Mədəniyyət haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında dövlət mədəniyyət siyasətinin məqsəd və prinsiplərini, mədəniyyət fəaliyyəti subyektlərinin hüquq və vəzifələrini, mədəniyyət sahəsində hüquqi, təşkilati, iqtisadi və sosial təminatları müəyyən edir, mədəni sərvətlərin yaradılması, toplanması, tədqiqi, təbliği və qorunması sahəsində yaranan münasibətləri tənzimləyir.
1-Cİ FƏSİL
ÜMUMİ
MÜDDƏALAR
Maddə 1. Əsas
anlayışlar
1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. mədəniyyət - ədəbiyyat və incəsənət daxil olmaqla, cəmiyyətin və ya sosial qrupların maddi, mənəvi, intellektual və emosional xüsusiyyətlərini müəyyənləşdirən, insanların həyat tərzini, birgə yaşayış qaydalarını, mənəvi dəyərlər sistemini əhatə edən xüsusiyyətlərin məcmusu;
1.0.2. mədəniyyət fəaliyyəti (mədəniyyət sahəsində fəaliyyət) - mədəni sərvətlərinin yaradılması, yayılması, qorunması, bərpası, mənimsənilməsi və təşviqi, həmçinin mədəniyyət xidmətlərinin göstərilməsi və təşkili sahəsində fəaliyyət;
1.0.3. mədəniyyət sahəsində dövlət siyasəti - mədəni irsin və mədəni sərvətlərin yaradılması, müəyyən edilməsi, qorunması, inkişafı və təbliği sahəsində həyata keçirilən tədbirlərdə dövlətin rəhbər tutduğu məqsədlər, prinsiplər, normalar, konsepsiya, strategiya və dövlət proqramlarının məcmusu;
1.0.4. mədəniyyət məhsulları - kommersiya dəyərindən asılı olmayaraq, səciyyəvi xüsusiyyətləri, istifadə növləri və ya məqsədləri baxımından mədəni özünüifadə formalarını ehtiva edən insan fəaliyyətinin nəticələri;
1.0.5. mədəniyyət xidmətləri - şəxslərin mədəni-mənəvi-estetik ehtiyaclarının ödənilməsi məqsədilə göstərilən xidmətlər və yaradılan şərait;
1.0.6. mədəniyyət məkanı - mədəni sərvətlərin və ənənələrin yaranma və yayılma dairəsi;
1.0.7. mədəni məzmun - mədəni özünəməxsusluqdan yaranan və ifadə olunan ənənələr və mədəni dəyərlər;
1.0.8. mədəniyyət sənayesi - mədəniyyət məhsullarının və xidmətlərinin istehsalını və realizə edilməsini təmin edən fəaliyyət sahəsi;
1.0.9. bədii dəyər - bədii yaradıcılıq fəaliyyətinin nəticəsi olan mədəniyyət, ədəbiyyat və incəsənət əsərlərinin estetik əhəmiyyətini formalaşdıran xüsusiyyətlər;
1.0.10. milli mədəni irs - Azərbaycan xalqına məxsus, ümumazərbaycan əhəmiyyəti kəsb edən, universal dəyərlərə malik mədəniyyət nümunələrinin məcmusu;
1.0.11. qeyri-maddi mədəni irs - şəxslərin, qrupların və cəmiyyətin özünün mədəni irs nümunələri kimi qəbul etdikləri ənənələr, təsvir və ifadə formaları, bilik və bacarıqlar, onların yaradılmasında istifadə olunan alətlər, əşyalar, artefaktlar və mədəniyyət məkanları;
1.0.12. maddi mədəni irs - daşınmaz və daşınar mədəni irs;
1.0.13. daşınmaz mədəni irs - daşınmaz arxeoloji, memarlıq, bağ-park, monumental, xatirə abidələri, dekorativ-tətbiqi sənət nümunələri, o cümlədən mədəniyyət, memarlıq, bədii, etnoqrafiya, təbiət abidələri və tarixi qoruqlar, mədəniyyət məkanları, məqbərələr, arxeoloji komplekslər, memarlıq ansamblları, dini ocaqlar və etnoparklar;
1.0.14. daşınar mədəni irs - tarixi, təbii, arxeoloji, sənədli, etnoqrafik, kulinar, bədii, elmi-tədqiqat, rəsm, incəsənət, kinematoqrafiya, numizmat, filatelist, heraldik, biblioqrafiya, epiqrafiya, estetik, etnoloji və antropoloji daşınar sərvətlərin məcmusu;
1.0.15. mədəni irs nümunələri - özündə bir xalqın, milli azlığın maddi və qeyri-maddi mədəni irs nümunələrini əks etdirən mədəni sərvətlərin məcmusu. Bura yeraltı, yerüstü və sualtı mədəni irs nümunələri aiddir;
1.0.16. sualtı mədəni irs - insan varlığının bütövlükdə və ya qismən, daimi və ya vaxtaşırı su altında qalan mədəni, tarixi və ya arxeoloji izləri;
1.0.17. təbii irs - universal dəyərə malik fiziki və bioloji birləşmələrdən ibarət təbiət abidələri, geoloji və fizioqrafik birləşmələr, heyvan və bitki arealı olan zonalar, təbii zonalar;
1.0.18. dekorativ-tətbiqi sənət - müxtəlif məmulatlar üzərində bədii əsərlərin yaradılmasına yönəlmiş maddi mədəni irs yaradıcılığı sahəsi;
1.0.19. mədəni özünüifadə müxtəlifliyi (mədəni müxtəliflik) - ayrı-ayrı qrupların və cəmiyyətlərin mədəniyyətlərinin öz ifadəsini tapdığı, qruplar və cəmiyyətlər arasında və onların daxilində ötürülən müxtəlif formalar. Mədəni müxtəliflik yalnız dünya mədəni irsinin ifadə olunduğu, artırıldığı və ötürüldüyü müxtəlif mədəni özünüifadə vasitələrinin tətbiqi ilə deyil, həmçinin hansı vəsaitlərdən və texnologiyalardan istifadə edilməsindən asılı olmayaraq, bədii yaradıcılığın müxtəlif növlərinin, mədəni özünüifadə məhsullarının istehsalının, yayılmasının və onlara yiyələnmənin köməyi ilə meydana gəlir;
1.0.20. mədəni özünüifadə - ayrı-ayrı şəxslərin, qrupların və ya cəmiyyətlərin yaradıcılığının nəticəsi olan və mədəni məzmun daşıyan ifadə forması;
1.0.21. mədəni sərvətlər - mənəvi və estetik ideallar, əxlaq normaları və nümunələri, dillər, dialektlər və ləhcələr, milli adət və ənənələr, tarixi toponimlər, folklor, bədii sənət və peşələr, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət əsərləri, nəşriyyat məhsulları, mədəniyyət sahəsində elmi tədqiqatların nəticələri və metodları, tarixi-mədəni əhəmiyyətə malik binalar, tikililər, əşyalar, tarixi-mədəni əhəmiyyətli unikal təbii ərazilər və obyektlər, məqbərələr, qoruqlar, arxeoloji komplekslər, arxeoloji və numizmatik xarakterli əşyalar;
1.0.22. milli kulinariya nümunələri - bir millətin mədəniyyətinə məxsus texnoloji, forma, naxış, əşya, avadanlıq və resept komplekslərini özündə birləşdirən ərzaq, içki və qida məhsullarının hazırlanmasına yönəlmiş insan fəaliyyətinin nəticələri;
1.0.23. sosial əhəmiyyətli tədbirlər - mədəniyyət günləri, festivallar, baxış, müsabiqə, təqdimat, yubiley və xatirə tədbirləri, eləcə də mədəniyyət və incəsənət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə keçirilən mədəniyyət tədbirləri;
1.0.24. yaradıcılıq fəaliyyəti - mədəni sərvətlərin yaradılmasına yönəlmiş fəaliyyət;
1.0.25. yaradıcı şəxs - mədəni sərvətlərin yaradılması, o cümlədən mədəniyyət sahəsində pedaqoji və ya elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan fiziki şəxs.
Maddə 2. Mədəniyyət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Mədəniyyət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu qanundan, bu qanunun 20.2-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının qanunlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
2-Cİ FƏSİL
MƏDƏNİYYƏT
SİYASƏTİNİN
DÖVLƏT TƏNZİMLƏNMƏSİ
Maddə 3. Mədəniyyət
sahəsində dövlət siyasətinin əsas istiqamətləri
3.1. Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət siyasəti Azərbaycan Respublikasının daxili və xarici siyasətinin ayrılmaz tərkib hissəsidir.
