Bir ömrə doğan günəş

 

Həyatda hərəyə bir ömür verilir. Onu necə yaşamaq təbii ki, hər kəsin özündən asılıdır. Ömrü şərəfləndirən, həyatı mənalandıran isə insanın əməlləridir. İnsan var ki, həyatdan köçəndən yüz illər sonra da unudulmur, hörmətlə anılır, ehtiramla xatırlanır. Eləsi də var ki, az qala hər gün görüşürsən, işdə, küçədə qarşılaşırsan, amma varlığı ilə yoxluğu bilinmir. Xatirələrdə o adamlar qalır ki, böyük Yaradanın verdiyi ömrü şərəflə yaşaya bilir. Ömrün mənasını hərə bir şeydə görür. Kimi canından artıq sevdiyi doğma vətəni uğrunda şəhid olub əbədiyyət qazanır, kimi özünü elmdə taparaq bu sonsuzluqda böyük kəşflər edir, kimi sadə əməyi, halal zəhməti ilə çalışır ki, el süfrəsi bol ruzili olsun.

Elə insan da var ki, mənsub olduğu xalqın, millətin taleyində günəş kimi doğur, səyi, bacarığı, qüdrəti, nurlu zəkası ilə milyonların önünə çıxır, bayraqdara, komandana çevrilib rəhbərlik etdiyi dövləti tufanlardan keçirir, xalqını firavan həyata qovuşdurur. Beləcə adını tarixə yaza-yaza bütün şüurlu həyatını, mənalı ömrünü qurban verdiyi, canından artıq sevdiyi bir xalqın, bir dövlətin tarixini yaradır. Əlbəttə, söhbət Heydər Əliyevdən gedir. O nurlu şəxsiyyət, qüdrətli sərkərdə, sadə, mehriban və qayğıkeş insan cismən aramızda olmasa da, Azərbaycanın işıqlı sabahına doğru həmişə bizimlə bir sırada, ön cərgədə addımlayır! Hər zaman olduğu kimi yenə də əzəmətlidi, qururludu. O böyük insanın işıqlı ömründən çox talelərin ömür yolu nurlanıb.

Həyatda nail olduğu hər şey üçün məhz Heydər Əliyevə minnətdar olan minlərlə sadə azərbaycanlı arasında Zəminə Aslanovanın xüsusi yeri var. Hələ körpə yaşlarından atasını itirərək bu böyük qayğıdan məhrum olan Zəminə xanım ulu öndərdən atalıq qayğısı gördüyünü həmişə minnətdarlıqla dilə gətirir. Həyatından qırmızı xətt kimi keçən Heydər Əliyev haqqında sadə bir kəndli qızının söhbəti maraqlı həyat hekayəsidir...

  ...Atası Sərdar 1944-cü ildə müharibəyə gedəndə Zəminə dünyaya yenicə göz açmışdı. Gənc ata qundaqdakı körpə qızcığazı sinəsinə sıxıb üzündən öpdü. Körpəni ömür-gün yoldaşı Asyaya qaytarıb, heybəsini çiyninə keçirdi. Ərini gedər-gəlməzə yola salan gənc gəlinin göz yaşları yanağında cığır açmışdı. İçin-için ağlayırdı. Sanki Sərdarın bir daha dönməyəcəyini, beş yetimlə qarşıdakı qara günlərinin zillətini indidən duyurdu. Çox keçmədi ki, Sərdardan "qara kağız" gəldi. Bu bir parça kağız Asyanın varlığını sarsıtdı, nə vaxtsa xoşbəxt günlərə qovuşmaq ümidini qara caynaqları ilə boğub öldürdü.

Həyat öz təbii axarında idi. Yaz yaya qovuşur, payız qışa çevrilirdi. Kənd adamlarının əsas məşğuliyyəti isə əkin-biçin idi. Asya kolxozda çalışır, Sərdarın yadigarlarını min bir zillətlə böyüdürdü. Quş qanadlı illər bir-birini sürətlə əvəz edirdi. Sonbeşik Zəminə böyüyür, ev işlərinə əl atır, eyni zamanda dərslərini də yaxşı oxuyurdu. Məktəbdə fərqlənən uşaq olsa da, orta təhsilini başa vurandan sonra ali məktəbə girmək arzusu gerçəkləşmədi. Ruhdan düşməyib o vaxt Sabirabadın qabaqcıl təsərrüfatlarından sayılan "26 Bakı komissarı" adına kolxozda işləməyə başladı. Tarlaların becərilməsində, məhsul yığımında rəfiqələrindən irəlidə gedir, əsl zərbəçi nümunəsi göstərirdi. Zirəkliyini, ictimai işlərdə fəallığını nəzərə alıb kolxoz komsomol komitəsinin katibi seçdilər. Sonra çox keçmədi ki, pambıqçılıq briqadiri təyin edildi. Göstərilən etimadı doğruldan Zəminə pambıqçılıqda yüksək nəticələr qazanır, eyni zamanda kolxozun ictimai-siyasi həyatında fəal iştirak edirdi. Daha bir etimad göstərilir, Zəminə kolxoz partiya komitəsinin katibi seçilir...

