Gənclər erməni vandallarının Azərbaycan torpaqlarında törətdikləri

 soyqırımı aktları ilə bağlı əsl həqiqətləri heç vaxt unutmamalıdırlar

 

Fevralın 18-də  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) və "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin (İB) birgə təşkilatçılığı ilə  Qaradağlı soyqırımının 21-ci ildönümü münasibətilə faciə qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin analitik-informasiya mərkəzindən AzərTAc-a bildirmişlər ki, DİA-nın professor, müəllim və tələbə heyətinin, İB-nin əməkdaşlarının, eləcə də Xocavənd rayonu ictimaiyyətinin nümayəndələrinin də iştirak etdikləri tədbirin əvvəlində Qaradağlı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri açan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxışında Ermənistanın Azərbaycana qarşı yürütdüyü etnik təmizləmə və soyqırımı siyasəti, eləcə də Qaradağlı faciəsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan xalqının başına gətirilən bu cür müsibətlər daim dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. Bunun üçün həm Dövlət İdarəçilik Akademiyasının, həm də digər ali təhsil ocaqlarının tələbələri ilk növbədə, bu tarixi hadisələri mükəmməl öyrənərək təhsillərinə ciddi yanaşmalı, ölkəmizin tarixini, Azərbaycan həqiqətlərini dərindən öyrənməlidirlər.

Rektor Urxan Ələkbərov Ermənistan dövlətinin yürütdüyü təcavüzkarlıq siyasətinin 20 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında davam etdiyini bildirərək, bu cür tədbirlərin vətənpərvərlik ruhunun güclənməsində də mühüm rol oynayacağını diqqətə çatdırmış, Prezident İlham Əliyevin qətiyyəti və diplomatik fəaliyyəti sayəsində tezliklə doğma torpaqlarımıza qayıdacağımıza əminliyini söyləmişdir.

DİA-nın dosenti, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin analitik-informasiya mərkəzinin müdiri Elçin Əhmədov bildirmişdir ki, hazırda terrorizmi dövlət səviyyəsində dəstəkləyən Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən fakt ondan ibarətdir ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalmışdır.

E.Əhmədov Ermənistanın Azərbaycana təcavüzünün tarixindən danışarkən bildirmişdir ki, 1988-1991-ci illərdə İttifaqın hakim dairələri tərəfindən himayə edilən və monoetnik dövlət yaratmağa nail olan Ermənistan Azərbaycana qarşı açıq-aşkar təcavüzkarlıq siyasəti yeritmiş, nəticədə dinc sakinlər qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır.

Anma tədbirində "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi idarə heyətinin sədri, icma rəhbəri Bayram Səfərov çıxış edərək 21 il əvvəl Qaradağlıda, eləcə də digər işğal olunmuş rayon və kəndlərdə baş verən faciələr haqqında öz fikirlərini tələbələrə çatdırmış, gəncləri bu hadisələri unutmamağa çağırmışdır. İcma rəhbəri, həmçinin qeyd etmişdir ki, Azərbaycan xalqının başına gələn faciələrdə erməni qəsbkarlarının cinayətləri ölçüyəgəlməzdir. Lakin bu faciələrdə o zaman Azərbaycana rəhbərlik edən insanların da günahları vardır. O zaman hakimiyyət xalqı əliyalın qoymasaydı, vaxtında və lazımi kömək göstərilsəydi, faciələr bəlkə də bu qədər dərinləşməyəcəkdi. Xalq sona qədər, son gülləyə qədər mübarizə apardı, amma qeyri-bərabər qüvvələr nisbəti sonda bu cür nəticəyə gətirib çıxardı.

Bayram Səfərov həmçinin diqqətə çatdırmışdır ki, bu gün Azərbaycanın çox güclü və qüdrətli ordusu, bu orduya rəhbərlik edən qətiyyətli Ali Baş Komandanı vardır. Bu gün Azərbaycan vahid mərkəzdən idarə olunandinamik inkişaf edən bir dövlətdir. Azərbaycan 20 il bundan əvvəlki Azərbaycan deyil və hər an Ali Baş Komandanın əmri ilə düşmənə lazımi cavab verməyə qadir bir ölkədir. Biz əminik ki, çox qısa bir zamanda Azərbaycan ərazi bütövlüyünü təmin edəcək və dövlət bayrağımız Qarabağımızda dalğalanacaqdır. Bunun üçün isə hər birimiz və ən əsası bugünkü gənclik öz tarixini gözəl bilməli, Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün yaxşı elmi biliklərə yiyələnməli və ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında iştirak etməlidir.

Sonra Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək Qaradağlı faciəsinin başvermə səbəbləri barədə danışmışdır. Qeyd etmişdir ki, Qaradağlı faciəsi Azərbaycan tarixinə qanlı hərflərlə yazılmışdır. Dünya ictimaiyyətinin digər dəhşətli faciəmiz olan Xocalı soyqırımından xəbərdar olması təqdirəlayiqdir. Lakin çox təəssüflər olsun ki, bu günədək nəinki xarici vətəndaşlar, hətta ölkə əhalisinin əhəmiyyətli hissəsi, xüsusilə müasir gənclik bu faciədən xəbərsizdir. Bu səbəbdən belə tədbirlər hər bir ali təhsil ocağında təşkil olunmalı və Qaradağlı faciəsi haqqında ictimaiyyətə, gəncliyimizə dolğun məlumat çatdırılmalıdır.

Eyvaz Hüseynov həmin dövrdə Xocavənd əhalisinin qəhrəmancasına Vətəni müdafiə etməsindən danışaraq xatırlatmışdır ki, 4 ay mühasirədə qalan Qaradağlı kəndinə ermənilərin hücumu nəticəsində 77 nəfər şəhid olmuş, 110 nəfər kənd əhalisi girov götürülmüşsonradan onların 49 nəfəri amansızlıqla qətlə yetirilmişdir. Ümumilikdə isə, münaqişə başlayandan Xocavənd rayonunda 145 nəfər azərbaycanlı ermənilərin törətdiyi vandalizmin qurbanı olmuşdur.

Sonda "Soyqırım. Qaradağlı" filmi nümayiş etdirilmiş və tədbir  iştirakçıları Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hazırda ölkəmizin nəzarətində olmayan Dağlıq Qarabağ ərazilərinin və digər yeddi rayonun tezliklə işğaldan azad olunacağına və üçrəngli bayrağımızın həmin torpaqlarda dalğalanacağına əminliklərini bildirmişlər.

 

Azərbaycan.-2013.- 19 fevral.- S. 3.