Ağsaqqal örnəyi
Böyük Çin filosofu Konfutsinin sözüdür
- "hər kəsin həyat yolunu onun xarakteri müəyyən
edir". Həqiqətən də bəşər
övladı son dayanacağı bəlli uzun bir yoldadır. Ona Tanrıdan bəxş edilən ömür payı da, əslində,
gedə biləcəyi yol qədərdir.
"Uzun incə bir
yoldayıq, yürüyürük
gündüz-geçəE" - deyən ustad
saz-söz sənətkarı, görünür, bu sadə
həqiqətə eyham vurub.
Etiraf etməliyik ki, həyat
labirintlərində yolunu azanlar
bəzən bu fani dünyada yetişəcəkləri son ünvanı belə unudurlar.
Bu üzdən başlanğıc və son nöqtə arasındakı ömür yolunu büdrəmədən,
rəvan qət etmək, qarşıya qoyulan
hədəflərə yetişmək xoşbəxtliyi heç də hamıya nəsib olmur. Hardan gəlib hara getdiklərini bilən insanları
Tanrının seçilmiş bəndələri
də adlandırmaq olar.
Tarix boyu yol insanın fəth etmək istədiyi ən ali hədəf olub. Bu gün də hər kəsin seçdiyi yol, ilk növbədə, onun xarakterindən, dünyaya baxışından qaynaqlanır. Xarakter nə qədər kamil və yetkindirsə, yolun cazibəsi bir o qədər güclüdür. Gedilən yol insan zəkasının qüdrətinin, habelə onun iradə və mənəviyyatının güzgüsüdür. Başqa sözlə, hər bir insanın həyatı, yaşam tərzi, fəaliyyəti, məram və məqsədləri, nəhayət, cəmiyyət üçün faydası onun seçdiyi yolla bağlıdır. Yolunu düzgün müəyyənləşdirənlər, haqdan sapmayanlar, hər bir sahədə, eləcə də siyasətdə qarşıya qoyduğu hədəflərə uğurla yetişir, başqalarını da bu yolun cazibəsinə çəkə bilirlər. Təbii ki, həyatda hər kəsin fərqli iddia və imkanları, hədəfləri, özünəməxsus düşüncələri ola bilər. Əsas məsələ bütün bunlara qovuşmaq üçün seçilən yolun, - vasitənin - haqq, ədalət, dürüstlük yolu olmasıdır. Bu məqamda "Məqsəd vasitəyə haqq qazandırır" kimi maksimalist yanaşma qətiyyən bəraət almır. Çünki bütün mənəviyyatlı insanların bir yolu var - bu da Haqq Yoludur. "Bu yol haqqı" deyib müqəddəs bildikləri yola and içənlərin daxilində hətta qaranlıq yolun sonunda iynə ucu boyda parlayan işığa qovuşmaq inamı var. Bəli, onlar haqq, ədalət, insanlıq, mənəviyyat yoluna tapınanlardır. Bu yolla irəliləmək istəyini kamil insanların daxili məni, şəxsi ləyaqət hissi, davranışları, sağlam həyat tərzi dünyaya gətirir və bütün bunların vəhdətindən doğulan ən ali keyfiyyət aid olduğu şəxsi həm də müsbət mənada əbədi bir məsuliyyətə məhkum edir.
Haqq yolunda olmaq bütün ömür boyu "Dünyada həqiqət nədir?" sualına usanmadan cavab axtarmaq, həyatın, insanın mahiyyətini anlamaq, yaxşını-pisdən seçməyi bacarmaq, qısası, müdrik olmaqdır. Müdrik insan, artıq nadir hadisə, fenomendir. Onun şəxsiyyəti hər cür çatışmazlıqları, natamamlıqları istisna edir. Bu mənada, müdriklik anlaşıyışı ilə bütövlük məfhumu arasında daimi bir bərabərlik işarəsi dayanıb. Müdriklik, ağsaqqallıq gerçəyi bu tənasübün pozulduğu yerdən çox kənardadır.
