Azərbaycan ağsaqqalları mənəvi
missiyalarını layiqincə yerinə yetirirlər
Cənab İlham Əliyev qarşıdakı prezident seçkilərində
ağsaqqalların da
alternativsiz namizədidir
Azərbaycanda ağsaqqal sözünə ehtiramla və diqqətlə yanaşılmasının çox qədim və zəngin ənənələri var. Çünki xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal sözü, ağsaqqal xeyir-duası həmişə ali həyat məramı olub. Dara düşəndə, ailə quranda, mübahisəli məsələlərin həllində ağsaqqal sözü həmişə keçərli olub. Ağsaqqallar el-obaya müdriklik təlqin edib, gənclərə xeyir-dua və məsləhətlər veriblər, düzgün yol göstəriblər. Ağsaqqallar həm də xalqımızın adət və ənənələrinin qoruyucusu və gənc nəslə ötürücüləridir. Təsadüfi deyil ki, atalarımız "Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma" - deyiblər.
Azərbaycan
xalqının milli mental dəyərlərindən irəli gələrək
tarix boyu ağsaqqallar cəmiyyətdə yüksək
hörmət və nüfuz sahibi olublar. Hər
zaman öz müdrikliyi ilə seçilən
ağsaqqallarımız Azərbaycan dövlətçiliyinin
çətin günlərində də xalqın ön sıralarında olub,
insanlara ən doğru
yolu göstəriblər. 1993-cü ilin təlatümlü günlərində də
ulu öndər Heydər Əliyevi siyasi hakimiyyətə dəvət edənlərin
böyük əksəriyyəti məhz ağsaqqallar idi.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində ağsaqqalların rolu daha da artdı. Məhz Heydər Əliyevin sayəsində ağsaqqalların ölkənin ictimai-siyasi həyatında fəal iştirakı təmin edildi. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev ağsaqqallara böyük ehtiramla yanaşırdı. Ulu öndər həmişə ağsaqqal sözünün hikmətinin böyüklüyünə yüksək qiymət verir, onları cəmiyyətin ən fəxarətli üzvləri kimi qəbul edirdi.
Hazırda bu gözəl ənənə layiqincə yaşadılır və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti vaxtilə ulu öndər Heydər Əliyevin respublika ağsaqqallarına göstərdiyi diqqət və qayğını davam etdirir. Ölkə başçısı respublikamızın regionlarına, şəhər və qəsəbələrinə səfərləri zamanı mütəmadi olaraq ahıl vətəndaşlarla, ağsaqqal və ağbirçəklərlə görüşür, onların arzu və istəkləri ilə maraqlanır, təklifləri ilə əlaqədar yerli icra orqanlarına lazımi göstərişlər verir.
Təbii ki, ağsaqqallar da dövlətin inkişaf etməsinə öz töhfələrini verirlər. Bu günlərdə keçirilən Azərbaycan Ağsaqqallar Şurasının növbədənkənar VI qurultayı da göstərdi ki, yaranandan sonra şərəfli inkişaf yolu keçən Azərbaycan Ağsaqqallar Şurası bu gün ölkəmizdə vətəndaş cəmiyyəti təsisatları arasında xüsusi yer tutur. Azərbaycan Ağsaqqallar Şurası milli-mənəvi dəyərlərimizin qorunması, saflıq, ədalətlilik kimi yüksək insani keyfiyyətlərin cəmiyyətdə geniş yayılmasını özünün əsas vəzifələrindən hesab edir. Eyni zamanda, gənc nəslin mənəvi və fiziki sağlamlığına, Vətənə sədaqət ruhunda tərbiyəsinə diqqət yetirən ağsaqqallar bu istiqamətdə də əzmkarlıq göstərirlər. Bütün bu məsələlər üzrə müxtəlif layihələr reallaşdıran ağsaqqallar, tez-tez hərbi hissələrdə də əsgərlərlə görüşlər keçirirlər. Ötən il Azərbaycanın bir sıra şəhər və rayonlarında gənclərin yaxından iştirakı ilə zona müşavirələri və görüşlər keçirən ağsaqqallar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyasının işində də yaxından iştirak edirlər. Vətən uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsinin yad edilməsi üçün tədbirlər keçirən Azərbaycan Ağsaqqallar Şurası geniş xeyriyyəçilik fəaliyyəti də göstərir. Azərbaycan Ağsaqqallar Şurası beynəlxalq əlaqələrin genişlənməsinə də diqqət yetirir. Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının işində də fəallıq göstərən şuranın təmsilçiləri bu qurumun indiyədək keçirilmiş dörd iclasında iştirak edib.