3.2. Azərbaycan Respublikasının dövlət mədəniyyət siyasətinin əsas istiqamətləri aşağıdakılardan ibarətdir:
3.2.1. dövlət mədəniyyət sisteminin idarə olunması və bu sahədə fəaliyyətin əlaqələndirilməsi;
3.2.2. mədəniyyət sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərin, dövlət, özəl və bələdiyyə mədəniyyət təsisatlarının hüquqlarının qorunması və yaradıcılıq fəaliyyətinin həyata keçirilməsinin təmin edilməsi;
3.2.3. mədəniyyət sahəsində ixtisaslı kadrların hazırlanması və onların peşəkarlıq səviyyəsinin artırılması;
3.2.4. mədəni sərvətlərin qorunması və artırılması;
3.2.5. mədəniyyət fəaliyyəti subyektlərinin sosial müdafiəsi və görkəmli mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi;
3.2.6. milli mədəniyyətin müasir dünya mədəniyyətindən bəhrələnməsinə, milli ənənələrin inkişafına, əhalinin mənəvi tələbatının ödənilməsinə xidmət edən mədəniyyət əsərlərinin yaradılmasının stimullaşdırılması;
3.2.7. milli mədəni irsin müəyyən edilməsi, sistemləşdirilməsi və inkişafı;
3.2.8. milli mədəni irs nümunələrinin və mədəniyyət obyektlərinin yaradılması, qorunması və təşviqi;
3.2.9. milli mədəni irsin inkişafının maliyyə mənbələri ilə təmin edilməsi;
3.2.10. dünya mədəni irsi sahəsində maarifləndirilmənin aparılması;
3.2.11. şəxslər, dövlət orqanları, bələdiyyələr və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın qurulmasının və inkişafının təmin edilməsi;
3.2.12. mədəni, ekoloji, bioloji və idman turizminin inkişaf etdirilməsi və təşviqi;
3.2.13. mədəniyyət sahəsində avtomatlaşdırmanın və ən qabaqcıl rabitə, informasiya, elektron idarəetmə və kommunikasiya texnologiyalarının tətbiq olunması və inkişafı;
3.2.14. mədəniyyətlərarası dialoqun qurulmasının təmin edilməsi və təşviqi;
3.2.15. mədəniyyət, o cümlədən əyləncə sənayesinin inkişaf etdirilməsi, mədəniyyətin müxtəlif formalarının rəqabətə davamlılığının dəstəklənməsi;
3.2.16. mədəniyyət sahəsində inhisarçılığın qarşısının alınması.
Maddə 4. Mədəniyyət
sahəsində dövlət siyasətinin prinsipləri
4.0. Mədəniyyət sahəsində dövlət siyasəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
4.0.1. tarazlılıq - mədəniyyət sənayesi ilə mədəniyyət məhsullarının və xidmətlərinin bazarları arasında balansın yaradılması, mədəniyyət cəmiyyətlərinin fəaliyyətinin inkişafının təmin edilməsi;
4.0.2. bərabərlik - hər kəsin öz mədəniyyət və yaradıcılıq hüquqlarının və imkanlarının bərabər şərtlər əsasında həyata keçirilməsinin təmin olunması;
4.0.3. demokratiklik - əhalinin azad düşüncə ruhunda tərbiyələndirilməsi, mədəniyyət sahəsinin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində hüquq və azadlıqların genişləndirilməsi, estetik düşüncə azadlığının təmin edilməsi, yeni mədəniyyət təşkilatlarının yaradılmasının stimullaşdırılması;
4.0.4. humanistlik - dünyəvi dəyərlərin, şəxsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin prioritet kimi qəbul olunması;
4.0.5. inteqrasiya - dünya mədəniyyətindən təcrid olunmamaqla, dünya mədəniyyətinin universal dəyərlərini qəbul edərək, milli mədəniyyətin dünyada tanıdılması, zənginləşdirilməsi və inkişafının təmin edilməsi;
4.0.6. keyfiyyətlilik - mədəniyyət sahəsində məhsulların və xidmətlərin ən qabaqcıl standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğunun təmin olunması;
4.0.7. dünyəvilik - dünyəvi dəyərlərin yaradılması, qorunması və inkişafının təmin olunması;
4.0.8. səmərəlilik - mədəniyyət sahəsində yaradıcılığın daim inkişaf edən, faydalı və son nəticəyə istiqamətlənən müasir metodlarla təşkil edilməsi;
4.0.9. varislik - mədəni sərvətlərin, bu sahədə bilik və təcrübənin sonrakı nəsillərə ötürülməsi;
4.0.10. istedad amili - fitri istedada malik şəxslərin yaradıcılıq nailiyyətlərinin artmasına xüsusi qayğının göstərilməsi.
Maddə 5. Mədəniyyət
sahəsində dövlətin vəzifələri
5.1. Mədəniyyət sahəsində dövlətin vəzifələri aşağıdakılardan ibarətdir:
5.1.1. mədəniyyət sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, o cümlədən sahə üzrə normativ hüquqi aktların və standartların, dövlət proqramlarının, tədbirlər planlarının, strategiyaların və konsepsiyaların qəbul edilməsi;
5.1.2. milli mədəniyyətin bərpa edilməsi, qorunması, inkişafı və təşviqinə yönəlmiş tədbirlərin görülməsi;
5.1.3. insanların Azərbaycan və dünya mədəniyyət nümunələrinə və mədəni sərvətlərə sərbəst yiyələnmələri üçün sosial əhəmiyyətli tədbirlərin təşkili;
5.1.4. istedadlı şəxslərin peşəkar inkişafına dəstəyin göstərilməsi;
5.1.5. mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinə şərait yaradılması;
5.1.6. beynəlxalq tədbirlərdə Azərbaycan mədəniyyətinin təqdim edilməsi və təşviqini təmin edən tədbirlərin görülməsi;
5.1.7. mədəniyyət fəaliyyətində beynəlxalq təşkilatların, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin, o cümlədən qeyri-kommersiya qurumlarının iştirakının dəstəklənməsi;
5.1.8. milli mədəniyyət obyektlərinin təsnifatının təsdiqi;
5.1.9. mədəniyyət sahəsində dövlət reyestrinin aparılması;
5.1.10. mədəniyyət sahəsinin inkişafında xidmətlərə və töhfələrə görə mədəniyyət işçilərinə və yaradıcı şəxslərə həvəsləndirmə tədbirlərinin təşkili;
5.1.11. milli mədəniyyətin bütün sahələrində zəruri infrastrukturun, şəraitin, maddi-texniki bazanın yaradılması və inkişaf etdirilməsi;
5.1.12. xarici dövlətlərin mədəniyyət tədbirlərinin keçirilməsinə müvafiq dəstəyin göstərilməsi;
5.1.13. xarici dövlətlərdə Azərbaycan mədəniyyət mərkəzlərinin yaradılması, inkişafı və fəaliyyətlərinin əlaqələndirilməsi;
5.1.14. xarici dövlətlərdə Azərbaycan mədəniyyəti tədbirlərinin keçirilməsi;
5.1.15. mədəniyyətin inkişafı istiqamətində digər tədbirlərin həyata keçirilməsi.
5.2. Mədəniyyət sahəsində dövlət siyasətinin prioritet istiqamətlərinin müəyyən edilməsi və onun əsasında məqsədyönlü layihələrin, dövlət proqramlarının, strategiyaların və tədbirlər planlarının qəbul edilməsi və icrasına nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Mədəniyyət sahəsində tədbirlərin hazırlanması və icrası işi mədəniyyət sahəsində fəaliyyət göstərən şəxslərlə əməkdaşlıq şəraitində həyata keçirilir.
5.3. Mədəniyyət sahəsində dövlətin vəzifələri aşağıdakı fəaliyyət sahələrini əhatə edir:
5.3.1. mədəni irs - maddi və qeyri-maddi mədəni
irs;
5.3.2. incəsənət fəaliyyəti;
5.3.3. mədəniyyət sənayesi (kinematoqrafiya, nəşriyyat,
o cümlədən elektron nəşriyyat işi, memarlıq
və dizayn, multimedia, kulinariya və reklam);
5.3.4. mədəniyyət xidmətləri (muzeylərin, tarix və mədəniyyət əhəmiyyətli
parkların və qoruqların fəaliyyəti);
5.3.5. xalq
yaradıcılığı.
3-CÜ FƏSİL
MƏDƏNİYYƏT SAHƏSİNDƏ
ƏSAS İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQ VƏ
AZADLIQLARI
Maddə 6. Hüquq və
azadlıqların təminatı
6.1. Azərbaycan
Respublikasında hər kəsin mədəniyyət sahəsində
hüquq və azadlıqları, beynəlxalq hüququn prinsip
və normaları rəhbər tutulmaqla təmin edilir.
6.2.
Dövlət cinsindən, irqindən, dilindən, dini və
siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən,
sosial mənşəyindən, sağlamlıq imkanlarından,
ictimai birliklərə mənsubiyyətindən asılı
olmayaraq, hər bir şəxsin mədəniyyət sahəsində
öz hüquq və azadlıqlarını həyata
keçirməsinə təminat verir.
6.3. Mədəniyyət
sahəsində dövlət tərəfindən
aşağıdakı bərabərliklər təmin edilir:
6.3.1.
dövlətin ərazisində yaşayan xalqların, milli
azlıqların mədəniyyətlərinin, hüquq və
azadlıqlarının bərabərliyi;
6.3.2.
dövlətin ərazisində yaşayan xalqların, milli
azlıqların öz mədəniyyətlərini qorumaq,
öz mədəniyyət kimliklərini müəyyən etmək,
mədəni sərvətlərini bərpa etmək, gücləndirmək
və inkişaf etdirmək bərabərliyi.
Maddə 7. Mədəni həyatda
iştirak etmək hüququ
7.1. Azərbaycan
Respublikasında mədəni həyatda iştirak etmək
hüququ dövlət tərəfindən təmin edilir.
7.2. Hər
kəs öz mədəniyyət kimliyini və ona uyğun həyat
tərzini müəyyən etməkdə, yaradıcılıq
fəaliyyətini seçməkdə, mədəni sərvətlərin
yaradılmasında, mədəni
nemətlərdən bərabər istifadə etməkdə
tam sərbəstdir.
Maddə 8. Mədəni özünəməxsusluq
hüququ
8.1. Hər
kəsin öz milli mədəni özünəməxsusluğunu
qoruyub saxlamaq, mədəniyyət kimliyini müəyyən
etmək, mənəvi, estetik və digər dəyərlərini
sərbəst seçmək hüququ vardır.