Respublikanın tanınmış ictimai-siyasi xadimi, Milli Məclisin deputatı, bu günlərdə həm də Ağsaqqallar Şurası kimi mühüm bir quruma rəhbərlik missiyasını üzərinə götürən Fəttah Heydərov artıq 75-ci pilləsinə qədəm qoyan şərəfli ömür yolu ilə müdriklik və ağsaqqallıq məqamına çoxdan yetişib. Yaxından tanıyanlar Fəttah Heydərovun bütöv və kamil xarakterində bu nəcib keyfiyyətlərin necə qabarıq duyulduğunu, hər cür mübaliğədən uzaq, səmimi şəkildə etiraf edirlər. Təvazökarlıq, sadəlik, dürüstlük, mərdlik, qətiyyət kimi xarakterik cizgilər yaşının müdriklik çağında bu dəyərli ziyalının aurasını daha da cəlbedici edir. Fəttah Heydərov saf əməlləri, parlaq düşüncələri, dövlətçilik əqidəsi, millətə bağlılığı ilə həm də dəyərli Azərbaycan ziyalısı olduğunu təsdiqləyib. İctimai və siyasi fəaliyyətinin hər bir səhifəsi xalqa təmənnasız xidmət nümunələri ilə zəngin olub, onun yüksək vətənpərvərliyindən, insanlara diqqətli və qayğıkeş münasibətindən xəbər verir.
Əlbəttə, ziyalılıq qətiyyən alimlik diplomu daşımaqdan, elmi tədqiqatçılıqdan, yaxud pedaqoqluqdan ibarət deyil. Belələri ilə hər addımda qarşılaşsaq da, etiraf etməliyik ki, cəmiyyətin nicatına töhfə verən ziyalılıq keyfiyyətlərini çoxlarında qabarıq sezə bilmirik. Ziyalı olmaq, əslində, bir məqsəd deyil, yaxud bütün məqsədlərin fövqündədir. Bu yol enişi-yoxuşu, dolanbacları, sevinc və xoşbəxtlikləri ilə həyatın özüdür. Bu yolda büdrəyənlər də olur, yarıda yorulub mənzil başına yetişmək istəyindən əl çəkənlər də. Fəqət, o insanlar minlərin, yüzminlərin sevimlisinə çevrilirlər ki, bütün çətinlik və məhrumiyyətlərə baxmayaraq, hədəfə doğru sonadək inamla irəliləyir, şam kimi əriyən ömür qismətini öz ardıcılları üçün işığa, nura çevirirlər. Düşünürəm ki, Fəttah Heydərov işıqlı əməlləri ilə və qarşıya qoyduğu məqsədlərlə ziyalılıq zirvəsində özünə möhkəm yer qazanıb. Bu müdrik insan, sadəcə, seçdiyi, yürüdüyü yolun cazibəsi ilə cəmiyyətdə seçilmiş insanlarla bir sırada dayanır.
Böyük ziyalıların, müdrik şəxsiyyətlərin keçdiyi ömür yolu çətin, əzablı, keşməkeşli olduğu qədər də zəngin və maraqlıdır. Seçilmiş insanlar onları əhatə edən cəmiyyətdən də əvvəl ailədə yetişir, formalaşır, özünü tanıyır, gələcək həyat yolunu düzgün müəyyənləşdirə bilirlər. Görünür, müdriklərimiz əbəs yerə "ot kökü üstə bitər" deməyiblər. 1938-ci il fevral ayının 23-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Çeşməbasar kəndində, halal bir ocaqda dünyaya göz açmış Fəttah Heydərov 1955-ci ildə Nehrəm kənd orta məktəbini bitirdikdən sonra ülvi arzularını gerçəkləşdirmək ümidi ilə Bakıya üz tutdu. Cəmiyyət üçün layiqli insan kimi yetişməsinə, erkən yaşlarından ülvi məqsədlər uğrunda mübarizə aparmasına böyüyüb boya-başa çatdığı mühitin təsiri də böyük oldu. Valideynləri onu milli ruhda tərbiyə edərək düzgün yola yönəltdilər.