Bütövlükdə, fəxrlə qeyd edə bilərik ki, dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, vətənimizin davamlı inkişafında, ictimai-siyasi sabitliyin qorunub saxlanılmasında, elm, təhsil və mədəniyyətimizin inkişafında, gənc nəslin yetişməsi və formalaşmasında ağsaqqalların müstəsna xidmətləri var. Prezident İlham Əliyevin qurultaya ünvanladığı təbrik məktubunda bunlar barədə deyilir: "Fərəhli haldır ki, respublikamızın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında ağsaqqallar yaxından iştirak edir, dəyərli təşəbbüslər irəli sürürlər. Biz paytaxt və regionlarda genişmiqyaslı quruculuq işlərini həyata keçirərkən onların rəy və təkliflərini nəzərə alır, müdrik tövsiyələrinə istinad edirik. Yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində də ağsaqqalların böyük rolu vardır".
Qurultayda çıxış edən ağsaqqallar vaxtilə ulu öndər Heydər Əliyevin respublika ağsaqqallarına göstərdiyi diqqət və qayğının Prezident İlham Əliyev tərəfindən davam etdirilməsindən böyük razılıqla söz açdılar. Azərbaycanın sürətlə inkişaf etdiyini, əhalinin rifah halının yaxşılaşdığını vurğulayan ağsaqqallar diqqətə çatdırdılar ki, bütün xalqımız kimi, onlar da müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xidmətlərini heç zaman unutmayacaqlar.
Ağsaqqallar son illərdə Azərbaycanın dünyada sürətli inkişaf edən dövlətə çevrildiyini, Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində bütün sahələrdə uğurlar qazanıldığını bildirdilər. Çıxış edənlər bu gün Azərbaycanda ağsaqqalların ictimai-siyasi fəallığının təmin edilməsi üçün yaradılan yüksək şəraitə görə də ölkə rəhbərliyinə təşəkkürlərini bildirdilər.
Çıxışlarda həmçinin Milli Məclisin deputatı Fəttah Heydərovun böyük təşkilatçılıq və idarəçilik qabiliyyətinə malik olduğu vurğulanaraq Azərbaycan Ağsaqqallar Şurasının sədri vəzifəsinə onun namizədliyi irəli sürüldü. Açıq səsvermə yolu ilə Azərbaycan Ağsaqqallar Şurasının sədri seçilən Fəttah Heydərov onu bu vəzifəyə seçdiklərinə görə qurultay iştirakçılarına təşəkkürünü bildirdi və qeyd etdi ki, ağsaqqallar əzmkar fəaliyyətlə qarşıda duran bütün vəzifələrin öhdəsindən gələcəklər. Çünki cəmiyyətimizdə ağsaqqal sözünə, nəsihətinə həmişə ehtiyac olub. Ən çətin faciələrin, ağır durumların qarşısı ağsaqqal sözü ilə alınmış, ən böyük uğurların təməlində ağsaqqal iradəsi dayanır.
Azərbaycan ağsaqqalları qarşıdan gələn prezident seçkilərində ölkəmizin dinamik inkişafını təmin edən ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycana beynəlxalq aləmdə böyük nüfuz qazandıran İlham Əliyevin namizədliyini dəstəkləyir, cəmiyyətimizin bütün üzvlərini onun ətrafında sıx birləşməyə çağırırlar. Azərbaycan Ağsaqqallar Şurasının növbədənkənar VI qurultayı nümayəndələrinin Prezident İlham Əliyevə müraciətində bu barədə deyilir: "Biz ağsaqqallar ölkəmizin gələcək inkişafı və xalqımızın rifahı naminə apardığınız siyasətin davam etdirilməsini zəruri hesab edir, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında yenidən ölkə prezidentliyinə namizədliyinizin irəli sürülməsini alqışlayırıq. Ağsaqqallar Şurasının üzvləri də bu təşəbbüsə qoşulur və qarşıdan gələn prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyirlər. Əmin ola bilərsiniz ki, biz seçki kampaniyasında fəal iştirak edərək apardığınız siyasətin əhali arasında təbliğ olunması işinə maksimum töhfə verməyə çalışacağıq".
Ağsaqqallarımızın əsas vəzifəsi müasir gəncliyimizi milli vətənpərvərlik ruhunda yetişdirmək, onları düzgün yola istiqamətləndirmək, cəmiyyətimizi narahat edən məsələlərin həllində fəal iştirak etmək, dövlətimizin yürütdüyü siyasəti dəstəkləməkdir. Azərbaycan ağsaqqalları keçmişdə olduğu kimi, indinin özündə və gələcəkdə də müqəddəs missiyasını xalqımızın adına layiq şəkildə həyata keçirəcək, Azərbaycan cəmiyyətinin mənəvi saflığının qorunub saxlanılmasına, milli dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə öz töhfələrini verəcək.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2013.- 19 fevral.- S.1.