Yaşayış məntəqələrinin fasiləsiz elektrik enerjisi, su və təbii qazla təmin olunması artıq gerçəklikdir. Dövlət başçısının xüsusi tapşırığı əsasında rayonun düşmənlə təmas xəttinə yaxın kəndləri birinci növbədə qazlaşdırılmışdır. Cəbhə bölgəsinə dövlət qayğısının konkret nəticəsidir ki, respublikada ilk olaraq məhz Ağdam rayonunun bütün məntəqələrinə təbii qaz verilmişdir. Qaz, su, elektrik enerjisi sarıdan heç bir korluğu olmayan rayon əhalisi dövlətin bu qayğı və diqqətini hədsiz minnətdarlıqla qarşılayır. Həmişə içməli su sarıdan şikayətlərin səsləndiyi bölgədə indi razılıq eşidilir. 2012-ci ildə rayonun su-kanal idarəsi tərəfindən Birinci Dördyol, Quzanlı qəsəbələrində və Mirəşəlli kəndində 3 ədəd subartezian quyusu qazılıb istifadəyə verilmiş, Şükürağalı, Kolqışlaq və Mirəşəlli kəndlərində su krantları çəkilmişdir. İkinci Dördyol, Birinci Quzanlı, İkinci Alıbəyli və Xındırıstan qəsəbələrində əsaslı təmir-bərpa işləri aparılmış, 6000 min metr yeni su xətti inşa edilmişdir. 5 ədəd yeni transformator alınmış, 33 ədəd transformator, 95 ədəd su nasosu əsaslı təmir olunmuşdur.
Rayonun suvarma suyu üçün lazım olan mənbələr işğal altında olduğundan əhali əkin sahələrini suvarmaq üçün əsasən subartezian quyularından istifadə edir. 30158 hektar əkin sahəsinin və bölgə əhalisinin içməli su təminatı 750 ədəd subartezian quyusu və 3 ədəd nasos stansiyası vasitəsilə ödənilir. Keçən il subartezian quyularına 99 ədəd müxtəlif markalı yeni nasos, 14 ədəd təzə transformator, 597 ədəd müxtəlif elektrik avadanlıqları quraşdırılmışdır.
İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edən Ağdamda aqrar bölmədə böyük irəliləyişə nail olunmuşdur. Kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına davamlı dövlət dəstəyinin olması, sahibkarlara kreditlərin verilməsi, əkinçilərə istifadə etdikləri motor yağları və yanacağa görə haqların ödənilməsi, yüksək reproduksiyalı toxumların və cins mal-qaranın əldə edilməsində güzəştlərin olması hesabına aqrar sektorun dinamik inkişafı təmin edilmişdir. "Aqroservis"müəssisəsinin Ağcəbədi filialından ayrılaraq Ağdamda belə bir filialın yaradılması müsbət hal kimi qiymətləndirilməlidir. "Aqroservis"in rayon filialı il ərzində əkin-biçinlə bağlı torpaq istifadəçilərinin bütün sifarişlərini yüksək səviyyədə yerinə yetirməklə yanaşı, fermerlərə güzəştli qiymətlə 701 ton mineral gübrə satmışdır. Aqrar sahədə həyata keçirilən məqsədyönlü tədbirlərin məntiqi nəticəsidir ki, məhsul istehsalında artıma nail olunmuşdur. Keçən il 52,830 ton taxıl istehsal edilmişdir ki, bu da əvvəlki ildəkindən 11,759 ton çoxdur. Il ərzində 41,325 ton tərəvəz, 7260 ton kartof, 4820 ton bostan, 3900 ton qarğıdalı, 1540 ton şəkər çuğunduru istehsal olunmuş, ət istehsalı 3733 tona, süd istehsalı 27,605 tona çatdırılmışdır.
Hesabat ilində təhsil, səhiyyə, mədəniyyət sahələrində də uğurlar qazanılmışdır. Rayon əhalisinin xeyli hissəsinin köçkünlük şəraitində yaşamasına baxmayaraq müxtəlif bölgələrdə məskunlaşmış məktəb yaşlı uşaqların təhsildən kənarda qalmaması üçün zəruri tədbirlər həyata keçirilmişdir. Rayon təhsil şöbəsi 142 ümumtəhsil, 5 məktəbdənkənar müəssisə ilə öz fəaliyyətini reallaşdırır. Təhsilə cəlb olunmuş 18,368 şagirdin təlim-tərbiyəsi ilə 3795 müəllim məşğul olur. Dövlətin davamlı qayğısı sayəsində rayon təhsilinin maddi-texniki bazası daha da möhkəmlənmişdir. 2012-ci ildə Səfərli kənd orta məktəbi üçün 180 şagird yerlik yeni bina, ABŞ-ın "Kont-port" humanitar təşkilatı tərəfindən 146 saylı köçkün tam orta və Kiçikli kənd ümumi məktəbi üçün sinif otaqları inşa edilmişdir. Birinci Yüzbaşılı uşaq bağçasının binası, Alıbəyli, Hacıturalı, Çəmənli, Qaradağlı kənd tam orta məktəbləri, 3 saylı Quzanlı qəsəbə köçkün uşaq bağçası daxili imkanlar hesabına yüksək səviyyədə təmir edilmiş, zəruri avadanlıqlarla təchiz olunmuşdur. 2012-ci ilin sentyabrında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Şəki şəhərində salınmış Çələbixan köçkün qəsəbəsindəki 360 şagird yerlik müasir tipli məktəb binası 28 saylı Ağdam köçkün tam orta məktəbinə verilmişdir. Həmçinin ötən ilin oktyabr ayında Bərdə rayonunun Lənbəran kəndi ərazisində yeni salınmış köçkün qəsəbəsindəki 25 yerlik uşaq bağçası, Mingəçevir şəhərindəki çoxmərtəbəli evlərdən ibarət köçkün qəsəbəsindəki 50 yerlik uşaq bağçası, 360 çagird yerlik müasir tipli məktəb binası, dekabr ayında Bakı şəhərində Müşfiqabad köçkün qəsəbəsinin açılışı zamanı respublika Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xeyir-duası ilə oradakı 1290 şagird yerlik müasir tipli məktəb binası və 140 yerlik uşaq bağçası da Ağdam rayonuna verilmişdir. Yaxın günlərdə Bakı Dövlət Universitetinin yataqxanasında yerləşən 33 saylı Ağdam köçkün tam orta məktəbi sözügedən yeni binaya köçürüləcəkdir. Göründüyü kimi, dövlətin davamlı və yetərli qayğısı rayon təhsilinin maddi-texniki bazasının möhkəmləndirilməsinə son dərəcə əhəmiyyətli təsir göstərir. Ötən il məktəblərə 250 ədəd parta, 50 ədəd stol, 350 ədəd stul, 58 adda 27000 ədəd pulsuz dərslik verilmişdir. Hazırda rayonun məktəblərində 562 kompyuter dəstindən istifadə olunur. Kompyuterlərin 86 dəsti məhz keçən il alınmışdır.