Yeniyetməlik illərindən Fəttah müəllim onu əhatə edən maddi aləmin bir sıra möcüzələrinin, müəmmalı suallarının cavabını düzgün olaraq təbiət elmlərində axtardı. Xüsusən də elmlərin şahı olan riyaziyyatın incəliklərinə dərindən vaqif olmaq üçün səylə çalışdı. 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirdi. Əmək fəaliyyətinə 1955-ci ildə Naxçıvanda Güznut kənd klubunun müdiri kimi başladı. 1958-ci ildən Çeşməbasar məktəbinin müəllimi, 1968-ci ildən isə Naxçıvanda Vilayət Partiya Komitəsinin təlimatçısı vəzifəsində çalışmağa başladı.
Həyatda layiqli mövqe qazanmaq, özünü təsdiq etmək hər bir insanın arzusudur. Amma bunun üçün heç də hamı lazımi iradəni, zəhmətsevərliyi, işgüzarlığı, məqsədyönlülüyü nümayiş etdirə bilmir. Yalnız mübariz və prinsipial insanlar qarşıya qoyduqları məqsədlər uğrunda amansız mücadiləyə hazır olur, bu yolda hər cür maneəni mətinliklə dəf edirlər. Bununla yanaşı, min illərin sınağından çıxmış bir həqiqət də var ki, istedada şərait qol-qanad verir. İnsan və onu əhatə edən aləm münasibətlərində istedad və şəraitin üst-üstə düşməsi isə bütün reallıqlardan sonra həm də yəqin ki, bir bəxt, tale məsələsidir. Bu mənada 1969-cu ildə Azərbaycanda Heydər Əliyev kimi vətənpərvər, millətini, xalqını sevən bir liderin rəhbərliyə gəlməsi bir çox gənclər kimi, Fəttah Heydərovun da taleyində işıqlı səhifənin başlanğıcı oldu. İlk gündən istedadı, qabiliyyəti, savadı, təşəbbüskarlığı ilə fərqlənən azərbaycanlı gəncləri irəli çəkən Heydər Əliyev Fəttah Heydərov kimi bacarıqlı kadrı diqqətdən kənarda qoymadı. Gənc kadr kimi hər bir işə xüsusi tələbkarlıqla, məsuliyyətlə yanaşması, yeniliyə can atması, kollektivin potensialını düzgün realizə etmək bacarığı, bir sözlə, idarəçilik keyfiyyətləri respublika rəhbəri tərəfindən yüksək dəyərləndirildi. 1970-ci ildə - cəmi 32 yaşında Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi vəzifəsinə təyin edilən Fəttah Heydərov respublika rəhbərinin etimadını doğrultmaq, qarşıya qoyulan vəzifələrin öhdəsindən ləyaqətlə gəlmək üçün əzmlə, səylə çalışmağa başladı.
Belə bir deyim var - hər hansı vəzifə insanın həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Rəhbər kadr kimi qətiyyətli, alicənab, humanist xarakterə malik olan, sadəliyi, dürüstlüyü, sözünə bütövlüyü, ünsiyyət mədəniyyəti ilə seçilən Fəttah Heydərov vəzifə kürsüsünə insanlara layiqli xidmət vasitəsi kimi yanaşdığını hələ o illərdə sübuta yetirdi. 1970-1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon xalq deputatları sovetlərinin deputatı olan Fəttah Heydərov yenə də Heydər Əliyevin yüksək etimadı ilə 1976-1978-ci illərdə Naxçıvan MSSR-in məişət xidməti naziri vəzifəsinə yüksəldi. Sonrakı illərdə Ordubad və Culfa payonlarının partiya komitələrinin I katibi, habelə Naxçıvan MR-in mədəniyyət naziri vəzifələrində çalışdı. Şübhəsiz, belə məsul vəzifələrə irəli çəkilməsi Fəttah Heydərovun yüksək idarəetmə bacarığından, təşəbbüskarlığından, insanlara layiqli xidməti özünün başlıca məramı, məqsədi hesab etməsindən irəli gəlirdi. Bütün bu keyfiyyətləri ilə ümummilli lider Heydər Əliyevin sevimli kadrına çevrilən Fəttah Heydərov bu etimaddan heç vaxt sui-istifadə etmədi, əksinə, təvazökarlığı, sadəliyi, dövlətinə, xalqına və çörəyini itirmədiyi rəhbərinə yüksək sadiqliyi ilə fərqləndi. Hələ o zamandan Azərbaycanın nicatını Heydər Əliyev dühasında görən Fəttah müəllim ulu öndər vəzifəsindən kənarlaşdırılandan sonra da daim onun yanında oldu, hörmətini, ehtiramını, etibarını qoruyub saxladı.
