Dönüş mərhələsi

 

Xalça-mahud kombinatında usta köməkçisi işləyirdim. Əmək qabaqcılı və Mərkəzi Komitənin üzvü kimi mən də 1969-cu ilin avqust plenumunda iştirak edirdim. Ulu öndər Heydər Əliyev hakimiyyətə yenicə gəlmişdi. Plenumdakı çıxışı onun geniş kütlə qarşısında ilk nitqi idi. Respublika tədbirlərində az-çox iştirak etmişdim. Lakin Heydər Əliyevin dərin məzmunlu, geniş təhlilli, kəskin iradlı nitqindəki dəqiqliyi, kəskinliyi, ölkənin taleyinə canıyananlığını heç vaxt, heç yerdə görməmişdim! Sosial-iqtisadi həyatın elə guşələrindən, inkişafın elə istiqamətlərindən söz açır, elə faktları, məsələləri vurğulayırdı ki, hamımız heyran qalmışdıq.

İllər boyu tənəzzüldə, durğunluqda inamları sarsılmış insanların qəlbinə ümid, gözünə işıq gəldi. Hamı gördü ki, Azərbaycan, nəhayət, öz səriştəli sahibini tapdı. Bu, təkcə ölkəmizin yox, elə öncə mənim üçün əsl dönüş mərhələsi idi.

Heydər Əliyevin dərin məzmunlu çıxışını dinlədikcə doğma Gəncəmizi gözümün önünə gətirirdim. Təzə rəhbərin bu dəyərli tələblərinə uyğun olaraq bizim şəhərdə də çox işin yenidən başlanması vacib idi. Aradan çox keçmədi ki, Heydər Əliyev Gəncəyə gəldi. Bu, 1972-ci ilin aprel ayında olub. Yerlərdə işlərin gedişi ilə maraqlandı, mütəxəssislərlə, ağsaqqallarla görüşdü. Sonra ümumşəhər toplantısı keçirildi. Mövcud vəziyyət ətraflı təhlil olundu. İllər boyu yaranmış qüsurların, iqtisadi-sosial həyatda kök salmış durğunluğun aradan qaldırılması yolları göstərildi. Hər sahədə və hər kəsdə əmək fəallığının yüksəldilməsi üçün konkret tövsiyə və tapşırıqlar verdi.

Bu tarixi səfərdən sonra qədim diyarın yeni həyatı, əsl yüksəliş, tərəqqi dövrü başlandı. Şəhərin hər yerində neçə-neçə sənaye obyektinin təməli qoyuldu. Körpülər, bağlar, parklar salındı, elm, təhsil ocağı istifadəyə verildi. Çini qablar zavodunun, qənnadı fabrikinin, taxıl məhsulları, xalça, ət və süd kombinatlarının, əlvan metalların emalı zavodunun inşası bilavasitə cənab Heydər Əliyevin adı ilə bağlıdır. Sosial obyektlər də əsla unudulmurdu. "Gəncə" mehmanxanası, təyyarə meydanı, Yeni Gəncə və Gülüstan yaşayış sahələri, avtomobilçilər qəsəbəsi və neçə-neçə digər xeyirxah o illərin yadigarıdır. Dövlət başçısı ictimaiyyətin nümayəndələri ilə görüşlərindən birində demişdi: "Gəncəni sənaye şəhəri etmək, Gəncəni daha böyük etmək, Gəncə sakinlərinin həyat tərzini yaxşılaşdırmaq həmişə Azərbaycan rəhbərliyinin diqqət mərkəzində olmuşdur".

