Lənkəranda «Dövlət-din
münasibətləri və maarifləndirmə
işi» mövzusunda regional konfrans keçirilir
Fevralın 15-də Lənkəranda "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda regional konfrans işə başlamışdır. İki gün davam edəcək konfransda dövlət qurumlarının, Qafqaz Müsəlmanları İdarəsinin təmsilçiləri, cənub bölgəsinin 7 rayonunda fəaliyyət göstərən dini icmaların sədrləri, din xadimləri, ilahiyyatçılar, ictimaiyyətin nümayəndələri iştirak edirlər.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Lənkəran şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmiş, Şəhidlər xiyabanını ziyarət etmişlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, dini icmalarda tolerantlığın gücləndirilməsi və mənfi meyillərin qarşısının alınması, dini icmaların sosial problemlərin həlli prosesinə cəlb olunmasıdır.
Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov Lənkəran rayonunda reallaşan tədbirin Azərbaycanın müxtəlif bölgələrində keçiriləcək analoji silsilə tədbirlərin ikincisi olduğunu diqqətə çatdıraraq ölkəmizdə dövlət-din münasibətlərindən ətraflı söhbət açmışdır.
Qeyd olunmuşdur ki, müstəqillik əldə etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənmişdir. Bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bildirilmişdir ki, bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Hər kəsin dini etiqad azadlığı vardır.
Lakin bununla yanaşı, azərbaycançılıq məfkurəsinin tərkib hissəsi olan milli-mənəvi dəyərlərimiz sahəsində maarifləndirmə işi prioritet məsələlərdəndir. Unutmamalıyıq ki, hazırda dünyada islam dinini radikalizmə sürükləmə meyilləri artmaqdadır. Odur ki, dini maarifləndirmə işinə daha diqqətlə yanaşılmalıdır.
Xarici təsirlərdən ölkə dindarlarını qorumaq ən çox din xadimlərinin üzərinə düşən məsuliyyətdir. Dini icmalar isə əsrlərin süzgəcindən keçərək müasir dövrümüzədək qoruyub saxladığımız milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu düzgün şəkildə insanlara çatdırmalıdırlar.
Diqqətə çatdırılmışdır ki, ölkəmizdəki sabitliyi pozmaq istəyində olan və xarici qüvvələrin təsiri altında hərəkət edən bir sıra siyasi qruplar öz məqsədlərinə çatmaq üçün dini icmaları və dindarları öz oyunlarında alət etməyə çalışırlar.
E.İskəndərov çıxışının sonunda dövlətin din siyasətini həyata keçirən komitənin əsas fəaliyyət istiqamətlərindən birinin maarifləndirmə işi olduğunu diqqətə çatdırmışdır.
Toplantıda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirmişdir ki, bu konfrans sayca ikinci olsa da, sonuncu deyil. Bu cür tədbirlər ölkə dindarlarının maarifləndirilməsi işində mühüm rol oynayacaqdır.
Ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında və inkişaf etdirilməsində ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayan A. Paşazadə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bu sahədə həyata keçirilən tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirmişdir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qeyd etmişdir ki, regional tədbir ölkəmizdə milli-mənəvi dəyərlərimizə verilən yüksək qiymət, dövlətimizin bu sahəyə olan diqqət və qayğısının təzahürüdür.
Bildirilmişdir ki, Lənkəran rayonunda 56 dini icma və 77 məscid fəaliyyət göstərir.
Regional konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin milli azlıqlar və dini qurumlarla iş sektorunun müdiri Müzəffər Talıblı və ilahiyyatçı alim, akademik Vasif Məmmədəliyev çıxış edərək Azərbaycanda dövlət-din münasibətlərindən danışmış, bu sahədə maarifləndirmə prosesinin müasir tələblərə uyğunlaşdırılmasında belə tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyini diqqətə çatdırmışlar.
Konfrans öz işini plenar iclaslarda davam etdirmişdir.
Azərbaycan.- 2013.- 16 fevral.- S.5.