Çökməkdə olan SSRİ-nin o zamankı rəhbərliyi Azərbaycanla bağlı çirkin planlarını həyata keçirmək üçün Heydər Əliyevi yüksək vəzifədən uzaqlaşdıranda da, ona qarşı çirkin hücumlar təşkil edəndə də ulu öndəri mətinliklə müdafiə edən, heç bir riskdən çəkinməyən insanlardan biri məhz Fəttah Heydərov idi. Və bütün bunlar həm də göstərirdi ki, ulu öndər ona etimad göstərməkdə, güvənməkdə qətiyyən yanılmayıb. 90-cı illərin əvvəlində ulu öndərin Azərbaycana tarixi qayıdışı zəminində cərəyan edən hadisələr bunu bir daha təsdiqlədi. Həmin dövrün şahidləri Fəttah Heydərovun ilk gündən Naxçıvanda Heydər Əliyevlə birgəliyini, ona qarşı mərkəzi hakimiyyətin həyata keçirdiyi təzyiq və şantaj kampaniyasına mərdliklə sinə gərən fədakar insanlardan biri olduğunu razılıqla qeyd edirlər. O illərdə yüksək siyasi fəallığı, hadisələrə vətəndaş müdaxiləsi, vətənpərvərliyi ilə seçilən Fəttah Heydərovun 1990-cı ildə Naxçıvan MR Ali Sovetinin deputatı seçilməsi də tamamilə məntiqəuyğun idi. Həmin dövrdə mərkəzi hakimiyyətin Naxçıvandakı əlaltıları bunun qarşısını almağa, seçkiləri saxtalaşdırmağa çalışsalar da, sadə naxçıvanlıların siyasi iradəsi, prinsipiallığı qarşısında geri çəkilməli oldular. Heydər Əliyevə yaxınlığı ilə seçilən bir insanın deputat seçilməsi onlar üçün nə qədər arzuolunmaz olsa da, bunun qarşısını heç vəchlə almaq mümkün olmadı.
Şəxsiyyətlərin yetişməsində mühit və hadisələr əsas tərbiyəçidir. Lakin bu hadisələrin də mərkəzində məhz onların özü dayanaraq zamanın gedişində təkcə cəmiyyətin üstün mühitini dəyişmirlər. Bu prosesdə özləri də yeni şəraitin ağuşuna düşür, yeni vəzifələrin qarşıya qoyduğu tələblərin icrası üçün yeni vasitələr, yeni münasibət, yanaşma tərzi əxz edirlər. Bununla belə onlar daim öz prinsiplərinə, öz simalarına malikdirlər. Ən çətin anda belə bu insanlar həqiqəti dəyişmir, öz simalarını qorumaq naminə bəzən hər şeyi dəyişməyə və ya qurban verməyə hazır olurlar. Düşünürəm ki, Fəttah Heydərovu həm müdrik ağsaqqal, həm də ziyalı kimi yüksək hörmət-izzət sahibi edən ən ali keyfiyyətlərdən biri onun xarakter bütövlüyü, sədaqətli və əqidəsinə bağlı olması, yolundan sapmamasıdır. Bu mənada Fəttah Heydərov cəmiyyətdə Heydər Əliyev yolunun sadiq, etibarlı, dönməz davamçılarından biri kimi tanınır. O, sağlam əqidə, təmiz məslək adamıdır - siyasi baxışları aydın və sabitdir.
Müstəqillik illərində Milli Məclisin deputatı kimi fəaliyyəti Fəttah Heydərovun Heydər Əliyev yoluna - yəni xalqa, dövlətə ləyaqətlə xidmət etmək məramına sadiq olduğunu bir daha təsdiqlədi. Milli Məclisə keçirilmiş IV çağırış seçkilərin hamısında seçicilərinin yüksək etimadını qazanan Fəttah müəllimin deputatlıq fəaliyyəti üzərində xüsusi dayanmaq lazım gəlir. Cəmiyyətdə baş verən proseslərə adekvat reaksiyası, Milli Məclisdə müzakirə olunan müxtəlif məsələlərə konkret, aydın münasibəti ilə seçilən ağsaqqal deputat seçicilərinin və həmkarlarının dərin rəğbətini qazanıb. İlk gündən xalqın mənafeyi naminə irəli sürdüyü təklif və ideyaların reallaşmasında, mütərəqqi ruhlu qanunların hazırlanmasında və qəbulunda yaxından iştirak edib.
