Küləklərin qoruduğu
şəhər
Paytaxtın
havasının təmiz saxlanması hamımızın
ümdə vəzifəsi olmalıdır
Dünyanın böyük şəhərlərinin
ən ciddi problemi havanın hədsiz dərəcədə
çirklənməsidir. Meqapolislərdə havaya atılan tullantıların 60-90 faizi avtomobillərin payına düşür.
Müqayisə üçün qeyd edək ki, ABŞ-da havanın 75 faizi
avtomobillərin hesabına çirklənir. Böyük şəhərlərdə
tüstü, toz, duman və avtomobillərdən ayrılan zəhərli
qazlar ən ağır xəstəliklərə
və minlərlə insanın ölümünə səbəb
olur. 20 milyon əhalisi
olan Pekində 4 milyon
avtomobildən çıxan zəhərli qazlar
duman kimi ətrafı
bürüyür və ildə 150
günə qədər Günəş göydə görünmür. Xəstəxanalara ürək-damar,
ağ ciyər, sinir xəstəliklərindən
müraciət edənlərin sayı-hesabı olmur. Bu baxımdan Bakı
planetin bəxti gətirən şəhərlərindəndir.
Külək gecə-gündüz, aramsız olaraq çalışır, 700 min avtomobilin zəhərli
qazlarını onların törədə biləcəyi xəstəliklərin
təhlükəsi ilə birlikdə bu
şəhərdən ya dənizə qovur, ya da
ki əks istiqamətə
uzaqlaşdırır.
Müasir
dünyada böyük şəhərlər əsl ekoloji fəlakətlərlə
üzləşir. Çünki planetin 7 milyard sakininin 50 faizə yaxını şəhərlərdə
yaşayır. Avtomobillərin sayı da kəskin
bir sürətlə artmaqda
davam edir. XX əsrin əvvəllərində
Bakının əhalisi 200 min, ölkə
üzrə avtomobillərin sayı cəmi 36 ədəd idisə,
90-cı illərdə əhalinin sayı milyonu,
avtomobillərin sayı isə 100 mini keçdi. Son 20 ildə paytaxtda əhalinin
sayı 3, avtomobillərin sayı isə 7 dəfə
artıb. İqtisadi yüksəlişin zəminində
maddi imkanı yaxşılaşan yüz minlərlə insanın avtomobil alması şəhərin
ekologiyasına şübhəsiz ki, mənfi təsir edir.
20-30 il əvvəl Bakıda çoxmərtəbəli
binaların həyətində cəmi bir-iki maşın dayanırdısa, indi iki-üç avtomobil saxlayan ailələrin
sayı-hesabı yoxdur. 1995-ci ilə qədər
Azərbaycanda təxminən hər 22 nəfərə bir, 2011-ci ildə isə artıq hər 10 nəfərə
bir avtomobil düşürdü.
Bizə
komfort, rahatlıq və sürət bəxş edən
maşınlar şəhəri qədərsiz səs-küy və zəhərli tullantılarla
çirkləndirərək bir sıra xəstəliklərin
artmasına səbəb olur. Əlbəttə,
Bakı Pekin deyil, tez-tez istiqamətini dəyişən küləklər
paytaxtın əvəzsiz ekoloji
sanitarı rolunu oynasa
da, qabaqlayıcı tədbirlərə həmişə
ehtiyac var.
Dövlət
tərəfindən havanın təmiz saxlanması, çirklənməməsi
üçün ciddi addımlar atılır. Ətraf mühitə daha çox ziyan vurduğuna görə keçmiş
SSRİ ölkələrində istehsal olunan avtomobillərin, digər dövlətlərin
köhnəlmiş minik vasitələrinin
ölkəyə gətirilməsi qadağan
edilmişdir. Ekoloji
parametrləri Avropa
standartlarına uyğun müasir
texnologiyaların, minik vasitələrinin
ölkəyə gətirilməsinə üstünlük
verilir. Nəqliyyat vasitələrinin texniki tələblərə uyğunluğunu
müəyyən etmək məqsədilə Azərbaycan
Respublikası Nəqliyyat Nazirliyinin
2003-cü il 15 sentyabr
tarixli sərəncamı ilə texniki müayinə mərkəzi
yaradılmışdır.
Bir
avtomobil 100 kilometr məsafəni
qət edərkən bir adamın bir il ərzində işlətdiyi
oksigeni yandırır. İndi
Bakı şəhərində 700 minə yaxın avtomobil var. Bir mühərrikin yandırdığı hər
litr benzindən havaya
450 qram dəm qazı ayrılır. Təxminən hər avtomobilin ən
azından 2 kiloqram dəm qazı
buraxdığını nəzərə alsaq,
700 min avtomobilin hər
gün 1400 ton zəhərli
tullantı atdığını hesablaya
bilərik. Əlbəttə, real rəqəmlər
az və ya çox ola bilər.
Lakin bizim təxmini
hesablamalarımız onu deməyə əsas
verir ki, 1400 ton zəhərli qazı şəhərin
üstündən kənara qovmaq güvəndiyimiz
küləklər üçün də
asan deyil. Ona görə də Bakı şəhərində
həyata keçirilən ekoloji tədbirlərin
daha da mükəmməlləşdirilməsi taleyüklü
məsələdir.
Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit
üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət
Avazova ümumilikdə insan və avtomobil sıxlığı
ilə fərqlənən 6 böyük şəhərdə
və Bakıda havanın mühafizəsi və ekoloji
sağlamlığı qorumaq məqsədi ilə sutkada 3 dəfə
atmosfer tərkibinin ölçüldüyünü bildirir. 2010-cu
ildən "Avro-2", "Avro-3" standartlarının tətbiq
edilməsi ekoloji mühitin
atmosfer tullantılarından qorunmasında
atılan ciddi addımlardan biridir. Bu sırada nəqliyyatın intellektual
idarə edilməsi sisteminin
yaradılmasını da xüsusi
vurğulamaq lazımdır.