Ulu öndərin hər kəsi səbirlə dinləməsi, hər bir yeniliyə geniş yol açması, qaldırılan məsələyə əlüstü dəstək verməsi qabiliyyətinə valeh olmuşdum. Mərkəzi Komitənin növbəti plenumunda çıxış üçün mənə söz verildi. Ümumi məsələlərdən danışandan sonra xalça kombinatının nailiyyətlərindən söz açdım. Müəssisəmiz artıq bütün respublikaÜmumittifaq miqyasında tanınırdı. Layihə gücündən 2,1 dəfə çox məhsul istehsal olunurdu. Bütün bunlara baxmayaraq, qayğılar da yox deyildi. Onda mən Sverdlovsk vilayətinin Sursk şəhərinə ezamiyyətdən gəlmişdim. Orada işlər çox gözəl qurulmuşdu. Xammalı özləri istehsal edirdilər. Bizim əyirici seximiz isə sutka ərzində vur-tut 12 ton iplik verirdi. İpliyin çoxunu başqa şəhərlərdən alırdıq. Onlar da vaxtlı-vaxtında çatdırılmır, gecikdirirdilər. İplik istehsalının azı iki dəfə artırılması vacib idi. Təklif etdim ki, kombinatımızda ikinci əyirici fabrikin tikilməsi vacibdir. Heydər Əliyev o dəqiqə öz fikrini bildirdi:

- Ağıllı təklifdir - dedi. - Gərək bu nizama salınsın.

Qısa bir vaxtda kombinatımızda əyirici fabrik inşa edildi. Açılışa ulu öndər Heydər Əliyev də gəlmişdi. Bununla əlaqədar toxucuların mədəniyyət sarayında ümumşəhər toplantısı keçirildi. İclasın aparılması o vaxtın qayda-qanununa uyğun olaraq əmək qabaqcılı kimi mənə həvalə olunmuşdu. Çıxışlar rus dilində gedirdi. Birgördüm ki, cənab Heydər Əliyev əlimin altında olan iclasın proqramını götürüb vərəqləməyə başladı. Sonra da mənə sarı dönərək astaca "Davam elə - dedi. - Sən sərbəst olanda daha yaxşı danışırsan". Ürəkləndim və elə bilirəm ki, toplantı yüksək səviyyədə, qüsursuz  keçdi.

Təvazökarlıqdan kənar olsa da, bir faktı xatırlamaq istəyirəm. Əyirici fabrikinin vaxtından əvvəl işə salınmasında fəal işlədiyimə və illik tapşırıqları bir qayda olaraq ikiqat artıqlaması ilə ödədiyimə görə məni Sosialist Əməyi Qəhrəmanı adına təqdim etmişdilər. Həmin günlərdə Moskvadan balaca boy bir erməni gəldi. Yaxşı yadımdadır, altıncı gün idi. Xeyli söhbət etdik. Gəncədə üçüncü katib Xocayan adlı bir erməni idi. Görüşdü. Sonra Stepanakertə (Xankəndiyə) getdi. Nə oldu, nə danışdılar, bilmədim. Təltif olunanların siyahısı gələndə mənim adım çıxmadı. Sosialist Əməyi Qəhrəmanı adı Stepanakertdə (Xankəndidə) bir erməni toxucusuna verilmişdi. Heydər Əliyev bunu biləndə təqsiri olanları ciddi tənbeh etdi.

O zaman kombinatımız Ümumittifaqrespublika yarışlarının qalibi kimi otuzdan çox keçici qırmızı bayraq, vımpel, diplom almışdı. Bayraqlardan birini təqdim etmək üçün 1976-cı ildə dövlətimizin başçısı Heydər Əliyevin özü Gəncəyə gəlmişdi. İş elə gətirdi ki, o dövrün kinoxronikasından göründüyü kimi, keçici bayraq kombinatın adlı-sanlı işçiləri sırasında Mərkəzi Komitənin üzvü kimi öndə dayanan mənə təqdim edildi.

Heydər Əliyev sonra obyektdə işlərin gedişi ilə maraqlandı. Sıra ilə düzülmüş toxucu dəzgahlarına baxa-baxa mənim xidmət etdiyim sahəyə gəldi. Normaya görə beş dəzgaha xidmət etməli idim. Mən isə xidmət zonasını əvvəl altıya, sonra yeddiyə çatdırmışdım. Biləndə ki, mən bir qayda olaraq, həmişə planları ikiqat artıqlaması ilə yerinə yetirirəm, Heydər Əliyev maraqlandı. Soruşdu ki, "Necə, hansı yolla?" Söylədim, yoldaş Əliyev dəzgahların sayını artırmaqla və onlara əla xidmət etməklə. Xəbər aldı: "Bəs keyfiyyəti necədir?"