Təhsildə qazanılan uğurların məntiqi nəticəsidir ki, keçən il ağdamlı məzunlardan 221 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Bu, əvvəlki ildəkindən 18 nəfər çoxdur.
Ötən bir il ərzində rayon səhiyyəsinin işində də böyük yeniliklər və keyfiyyət dəyişiklikləri baş vermişdir. Rayon mərkəzi xəstəxanası ən müasir avadanlıqlarla təchiz olunmuşdur. Çox qısa zamanda ruhi, əsəb, vərəm dispanserləri üçün binalar inşa edilmişdir. Mərkəzi rayon xəstəxanasında stasionar xəstələrin isti yeməklə təmin olunması artıq reallaşmışdır. Doğum evi, uşaq xəstəxanası və təcili tibbi yardım stansiyası üçün yeni binalar tikilmiş, avadanlıqlarla təmin edilərək rayon əhalisnin istifadəsinə verilmişdir.
Cəbhə bölgəsində yaşayan əhalinin sağlamlığına dövlət səviyyəsində göstərilən xüsusi qayğının daha bir göstəricisidir ki, respublikanın tanınmış həkimləri vaxtaşırı Ağdama səfərlər edir, əhaliyə pulsuz tibbi xidmət göstərirlər. Milli Onkologiya Mərkəzinin, respublika Pediatiriya İnstitutunun, Akademik Mirqasımov adına Respublika Klinikasının yüksək ixtisaslı həkimləri müxtəlif vaxtlarda Ağdamda 2 minə yaxın xəstəni müayinə etmişlər.
Rayon mədəniyyət və turizm şöbəsinin fəaliyyətində başlıca yeri rayonda keçirilən rəsmi bayramların, kütləvi tədbirlərin, anım günlərinin bədii hissəsinin təşkili, gənc istedadların üzə çıxarılması, onların maraq və meyillərinin inkişaf etdirilməsi, digər mədəni tədbirlər tutur. Bu tədbirlərin keçirilməsində "Şur" xalq çalğı alətləri ansamblının və Ağdam Dövlət Dram Teatrı kollektivinin böyük xidmətləri var. İl ərzində "Şur" ansamblı rayon icra hakimiyyəti başçısının respublikanın ayrı-ayrı rayonlarında məskunlaşmış ağdamlı məcburi köçkünlərlə səyyar qəbullarından sonra həm köçkünlər, həm də yerli əhali qarşısında rəngarəng musiqi proqramları ilə çoxsaylı çıxışlar etmiş, tamaşaçıların böyük rəğbətini qazanmışlar. Belə çıxışlar Bakı, Mingəçevir, Yevlax, Şəki şəhərlərində, Bərdə, Ağcəbədi və Qəbələ rayonlarında olmuşdur. "Şur" xalq çalğı alətləri ansamblının ən möhtəşəm çıxışı isə 7 noyabr 2012-ci ildə Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümünə həsr edilmiş Dövlət Filarmoniyasındakı konsert tədbiri olmuşdur.
Cəbhə bölgəsində yaşayan ağdamlılarda yüksək əhval-ruhiyyə, böyük qələbə əzmi var. Xalqımızın ümummilli lideri Heydər Əliyev ideallarına həmişə sədaqətli olan qarabağlılar Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi müdrik siyasəti, Qarabağ danışıqlarında dəfələrlə bəyan etdiyi bir qarış torpağın da güzəşt edilməyəcəyi barədə qətiyyətli və prinsipial mövqeyini birmənalı şəkildə dəstəkləyir, müdafiə edirlər. Bir əli əkində-biçində olan, ölkədə yaranan bolluğa sanballı töhfələr verən ağdamlılar işğal altındakı torpaqları azad etmək uğrunda müharibəyə də hər an hazırdırlar.
Yığıncaqda Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, Elman Məmmədov və Prezident Administrasiyasının məsul işçisi Pənah Cahangirov çıxış etmişlər.
Lazım QULİYEV,
Azərbaycan.- 2013.- 16
fevral.- S.4.