M.Avazova
onu da qeyd etdi ki, eyni problemi yaşayan böyük şəhərlərdən
fərqli olaraq, bəzi istisnaları çıxmaqla Bakı
hava çatışmazlığı ilə bağlı elə
ciddi problemlərlə üzləşmir. Buna da əsas səbəb
şəhərin həmişə küləkli
olmasıdır. Ekologiya və Təbii Sərvətlər
Nazirliyi tərəfindən ildə bir dəfə
keçirilən "Təmiz hava
aylığı" insanları maarifləndirmək və məsuliyyət
hissini aşılamaqda əvəzsiz rol oynayır.
Paytaxt
Bakıda ekoloji mühitin qorunması istiqamətində
mütəmadi olaraq qabaqlayıcı tədbirlər həyata
keçirilir. 2001-ci ilin
mart ayında təsdiq olunmuş
"Atmosfer havasının mühafizəsi
haqqında" Azərbaycan Respublikasının Qanununda ətraf mühitin
qorunması ilə bağlı bütün
müddəalar öz əksini
tapmışdır. Eyni zamanda, "Nəqliyyat
haqqında" Azərbaycan Respublikasının Qanununda göstərilir ki,
nəqliyyatın fəaliyyəti prosesində ətraf mühitin və əhalinin təhlükəsizliyinə
zəmanət verən atmosfer
havasının, torpaqların, suyun, bitki və heyvanlar aləminin
çirklənmədən qorunmasını, təbii
ehtiyatların səmərəli istifadəsini və istehsalını təmin edən ekoloji norma və qaydalara əməl olunmalıdır. Onu da qeyd
edək ki, şəhər nəqliyyatında
metro ekoloji baxımdan
ən təmiz nəqliyyat növüdür.
Maraqlıdır ki, gün
ərzində metrodan istifadə edənlərin
sayı paytaxtdakı avtomobillərin sayına bərabərdir.
Ümid etmək olar ki, Bakı bulvarına çıxarılan yüzlərlə velosiped insanların şüuruna müsbət təsir edəcək, bu minik vasitəsinin gələcəkdə populyarlaşması üçün ciddi rol oynayacaqdır. Məsələn, ABŞ-da velosipeddən nəqliyyat vasitəsi kimi istifadə kütləvi hal alıb. Eyni zamanda, Avropanın nəhəng şəhərlərində hansı təbəqəyə aid olmasından asılı olmayaraq, milyonlarla insan velosipeddən minik vasitəsi kimi istifadə edir. Bu kiçik nəqliyyat üçün xüsusi hərəkət zolaqları da var. Təəssüflər olsun ki, Azərbaycanda velosipedlə işə gedib-gəlməyi kimə təklif etsən, bunu yaxşı halda kobud zarafat kimi başa düşər. Avropada yeri gələndə polis də işə velosipedlə çıxır. Bizim məmurlar bunu özlərinə heç vaxt rəva bilməzlər. Əksinə, bizdə az qala, yük maşını böyüklüyündə olan "cip"lərin sayı-hesabı yoxdur. Yolsuzluq, dağlar və səhralar üçün düşünülən bu maşının əlindən paytaxtda tərpənmək mümkün deyil. "Cip" imkanlı adamların sərvət rəmzinə çevrilib. Bu bizim mentalitetimizin ziyanlı tərəfidir. Avropalının velosipeddən aldığı zövqü bizimkilər paytaxtın küçələrində "Cip"i qovmaqdan alırlar.
Lakin unutmaq lazım deyil ki, belə "zövq" hamıya baha başa gəlir. Küləklərlə zəhərli havanı Bakıdan qovmaq üçün təxminən bir saata yaxın vaxt lazımdır, lakin bu bir saat ərzində paytaxtda avtomobillərin hərəkəti dayanmır və biz istəsək də, istəməsək də zəhərli tullantılarla çirklənən hava ilə nəfəs almağa məcburuq. İşıqforlarda, tıxaclarda saatlarla işlək vəziyyətdə dayanan avtomobillər yanacaq yandırır və yenə də havanı mümkün olduğundan daha çox zəhərləyirlər. Çirkli hava insan orqanizminə dağıdıcı təsir edir. Şəhər sakinlərində mənşəyi bilinməyən baş ağrıları, yorğunluq sindromu, immun zəifliyi, ağ ciyər, ürək-damar və sinir xəstəlikləri, bəd xassəli şişlər az qala epidemiya səviyyəsində yayılır. Ekoloji balansın pozulması ekoloji fəlakətə gətirir, şəhər mühiti onu qorumayan insanları cəzalandırır. Ən ağır zərbə uşaqlara dəyir, onların sağlamlığında, psixikasında və əqli inkişafında ciddi problemlər yaranır. Yuxarıda dediyimiz kimi, Bakı bu baxımdan Pekindən fərqli xoşbəxt bir şəhər olsa da, şəhərin ekosisteminin qorunmasında hamının fəal iştirak etməsi vacibdir. Bu sıradan şəhərin mərkəzində avtomobillərin hərəkətinə məhdudiyyətin qoyulması, tıxaclarda, işıqforlarda mühərriklərin söndürülməsi məsələsinin də şəhər ictimaiyyətinin müzakirəsinə çıxarılması gələcəkdə daha düzgün qərarların verilməsində əhəmiyyətli rol oynaya bilər.
Elnur HADIYEV
Azərbaycan.- 2013.- 17
fevral.- S.6.