8.2. Mədəniyyət
cəmiyyətləri öz mədəni özünəməxsusluğunu
təbliğ etmək və inkişaf etdirmək və öz
tarixi mədəniyyət məkanlarını bərpa etmək
hüququna malikdir.
8.3.
Dövlət istənilən mədəniyyət cəmiyyətinin
özünəməxsusluğunun qorunmasına və
inkişafına dəstək göstərir.
Maddə 9. Yaradıcılıq
azadlığı
Azərbaycan
Respublikası Konstitusiyasının 51-ci maddəsinin I hissəsinə
uyğun olaraq hər kəsin yaradıcılıq
azadlığı vardır. Azərbaycan Respublikasında istənilən
şəxs öz maraqlarına və bacarıqlarına
uyğun peşəkar əsasda və azad
yaradıcılıq (həvəskar) əsasında istənilən
yaradıcılıq fəaliyyəti ilə məşğul
olmaq, "Müəlliflik hüququ və əlaqəli
hüquqlar haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq özünün yaradıcılıq fəaliyyətinin
nəticələrini müəlliflik hüququ ilə
qorumaq, mədəni sərvətləri
nümayiş etdirmək, bu qanunun tələbləri nəzərə
alınmaqla, mülkiyyətində olan mədəni sərvətləri
satmaq, bağışlamaq, habelə həmin məqsədlər
üçün xarici ölkələrə aparmaq hüququna
malikdir.
Maddə 10. Xaricdə mədəniyyət
fəaliyyəti hüququ
10.1. Azərbaycan
Respublikasının vətəndaşları bu qanuna və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə uyğun olaraq xaricdə
mədəniyyət fəaliyyəti ilə məşğul
ola bilərlər.
10.2. Azərbaycan
Respublikası öz vətəndaşlarının xaricdə
mədəniyyət fəaliyyəti ilə məşğul
olmasına dəstək göstərir.
10.3. Azərbaycan
Respublikası vətəndaşlarının xarici dövlətlərin
ərazisində mədəniyyət fəaliyyəti həm fərdi
qaydada, həm də təşkilat vasitəsilə, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə digər hal nəzərdə
tutulmamışdırsa, həmin dövlətlərin
qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Maddə 11. Mədəniyyət sahəsində
mülkiyyət hüququ
11.1. Hər
kəsin mədəniyyət sahəsində mülkiyyət
hüququ dövlət tərəfindən qorunur.
11.2. Hər
kəsin öz yaradıcılıq fəaliyyətinin nəticələrinə
və qanuni əldə etdiyi mədəniyyət məhsullarına
mülkiyyət hüququ vardır.
11.3. Mədəniyyət
məhsullarının və xidmətlərinin əldə
edilməsi, istifadəsi və barəsində sərəncam
verilməsi bu qanunun 20.2-ci maddəsinə uyğun olaraq tənzimlənir.
Maddə 12. Mədəni sərvətlərlə
xarici ticarət
Mədəni
sərvətlərin idxalı, ixracı və Azərbaycan
Respublikasının ərazisindən tranzitlə keçirilməsi
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada həyata keçirilir.
Maddə 13. Mədəniyyət sahəsində
sahibkarlıq hüququ
Azərbaycan
Respublikasında hər bir şəxs bu qanunun 20.2-ci maddəsinə
uyğun olaraq mədəniyyət sahəsində
sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
Maddə 14. Mədəniyyət
müəssisələrindən və mədəni sərvətlərdən
istifadə etmək hüququ
14.1. Azərbaycan
Respublikasında mədəniyyət müəssisələrindən
və mədəni sərvətlərdən istifadə etmək
hüququ dövlət tərəfindən təmin edilir.
14.2. Bu
qanunun 14.1-ci maddəsinin icrasını təmin etmək məqsədilə
dövlət tərəfindən:
14.2.1.
milli mədəniyyətin dünya mədəniyyətinə
inteqrasiyasını, mədəniyyətlərarası
dialoqların inkişafını və vahid mədəniyyət
məkanının qurulmasını təmin etmək məqsədilə
milli mədəniyyət sahəsində müvafiq layihələr
həyata keçirilir;
14.2.2. mədəniyyət
sənayesinin inkişafına yönəlmiş investisiya layihələri
həyata keçirilir və ya investisiya mühitinin
yaxşılaşdırılması məqsədilə həmin
investisiyaların qoyuluşuna əlverişli mühit
yaradılır;
14.2.3. əhalinin
mədəniyyət müəssisələrindən və mədəniyyət
məkanlarından istifadə
imkanlarının sadələşdirilməsinə yönəlmiş
layihələr həyata keçirilir;
14.2.4. aztəminatlı
əhalinin, əlillərin və sağlamlıq imkanları məhdud
18 yaşınadək uşaqların, müharibə iştirakçılarının
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunmuş qaydada mədəni sərvətlərdən
güzəştli istifadəsi təmin edilir;
14.2.5.
iqtisadi, sosial, hüquqi, elmi-texniki, müasir texnologiya və
digər tədbirlər vasitəsilə uşaq və gənclərin
mədəniyyət fəaliyyətini və mədəni sərvətlərdən
bəhrələnmələrini stimullaşdıran layihələr
həyata keçirilir;
14.2.6. mədəniyyət
sahəsində ümumi estetik tərbiyənin, təhsilin, o
cümlədən əlavə təhsilin gücləndirilməsi
məqsədilə müvafiq layihələr həyata
keçirilir;
14.2.7. bu
qanuna uyğun olaraq mədəniyyət sahəsində
dövlət reyestri və monitorinqi aparılır, dövlət
nəzarəti həyata keçirilir;
14.2.8. mədəniyyət
sahəsində səyyar fəaliyyətin inkişafına dair
layihələr həyata keçirilir;
14.2.9. mədəniyyət
sahəsində müasir informasiya və kommunikasiya
texnologiyaları tətbiq edilir;
14.2.10. mədəniyyət
fəaliyyətinə dair standartlar qəbul edilir və tətbiqinə
nəzarət həyata keçirilir;
14.2.11. mədəniyyət
sahəsində sahibkarlığın inkişafına dair tədbirlər
görülür;
14.2.12.
dövlət mədəniyyət siyasətinin həyata
keçirilməsinə dövlət nəzarəti təmin
edilir;
14.2.13. əhali
mədəniyyət sahəsi barədə məlumatlandırılır.
Maddə 15. Mədəniyyət sahəsində
təhsil hüququ
15.1. Azərbaycan
Respublikasında hər bir şəxs "Təhsil
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq mədəniyyət sahəsində təhsil
almaq və elmi fəaliyyətlə məşğul olmaq
hüququna malikdir.
15.2. Mədəniyyət
sahəsində elmi tədqiqatların aparılmasına
dövlət tərəfindən şərait
yaradılır.
15.3.
Dövlət mədəniyyət müəssisələrindən
və mədəni sərvətlərdən elm və təhsil
məqsədləri üçün istifadəyə şərait
yaradılır.
15.4. Mədəniyyət
sahəsində təhsil və elmi müəssisələrin
yaradılması, onların maddi-texniki bazasının gücləndirilməsi
və mədəniyyət sahəsində beynəlxalq təcrübə
və biliklərin tətbiq edilməsi dövlət tərəfindən
dəstəklənir.
15.5. Azərbaycan
Respublikasında mədəniyyət sahəsində pedaqoji və
elmi tədqiqat fəaliyyəti yaradıcılıq fəaliyyətinə
bərabər tutulur.
Maddə 16. Mədəniyyət sahəsində
qeyri-hökumət təşkilatları
16.1. Azərbaycan
Respublikasında mədəniyyət sahəsində
qeyri-hökumət təşkilatlarının
yaradılması "Qeyri-hökumət təşkilatları
(ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının
Qanununa müvafiq həyata keçirilir.
16.2. Azərbaycan
Respublikasında hər bir şəxs istənilən birliyə
öz mənsubiyyətini müstəqil müəyyən edir
və birliyin fəaliyyətində bərabər əsasda
iştirak edir.
16.3.
Dövlət, mədəniyyət sahəsində həyata
keçirilən tədbirlərin təşkilində və
icrasında mədəniyyət sahəsində fəaliyyət
göstərən qeyri-hökumət təşkilatları, o
cümlədən yaradıcılıq birlikləri ilə əməkdaşlıq
edir.
Maddə 17. Mədəniyyət sahəsində
məlumat azadlığı
17.1.
"Məlumat azadlığı haqqında",
"İnformasiya, informasiyalaşdırma və
informasiyanın mühafizəsi haqqında" və
"İnformasiya əldə etmək haqqında" Azərbaycan
Respublikası qanunlarının tələblərinə əməl
olunmaqla, hər kəsin mədəniyyət sahəsində
istədiyi məlumatı axtarmaq, əldə etmək,
ötürmək, hazırlamaq və yaymaq azadlığı
vardır.
17.2. Bu
qanunun 17.1-ci maddəsinin tələblərinə əməl
olunmaqla, mədəniyyət sahəsində məlumat
mübadiləsi kütləvi informasiya və digər
yayım vasitələri ilə aparıla bilər.
17.3. Azərbaycan
mədəni irsinin və mədəni sərvətlərinin
təbliğ edilməsinə "Kütləvi informasiya vasitələri
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq kütləvi informasiya vasitələri tərəfindən
informasiya dəstəyi göstərilir.