1995-2005-ci illərdə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının üzvü, 2005-ci ildən Regional məsələlər daimi komitəsinin sədr müavini kimi çalışan Fəttah Heydərov millət vəkili adının şərəfini uca tutur. Parlamentin İntizam komissiyasının üzvü kimi Milli Məclisdə normal iş rejiminin qorunması, daxili nizam-intizamın saxlanılması, etik davranışların təmini istiqamətində öz nüfuzu hesabına mühüm işlər görüb. Parlamentin beynəlxalq əlaqələrinin genişlənməsində də deputatın müstəsna xidmətləri var. Fəttah müəllim respublikamızı ATƏT Parlament Assambleyasında layiqincə təmsil edir. Əcnəbi həmkarları ilə görüşlərində Azərbaycanın haqq səsini ucaldır - Qarabağ həqiqətlərini hər kəsə doğru-dürüst çatdırmağa, bədnam erməni lobbisinin iç üzünü açmağa çalışır.
Fəttah Heydərovun deputatlıq fəaliyyətinin qabarıq cizgilərindən biri də onun daim seçicilərinin yanında olması, səsini, etimadını qazandığı hər bir insanın maraq və mənafeyini həssaslıqla nəzərə almasıdır. Seçici qarşısında qeyri-adi dərəcədə məsuliyyət hissinə malik olması onun yolunu müntəzəm olaraq Qəbələ rayonuna salır. İnsanlarla səmimi görüşür, onların dərd-sərini, qayğılarını bölüşür. İmkanı daxilində hər kəsə kömək göstərir, seçicilərinin problemlərinin həlli üçün dövlət strukturlarında çalışan məmurlara müraciət edir. Deputatlıq fəaliyyəti ilə xalqın adamı olduğunu sübut edir və yaxşılıq etmək məramını daim uca tutur. Qəbələdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinə dəstək olur, rayonun ictimai-siyasi həyatında fəal iştirak edir.
Qəbələdə Fəttah müəllimə sözünün sanbalı, dəyəri, çəkisi olan müdrik ağsaqqal kimi yanaşırlar: onun iştirakı olmadan heç bir ciddi tədbir keçirilmir. Bu və digər keyfiyyətləri sayəsində də o, təkcə Qəbələ camaatının deyil, bütövlükdə xalqın sevgisini qazanıb. Müxtəlif bölgələrdən olan insanlar Fəttah müəllimə sadə, səmimi, müzakirəyə açıq, təvazökar, habelə hər bir istəyin, xahişin, problemin deyilə biləcəyi müdrik ağsaqqal kimi yanaşırlar. O da bacardığı qədər hamıya kömək edir, əsl iman sahibi kimi yaxşılıq etməkdən usanmır.
Bu məqamda Fəttah müəllimin Allah yolunda olan imanlı bir insan olduğunu da qeyd etməliyik. Xaraktercə nə qədər yenilikçi, müasir, dünyəvi olsa da, mənəvi-əxlaqi dəyərlərə sadiq olan, qəlbində sonsuz Tanrı sevgisi qəzdirən Hacı Fəttah Heydərov əməlisaleh insan olduğunu gördüyü işlərlə sübuta yetirir. Həyata yetkin baxışı formalaşandan Nuhun gəmisinin xilas olduğu zirvələrin əhatəsində Tanrının mövcudluğunu dərk edən Fəttah müəllim islam mənəviyyatının kamil daşıyıcılarındandır. Hər bir addımında Allah sevgisini unutmur. Xeyriyyəçiliklə məşğul olur, ehtiyacı olanları Müqəddəs Kəbə evinə ziyarətə göndərir, məscidlərin inşasına, təmir-bərpasına imkanı daxilində kömək edir. Lakin çox böyük təvazökarlıqla Peyğəmbərimizin "Sağ əlin verdiyini sol əl bilməməlidir" kəlamına sadiq qalır, etdiyi yaxşılıqları sezdirməməyə çalışır.
