«Azərbaycan Respublikasında məişət zorakılığı qurbanı olan qadınların

 sosial iqtisadi cəhətdən səlahiyyətləndirilməsi və gender

 məsələləri üzrə maarifləndirilməsi» layihəsinin təqdimatı olmuşdur

 

Fevralın 18-də Azərbaycan Hüquqşünaslar Konfederasiyasının (AHK), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK), BMT-nin Əhali Fondunun, Beynəlxalq Miqrasiya Təşkilatının birgə təşkilatçılığı və  Avropa Komissiyasının dəstəyi ilə "Azərbaycan Respublikasında məişət zorakılığının qurbanı olan qadınların sosial-iqtisadi cəhətdən səlahiyyətləndirilməsi və gender məsələləri üzrə maarifləndirilməsi" layihəsinin təqdimatı olmuşdur.

AzərTAc xəbər verir ki, AHK-in sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculugu Komitəsinin sədri Əli Hüseynli layihənin əhəmiyyətindən danışaraq Azərbaycanda məişət zorakılığının və gender məsələlərinin dövlət tərəfindən daim diqqət mərkəzində saxlanıldığını və bununla bağlı bir sıra tədbirlərin həyata keçirildiyini bildirmişdir.

Sonra layihənin təqdimatı olmuşdur. Qeyd edilmişdir ki, layihənin məqsədi qadınların hüquqları, sosialiqtisadi səlahiyyətlərinin qorunması və təşviq edilməsi, eləcə də onlara qarşı zorakılıqla mübarizə tədbirlərini dəstəkləməkdir. Layihə çərçivəsində qadınların sosial-iqtisadi potensialının genişləndirilməsi, məişət zorakılığının qurbanları üçün istinad mexanizminin gücləndirilməsi və cəmiyyətdə gender məlumatlılığının artırılması vasitəsilə qadınlara qarşı ailədaxili zorakılığın qarşısını almaq istiqamətində hökumətin cəhdlərinə yardımın göstərilməsi nəzərdə tutulmuşdur.

Təqdimat mərasimində çıxış edən AQUPDK-nin sədri Hicran Hüseynova mövzu ilə bağlı ortaya çıxan məsələlərdən danışmışdır. Sədr təəssüf hissi ilə bildirmişdir ki, bu istiqamətdə nə qədər çox görülsə də, cəmiyyətin dəstəyə hələ də böyük ehtiyacı vardır. Yeni layihəni yüksək qiymətləndirən komitə sədri digər qeyri-hökumət təşkilatlarını da bu sahədə təşəbbüs göstərməyə çağırmışdır.

Bu layihənin gözəl bir nümunə olduğunu deyən H.Hüseynova yaxın vaxtda onun müsbət nəticələr verəcəyinə əminliyini bildirmişdir. AQUPDK-in sədri cəmiyyəti bu istiqamətdə komitə ilə əməkdaşlıq etməyə və dəstək olmağa çağırmışdır.

Mövzu ilə bağlı fikirlərini bölüşən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova demişdir ki, kimliyindən asılı olmayaraq, hər bir qadın zorakılıqla rastlaşa bilər. O qeyd etmişdir ki, təkcə qadınlar deyil, kişilər də eyni şəkildə zorakılığa məruz qala bilərlər. Bu problemin cəmiyyətdən uzaqlaşdırılması üzərində aparılmalı, bu istiqamətdə dəyişiklik edilməli, etinasızlıq aradan qaldırılmalıdır. Azərbaycanda məişət zorakılığının aradan qaldırılması üçün ciddi tədbirlər görülür.

Zorakılığın bütün ölkələrdə yaşayan qadınlara mənfi təsir göstərdiyini deyən Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia qeyd etmişdir ki, dünyada qadınların 70 faizi fiziki zorakılığa məruz qalır. Bildirilmişdir ki, ailə-məişət zorakılığı qurbanlarından hər on nəfərdən doqquzu qadındır.

R.Kobia diqqətə çatdırmışdır ki, Aİ-nin üzvü olan ölkələrdə qadınların 45 faizi həyatı boyu bir dəfə də olsa zorakılıqdan əziyyət çəkir. O demişdir: "Hər gün beş qadından biri zorakılığın qurbanı olur. Bu halların səbəbkarı çox zaman kişi, qurban isə sevdiyi və sevilən şəxs olur. Zorakılıq halı rəzalət və kişilərə yaraşmayan bir hərəkətdir. Bu problem ailəyə, xüsusilə də uşaqlara mənfi təsir göstərir. Aİ-nin üzvü olan ölkələrdə məişət zorakılığı ciddi və ağır cinayətlərdən biri sayılır. Aİ hər zaman Azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbirlərə dəstək verirbundan sonra da dəstəyini davam etdirəcəkdir".

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi, bu təşkilatın Əhali Fondunun Azərbaycan üzrə nümayəndəsi Antonius Broek bildirmişdir ki, yoxsulluğun aradan qaldırılması, qadınlar üçün yerlərinin yaradılması, onların sosial statuslarının yüksəldilməsi problemin həllinə müsbət təsir göstərə bilər. Azərbaycanda məişət zorakılığı məsələlərinə xüsusi diqqətin yetirildiyini deyən A.Broek bununla belə, çoxlu sayda çətinliklərin olduğunu da vurğulamışdır. Qanunlardan əlavə maarifləndirmə işininböyük əhəmiyyətini qeyd edən A.Broek demişdir: "Qadınlar pulsuz tibbihüquqi yardımla təmin olunmalı, iqtisadi asılılığın azaldılması istiqamətində layihələr həyata keçirilməlidir. Qadınlar daha çox səlahiyyətləndirilməli, daha çox müstəqil olmalıdırlar".

Sonra mövzuya dair müzakirələr aparılmışdır.

 

Azərbaycan.-2013.- 19 fevral.- S.5.