4-CÜ FƏSİL
MƏDƏNİYYƏT SAHƏSİNDƏ
FƏALİYYƏT VƏ ONUN SUBYEKTLƏRİ
Maddə 18. Mədəniyyət fəaliyyətinin
subyektləri
Azərbaycan
Respublikasında mədəniyyət fəaliyyətinin subyektləri
dövlət orqanları, fiziki, o cümlədən
yaradıcı şəxslər, hüquqi şəxslər,
həmçinin mədəniyyət müəssisələri
və qeyri-hökumət təşkilatları ola bilərlər.
Maddə 19. Mədəniyyət
müəssisələrinin təsis edilməsi və fəaliyyətinə
xitam verilməsi
19.1. Mədəniyyət
müəssisələrinin yaradılması və fəaliyyətinə
xitam verilməsi bu qanunun 20.2-ci maddəsinə uyğun olaraq həyata
keçirilir.
19.2. Mədəniyyət
müəssisələri Azərbaycan Respublikasının
Mülki Məcəlləsində nəzərdə
tutulmuş istənilən təşkilati-hüquqi formada
yaradıla bilər.
19.3. Mədəniyyət
müəssisəsinin təsis sənədlərində onun mədəniyyət
fəaliyyətinin istiqamətləri
göstərilməlidir.
Maddə 20. Mədəniyyət sahəsində
fəaliyyət istiqamətləri
20.1. Mədəniyyət
sahəsində fəaliyyət istiqamətlərinə
aşağıdakılar aiddir:
20.1.1. milli
mədəni irsin aşkarlanması, qorunması, təbliği
və təşviqi;
20.1.2.
maddi və qeyri-maddi mədəni irsin qorunması, təbliği
və təşviqi;
20.1.3.
tarix və mədəniyyət abidələrinin qorunması,
təbliği və təşviqi;
20.1.4.
tarixi memarlıq qoruqlarının fəaliyyəti;
20.1.5. təbii
irsin qorunması, təbliği və təşviqi;
20.1.6.
peşəkar və həvəskar
yaradıcılıq fəaliyyəti;
20.1.7.
audiovizual əsərlərin yaradılması və
yayımlanması;
20.1.8.
kinematoqrafiya fəaliyyəti;
20.1.9.
teatr-konsert fəaliyyəti;
20.1.10.
poliqrafiya, nəşriyyat işi sahəsində fəaliyyət;
20.1.11.
kulinariya fəaliyyəti;
20.1.12. mədəni-asudə
vaxtın təşkili üzrə fəaliyyət;
20.1.13.
estetik tərbiyə sahəsində fəaliyyət;
20.1.14. mədəniyyət
və incəsənət sahəsində təhsil və
pedaqoji fəaliyyət;
20.1.15. mədəniyyət
sahəsində elmi tədqiqat fəaliyyəti;
20.1.16.
muzey və qalereya fəaliyyəti;
20.1.17. mədəni
maarifçilik və kitabxana fəaliyyəti;
20.1.18. mədəniyyət
mərkəzlərinin, klublarının və
parklarının fəaliyyəti;
20.1.19. mədəniyyət
sahəsinin təşviqi məqsədilə məlumatlandırma
fəaliyyəti;
20.1.20.
folklor yaradıcılığının təbliği və
təşviqi;
20.1.21.
qastrolların təşkili fəaliyyəti;
20.1.22.
dekorativ-tətbiqi yaradıcılıq fəaliyyəti;
20.1.23. ədəbi
yaradıcılıq fəaliyyəti;
20.1.24.
maarifləndirmə və təbliğat fəaliyyəti;
20.1.25.
teleradio yayımı fəaliyyəti;
20.1.26.
sirk fəaliyyəti.
20.2. Azərbaycan
Respublikasında mədəniyyət sahəsində fəaliyyət
istiqamətləri üzrə münasibətlər "Tarix
və mədəniyyət abidələrinin qorunması
haqqında", "Nəşriyyat işi haqqında",
"Kinematoqrafiya haqqında", "Teatr və teatr fəaliyyəti
haqqında", "Kitabxana işi haqqında", "Muzeylər
haqqında", "Azərbaycan folkloru nümunələrinin
hüquqi qorunması haqqında", "Azərbaycan
xalça sənətinin qorunması və inkişaf etdirilməsi
haqqında", "Televiziya və radio yayımı
haqqında", "Müəlliflik hüququ və əlaqəli
hüquqlar haqqında" və "Təhsil haqqında"
Azərbaycan Respublikasının qanunları və Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
20.3. Mədəniyyət
sahəsində fəaliyyət istiqamətlərinin bərabər
əsasda inkişafına dövlət tərəfindən
şərait yaradılır.
Maddə 21. Mədəniyyət sahəsində
təşkilati fəaliyyət
21.1.
Fiziki şəxslər, hüquqi şəxslər, o cümlədən
qeyri-kommersiya qurumları, bu qanunun 20.2-ci maddəsinin tələbləri
nəzərə alınmaqla, mədəniyyət sahəsində
aşağıdakı təşkilati fəaliyyətləri
həyata keçirə bilərlər:
21.1.1. Azərbaycan
mədəniyyətinin, milli mədəni irsin təbliği,
təşviqi və inkişafı məqsədilə incəsənət
və bədii tədbirlərin təşkili,
yaradıcılıq müsabiqələrinin, sərgilərin,
yaradıcılıq gecələrinin, mədəniyyət və
incəsənət təqdimatlarının, festivalların,
konfrans və simpoziumların təşkili;
21.1.2.
uşaqların, gənclərin estetik, etik və mənəvi
tərbiyələndirilməsi məqsədilə seminar, tədris,
dəyirmi masa və digər aidiyyəti tədbirlərin təşkili;
21.1.3. əhalinin
milli və dünya mədəniyyət nailiyyətlərindən
bəhrələnməsini asanlaşdıran tədbirlərin
təşkili;
21.1.4. mədəniyyət
sahəsində istedadların müəyyən edilməsi,
onların yaradıcılığının inkişaf
etdirilməsi ilə bağlı tədbirlərin təşkili;
21.1.5.
yaradıcı şəxslərin hüquqi, sosial və
iqtisadi maraqlarının təmin edilməsi ilə
bağlı tədbirlərin təşkili;
21.1.6.
folklor nümunələrinin yaradılması, qorunması, təbliği
və təşviqi ilə bağlı tədbirlərin təşkili;
21.1.7.
xalq yaradıcılığının inkişafı və təbliği,
mədəniyyətin inkişafında xalq ənənələrindən
yaradıcı şəkildə istifadə edilməsi, tarixi
abidələrin qorunub saxlanılması və zənginləşdirilməsi
ilə bağlı tədbirlərin təşkili;
21.1.8. bəşəri
dəyərlərin təbliği ilə bağlı tədbirlərin
təşkili;
21.1.9.
pedaqoji kollektivlərlə birgə uşaq və gənclərin
vətənpərvər, mədəni və intellektual
inkişafı, mənəvi-etik və estetik tərbiyəsi
ilə bağlı tədbirlərin təşkili;
21.1.10. Azərbaycan
Respublikasında yaşayan xalqların adət-ənənələrinin
tanınması, təbliği və qorunması tədbirlərinin
təşkili.
21.2. Mədəniyyət
sahəsində həyata keçirilən təşkilati fəaliyyət
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
koordinasiya edilir.
Maddə 22. Mədəniyyət sahəsində
fəaliyyətin xüsusiyyətləri
22.1. Mədəniyyət
təşkilatları mədəniyyət məhsullarının
istehsalı və mədəniyyət xidmətlərinin
göstərilməsi ilə məşğul ola bilərlər.
22.2. Azərbaycan
Respublikasında mədəniyyət sahəsində əqli
mülkiyyət, o cümlədən müəlliflik hüququ
və əlaqəli hüquqların həyata keçirilməsi
və qorunması "Əqli mülkiyyət
hüquqlarının təminatı və
piratçılığa qarşı mübarizə
haqqında" və "Müəlliflik hüququ və əlaqəli
hüquqlar haqqında" Azərbaycan Respublikasının
qanunları ilə tənzimlənir.
22.3. Azərbaycan
Respublikasında milli mədəni irsə, o cümlədən
muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya
arxivlərinə aid mədəni sərvətlərin
üzünün köçürülməsi,
çoxaldılması, onların əsasında suvenirlərin,
çap məhsullarının istehsalı müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata
keçirilir.
22.4. Azərbaycan
Respublikasının milli mədəni irsinə aid sərvətlər
bank zəmanəti kimi istifadə edilə bilməz.
22.5. Milli
mədəni irsə aid, o cümlədən muzey, arxeologiya,
etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə məxsus
mədəni sərvətlərin hüquqi və fiziki şəxslər
tərəfindən kommersiya və qeyri-kommersiya məqsədləri
üçün istifadə edilməsi müvafiq icra hakimiyyəti
orqanının razılığı ilə həyata
keçirilir.
Maddə 23. Dövlət mədəniyyət
müəssisələrinə xüsusi statusların verilməsi
23.1.
Dövlət mədəniyyət müəssisələrinə
tarixi və mədəni roluna, yaradıcılıq fəaliyyətinin
əhəmiyyətinə, fondlarının zənginliyinə,
nadirliyinə, milli dəyərlərin qorunması və təbliği
sahəsində nailiyyətlərinə görə müvafiq
icra hakimiyyəti orqanı tərəfindən milli, akademik,
beynəlxalq və respublika əhəmiyyətini təsdiq edən
status verilir.
