Ürəklərdə yaşayan qəhrəman

 

Məhərrəm Seyidov 1952-ci ildə Şərur rayonunun Alışar kəndində anadan olub, 1969-cu ildə buradakı Nəriman Nərimanov adına orta məktəbi bitirib. Hərbi xidmətini başa vurduqdan sonra əmək fəaliyyətinə daxili işlər orqanlarında başlayıb. 1980-ci ildə Moskva Olimpiadasında ictimai asayişin mühafizəsində fərqləndiyinə görə mükafatlandırılıb. Bakı Xüsusi Orta Milis Məktəbini (indiki Polis Akademiyası) bitirib. Şərur Rayon Daxili İşlər Şöbəsi yanında mühafizə şöbəsində baş inspektor vəzifəsində çalışırdı. Milis kapitanı idi.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın Ermənistanla həmsərhəd olan Sədərək rayonu erməni quldurları tərəfindən atəşə tutulurdu. Erməni millətçiləri get-gedə azğınlaşır, Azərbaycana qarşı ərazi iddiaları daha sərt şəkildə qoyulur, silahlı hücumlar artırdı. 1990-cı il yanvar ayının 16-da erməni silahlı birləşmələri Kərki kəndinə hücum edərək evləri yandırmış, soydaşlarımızı öz doğma yurd-yuvalarını tərk etməyə məcbur etmişdilər. Bundan sonra onlar daha da azğınlaşaraq Sədərək rayonuna tərəf irəliləyirdilər. Vəziyyət son dərəcə gərgin idi. Təhlükə barədə Şərur Rayon Daxili İşlər Şöbəsinə məlumat daxil olanda bir qrup polis əməkdaşı hadisə yerinə göndərilir. Məhərrəm Seyidov da onların arasında idi. Yanvarın 18-də Sədərəyə yaxın postlarda qanlı döyüşlər gedirdi. Düşmən böyük itki vermişdi. Buna baxmayaraq, geri çəkilmək istəmirdi. 1990-cı il yanvarın 19-da Sədərəyin müdafiəsi təmin olunsa da, xeyli ölən və yaralanan var idi. Kapitan Azər Seyidov mühasirəyə düşmüşdü. Onu azad etmək üçün Məhərrəm yenidən döyüşə atılır. O, güllə yağışı altında özünü Azərə yetirir və düşmən əhatəsinə düşür. Çətinliklə də olsa, döyüş yoldaşını mühasirədən çıxarır, lakin özü qəhrəmancasına həlak olur. Ailəli idi. Dörd övladı var.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli Fərmanı ilə kapitan Məhərrəm Mirəziz oğlu Seyidova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. O, Şərur rayonundakı Şəhidlər xiyabanında dəfn edilib. Şərur şəhərində adına küçə var, tuncdan büstü qoyulub, həmçinin 2 nömrəli Şərur şəhər tam orta məktəbi onun adını daşıyır.

 

Mirməcid SEYİDOV,

 

Azərbaycan Vətən Müharibəsi Veteranları

və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri

 

Azərbaycan.- 2013.- 17 fevral.- S.7.