Azərbaycan ilə Türkiyə
arasında müdafiə sahəsində əməkdaşlığın
genişləndirilməsinə
dair niyyət bəyannaməsi imzalanmışdır
Ankarada səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev fevralın 18-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət etmişdir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, elə həmin gün Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilmişdir.
Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin türkiyəli həmkarı İsmət Yılmaz ilə əvvəlcə təkbətək görüşü olmuşdur. Sonra görüş geniş tərkibdə davam etdirilmişdir. Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində faydalı müzakirələr aparılmış, nazirlər niyyət bəyannaməsi imzalamışlar.
Daha sonra Səfər Əbiyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Nejdət Özəl və Quru Qoşunları komandanı, ordu generalı Hayrı Kıvrıkoğlu ilə görüşmüşdür. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyənin müdafiə sənayesi təmayüllü bir neçə şirkətində də görüşləri olacaqdır.
Nazir Səfər Əbiyev həmçinin Ankarada ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsi önünə əklil qoyacaqdır.
Görüşlərdə
Azərbaycanın Türkiyədəki səfiri Faiq
Bağırov iştirak etmişdir.
Azərbaycan.-2013.- 19 fevral.- S.3.