23.2. Milli
statusa malik mədəniyyət təsisatlarının
fondları və əmlakı milli sərvət hesab olunur və
xüsusi əhəmiyyətli obyektlər kimi dövlət tərəfindən
qorunur.
23.3. Mədəniyyət
təsisatlarına xüsusi statusların verilməsi qaydası
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
5-Cİ FƏSİL
YARADICI ŞƏXSLƏR
Maddə 24. Yaradıcı şəxslər
24.1. Hər
kəs peşəkar və ya həvəskar
yaradıcılıq fəaliyyəti ilə məşğul
ola bilər.
24.2. Azərbaycan
Respublikasında yaradıcılıq fəaliyyəti dövlət
tərəfindən dəstəklənir.
24.3.
Peşəkar yaradıcılığın inkişafı məqsədi
ilə dövlət tərəfindən iqtisadi tədbirlər
həyata keçirilir.
24.4. Peşəkar
yaradıcılığın meyarları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
Maddə
25. Yaradıcı şəxslərin dövlət təminatı
25.1.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən mədəniyyətin
inkişafında, təbliğində və təşviqində
xüsusi xidmətləri olan yaradıcı şəxslərə,
festival və müsabiqə qaliblərinə müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
olunmuş qaydada fəxri adlar, təqaüdlər,
mükafatlar verilir.
25.2. Azərbaycan
mədəniyyətinin inkişafında müstəsna xidmətləri
olan şəxslər Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə
uyğun olaraq orden və medallarla təltif edilirlər.
25.3. Mədəniyyətin
inkişafında xidmətləri olan mədəniyyət
işçilərinin, yaradıcı şəxslərin və
kollektivlərin bioqrafiyası, peşə və
yaradıcılıq fəaliyyətləri barədə məlumat
bazası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
yaradılır.
6-CI FƏSİL
MƏDƏNİYYƏT SAHƏSİNDƏ
DÖVLƏT TƏNZİMLƏMƏSİ
Maddə 26. Mədəniyyət sahəsində
dövlət reyestri sistemi
26.1. Azərbaycan
Respublikasının mədəniyyət sahəsində
dövlət reyestri sistemi dedikdə, bu sahədə reyestrlər,
kataloqlar, uçot sistemləri, mədəniyyət əmlakının
siyahıları və məlumat topluları nəzərdə
tutulur.
26.2. Mədəniyyət
sahəsində dövlət reyestri sistemi mədəniyyət
obyektlərinin kəmiyyət və keyfiyyət göstəricilərindən
ibarət məlumat toplusudur.
26.3. Azərbaycan
Respublikasının milli mədəniyyət əmlakının
Dövlət Siyahısı və mədəni sərvətlərin
mühafizə siyahısı mədəniyyət sahəsində
dövlət reyestri sisteminə daxildir.
26.4. Mədəni
sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət
əmlakının Dövlət Siyahısına və mədəni
sərvətlərin mühafizə siyahısına daxil edilməsi
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən
həyata keçirilir.
Maddə 27. Mədəniyyət sahəsində
dövlət monitorinqi
27.1. Azərbaycan
Respublikasında mədəniyyət sahəsində dövlət
monitorinqi müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti
orqanı tərəfindən həyata keçirilir.
27.2. Mədəniyyət
sahəsində dövlət monitorinqinin məqsədi mədəniyyət
sahəsində dövlət siyasətinin həyata
keçirilməsinin cari vəziyyətinin öyrənilməsi,
çatışmazlıqların və həyata keçiriləcək
dövlət mədəniyyət siyasəti istiqamətlərinin
və mədəniyyət siyasəti tədbirlərinin müəyyən
edilməsidir.
27.3. Mədəniyyət
sahəsində dövlət monitorinqi mədəni sərvətlərin
istifadəsinin və cari vəziyyətinin, mədəniyyət
sənayesinin vəziyyətinin, mədəniyyət məhsullarının
və xidmətlərinin kəmiyyətinin və keyfiyyətinin,
maddi və qeyri-maddi mədəni irs obyektlərinin vəziyyətinə
və istifadə qaydalarına riayət olunmasının, milli
azlıqların mədəni müxtəlifliklərinin vəziyyətinin,
mədəniyyət sahələrində kadr, maddi və
texniki təchizatın cari vəziyyətinin, mədəniyyət
sahəsində elm və təhsil müəssisələrində
təhsil prosesinin və tədris proqramlarının
müşahidələrindən ibarətdir.
Maddə 28. Mədəniyyət sahəsində
rəsmi statistikanın aparılması
28.1. Mədəniyyət
sahəsində məlumatların obyektivliyinin və müqayisəliliyinin
təmin edilməsi məqsədi ilə rəsmi statistika
aparılır.
28.2. Azərbaycan
Respublikasında mədəniyyət sahəsində rəsmi
statistikanın aparılması, o cümlədən məlumatların
yığılması, işlənməsi, bazada yerləşdirilməsi,
ötürülməsi və yayılması "Rəsmi
statistika haqqında" Azərbaycan Respublikasının
Qanununda müəyyən edilmiş qaydada həyata
keçirilir.
Maddə 29. Mədəniyyət sahəsində
elektron məlumat sistemi
29.1. Mədəniyyət
sahəsində dövlət siyasətinin təmin edilməsi,
dövlət reyestrinin və dövlət monitorinqinin
aparılması, mədəniyyət sahəsində fəaliyyət
göstərən subyektlər arasında münasibətlərin
inkişafı məqsədilə müvafiq icra hakimiyyəti
orqanı tərəfindən mədəniyyət sahəsində
elektron məlumat sistemi yaradılır.
29.2. Mədəniyyət
sahəsində elektron məlumat sistemi dövlət
orqanları, bələdiyyələr, fiziki və hüquqi
şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları
arasında mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin qurulmasına, mədəniyyət fəaliyyəti subyektləri arasında məlumat mübadiləsinin
aparılmasına və mədəniyyət sahəsində səmərəli
idarəetmənin təmin olunmasına xidmət edən
kompleks proqram təminatıdır.
29.3. Mədəniyyət
sahəsində elektron məlumat sistemi özündə yerli və
mərkəzi elektron məlumat sistemlərini ehtiva edir.
29.4.
"İnformasiya əldə etmək haqqında",
"İnformasiya, informasiyalaşdırma və
informasiyanın mühafizəsi haqqında", "Dövlət
sirri haqqında" və "Fərdi məlumatlar
haqqında" Azərbaycan Respublikası qanunlarının tələbləri
nəzərə alınmaqla, mədəniyyət
sahəsində elektron məlumat sistemi ümumi istifadə
üçün açıq və alınması məhdudlaşdırılan
məlumatlardan ibarətdir.
29.5. Mədəniyyət
sahəsində elektron məlumat sisteminin tərkibi, təşkili
və idarə olunma qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
7-Cİ FƏSİL
MƏDƏNİ SƏRVƏTLƏR
VƏ AZƏRBAYCAN RESPUBLİKASININ MƏDƏNİ
İRSİ
Maddə 30. Mədəni sərvətlər
30.1. Mədəni
sərvət dedikdə, aşağıdakılar başa
düşülür:
30.1.1. hər
bir xalqın mədəni irsi üçün əhəmiyyəti
olan daşınar və ya daşınmaz sərvətlər
(memarlıq, incəsənət və ya tarixi, dini və ya
dünyəvi abidələr; arxeoloji
qazıntı yerləri; tarixi və ya bədii əhəmiyyət
kəsb edən memarlıq ansamblları; incəsənət əsərləri;
bədii, tarixi və ya arxeoloji əhəmiyyəti olan əlyazmalar,
kitablar və digər əşyalar; elmi kolleksiyalar; kitab və
arxiv materiallarının, yaxud yuxarıda göstərilən
sərvətlərin reproduksiyalarının mühüm
kolleksiyaları);
30.1.2. Bu
qanunun 30.1.1-ci maddəsində göstərilmiş, əsas məqsədi
daşınar mədəni sərvətlərin saxlanması və
ya sərgilənməsi olan binalar (muzeylər, kitabxanalar,
arxivlər, habelə daşınar mədəni sərvətləri
silahlı münaqişə zamanı saxlamaq üçün
istifadə olunan sığınacaqlar);
30.1.3. Bu
qanunun 30.1.1-ci və 30.1.2-ci maddələrdə qeyd olunmuş
mədəni sərvətlərin cəmləşdiyi mərkəzlər.
30.2. Mədəni
sərvətlərə aşağıdakılar aiddir:
30.2.1. təsviri
sənət əsərləri, o cümlədən lövhələr,
şəkillər, rəsmlər, qravürlər, estamplar,
litoqrafiyalar, naxışlar, heykəltəraşlıq əsərləri,
orijinal bədii toplular və montajlar;
30.2.2.
kino, xüsusi əhəmiyyətli televiziya, radio, video
materialları, fotoəsərlər və fotomateriallar, dizayn
işləmələri və memarlıq layihələri;
30.2.3. əlyazmalar,
xüsusi əhəmiyyətə malik kitablar və
kitabçalar, dövri mətbuat materialları, avtoqraflar,
markalar, açıqcalar, mədəniyyət və tarix
profilli arxivlər və arxiv sənədləri, not
yazıları, məktublar, elmi-tarixi yadigarlar, nadir nəşrlər;
30.2.4. tətbiqi-sənət
əsərləri - xalılar və xalça məmulatları,
qızıl, platin, gümüş, qiymətli daşlar, mis və
gildən hazırlanmış əşyalar, keramika məmulatı;
30.2.5. səhnə
və ekran əlbisələri, dekorları, butaforiya və
rekvizitləri;
30.2.6. qədim
nadir kolleksiyalar və otuz ildən çox tarixi olan muzey əhəmiyyətli
əşyalar (o cümlədən mebel, musiqi alətləri və
s.);
30.2.7.
