Bakıda «Kompyuter cinayətkarlığı
ilə mübarizədə Almaniya
təcrübəsi» mövzusunda elmi-praktik seminar keçirilir
Fevralın 18-də Bakıda Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin, "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İctimai Birliyinin (AHİM) və Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun (İRZ) birgə təşkilatçılığı ilə "Kompyuter cinayətkarlığı ilə mübarizədə Almaniya təcrübəsi" mövzusunda elmi-praktik seminar işə başlamışdır.
AzərTAc xəbər verir ki, iki gün davam edəcək və əsasən kompyuter cinayətlərinin açılması sahəsində ixtisaslaşmış məhkəmə ekspertləri üçün nəzərdə tutulmuş seminarın məqsədi kompyuter texnologiyaları sahəsində baş verən cinayətlərin ekspertizası üzrə beynəlxalq metodologiyanı və müasir texnologiyaları öyrənmək, eləcə də respublikamızın bu sahədə fəaliyyət göstərən mütəxəssislərinin peşə bacarıqlarını inkişaf etdirmək və onların müvafiq biliklərini artırmaqdır.
Azərbaycan Respublikası Baş Prokurorluğunun, Ədliyyə, Vergilər, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin əməkdaşlarının, hakimlərin və vəkillərin iştirak etdikləri tədbirdə almaniyalı ekspertlərin məruzələri dinləniləcəkdir.
Tədbirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Fuad Cavadov almaniyalı qonaqları və iştirakçıları salamlayaraq seminarın məhkəmə ekspertləri üçün əhəmiyyəti, bu sahədə qabaqcıl texnologiyaların öyrənilməsinin zəruriliyi, habelə məsələnin hüquqi aspektləri barədə məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycanda informasiya texnologiyalarının inkişafına böyük diqqət yetirilir və bu sahə sürətlə inkişaf edir. Ölkəmizdə kibercinayətkarlıqla mübarizə də diqqət mərkəzindədir.
AHİM-in sədri, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Anar Bağırov Prezident İlham Əliyevin sərəncamına əsasən, 2013-cü ilin ölkəmizdə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunmasının əhəmiyyətini qeyd etmiş, bu tədbirin qeyd olunan sənədin tələbləri ilə uzlaşdığını bildirmişdir.
Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəis müavini Tağı Eynullayev və İRZ Fondunun Azərbaycan üzrə əlaqələndiricisi Rəşad Hüseynli kibercinayətkarlıqla mübarizə sahəsində Almaniya təcrübəsinin öyrənilməsi ilə bağlı keçirilən bu tədbirin əhəmiyyətini vurğulamışlar.
Seminarın birinci günündə Almaniyanın Köln Torpaq Məhkəməsinin hakimi Jens Şiminovski "Kibercinayətkarlıq - təzahür formaları, kompyuter cinayətkarlığı ilə mübarizədə beynəlxalq normalar, məsələnin Almaniya qanunvericiliyində tənzimlənməsi", Almaniya Köln Baş Polis İdarəsinin Kompyuter Cinayətkarlığı Departamentinin baş komissarı Tomas Qraupeter "Almaniyada polisin kibercinayətkarlıq sahəsində ekspertiza fəaliyyəti", Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin elmi-tədqiqat və metodiki iş şöbəsinin baş məsləhətçisi Yaşar Abdullayev "Kibercinayətkarlığın ictimai təhlükəliliyi, onunla mübarizənin cinayət-hüquq və kriminoloji aspektləri" mövzularında məruzələr etmişlər.
İnteraktiv formada davam edən seminarda mövzular ətrafında geniş müzakirələr, faydalı fikir mübadiləsi aparılmış, hər iki ölkənin bu sahədəki təcrübəsi haqqında məlumat verilmişdir.
Seminarın
ikinci günündə "Qanunsuz gəlirlərin geri
qaytarılması: məsələnin Almaniya və Avropa
qanunvericiliyində tənzimlənməsi", "Provayderin məsuliyyəti
və informasiya azadlığı" və digər
mövzularda məruzələr dinləniləcəkdir.
Azərbaycan.-2013.- 19 fevral.- S.5.