Məndən əvvəl cavab verdilər ki, kombinatın ən şöhrətli məhsulları - "Gəncə", "Güllü", "Şirvan", "Təbriz", "Kaşan", "Qarabağ" xalçaları əsasən Mobil İmanovun xidmət etdiyi sahədə toxunur.

Ulu öndər Heydər Əliyev xalçanın birini çevirərək ilmələrinə baxdı. Hiss etdim ki, razı qaldı. Sonra müəssisənin rəhbərinə üzünü tutaraq:

- Ustanın təşəbbüsü təqdirəlayiqdir - dedi. - Gərək bunu geniş yayaq.

Bir azdan istehsal qurğularının səmərəsini yüksəltmək və buraxılan məhsulun keyfiyyətini yaxşılaşdırmaq sahəsində xalça-mahud kombinatının təcrübəsinin yayılması barədə Mərkəzi Komitənin qərarı çıxdı. Bu mühüm qərarın icrası ilə əlaqədar olaraq kombinatın texniki bazası kökündən dəyişildi. Köhnə "Teksima" dəzgahı modernləşdirildi. Yarımyun ipliyin istehsalı nizama salındı. Qısa bir vaxt ərzində 55 iri dəzgah quraşdırıldı. Digər tədbirlər görüldü. O vaxtdan bəri kombinat hər il azı iki milyon kvadratmetr xalça istehsalına nail oldu.

Xalçaların böyük əksəriyyəti keyfiyyət nişanı ilə buraxılırdı. Mənim başçılıq etdiyim kollektiv o ili Ümumittifaq yarışının qalibi oldu və mən Qırmızı Əmək Bayrağı ordeninə layiq görüldüm. Mənim üçün çox əziz olan bu mükafatı ulu öndər Heydər Əliyev sinəmə taxdı.

Sonralar doxsanıncı illərin burulğanında da Heydər Əliyev həmişə Gəncənin, gəncəlilərin yanında oldu. O narahat, nigaran günlərdə elin aramsız təkidi ilə hakimiyyətə dəvət olunan, lakin hələ vəziyyəti öyrənməmiş bu işə razılıq verməyən ulu öndər  Heydər Əliyev əvvəlcə Gəncəyə gəldi. Top-tüfəng atəşi altında heç nəyə məhəl qoymadan bilavasitə hadisə yerinə getdi. Vəziyyətlə tanış oldu. Şəhər sakinləri ilə, hərbi qulluqçularla görüşüb hər şeyi yerli-yataqlı öyrənəndən sonra Milli Məclisin növbəti iclasında Gəncə hadisələri barədə öz qəti sözünü dedi.

Ulu öndərin qətiyyətli mövqeyinə uyğun olaraq torpaqlarımızın mühafizəsi üçün mən də əlimdən gələni etməyə çalışırdım. 1993-cü il iyul ayının 19-da aldığım bir məktub mənim üçün çox qiymətlidir:

"Hörmətli Mobil bəy!

Azərbaycan Respublikası Ali Soveti sədrinə göndərdiyiniz məktubun məzmunu ilə H.Əliyev cənabları tanış oldu. Vətənimizin ağır günündə onu müdafiə etdiyinizə, ünvanına xoş sözlər söylədiyinizə görə Sizə minnətdarlığını çatdırmağı xahiş etdi. Eyni zamanda bildirdi ki, respublikamızın ərazi bütövlüyünün qorunması, əmin-amanlığın bərpası, qəddar düşmənin torpağımızdan qovulması yolunda əlindən gələni əsirgəməyəcəkdir".

Xalqın ümummilli liderinin ömür yolunu xatırladıqca Nəsirəddin Tusinin bir müdrik sözü yada düşür: "Ən yaxşı rəhbər odur ki, ölkədəki bütün insanlar ona inansın, onun ardınca getsin, onun tədbirlərinə şərik olsun, onu özünə ata saysın və nəhayət, ona sitayiş etsin, çünki ölkənin möhkəmliyi rəhbərə, rəhbərin möhkəmliyi siyasətə, siyasətin möhkəmliyi hökumətə bağlıdır".

Cənab Heydər Əliyev bax, bu cür müdrik dövlət başçısı idi!

 

 

Mobil İMANOV,

Gəncə şəhəri, əmək veteranı

Azərbaycan.-2013.- 20 fevral.- S.1.