şifahi xalq yaradıcılığı nümunələri;
30.2.8.
arxeoloji komplekslər, arxeoloji və numizmatik xarakterli əşyalar;
30.2.9.
memarlıq abidələri, tikili nümunələri, xatirə
yerləri və məqbərələr;
30.2.10.
park və təbii landşaft obyektləri;
30.2.11.
flora və fauna, mineralogiya, anatomiya nümunələri və
paleontologiya baxımından maraqlı muzey əşyaları.
30.3. Mədəni
sərvətlər dövlətin, bələdiyyələrin,
hüquqi və fiziki şəxslərin, qeyri-hökumət təşkilatlarının,
o cümlədən ictimai və yaradıcılıq birliklərinin
mülkiyyətində ola bilər.
30.4. Mədəniyyət
nümunələrinin Azərbaycan Respublikasında milli mədəni
sərvətlərə aid edilməsi müvafiq icra hakimiyyəti
orqanı tərəfindən ekspertiza yolu ilə müəyyən
edilir. Milli mədəni sərvətin mülkiyyətçisi
onun lazımi saxlanılmasını və mühafizəsini təmin
etməyə borcludur.
30.5. Azərbaycan
Respublikasında yaşayan milli azlıqların mədəniyyət
nümunələri Azərbaycan Respublikasının milli mədəni
sərvətlərinin tərkib hissəsidir.
30.6. Azərbaycan
Respublikasında yaşayan milli azlıqların mədəni sərvətləri
dövlət tərəfindən qorunur.
Maddə 31. Milli mədəni arxivlər
31.1.
Kitabxana, muzey, foto, kino və digər arxiv və fondların
yaradılması və mühafizəsi bu qanunun 20.2-ci maddəsinə
və "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq həyata keçirilir.
31.2. Milli
kitabxana, muzey, foto, kino arxiv və fondlarının vahidliyi və
toxunulmazlığı dövlət tərəfindən təmin
edilir.
31.3.
Dövlət mülkiyyətinə aid, bu qanunun 31-ci maddəsində
nəzərdə tutulmuş arxivlərin (fondların) özgəninkiləşdirilməsi
qadağandır.
Maddə 32. Mədəni irs nümunələri
32.1. Milli
mədəni irsə muzey, incəsənət, audiovizual, (o
cümlədən kino), teatr, kitabxana, əlyazma, arxiv, folklor,
arxeologiya, etnoqrafiya, memarlıq, dekorativ-tətbiqi sənət
nümunələri və tarix-mədəniyyət
qoruqları aiddir.
32.2. Azərbaycan
Respublikasında mədəni irs nümunələrinin
qorunması, bərpası və istifadəsi bu qanunun 20.2-ci
maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş
qaydada həyata keçirilir.
Maddə 33. Daşınmaz mədəni
irs
33.1. Azərbaycan
Respublikasında daşınmaz mədəni irs abidələri
yerləşdirildiyi və ya inşa olunduğu məkanlarda
qorunur.
33.2. Azərbaycan
Respublikasında daşınmaz mədəni irsə
aşağıdakılar aiddir:
33.2.1.
milli mədəni irs üçün önəmli olan
memarlıq, arxeoloji, mədəniyyət və tarixi, dini və
dünyəvi abidələr, o cümlədən tarixi və
bədii maraq kəsb edən arxeoloji, təbii ərazilər və
arxitektura kompleksləri, incəsənət əsərləri;
33.2.2.
daşınar mədəni sərvətlərin qorunması və
ya nümayişini həyata keçirən bina və tikililər,
muzeylər, kitabxanalar və arxivlər, müharibə şəraitində
mədəni sərvətlərin mühafizəsini təmin
edən sığınacaqlar;
33.2.3. mədəni
sərvətlərin toplandığı yerlər.
33.3.
Daşınmaz mədəni irs abidələrinin Azərbaycan
Respublikasının milli mədəniyyət əmlakının
Dövlət Siyahısına və mədəni sərvətlərin
mühafizə siyahısına daxil edilməsi müvafiq
icra hakimiyyəti orqanı tərəfindən həyata
keçirilir. Həmin
siyahılara daxil edilən mədəni irs abidələrinin
və qoruqların mühafizə zonaları və
qoruqların sərhədləri müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə 34. Sualtı mədəni irs
34.1. Azərbaycan
Respublikasının ərazi sularında sualtı mədəni
sərvətlərin sualtı mədəni irs nümunələrinə
aid edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
34.2.
Sualtı mədəni irsə öz təbii və arxeoloji
mühiti ilə birgə suyun altında olan
aşağıdakılar aiddir:
34.2.1.
obyektlər, tikililər və onların qalıqları,
artefaktlar və paleontoloji qalıqlar;
34.2.2. gəmilər,
uçuş və nəqliyyat vasitələri və ya
onların hissələri, onların yükü və
içindəki digər əşyalar;
34.2.3. qədim
tarixi əşyalar.
34.3.
Sualtı mədəni irs nümunələrindən istifadə
qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 35. Milli mədəni irs
obyektləri
35.1. Nadir
tarixi, arxeoloji, bədii, elmi, estetik dəyərlərə
malik olan və Azərbaycan xalqı üçün xüsusi
əhəmiyyət daşıyan mədəni irs obyektlərinin
müəyyən edilməsi və qorunması bu qanunun 20.2-ci
maddəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikasının qanunlarına uyğun olaraq tənzimlənir.
35.2.
Xüsusi əhəmiyyət daşıyan mədəniyyət
obyektlərinin milli mədəni irs obyektlərinə aid edilməsi
müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata
keçirilir.
35.3. Azərbaycan
Respublikasının milli mədəni irs obyektləri başqa
dövlətlər tərəfindən mənimsənilə
bilməz.
Maddə 36. Qeyri-maddi mədəni irs
36.1. Azərbaycan
Respublikasında qeyri-maddi mədəni irs nümunələri
dövlət tərəfindən qorunur.
36.2.
Qeyri-maddi mədəni irs nümunələrinin qorunması
özündə eyniləşdirmə, sistemləşdirmə,
saxlanma, mühafizə, yaxşılaşdırma, nəsildən-nəslə
ötürülmə daxil olmaqla mədəni irsin müxtəlif
aspektlərinin bərpası istiqamətində keçirilən
fəaliyyətlərlə təmin edilir.
36.3.
Qeyri-maddi mədəni irsin müəyyən edilməsi,
sistemləşdirilməsi və təşviqi məqsədilə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən mədəniyyət
sahəsində dövlət reyestri sisteminə daxil olan,
qeyri-maddi mədəni irs nümunələrinin dövlət
reyestri aparılır.
36.4.
Qeyri-maddi mədəni irs özündə aşağıdakıları
ehtiva edir:
36.4.1.
diyarşünaslıq (adət və ənənələr,
bayram və mərasimlər, tarixi rəmz nümunələri
və sirlər);
36.4.2.
folklor (ifaçılıq, musiqi və rəqslər,
şifahi yaradıcılıq, oyun və tamaşalar);
36.4.3. sənətkarlıq
(tətbiqi sənət, ənənəvi dekorativ sənət,
milli təsviri yaradıcılıq).
Maddə 37. Milli kulinariya nümunələri
37.1. Azərbaycan
Respublikasında milli kulinariya nümunələrinin sistemləşdirilməsi,
qorunması, təbliği müvafiq icra hakimiyyəti
orqanı tərəfindən həyata keçirilir.
37.2.
Kulinariya nümunələrinin milli mədəni irsə aid
edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən
həyata keçirilir.
Maddə 38. Milli mədəni irsin
mühafizəsinə dair öhdəliklər
38.1. Azərbaycan
Respublikasında milli tarixi, təbii və mədəni irs
obyektlərini, o cümlədən tarix, təbiət və mədəniyyət
abidələrini qorumaq hər kəsin borcudur.
38.2. Azərbaycan
Respublikasında təbiət komplekslərinin, tarixi ərazilər
və mədəni irs abidələrinin qoruq elan edilməsi
müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata
keçirilir.
38.3. Milli
mədəni irsin mühafizəsi sistemi dövlət
orqanları və bələdiyyələr tərəfindən
həyata keçirilən qanuni hüquqi, maddi-texniki və təşkilati
tədbirlərdən ibarətdir.
38.4. Milli
mədəni irs obyektlərinin sahiblərinə həmin
obyektlərin mühafizəsini təmin etmək məqsədi
ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilən təminatlar verilir.
38.5. Milli
mədəni irs obyektlərinin mühafizəsi mədəniyyət
sahəsində dövlət reyestri sistemi vasitəsilə təmin
edilir.
Maddə 39. Mədəni sərvətlərin
mühafizəsi
39.1. Mühafizə
məqsədilə mədəni sərvətlərə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunmuş qaydada qabaqlayıcı,
konservasiya, bərpa və xüsusi mühafizə dərəcələri
tətbiq edilir.
39.2.
Mühafizənin qabaqlayıcı dərəcəsi tətbiq
edilmiş mədəni sərvətlərin müvafiq icra
hakimiyyəti orqanı ilə razılaşdırılmadan
sökülməsi, məhv edilməsi, parçalanması,
yeni quruluşa salınması, başqa yerə
köçürülməsi və zahiri görkəminin dəyişdirilməsi
qadağandır.
