«Əsrin müqaviləsi»nin
kulminasiyası
İlkin nefti 8 il əvvəl çıxarılan "Azəri" hazırda dünyada istismar edilən ən böyük yataqlardan biridir. Mütəxəssislər bunu təbii ki, yatağa məxsus karbohidrogen ehtiyatlarının zənginliyinə, onun ərazisinin genişliyinə, gətirməkdə olduğu gəlirlərin həcminə, eləcə də vaxtilə - tikinti zamanı layihəyə cəlb edilmiş işçi qüvvəsinin sayına görə söyləyiblər.
Dünyada elə yataqlar var ki, onlar öz hüdudlarında bir neçə yatağı birləşdirirlər. Azərbaycan payına belə yataqlar düşmüş neft regionlarındandır. Dayaz və dərin hissədən ibarət "Günəşli", ehtiyatları iki mərhələdə işlənən nəhəng "Şahdəniz", bir qolu dənizdə, bir qolu quruda olan "Pirallahı" və "Çilov" yataqlarının adını çəkmək kifayətdir.
"Azəri" isə hətta üç yatağın birləşməsindən yaranıb. Onun mərkəzi, qərb və şərq hissələri var. Təsadüfi deyil ki, "Əsrin müqaviləsi"nin tərkib hissəsi olan yatağın işlənməsi iki mərhələdə aparılıb. İlk mərhələdə "Mərkəzi Azəri", növbəti mərhələdə isə "Qərbi Azəri" və "Şərqi Azəri" yataqları işlənib.
2005-ci ilin fevralında neft verən "Mərkəzi Azəri" Xəzərdə, Bakıdan təxminən 100 kilometr şərqdə yerləşir. Burada quraşdırılmış platformanın dayaqları suyun 128 metr dərinliyində qərar tutub.
Ölkə Prezidenti İlham Əliyev neft hasilatının başlanması münasibətilə fevralın 18-də platformada keçirilən təntənəli mərasimdə iştirak etdi. Dövlət başçısı buradakı çıxışında dedi: "Bu gün "Azəri" yatağında ilk neftin çıxarılması bir daha onu göstərir ki, qarşıya qoyulmuş bütün vəzifələr, planlar həyata keçirilir. Bütün çətinliklərə, maneələrə baxmayaraq, çətin geosiyasi vəziyyətdə Azərbaycan Xəzər dənizinin özünə məxsus olan sektorunda uğurla işləyibdir, qarşıda duran bütün vəzifələr həyatda öz əksini tapıbdır".
"Mərkəzi Azəri"dən hasil olunan neft bütövlükdə "Azəri" yatağının ilk nefti idi və bu, böyük əhəmiyyət daşıyırdı. Doğrudur, "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsi çərçivəsində "Çıraq" yatağından artıq 8 il idi ki, neft çıxarılırdı. "Azəri"nin neft verməsi isə AÇG müqaviləsinin öz kulminasiya nöqtəsinə çatması demək idi. Çünki "Azəri" AÇG daxilində işlənən ən böyük yataqdır.
AÇG-dəki digər yataqlarda olduğu kimi, "Azəri"də də BP (o, həm də əməliyyatçıdır, Böyük Britaniya), ARDNŞ (Azərbaycan), "Şevron" (ABŞ), "İnpeks" (Yaponiya), "Statoyl" (Norveç), "EksonMobil" (ABŞ), TPAO (Türkiyə), "İtoçu" (Yaponiya), "Hess" (ABŞ) şirkətləri tərəfdaşlıq edirlər.
Neft hasilatına başlanmazdan əvvəl layihə çərçivəsində geniş inşaat işləri aparılmışdı. Onun miqyasını tikintinin bir neçə il müxtəlif obyektlərdə, həm dənizdə, həm də quruda aparılması da göstərdi. Bu da təsadüfi deyil. Çünki bütövlükdə "Azəri" yatağı dörd platformanın istismar olunduğu bir dəniz məkanıdır.
"Mərkəzi Azəri" obyektləri isə 48 quyu gövdəsinə malik Hasilat, Qazma və Yaşayış Platformasından, Səngəçal terminalınadək 30 düymlük sualtı neft və 28 düymlük sualtı qaz kəmərindən, terminalda hasilatı qəbul etmək üçün müvafiq qurğulardan ibarətdir. Bu işlənmə planı gündəlik 420 min barel neftin texnoloji emalı üçün layihələşdirilib.
"Mərkəzi Azəri"də kompressor və suvurma platforması (KvəSP) da quraşdırılıb. Yaşayış, qazma, hasilat, texnoloji emal, kompressiya və suvurma-qazvurma qurğularını özündə birləşdirən iri bir dəniz obyektləri sistemini yaratmaq məqsədilə platformalar bir-birinə körpü vasitəsilə birləşdirilib.
"Mərkəzi Azəri"nin nefti sualtı borularla Səngəçala çatdırılır. Hasil olunan qazın bir hissəsi laylardakı təzyiqi saxlamaq üçün və yanacaq kimi platformalarda istifadə olunur. Qalanı isə Səngəçal terminalındakı texnoloji emal obyektlərinə nəql edilir və buradan Azərbaycanın daxili istifadəsi üçün "Azəriqaz" sisteminə ötürülür.
"Mərkəzi Azəri"də hazırda
20 quyu istismardadır (14 hasilat,
5 qaz injektor və bir suvurma quyusu).
Ötən il oradan gündə orta hesabla 158 min barel neft əldə
edilib. Ümumilikdə
isə hazırda
AÇG-də 65 hasilat
quyusu və 29 injektor quyusu istismardadır.
Qeyd edək
ki, AÇG-nin bütün platformaları
ölkə daxilində
quraşdırılıb. "Azəri"
yatağındakı hasilat
platformaları Heydər
Əliyev adına
Bakı Dərin Özüllər Zavodunda tikilib. KvəSP-nin göyərtəsi isə Bakının Bibiheybət ərazisində,
ATA (AMEK-Tekfen-Azfen) alyansının tikinti-quraşdırma
sahəsində inşa
edilib. Bu işlər həyata keçirilməzdən əvvəl
həmin obyektlər tamamilə təzədən
qurulub.
8 il əvvəl Bakı-Tbilisi-Ceyhan kəmərinin tikintisi başa çatanda bu boru xəttinə məhz "Azəri" yatağından alınan neft vurulmalı idi. Hasilata "Mərkəzi Azəri"dən başlanması bu məqsədi reallaşdırmağa imkan verdiyi üçün də mühüm əhəmiyyət kəsb edirdi.
Bütün işlər qrafikə uyğun, nəzərdə tutulduğu kimi gedirdi. Beləliklə, həmin il mayın 25-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərinə Səngəçal terminalından ilk neft vuruldu. O vaxtdan bəri "Mərkəzi Azəri"dən hasilat platformadan aparılan qazma işləri nəticəsində ilbəil artıb və artım bu gün də ahəngdarlıqla davam edir.
Flora SADIQLI
Azərbaycan.- 2013.- 17 fevral.- S.1.