Etiqadında sağlam, dürüst olan Fəttah müəllim həm də ölkəmizdə ağsaqqallıq, müdriklik örnəyi təcəssümüdür. Ağsaqqallıq institutu tarixən Azərbaycanın dövlətçiliyinin idarəetmə sistemində mühüm yer tutub, hətta müəyyən dönəmlərdə üstqurum funksiyasını daşıyıb. Ağsaqqal sözünə böyük hörmət və ehtiram azərbaycanlıları başqa xalqlardan fərqləndirən ən kamil, mütləq xüsusiyyətlərdəndir. Etiqad etdiyimiz İslam dini də ağsaqqallara, böyüklərə yüksək hörməti, sevgini təlqin edir. Bununla bağlı Məhəmməd Peyğəmbərin (ə.s.) hədislərinin birində deyilir: "Kiçiyimizə rəhm etməyən, böyüyümüzün isə haqqını tanımayan bizdən deyil!". Bu gün xalqımızın müdrik, sözünün çəkisi, əməlinin sanbalı, hörməti olan ağsaqqalara çox ehtiyacı var. Bu mənada, Fəttah Heydərovun ağsaqqal kimi qəbul olunması və respublikanın Ağsaqqallar Şurasına sədr seçilməsi cəmiyyətin sosial-mənəvi tələbatından irəli gələn qanunauyğunluqdur.
Şərqin böyük mütəfəkkiri Mövlanə ağsaqqalları ədalət mücəssəməsi kimi səciyyələndirərək yazırdı ki, bunun üçün onların 4 şərtə əməl etməsi vacibdir: ağsaqqal nəzakətlə dinləməli, ağılla düşünməli, müdrik cavab verməli, qərəzsiz qərar qəbul etməlidir. Əxlaq və ədalət meyarlarının hər bir cəmiyyətdə bərqərar olması, uca tutulması, mübahisələrin, hətta qan davalarının sivil həlli bəzən ağsaqqal sözündən, məsləhətindən asılı olub. Minilliklər keçsə də, bu müdrik yanaşmanın istinad etdiyi ali həqiqət öz gücünü, aktuallığını itirmir. Məhz Fəttah Heydərov kimi ağsaqqalların sözü insanlar tərəfindən eşidilir, hörmət-izzətlə qarşılanır. Haqq-ədalətə bağlı olması, düzgünlüyü, mənəvi təmizliyi, insanpərvərliyi, humanizmi və qayğıkeşliyi onun ağsaqqallığından, müdrikliyindən irəli gələn ali keyfiyyətlərdəndir. Ən əsası, əsl Azərbaycan kişisinə xas sözünə bütövlük, mərdlik, əliaçıqlıq, təvazökarlıq kimi keyfiyyətlər Fəttah müəllimin şəxsiyyət obrazını tamamlayır.
Fəttah Heydərov siyasi nöqteyi-nəzərdən bitərəf olsa da, Heydər Əliyev yoluna sadiq insan kimi Prezident İlham Əliyevin modernləşmə və demokratikləşmə kursunu birmənalı dəstəkləyir, bu siyasəti Azərbaycanın nicatı sayır. Dövlət başçısının rəhbərliyi altında həyata keçirilən islahatlara Milli Məclisin deputatı, müdrik ağsaqqal kimi dəstəyini verməyə, xalqla dövlət arasında mənəvi bağlantının daha da güclənməsinə çalışır. Fəttah müəllimi Heydər Əliyevin siyasi xəttinə bağlı edən ən əsas amil müstəqil Azərbaycan dövlətinin mövcudluğunun qorunmasında, dövlətimizin dayaqlarının möhkəmlənməsində müstəsna rol oynamış bu siyasi kursun milli-ideoloji mahiyyətidir. Fəttah Heydərov bu mahiyyəti dərindən dərk edir və onun gələcək nəsillərə olduğu kimi çatdırılması üçün üzərinə düşən vəzifəni düzgün dəyərləndirir.