39.3.
Mühafizənin konservasiya dərəcəsi, istifadədən
tamamilə çıxarılmalı və ya müvafiq icra
hakimiyyəti orqanının nəzarəti altında məhdud
dairədə istifadə edilməli olan mədəni sərvətlərə
aid edilir.
39.4.
Mühafizənin bərpa dərəcəsi, ilkin mədəniyyət
təyinatına qaytarılması üçün bərpa
işlərinə ehtiyacı olan mədəni sərvətlərə
şamil edilir. Mühafizənin bərpa dərəcəsi tətbiq
olunana qədər obyekt barədə konservasiya dərəcəsi
müəyyən edilə bilər.
39.5.
Xüsusi mühafizə dərəcəsi Azərbaycan
Respublikasının milli mədəniyyət əmlakının
Dövlət Siyahısına daxil olan mədəni sərvətlərə
şamil edilir.
39.6.
Mühafizə dərəcəsi olan mədəni sərvətlərin
mülkiyyətçisi və ya istifadəçisinin
müvafiq icra hakimiyyəti orqanı ilə münasibətləri
mühafizə müqaviləsi ilə müəyyən
olunur.
8-Cİ FƏSİL
MƏDƏNİ SƏRVƏTLƏRDƏN
İSTİFADƏNİN TƏNZİMLƏNMƏSİ
Maddə 40. Mədəniyyət
obyektlərindən istifadə rejimi
40.1.
Dövlət və bələdiyyə mülkiyyətində
olan mədəniyyət obyektlərinin istifadəsi öz
tarixi və bədii təyinatına uyğun və bu qanunda
müəyyən edilmiş qaydada həyata keçirilir.
40.2.
Dövlət və bələdiyyə mülkiyyətində
olan mədəniyyət obyektləri digər şəxslərin
istifadəsinə və ya idarəçiliyinə verildiyi
halda, mədəniyyət obyektlərinin təyinatına
uyğun istifadə edilməsi təmin olunmalıdır.
40.3.
Tarixi, arxeoloji, şəhərsalma, arxitektura və monumental sənət
abidələrinin, təbii-landşaft obyektlərinin
mühafizəsini təmin etmək məqsədilə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin
obyektlərin mühafizə zonaları müəyyən
edilir.
40.4. Azərbaycan
Respublikasının ərazisində arxeoloji
qazıntıların aparılmasına və arxeoloji mədəni
sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda
elmi tədqiqat işlərinin yerinə yetirilməsinə icazə Azərbaycan Milli Elmlər
Akademiyası tərəfindən verilir və müvafiq icra
hakimiyyəti orqanında qeydə alınır. Bu maddədə
qeyd olunan işləri aparan (yerinə yetirən) şəxs
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada Azərbaycan Milli Elmlər Akademiyasına və
müvafiq icra hakimiyyəti orqanına aparılmış tədqiqat
işləri barədə hesabat verir.
40.5.
Dövlət mühafizəsində olan mədəniyyət
obyektlərində aparılan bərpa, təmir-tikinti,
rekonstruksiya və konservasiya işlərinin layihələri
müvafiq icra hakimiyyəti orqanı ilə
razılaşdırılmalıdır. Layihə üzrə
işlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təyin edilmiş mütəxəssisin iştirakı ilə
həyata keçirilir.
40.6.
Daşınmaz tarix və mədəniyyət abidələrinin
bərpası, konservasiyası, təmir-tikintisi,
rekonstruksiyası, ərazilərinin
abadlaşdırılması "Tarix və mədəniyyət
abidələrinin qorunması haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq aparılır.
40.7.
Dövlət və bələdiyyə mülkiyyətində
olan mədəniyyət obyektlərinin istifadəsi nəticəsində
əldə edilən gəlir mədəniyyət obyektinin
qorunmasına, bərpasına və saxlanılmasına sərf
edilməlidir.
Maddə 41. Mühafizə olunan mədəni
sərvətlərin siyahısı
41.1.
Mühafizə olunan mədəni sərvətlərin
siyahısının aparılması müvafiq icra hakimiyyəti
orqanı tərəfindən həyata keçirilir.
41.2.
Mühafizə olunan mədəni sərvətlərin
siyahısına daxil edilən hər bir mədəni sərvətə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəhadətnamə
verilir.
Maddə 42. Mədəni sərvətlərin
ixracı
42.1. Mədəni
sərvətlərin ixracının mümkünlüyü
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
verilmiş mədəni sərvətin mühafizə şəhadətnaməsi
ilə müəyyən edilir.
42.2. Sərgi,
qastrol səfərləri, bərpa işləri, prezentasiya,
beynəlxalq mədəniyyət tədbirlərinin
keçirilməsi halları istisna olmaqla, Azərbaycan
Respublikasının milli mədəniyyət əmlakının
Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlərin
Azərbaycan Respublikasının ərazisindən
aparılması qadağandır.
42.3. Sərgi,
qastrol səfərləri, bərpa işləri, təqdimat,
beynəlxalq mədəniyyət tədbirlərinin
keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin
müvəqqəti ixracı qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə 43. Mədəniyyət sahəsində
qadağalar
43.0. Mədəniyyət
sahəsində aşağıdakı hərəkətlərə
yol verilmir:
43.0.1. Azərbaycan
Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi
bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi,
müdafiə, elmi-texniki potensialına və milli
maraqlarına zərər vura biləcək təbliğatın
aparılmasına;
43.0.2.
müharibənin, sosial, irqi, milli, dini, təbəqə, nəsil
üstünlüyünün təbliğinə və təşviqinə
yönəlmiş çağırışların səsləndirilməsini
nəzərdə tutan mədəniyyət tədbirlərinin
keçirilməsinə;
43.0.3.
zorakılığın, pornoqrafiyanın, narkomaniyanın təbliğinə
və təşviqinə yönəlmiş
çağırışların səsləndirilməsini nəzərdə
tutan mədəniyyət tədbirlərinin keçirilməsinə;
43.0.4.
milli mədəni irs nümunələrinin Azərbaycan
Respublikasının ərazisindən qanunsuz
aparılmasına;
43.0.5.
irqindən, milliyyətindən, dinindən, dilindən, sosial mənşəyindən,
qulluq mövqeyindən, əqidəsindən, ictimai birliklərə
mənsubiyyətindən asılı olmayaraq mədəniyyət
sahəsində əsas insan və vətəndaş hüquq
və azadlıqlarının məhdudlaşdırılmasına;
43.0.6. mədəni
və təbii irsin tarixi və bədii təyinatı ilə
bir araya sığmayan tərzdə istifadə edilməsinə;
43.0.7.
"Müəlliflik hüququ və əlaqəli hüquqlar
haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə
əməl edilməklə, mülkiyyətçisinin və
ya istifadəçisinin razılığı olmadan mədəni
sərvətlərin nüsxələndirilməsi, habelə
onlardan turizm, ekskursiya və reklam məqsədilə istifadə
edilməsinə;
43.0.8. mədəni
sərvətlərin sökülməsi, məhv edilməsi,
parçalanması, yeni quruluşa salınması, başqa
yerə köçürülməsi və zahiri görkəminin
dəyişdirilməsinə.
9-CU FƏSİL
MƏDƏNİYYƏT SAHƏSİNİN
MALİYYƏ-İQTİSADİ TƏNZİMLƏNMƏSİ
Maddə 44. Mədəniyyət sahəsinin
maliyyə-iqtisadi təminatı
44.1. Azərbaycan
Respublikasında mədəniyyət sahəsinin
aşağıdakı maliyyə mənbələri
vardır:
44.1.1.
dövlət büdcəsindən ayırmalar;
44.1.2.
yerli büdcədən ayırmalar;
44.1.3. mədəniyyət
sahəsində fəaliyyətdən əldə olunan gəlir;
44.1.4. digər
qanuni maliyyə mənbələri.
44.2. Mədəniyyət
sahəsinin dövlət büdcəsindən maliyyələşdirilməsi
mədəni irsin qorunması və inkişafının əsas
təminatıdır. Həmin maliyyə təminatı
"Büdcə sistemi haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq həyata
keçirilir.
44.3. Mədəniyyət
sahəsinin inkişafı məqsədilə, mədəniyyət
sahəsində fəaliyyət göstərən subyektlərə
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə
uyğun olaraq vergi güzəştləri tətbiq edilir.
Maddə 45. Mədəniyyət sahəsində
layihələrin maliyyələşdirilməsi
45.1.
Müvafiq icra hakimiyyəti orqanı mədəniyyət
müəssisələrinin bərpası, maddi-texniki
bazasının gücləndirilməsi, kadr
potensialının bilik və bacarıqlarının
artırılması məqsədilə "Dövlət
satınalmaları haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq layihələrin
maliyyələşdirilməsini həyata keçirir.
45.2.
Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət
sahəsində keçirilən tədbirlərin dövlət
maliyyələşdirilməsi qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
45.3. Mədəniyyət
sahəsində ədəbiyyat, incəsənət, dizayn,
arxitektura, musiqi, xoreoqrafiya, teatr və sirk, kino, muzey və
kitabxana, rəssamlıq və heykəltəraşlıq, xalq
yaradıcılığı, folklor istiqamətlərinin
inkişafında və mədəniyyət sahəsində təhsil
və elmi araşdırmalar üzrə layihələrin həyata
keçirilməsində dövlət maliyyələşdirilməsi
məqsədəuyğun xarakter daşıyır.