Çoxlarının həsəd çəkdiyi şöhrət zirvəsinə ucalmış Zəminə Aslanova söhbət zamanı həyatda nail olduğu hər şey üçün Heydər Əliyevə borclu olduğunu dönə-dönə vurğuladı:

- Mən göydə Allahıma, yerdə mənə atadan da artıq olmuş Heydər Əliyevə bütün həyatımı borcluyam. O mənim ömrümə günəş kimi doğmuşdu! Onunla bağlı saysız-hesabsız şirin xatirələrim var. İlk tanışlığımız heç vaxt yadımdan çıxmaz. 1969-cu ilin payızı idi. Kolxozçuların Ümumittifaq qurultayına seçilən nümayəndələr arasında mən də vardım. Qatarla Moskvaya gedirdik. Birdən söz yayıldı ki, Heydər Əliyev də qatardadı. Bir neçə kupeyə baş çəkib qurultay nümayəndələri ilə tanış olan Heydər Əliyev bizim kupeyə daxil olanda həyacandan ürəyim quş kimi çırpınırdı. Həyatımda ilk dəfəydi ki, belə nüfuzlu rəhbərlə yaxından görüşürdüm. Doğrusu, yarpaq kimi əsdiyimi gizlədə bilmirdim.

- Bunu həssaslıqla duyan ulu öndər əlini çiynimə qoyub, "əyləş, qızım" - dedi. Sonra bizim Sabirabadda pambıqçılığın inkişaf perspektivlərindən danışdı. Bizə daha fəal olmağı, səmərəli işləməyi tövsiyə etdi. Qayğılarımızla maraqlandı. Kupedən çıxanda üzünü onu müşayiət edən rəhbər işçilərə tutub təbəssümlə dedi:

- Bu qız gələcəyin qəhrəmanıdı. Ona hamımız kömək etməliyik.

Həmin sözlərin səmimiyyətini, qeyri-adi ahəngini hələ də unutmamışam. O vaxt mənim həyatımda, sözün həqiqi mənasında, əsl möcüzə baş vermişdi. Heydər Əliyev mən olduğum kupenin qapısını açmaqla sanki üzümə bəxtimin qapılarını da açmışdı.

Adamlara qayğı göstərməkdən zövq alan o böyük ürək sahibi ilə ilk görüşdə elə bil həyatıma parlaq bir günəş doğdu. Fəsillər ötdükcə, quş qanadlı illər gəlib keçdikcə mən şöhrət zirvəsinə aparan yolda inamla irəliləyir, kürəyimdə olan qüdrətli əldən, üzərimdə hər cür təhlükəni dəf etməyə qadir qayğıdan güc alırdım. Əhatə olunduğu qayğı sayəsində hər gün günəşə doğru bir boy ucalan körpə fidana bənzəyirdim. O dövrdə Heydər Əliyev 14 dəfə Sabirabada səfər etmişdir. Hər səfəri zamanı mütləq bizim briqadaya baş çəkir, bol məhsullu, örpəkli tarlalara baxıb xoşhal olurdu. Briqadamızın qızları ilə son dərəcədə səmimi söhbətlər edir, onların arzu və istəklərini yerinə yetirməyə böyük önəm verirdi. İnanın, səmimi deyirəm, onun Sabirabada hər gəlişi əsl bayrama, el şənliyinə çevrilirdi. Çünki adamlar onu özünə doğma və son dərəcə yaxın bilirdilər. Bəzən rəsmi protokol qaydalarına, mühafizəçilərinin ciddi tələblərinə məhəl qoymayıb camaatın daha sıx toplaşdığı yerlərə gedər, adamların fərdi şikayətlərini dinləməkdən, ərizələrini qəbul etməkdən yorulmazdı. Söz düşəndə isə gülə-gülə deyərdi ki, rəhbər işçi adamlara nəinki yaxın, elə onların arasında olmalıdır ki, hər şeyi öz gözü ilə görüb qiymətləndirsin.

Təbii ki, Heydər Əliyevin sərraf gözlərindən heç nə yayına bilməzdi. Gənc bir kəndli qızının xarakterindəki müsbət keyfiyyətlər ulu öndər tərəfindən yüksək qiymətləndirildi. Məhz Heydər Əliyevin qayğısı ilə Zəminə Aslanova dövlətin ən yüksək mükafatlarına layiq görüldü. Uğurlar, təltiflər, mükafatlar böyük bir siyahıdır. Bu sırada daha çox diqqət çəkənləri xatırlamaq yerinə düşər. Zəminə SSRİ Dövlət mükafatına, Sosialist Əməyi Qəhramanı adına layiq görülmüş, 3 dəfə Lenin ordeni, "Oktyabr inqilabı" və onlarla digər orden-medallarla təltif edilmiş, 7 çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. Həmçinin Sov. İKP MK-nın üzvü seçilmişdir. Əlbəttə, bütün bunlar halal zəhmətə bağlı, qurub-yaratmaq həvəsli bir  ömrün qəhrəmanlıq salnaməsidir.

