Qaradağlı soyqırımı - ikinci Xocalı
Ermənilər həmişə Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı müxtəlif təxribatlar törədiblər. 1967-ci ildə milli münaqişə yaratmaq üçün ermənilər üç nəfər azərbaycanlıya, əslən Qaradağlıdan olan şəxslərə böhtan ataraq onları həbs etdirmişdilər. Onların məhkəmədə bəraət almalarına baxmayaraq, erməni quldurları günün günorta çağı Xankəndidə, sovet əsgərlərinin gözü qarşısında həmin günahsız insanların üstünə benzin töküb yandırmışdılar. Cəzasızlıq isə özünü çox gözlətmədi - 1987-ci ilin ağır üzü özünü göstərdi. Bu dövrdə Qarabağın digər azərbaycanlı əhalisi kimi, taleyin hökmünə buraxılan Qaradağlı da öz-özünə nicat yolu axtarmaqda idi. Hər gün hansısa faciəli hadisə baş verirdi və qaradağlılar daim gərginlik içində yaşayırdılar. Ümumiyyətlə, 1988-ci ilin fevralından 1992-ci ilin fevralınadək Qaradağlıya 305 dəfə düşmən hücumu olmuşdu. Bu döyüşlərin hər birində kənd itkilər verirdi.
Qaradağlıda törədilən
soyqırımı etirafları
Qarabağ müharibəsində muzdlularla yanaşı erməni terror təşkilatlarının çoxlu sayda üzvü də vuruşmuşdur. Bunlardan ən fəalı Fransa, ABŞ, Livan və bir sıra digər Avropa ölkələrində Türkiyə siyasət adamlarına, ümumən türklərə qarşı terror aktları törətmiş, "Asala" terror təşkilatının aparıcı fiqurlarından biri sayılan beynəlxalq terrorçu Monte Melkonyandır.
1989-cu ildə Monte Melkonyan Ermənistana dəvət olunmuş və burada Azərbaycana qarşı işğalçılıq kampaniyasının fəal iştirakçılarından biri olmuşdur. O, Qaradağlı, Xocalı və Azərbaycanın bir sıra digər yaşayış məntəqələrində dinc insanlara qarşı soyqırımı cinayətlərinə bilavasitə rəhbərlik edən şəxslərdən biridir.
Markar Melkonyan "Mənim qardaşımın yolu" kitabında Montenin Qaradağlıda törətdiyi vəhşiliklərlə bağlı belə yazır:
"... O, soyuqqanlılıqla "B-7"-ni çiyninə qoydu, hədəfi seçdi və tətiyi basdı. Birinci mərmi gurultu ilə ikinci mərtəbədəki künc pəncərədən içəri daxil oldu, içəridə hər şeyi yandırdı. Pəncərədən sarı alov püskürdü. Bu, siqnal idi və hücum edənlər kəndi güllə yağışına tutdular.
...Arabo və Aramo dəstələrinin döyüşçüləri kəndin kənarında içərisində dinc insanların, o cümlədən qadınların da olduğu 38 əsiri xəndəyə atdılar. Arabo və Aramo dəstələrinin əsgərləri əsirləri güllələməyə başladılar və bıçaqları ilə istisnasız olaraq hamısını doğradılar. Aştarakdan olan vətənpərvər dəstəsinin 5 üzvündən biri olan Edo bir neçə nəfərin üzərinə benzin tökdü və yandırılmış kibriti onların üstünə atdı. Monte xəndəyə yaxınlaşanda orada yanmış meyitlərin qalıqları var idi.
...Ümumilikdə
iki gün ərzində Qaradağlıda və onun ətrafında
53 azərbaycanlı qətlə yetirilmişdi..."
Qaradağlı soyqırımı
şahidlərin dili ilə
Qara Kərimov:
- Kənddə
Zivər adında bir qadın vardı. Nəvəsi Vəfa
üçün saxladığı toy üzüyünü
sandıqdan çıxarıb barmağına
taxmışdı ki, kənd birdən işğal olunsa və
evini tərk etmək məcburiyyətində qalsa, heç
olmasa onu özü ilə apara bilsin. Ermənilər onu
öldürüb, üzüklü barmağını da kəsib
aparmışdılar...
Həmin
günün gecəsi postda Nobili, Xanalı və Altayı da
öldürmüşdülər, meyitləri
yandırmışdılar. Oğlum Əliqisməti vurdular.
O, ölüm ayağında ürək-dirək verib dedi ki,
düşmənə təslim olmayın.
Bizi əsir
götürdülər. Oğlum Əliqismət hələ də
can verirdi. İstədim yaxınlaşam, kömək edəm,
qoymadılar.