Maddə 46. Mədəniyyət sahəsində
xeyriyyəçilik fəaliyyəti
Mədəniyyət
sahəsində xeyriyyəçilik və sponsorluq fəaliyyəti
"Qeyri-hökumət təşkilatları (ictimai birliklər
və fondlar) haqqında",
"Qrant haqqında", "Televiziya və radio
yayımı haqqında" və "Reklam haqqında"
Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata
keçirilir.
Maddə 47. Mədəniyyət sahəsində
özəlləşdirmə məsələləri
47.1.
Dünya təbii və mədəni irs siyahısına daxil
edilmiş, həmçinin milli mədəni və təbii
irsə aid dövlət əmlakının özəlləşdirilməsi
qadağandır. Həmin əmlakın siyahısı
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq
edilir.
47.2. Bu
qanunun 47.1-ci maddəsində qeyd olunan əmlakın bələdiyyələr
tərəfindən özgəninkiləşdirilməsinə
yol verilmir.
47.3.
Dövlət mədəniyyət müəssisələrinin
və onlara məxsus mədəni sərvətlərin, o
cümlədən dövlət mülkiyyətində olan
kitabxana, klub, arxiv, muzey, incəsənət fond və arxivlərinə
aid mədəniyyət obyektlərinin, tarix və mədəniyyət
abidələrinin, mədəniyyət müəssisələrinin
yerləşdiyi binaların və ərazilərin özəlləşdirilməsi
"Dövlət əmlakının özəlləşdirilməsi
haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
47.4.
"Dövlət əmlakının özəlləşdirilməsi
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq, mədəniyyət obyektlərinin özəlləşdirilməsinə
aşağıdakı şərtlərdən birinə riayət
olunmaqla, icazə verilir:
47.4.1. mədəni
sərvətlərin bərpası, qorunması və təbliği
əsas fəaliyyət kimi müəyyən olunduqda;
47.4.2. mədəniyyət
məhsullarının istehsalı və ya xidmətlərinin
göstərilməsi əsas fəaliyyət kimi müəyyən
olunduqda;
47.4.3. əhaliyə
mədəniyyət məhsullarının və xidmətlərinin
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş güzəştlərlə təqdim
olunması əsas fəaliyyət kimi müəyyən
olunduqda.
Maddə 48. Mədəniyyəti
maliyyələşdirmə fondları
48.1. Mədəniyyət
sahəsinin maliyyələşdirilməsinə əlavə vəsaitin
cəlb edilməsi məqsədilə mədəniyyəti
maliyyələşdirmə fondları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən "Büdcə sistemi
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq yaradılır.
48.2. Bu
qanunun 48.1-ci maddəsində nəzərdə tutulmuş məqsədlə
hüquqi və fiziki şəxslər tərəfindən mədəniyyəti
maliyyələşdirmə fondları yaradıla bilər.
48.3. Mədəniyyəti
maliyyələşdirmə fondları öz fəaliyyətlərini
şəffaflıq, aşkarlıq, bərabərlik və səmərəlilik
prinsiplərinə uyğun həyata keçirirlər.
10-CU FƏSİL
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ
Maddə 49. Mədəniyyət sahəsində
beynəlxalq əməkdaşlıq
49.1. Mədəniyyət
sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan
Respublikasının mədəniyyət sahəsində həyata
keçirilən dövlət siyasətinin prioritet istiqamətidir.
49.2. Mədəniyyət
sahəsində beynəlxalq təşkilatlarla və dövlətlərarası
əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
uyğun olaraq həyata keçirilir.
49.3. Mədəniyyət
sahəsində beynəlxalq əməkdaşlığın
məqsədi beynəlxalq mədəni sərvətlər
bazarında Azərbaycan Respublikasının mövqeyinin
möhkəmlənməsi və genişləndirilməsidir.
49.4. Mədəniyyət
sahəsində beynəlxalq əməkdaşlıq şəxslərin
bilik və bacarıqlarının, təcrübə və
nailiyyətlərinin beynəlxalq səviyyədə
mübadiləsinin stimullaşdırılması prinsipi əsasında
həyata keçirilir.
Maddə 50. Beynəlxalq əməkdaşlıq
sahəsində dövlət mədəniyyət siyasətinin
prioritetləri
50.1. Azərbaycan
Respublikası mədəniyyət sahəsində beynəlxalq
əməkdaşlığın genişləndirilməsini
prioritet istiqamət kimi qəbul edir.
50.2. Mədəniyyət
sahəsində beynəlxalq əməkdaşlığın əsas
istiqamətləri aşağıdakılardır:
50.2.1.
beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə
milli mədəniyyətin xarici ölkələrdə təbliği;
50.2.2. mədəni
sərvətlərin birgə istehsalının
stimullaşdırılması;
50.2.3. mədəniyyətlərarası
dialoqun dəstəklənməsi;
50.2.4.
xarici dövlətlərin mədəni irslərinin
qorunması, bərpası və inkişafının dəstəklənməsi;
50.2.5.
dünya mədəni irs obyektlərinin qorunması, bərpası
və inkişafının dəstəklənməsi;
50.2.6.
yeni texnologiyaların beynəlxalq mübadiləsi;
50.2.7. ən
qabaqcıl təcrübələrin beynəlxalq mübadiləsi;
50.2.8.
beynəlxalq informasiya sistemlərinin tətbiqi.
Maddə 51. Xarici dövlətlərdə
mədəniyyət fəaliyyəti
51.1. Azərbaycan
Respublikası xarici dövlətlərdə Azərbaycan mədəniyyətinin
qorunması, təbliği və inkişafı məqsədilə
tədbirlərin görülməsini təmin edir.
51.2. Azərbaycan
Respublikası xaricdə yaşayan azərbaycanlılarla mədəni
əlaqələr yaradır və inkişaf etdirir, onların
mədəniyyət mərkəzlərinin, fondlarının və
mədəniyyət sahəsində digər təsisatlarının
məqsədyönlü fəaliyyətinə köməklik
göstərir.
51.3. Azərbaycan
mədəniyyətinin qorunması və inkişafı məqsədilə
hüquqi və fiziki şəxslər tərəfindən
xarici dövlətin ərazisində təsis edilən mədəniyyət
mərkəzləri öz fəaliyyətini Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə digər hal nəzərdə
tutulmamışdırsa, həmin dövlətin qanunvericiliyinə
uyğun olaraq həyata keçirirlər.
Maddə 52. Azərbaycan
xalqının xarici dövlətlərdə milli mədəni
və təbii irsi
52.1. Azərbaycan
Respublikası Azərbaycan xalqının xarici dövlətlərin
ərazisində yerləşən (olan) milli mədəni və
təbii irsinin aşkarlanması, bərpası və
qorunması istiqamətində məqsədyönlü siyasət
həyata keçirir.
52.2. Azərbaycan
Respublikası tərəfdar çıxdığı beynəlxalq
müqavilələr əsasında digər dövlətlərin
ərazisində Azərbaycan Respublikasından qeyri-qanuni yolla
çıxarılmış milli mədəni irs nümunələrinin
geri qaytarılmasına dair məqsədyönlü siyasət
həyata keçirir.
52.3. Azərbaycan
Respublikasının ərazisindən qeyri-qanuni yolla
çıxarılmış milli mədəni irs nümunələri
yerləşdiyi ölkədən, yerdən,
çıxarıldığı vaxtdan və şəraitdən
asılı olmayaraq Azərbaycan Respublikasına
qaytarılmalıdır.
Maddə 53. Azərbaycan
xalqının milli mədəni və təbii irsinin beynəlxalq
mühafizəsi
Azərbaycan
Respublikası Azərbaycan xalqının milli mədəni və
təbii irsinə zərərin vurulmasının və ya zərərin
vurulması təhlükəsinin qarşısını almaq
məqsədilə, tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə uyğun olaraq, beynəlxalq
yardımın göstərilməsini və ya beynəlxalq
gücləndirilmiş mühafizə statusunun verilməsini tələb
edir.
Maddə 54. Azərbaycan
Respublikasına məxsus mədəniyyət təsisatlarına
xarici dövlətlər tərəfindən maliyyə vəsaitinin
ayrılması
Azərbaycan
Respublikasına məxsus mədəniyyət təsisatlarına
xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən
maliyyə vəsaitinin ayrılması Azərbaycan
Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələr əsasında həyata keçirilir.
Maddə 55. Beynəlxalq mədəniyyət
təşkilatlarının Azərbaycan Respublikasının ərazisində
fəaliyyəti
Beynəlxalq
mədəniyyət təşkilatlarının Azərbaycan
Respublikasının ərazisində fəaliyyəti Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr və bu qanunla tənzimlənir.
11-Cİ
FƏSİL
YEKUN MÜDDƏALAR
Maddə 56. Qanunun pozulmasına
görə məsuliyyət
Bu qanunun
tələblərini pozan şəxslər Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə
uyğun məsuliyyət daşıyırlar.
Maddə 57. Keçid müddəalar
Bu qanun
qüvvəyə mindiyi gündən "Mədəniyyət
haqqında" Azərbaycan Respublikasının 1998-ci il 6
fevral tarixli 430-IQ nömrəli qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 4, maddə
223; 2001, ¹ 11, maddə 688; 2002, ¹ 5, maddə 245, ¹
12, maddə 706; 2006, ¹ 12, maddə 1016; 2011, ¹ 2, maddə
71) ləğv edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 21 dekabr
2012-ci il
Azərbaycan.- 2013.- 17 fevral.- S.2-4.