Zəminənin xəyalı dünənə qanadlanır. Həyatında unudulmaz izlər qoyan Heydər Əliyevlə bağlı şirin xatirələr mirvari kimi sapa düzülür:

- Sovet dövlətinin başçısı Leonid Brejnevin Azərbaycana son səfəriydi. O vaxtkı Lenin (indiki Heydər Əliyev) adına sarayda təntənəli yığıncaq keçirilirdi. Heydər Əliyev məni rəyasət heyətində, öz yanında oturtdu. Yığıncaqda çıxış üçün mənə sözverdi. Elə yığıncağın gedişində Heydər Əliyev mənim, sadə və zəhmətkeş bir kəndli qızının uğurları barədə L.Brejnevi məlumatlandırdı.

Zəminə başqa bir xatirəni ürək ağrısı ilə yada salır:

- Sov.İKP MK-nın üzvü kimi Mərkəzi Komitənin plenumunda iştirak edirdim. Heydər Əliyev rəyasət heyətində əyləşmişdi. İclas qurtaranda məni otağına dəvət etdi. Böyük masanın arxasında, üzbəüz stolda əyləşdik. Xeyli söhbət etdik. Məni yola salarkən dedi ki, Zəminə, Bakıdan mənimlə bağlı çoxlu danoslar, şər-böhtan göndərirlər. Yığıncaqların birində çıxış edib bu barədə danışarsan, qoy burada işləməyimə imkan versinlər.

Doğrusu, çox pis oldum. Deməyə, bir qrup nankorun əvəzinə üzrxahlıq etməyə söz tapmadım. Axı, deməyə söz vardı? Onun Azərbaycanda gördüyü işləri danmaq göydə günəşi inkar etmək kimidir! Heydər Əliyevin büllur kimi saf və müqəddəs adına şər-böhtan yağdırmaqdan usanmayan bir qrup şərəfsizin yerinə mən xəcalət çəkməli oldum...

Ölkəmizin başı üzərini qara buludlar alanda xalqın qarşısıalınmaz istəyi ilə Azərbaycanda ikinci dəfə rəhbərliyə qayıdan Heydər Əliyev Zəminəni yenə də unutmadı. Zəminə Aslanova bir müddət kolxoz sədri, müəllifi ulu öndər Heydər Əliyevin olduğu aqrar islahatlar nəticəsində kolxozlar dağılandan sonra isə Qalaqayın kəndində ərazi icra nümayəndəsi işlədi. 2003-cü ildən isə Prezident təqaüdü alır.

Qismətindən, taleyindən razı olan Zəminə doğma Sabirabadın bugünkü xoş növrağından cox məmnundur:

 

- Heydər Əliyev bizə, bütün Azərbaycan xalqına zəkasına, bacarığına, vətəninə və dövlətinə sədaqətinə özü qədər inandığı çox qiymətli bir əmanət qoyub - sevimli Prezidentimiz İlham Əliyevi nəzərdə tuturam. Mən dövlət başçımızın fəaliyyətini çox maraqla izləyirəm. Görürəm və qürur hissi keçirirəm ki, ulu öndərin imkan tapıb görə bilmədiyi işləri o necə müdrikliklə həyata keçirir. Azərbaycanın dünyanı heyran qoyan yüksəlişinə, Bakının Avropanın ən gözəl şəhərlərindən birinə çevrilməsinə, bölgələrin başdan-başa yenidən qurulmasına uşaq kimi sevinirəm. Bu zəfər yürüşündə doğma Sabirabadın xüsusi dəst-xətti var. Muğan düzündə parlaq mayak olan Sabirabadın yüksəlişinə, tərəqqisinə respublika Prezidenti İlham Əliyev xüsusi qayğı göstərir. Rayona rəhbərliyin bacarıqlı və işbilən bir kadra tapşırılması camaatın da, dövlətin də xeyrinədir. Son bir ildə dövlət başçısının Sabirabadın sosial-iqtisadi inkişafını sürətləndirməyə yönələn dörd sərəncam imzalaması bu doğma diyarın günlərinə  verilən xeyir-duadır. Bu qayğı sabirabadlılara qol-qanad verir. Doğma diyarı cənnətə döndərmək üçün hər kəs həvəslə çalışır. Dövlətin qayğısından güc alan Muğanın hünərvər övladları yeni zirvələrə can atır, hər gün xarüqələr yaradırlar.

 

 Lazım QULİYEV,

Azərbaycan.-2013.- 19 fevral.- S.2.