Ermənilər
orada çəkiliş də aparırdılar. Kamera
qarşısında elə danışırdılar ki, guya
ölənlərin hamısı ermənilərdi. Kənddən
çıxanda müqəddəs Pirin yanında
maşını saxladılar. Eldar və Şahmuradı
öldürüb meyitlərini yola atdılar. 10-15 km getdikdən
sonra bizi aparan erməni komandir poçtun müdiri Həbibi
öldürdü.
Biz
Malıbəyli körpüsünə çatanda cavanları
gətirən maşın da Malıbəyli
körpüsünə çatdı. Gördük ki,
maşında adam az qalıb. Kəndçimiz Əbülfəti
gördüm. Ondan soruşdum ki, bəs uşaqlar hanı? Dedi
ki, uşaqları öldürdülər.
Həqiqət Hüseynova:
-
Gözümüz nələr görmədi! Kəndçimiz
Eldarı gözümüzün qabağında ağacla
döyüb öldürdülər. Sonra da mənim gəlinimin
atasını öldürdülər. Heç bilmədim nə
ilə vurdular, amma kişinin başı iki yerə
paralandı. Sonra da qoydular maşının altına, əzib
tanınmaz hala saldılar. Cəmiyyət (Ningi) kəndi
yanında Zahid adlı kəndçimizi öldürdülər.
Qardaşı qışqırmaq istəyəndə əlimi
tutdum ağzına ki, səsi eşidilməsin. Əlimi qan
çıxana qədər dişləmişdi. Vaqif idi
adı... Əzablara dözməyib öldü.
Ələddin
Məmmədov:
-
Dadaşov Eldar, Şahmurad və Dəmir kişini maşına
mindirmədilər, onları döyə-döyə
öldürdülər. Bilirsən, baltayla kəsmək bir
ayrı şey, amma zülmlə, əzə-əzə,
ağır işgəncələrlə öldürdülər
onları...
İlqar Hüseynov:
-
...Bizim kənd özünümüdafiə dəstəsinin Əliqismət
adlı üzvü var idi, ağır yaralanmışdı. Mənim
və qardaşımın, öz atasının gözlərimiz
qabağında onu güllələdilər.
Ermənilər
azərbaycanlıların başlarını kəsib sellofan
torbalara yığırdılar. Mən sonradan bizi aparan erməni
silahlılarının birindən yavaşcadan soruşdum ki, məqsədiniz
nə idi o başları kəsməkdə? Manvel adlı erməni
dedi ki, bilirsiz bunlardan nə qədər pul qazanacağıq
Ermənistanda?
Xankəndi-Qaradağlı
yolunda mənim bibim oğlunu maşından
düşürdülər, "Makar" tapança ilə
8 güllə vurdular, meyitini də yola atdılar. Sonra bir az
getmişdik, Xəlilov Zahidi güllələdilər.
Bizimlə
birlikdə əsir götürdükləri kəndçilərimizdən
bir dəfə 5 nəfərini, bir dəfə isə 3 nəfərini
harasa apardılar və onlar bir daha geri qayıtmadılar. Erməni
silahlılarından biri dedi ki, o 5 nəfəri Xankəndidəki
erməni qəbiristanlığına apardılar ki, orada
başlarını kəssinlər...
Nofəl Əliyev:
-
Xankəndi türməsində əsir idik. Bir cavan kəndçimiz
vardı - Vətən adında, onu öldürməyə
apardılar. Türmədə bizə nəzarət edən
ermənidən soruşdum ki, o uşağı hara
apardılar? Dedi ki, apardılar qəbiristanlığımıza,
qəbir üstündə başını kəsməyə...
Bizə bütün günü işgəncə verirdilər.
Ermənilər əsirlərdən kimin qızıl dişləri
var idisə, onu zorla ağzından
çıxarırdılar. Kim müqavimət göstərmək
istəyirdisə, döyüb öldürürdülər. Mənim
də dişlərimi zorla çəkib
çıxartdılar.
Seyyur Nağıyev:
- Erməni
silahlıları yol boyu soydaşlarına
qışqırırdılar ki, "türk istəyirsinizmi?".
Ermənilər də deyirdilər, hə, istəyirik. Bax onda
elə oradaca əsirlərdən düşürüb
öldürdülər.
Amma
sizə deyim ki, ölüm bizə verilən işgəncələrdən
daha yaxşı idi...
Mənim
yanımda İmran kişi var idi. Onu da mədəsindən elə
vurdular ki, 7 gündən sonra öldü. Meyiti də 3-4
gün qaldı bizim yanımızda.
Sonra Fazili və Şura kişini də
belə öldürdülər...
Şamxal Şirinov:
-
Hüseynov Şahmuradı, Dadaşov Eldarı yolun düz
ortasında vəhşicəsinə qətlə yetirdilər.
