Heydər Əliyev Mərkəzi Xocalı
soyqırımı
ilə
bağlı tədbirlər keçirir
Heydər Əliyev Mərkəzi (HƏM) Azərbaycan tarixi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə daha geniş yayılması istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsinə başlamışdır.
Heydər Əliyev Mərkəzindən AzərTAc-a bildirmişlər ki, bu məqsədlə Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində mərkəzin təşəbbüsü ilə faciə qurbanlarının xatirəsinə həsr olunmuş bukletlər nəşr edilmişdir. Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri vasitəsilə yayılacaq "Xocalı soyqırımı" adlı nəşrdə ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdikləri insanlıq əleyhinə cinayət - soyqırımı, eləcə də Dağlıq Qarabağ münaqişəsi barədə faktlar öz əksini tapmışdır.
Bununla yanaşı, Xocalı soyqırımına dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycanın xarici ölkələrdəki 15-dək diplomatik nümayəndəliyində fotosərgilərin təşkili nəzərdə tutulur. Bu sərgilərdə 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı törədilmiş soyqırımını əks etdirən fotolar, bu barədə dünya mətbuatında yayımlanmış materiallar təqdim olunacaqdır.
Heydər
Əliyev Mərkəzinin təşəbbüsü ilə
ölkəmizdən kənarda təşkil olunan sərgi və
"dəyirmi masa"larda Ermənistan silahlı qüvvələrinin
Xocalıda uşaqları, qadınları və qocaları
işgəncələrlə qətlə yetirməsinə
dair fotolarla yanaşı, faciəyə həsr olunan film də
nümayiş etdiriləcəkdir.
Azərbaycan.-2013.- 19 fevral.- S.6.