Əslində, bu keyfiyyətlərin ümumilikdə Heydərovlar şəcərəsinin fəaliyyətində daha parlaq və qabarıq sezildiyini desək, qətiyyən mübaliğəyə yol vermiş olmarıq. Dövlət idarəçiliyi bu soyadı daşıyan insanlar üçün xalqa, dövlətə, onun rəhbərinə sədaqətli xidmətdən, insanların inam və etimadını doğrultmaqdan, hər bir işə məsuliyyətlə yanaşmaqdan, ölkənin iqtisadi inkişafına sanballı töhfələr verməkdən, həqiqətlərini dünya müstəvisinə çıxarmaqdan, milli diaspor hərəkatının güclənməsinə dəstək verməkdən və sadalamadığımız digər çox mühüm işlərdə şərəfli missiyadan ibarətdir. Heydərov soyadının daşıyıcıları Fəttah müəllim kimi bir müdrik ağsaqqalın genetik, Heydər Əliyevin isə siyasi davamçıları olduqlarını qətiyyən unutmurlar.
Əsl şəxsiyyətlər xalqına misilsiz xidmətlər göstərən zaman hansısa təmənna güdməyib, nəcibliklərini, xeyirxahlıqlarını, insanpərvərliklərini qoruyublar. Fəqət, həyat amalı ilə seçilən belə şəxsiyyətlərin cəmiyyət qarşısındakı misilsiz xidmətlərinin obyektiv dəyərləndirilməsi cəmiyyətin özündə yetişən sosial ehtiyacdır ki, bu da müxtəlif adlar, titullar formasında sahiblərinə ünvanlanır. Prezident İlham Əliyev 2008-ci il 22 fevral tarixli sərəncamı ilə Fəttah Heydərovu "Şöhrət" ordeni ilə təltif edib, onun fəaliyyətinə yüksək dəyər verib. Fəttah müəllim dövləti, xalqı, Prezidenti qarşısında məsuliyyətini heç zaman unutmur, etimadı doğrultmaq üçün bu ahıl yaşında da qeyri-adi enerji ilə, həvəslə çalışır.
Nəcib şəxsiyyətlərin hər birinin dunyaya gəlişi, həyat və fəaliyyəti ilə başlayıb davam edən ömür salnaməsi son nəticədə xalqın, dövlətin tarixinin ən şərəfli anına çevrilir. Onların bu fani dünyadan yeganə umacağı məhz millət, dövlət yolunda çalışmaq, yaxşı iş görmək, tarixdə əbədi qalmaqdır. Məmləkətimizin qədim və dilbər guşəsi olan Naxçıvan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev kimi böyük dühanın, Cəmşid və Hüseyn xan Naxçıvanskilər kimi qüdrətli görkəmli tarixi şəxsiyyətlərin, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi kimi qüdrətli ədəbi simaların, Yusif Məmmədəliyev, Əziz Şərif, Məmməd Cəfər, Abbas Zamanov, Məhəmməd Taği Sidqi kimi müqtədir elm və maarif xadimlərinin vətənidir. Bu şərəf silsiləsinin davamı olaraq dövlətçilik tariximizə öz möhürünü vuran Fətah Heydərov da şanlı diyarın layiqli təmsilçilərindəndir.
Yunan filosofu Ezop yazırdı ki, insan üçün ən böyük xəzinə işləmək bacarığıdır. Mənalı ömrünün 75-ci pilləsinə adlayan Fəttah müəllim bu gün yorulmadan, gənclik şövqü ilə çalışır, üzərinə düşən missiyanı layiqincə daşıyır. Xalqının, dövlətinin istəyi ilə hətta yeni ağır və məsuliyyətli işləri də üzərinə götürməkdən çəkinmir. Daxilindəki millət sevgisi ona qeyri-adi güc, enerji, qüvvə verir. Müdriklik zirvəsini fəth etmiş Fəttah Heydərov kimi şəxsiyyətlərin mövcudluğu isə ümumilikdə, qürur, fəxarət yeri, mənəvi xəzinədir!..
İxtiyar HÜSEYNLİ,
Azərbaycan.-2013.- 19 fevral.- S. 4.