Sonra bizi "KamAZ" markalı maşına mindirərək
"Bəylik bağı" deyilən yerə gətirdilər
və burada 10 nəfəri güllələyəcəklərini
söylədilər. Bu vaxt Tağıyev Telman qoynunda gizlətdiyi
qumbaranı partladaraq xeyli ermənini öldürdü,
özü də qəhrəmancasına şəhid oldu. Bu
hadisədən qəzəblənən düşmənlər
yerdəki həmkəndlilərimi və maşının
içərisini atəşə tutmağa başladılar. Nəticədə
onlarla kənd sakini vəhşicəsinə qətlə
yetirildi, xeyli insan ağır yaralandı. Bizim bir kəndçimiz
var idi, Mobil adında, o, yolda ermənilərə dedi ki, 6
uşağım var, məni buraxın. Dedilər, düş
get, səni öldürməyəcəyik. Sən demə
aldadırmışlar. Mobil tut bağı ilə hardasa 10 metr
qaçmışdı ki, iki erməni əsgəri avtomatla bədənini
dəlmə-deşik etdi, param-parça oldu...
Şahruz Əliyev:
-
Yaxşı xatırlayıram, əsir götürülənlərin
arasında məktəb yaşlı uşaqlar və 10 nəfər
də ağbirçək qadın var idi. "Bəylik
bağı" adlanan yerdə maşını saxlayıb, 30
nəfərə yaxın kənd sakinini
düşürdülər və elə oradaca güllələdilər...
Bir az gedəndən sonra yenə də maşınlar
dayandırıldı. Yenə də cavanlardan 10 nəfərini
seçib güllələdilər. Güllələnənlərdən
biri əmim oğlu Xaliq Əliyev, biri də İltizam
Hüseynov idi.
Bizi
Xankəndiyə gətirib internat məktəbin soyuq zirzəmisinə
saldılar. Mən və qardaşım bir yerdə əsir
düşmüşdük. Dedilər ki, sabah sizi Əsgərana
aparıb orada dəyişəcəyik. ... Səhər tezdən
erməni silahlıları əsirlərdən 5 nəfəri
dəyişmək adı ilə zirzəmidən
çıxarıb apardılar və onlardan bir daha xəbərimiz
olmadı. Mənim qardaşım Vətən də onların
arasında idi.
Oruc Əliyev:
- Biz
10 qadın, 3 kişi idik. Xankəndidə bir gün
saxlanıldıqdan sonra bizi Əsgərana apardılar və
elə birinci gün Əliyev İlqarı, Əliyev
Umudvarı vəhşicəsinə döydülər.
Sonra
İlqarı bizdən ayırıb Xankəndiyə apardılar,
on gündən sonra isə qadınları dəyişdilər,
Umudvarla mən qaldım. Bizi ermənilərin məskunlaşdığı
Noragah kəndinə apardılar. Burada bizdən savayı 18 nəfər
də Xocalıda əsir götürülmüş azərbaycanlı
var idi.
Möhkəmə Doluxanov:
-
Xankəndi türməsində bizi beş-beş,
altı-altı ayırıb kameralara doldurdular.
Böyükkişi, Kazım və mən bir yerdə idik.
Sonra yanımıza başqalarını da gətirdilər.
Yusifi, Əlastanı vurub öldürdülər. Nəzərov
Şuranı təpiklə vurub mədəsini partlatdılar,
o da çox yaşaya bilmədi, öldü.
Baxşeyiş Hüseynov:
- Kənddən
bir az aralanmışdıq ki, Pir deyilən yerdə
maşını saxlayıb, bir neçə nəfəri
güllələyərək qətlə yetirdilər. Eldar əmimi
isə ağacla döyərək öldürdülər.
Malıbəyli körpüsü deyilən yerdə bizi
maşından düşürtdülər və Xankəndiyə
kimi piyada aparıb orada bir zirzəmiyə saldılar. Bizə
çox ağır işgəncələr, zülmlər
verirdilər. Həmin zirzəmidə 3-4 gün saxlandıqdan
sonra 4 nəfəri - kəndçilərimiz Vətəni,
Abdullanı və digər 2 nəfəri çıxarıb
harasa apardılar. Bundan 7 gün sonra Əliyev Şahruzu,
Hüseynov İlqarı və məni Xankəndi türməsinə
apardılar. Türmədə bizi hər gün döyür və
işgəncə verirdilər. Həmkəndlim Fazili təpiklə
döyə-döyə öldürdülər. Meyiti
üç gün kamerada yanımızda qaldı.
