Akademik tələbələrin qonağı oldu

 

Dünən rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyəti ilə görüşmüşdür.

Akademik Ə.Abbasovu BANM-də görməkdən məmnunluğunu bildirən ali məktəbin rektoru Elmar Qasımov, eyni zamanda qonağı bu günlərdə baş vermiş tarixi hadisə - Azərbaycanın ilk "Azərispace-1" telekommunikasiya peykinin orbitə buraxılması və Prezident İlham Əliyevin sərəncamı ilə yeni İnformasiya Texnologiyaları Universitetinin yaradılması münasibətilə təbrik etdi. Ölkədə aparılan yüksək quruculuq işlərindən söhbət açan rektor qeyd etdi ki, indi Azərbaycan regionun lider dövləti olmaqla yanaşı, artıq dünya əhəmiyyətli dövlətə çevrilməkdədir.

E.Qasımov, həmçinin ölkə Prezidentinin təhsil sahəsində həyata keçirdiyi yeniliklərə toxundu. Bakı Ali Neft Məktəbinin fəaliyyət göstərdiyi qısa zamanda əldə etdiyi uğurlara, o cümlədən 2012-ci ilin qəbulunun nəticələrinə görə ali məktəblər arasında ən yüksək reytinqə layiq görüldüyünü söyləyən rektor bildirdi ki, BANM-in yaradılmasında əsas məqsəd Azərbaycanda beynəlxalq standartlara uyğun ən müasir tədris planları və texnologiyaları əsasında tədris prosesini təşkil etməkdir. Prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı BANM-də yeni "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasının açıldığı da vurğulandı.

Tələbələri test imtahanlarında yüksək nailiyyətlər əldə edərək müasir tipli belə bir ali məktəbə daxil olmaları münasibətilə təbrik edən rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov qeyd etdi ki, onların üzərinə böyük məsuliyyət düşür. Çünki hər bir ölkənin inkişafı və gələcəyi onun savadlı gənc kadrlarından asılıdır. Nazir ilk "Azərispace-1" telekommunikasiya peykinin orbitə buraxılması münasibətilə məktəbin kollektivini də təbrik etib ilk peykimizin 50-dən artıq ölkəni birləşdirən məkanda mühüm iqtisadi rol oynayacağını bildirdi. Azərbaycanın ilk peykinin buraxılmasının iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində mühüm addım, bununla yanaşı, kommersiya xarakterli, gəlirli bir layihə olduğu vurğulandı.

Akademik qeyd etdi ki, ölkə başçısı İlham Əliyev tərəfindən 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunması bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani sübutudur. Nazir təhsil sisteminin inkişafına yönəlmiş tədbirlər çərçivəsində Prezident İlham Əliyevin sərəncamı ilə İnformasiya Texnologiyaları Universitetinin yaradılmasının da mühüm əhəmiyyət kəsb edən layihə olduğunubu ali təhsil müəssisəsinin quruculuğunda BANM-in uğurlu təcrübəsindən istifadə olunacağını bildirdi.

Tədbirin sonunda akademik müəllimlərin və tələbələrin suallarını cavablandırdı və ona BANM-in "Fəxri qonağı" diplomu təqdim edildi.

 

 

Azərbaycan.-2013.- 20 fevral.- S.2.