Ordubadın qırxpilləli kəhrizləri

 

Ordubad qırxpilləli kəhrizləri ilə də məşhurdur. Onların yaşı minilliklərlə ölçülür. Kəhrizlərin Yaxın Şərq, Orta Asiya və Azərbaycanda daha geniş yayılması haqqında müxtəlif elmiensiklopedik nəşrlərdə məlumatlara rast gəlmək olur.

Rayon ağsaqqallarından da bu barədə çox şey eşitmişəm. Bəzi mənbələrdə isə miladdan əvvəl birinci yüzilliyə gedib çıxan Azərbaycan kəhrizlərinin olduğu göstərilir. XIV əsr İran tarixçisi Həmdullah Qəzvininin yazdığına görə, Azərbaycanda içməli və suvarma su sistemində istifadə edilən minə yaxın kəhriz varmış.

Ordubadla yanaşı, Naxçıvanın istənilən bölgəsində kəhrizlərə rast gəlmək olar. Kəhrizlər qrunt sularını toplayıb yer səthinə çıxarmaq üçün ən qədim yeraltı hidrotexniki qurğudur. Maili lağım şəbəkəsindən ibarət olan kəhrizlər peşəkar kankanlar tərəfindən qazılır və həmin lağımlar bir-biri ilə şaquli quyular vasitəsilə birləşdirilir. Kəhrizlər qazılarkən əvvəlcə baş quyu (buna güman quyusu da deyilir), daha sonra isə digər quyular qazılır.

Kəhrizlərin qazılmış lağımları daşlaya bişmiş kərpiclə tağvari hörülür. Kəhrizlər minillər boyu məişət və təsərrüfatda böyük əhəmiyyət kəsb etmiş, qədim zamanlarda dəyirmanların işlədilməsində də böyük əhəmiyyət daşımışdır. Bundan əlavə, yay ayları zamanı müxtəlif meyvələri, ət-süd məhsullarını saxlamaq üçün kəhrizlərdən soyuducu kimi də istifadə edilmişdir.

Kəhrizlər bugünümüzədək qorunub saxlanılıb və onlardan hələ də istifadə edilir. Əksər həyətlərdə kəhrizlər qırxpilləlidir. Bişmiş kərpicdən inşa olunan qırxpillələr kəhriz sistemləri üzərində yeraltı abidə sayılır.

Muxtar respublika kəhrizlərini araşdıran, onları tədqiq edən alimlərdən Əlövsət Quliyev qırxpillələrə Naxçıvan, Şahtaxtı, Qarabağlarda rast gəlindiyini qeyd edir. Qırxpillələr rayon mərkəzində və Əylis kəndində həm qorunur, həm də istifadə edilir. Hətta Əylis və Ordubad qırxpillələri qədim irs abidələri kimi də tədqiqatçılar tərəfindən qəbul edilir. Dərinliklərindən asılı olaraq qırxpillələr müxtəlif olur. Yəni "40" rəqəmi burada şərtidir. Pillələrin sayı bəzən az da ola bilər. Həmin qırxpillələrdə yer səthindən suya qədər olan məsafə səkkiz metr, bəzən daha çox olur. Bir cəhəti də qeyd edək ki, qırxpillələrin özünəməxsus inşa sistemi var. Belə ki, pillələrin düzülüşü həyətin şəraitinə və kəhrizlərin dərinliyinə görə birbaşa enən və ya döngəli, yəni 10-15 pillədən bir istiqamətini dəyişərək dolanan pillələrdir. Bu cür kəhrizlərdə həmişə 8-10 dərəcə arasında sabit istilik olur. İlin fəsillərindən asılı olmayaraq qırxpillələrin yan divarlarında düzəldilmiş oyuqlara qoyulan müxtəlif növ ərzaqlar heç zaman xarab olmur.

Ordubadda qırxpillələrə "qırxayaq" da deyilir. Buradakı əksər həyətlərdə olan belə kəhrizlərdən birinə ensəniz, ayrı bir dünyaya qovuşar, minillər öncə insan ağlının yaratdığı yeraltı su təchizatı sisteminin bugünkü zəruriliyinə heyran qalarsınız.

 

Yaşar HƏSƏNOV,

 

Ordubad rayonu

 

Azərbaycan.- 2013.- 17 fevral.- S.7.