Əmiraslan Quliyev:
-
Bizi ağzı üstə qarın üstünə
yıxıb döyür, daşlayırdılar. 15-16 gündən
sonra bizi Xocavənd (Martuni) şəhərinə gətirdilər.
Bizi hər gün kəndimizin yaxınlığına
aparır, işğal edilən gün öldürüb silos
quyusuna atdıqları meytləri ordan
çıxarmağı əmr edirdilər. Meyitlər
tanınmaz halda idi. Bir neçə gün ac-susuz orda öz kəndlilərimizin
meyitlərini çıxardıq.
Rafiq Quliyev:
- 1992-ci il fevral ayının 17-də ermənilər kəndə daxil oldular və bizi əsir götürdülər. 3 nəfəri diri-diri yandırdılar, 4 nəfərin başını kəsdilər, 1 nəfəri bel sapı ilə başına döyə-döyə öldürdülər, 1 nəfərin üzərindən "KamAZ"la keçdilər. Bütün bu vəhşiliklərdən sonra bizi "KamAZ"a yığdılar, "Bəylik bağı" deyilən yerdə cavanların çox hissəsini güllələyib silos quyusuna atdılar. Sağ qalanları isə Xankəndinin aşağı hissəsində körpüdən keçirib döyə-döyə apardılar. Mənim atamı da orada döyüb öldürdülər. Əsasən də cavanları istədikləri vaxt aparıb döyür, güllələyirdilər. Yaşlı adamlarımız onlara "nə edirsiniz bizə edin, öldürürsünüz, bizi öldürün, amma bu uşaqlara, cavanlara dəyməyin" deyəndə ermənilər Azərbaycan dilində cavab verirdilər ki, "sizin bir ayağınız burdadı, bir ayağınız gorda. Sizdən nə asılıdı? Bütün bunlara görə sabah bizdən qisas almaq istəyən bu cavanlar olacaq, ona görə də onları öldürürük"...
Sədaqət Quliyeva:
- Əsir götürüldükdən sonra ermənilər bizi Əsgəran rayonuna gətirdilər, burada ağır işgəncələrə məruz qaldıq. 11 gün əsirlikdə qaldıqdan sonra bizimkilər məni və bir neçə qadını Ağdam-Əsgəran sərhədində dəyişdirdilər. Əsgəranda olduğum müddət oğlum və həyat yoldaşımdan xəbərim olmadı. Ay yarım sonra oğlum Rafiq rəhmətlik Allahverdi Bağırovun vasitəçiliyi ilə əsirlikdən azad olundu. Lakin həyat yoldaşım Quliyev Əliaslan Nəriman oğlunu əsirlikdə döyərək qətlə yetirmişdilər. Meyitini 15 gün sonra geri ala bildik.
Elşən Şirinov:
- Bizdə ancaq yüngül silahlar olduğu üçün ermənilərlə yetərincə döyüşə bilmirdik. Buna baxmayaraq, canla-başla vuruşurduq. Döyüşən igid oğullarımız vardı, ancaq silah-sursatımız tükənmişdi. Güclü müqavimət göstərməyimizə baxmayaraq, ermənilər kəndi yandırmağa başladılar. Artıq müqavimət göstərə bilmədik. Ölənlər öldü, sağ qalanları isə əsir götürdülər. Onlar hər gün bizi döyür, incidirdilər. Biri siqaretini yana-yana alnımda söndürdü.
Minarə Şirinova:
- Ermənilər Eldarı və Arifi güllə ilə vurdular. İdarədə Kərimov Əliqismət Qara oğlunu və Dadaşov Manaf İslam oğlunu ayağından vurdular... Rüstəmova Zivəri isə evinə girərkən vurmuşdular. Fevralın 26-da gecə saatlarında Xocalıdan olan əsirləri də oraya gətirdilər. Yanımda 2 uşağın başını kəsdilər. Cavan gəlinləri aparıb qab yuduzdurur, əsgərlərə xidmət elətdirir, təkrar geri qaytarırdılar.
Bu soyqırımını "ikinci Xocalı" da adlandırırlar. 1992-ci ildə Xocalı faciəsindən bir neçə gün əvvəl Qaradağlıda törədilən soyqırımıda 104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvləri əsir götürülüb. Onlardan 80 nəfəri erməni cinayətkarları tərəfindən qətlə yetirilib. Kəndin hər 10 sakinindən biri şəhid olub.
Ümumilikdə Qaradağlı soyqırımında Qaradağlı kəndi 117 övladını itirir, onlarla insan girov götürülür. Girovların bəziləri geri alınsa da, bir çoxunun taleyi hələ də məlum deyil.
Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid olub, 42 ailə başçısını itirib, 140-a yaxın uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.
Bəxtiyar QARACA
Azərbaycan.-2013.- 20 fevral.- S.6.