Ermənistanda vətəndaş itaətsizliyi başladı

 

Total saxtakarlıq nəticəsində Serj Sarkisyanın yenidən prezident postunu tutmasına etirazlar kütləvi xarakter alır

 

 Ermənistanda total saxtakarlıq şəraitində baş tutan seçkilərdə gözlənildiyi kimi, ölkənin hazırkı rəhbəri Serj Sarkisyan "qalib" elan edildi. İlkin nəticələrə görə, o, prezident seçkilərində 58,64 faiz səslə (861,167 min seçici) qalib gəlib.

İkinci yerdə 36,75 faiz səslə (539,672 min seçici) Ermənistanın sabiq xarici işlər naziri Raffi Ovannisyan gəlir. Üçüncü yeri isə keçmiş baş nazir Qrant Baqratyan (2,15 faiz) tutub. Paruyr Hayrikyana isə cəmi 1,23 faiz səs veriblər ki, bu da 18093 min seçici deməkdir.

 

 Doğulmamış demokratiyanın ölümü

 

 Bir daha təsdiq olundu ki, Ermənistanda seçkilər xalqın iradəsini əks etdirmir. "Qrapark" qəzeti baş verənlərlə bağlı yazır: "Biz növbəti dəfə saxtalaşdırılmış seçkilərin şahidi olduq. Hesab edirik ki, ictimai fəaliyyəti birləşdirmək yolu ilə vətəndaşın seçmək hüququnu təsdiq etmək və xalq hakimiyyətini geri qaytarmaq mümkündür. Xalq Ermənistanda hələ doğulmamış demokratiyanın ölümünə etirazını bildirməlidir".

Seçkilərdə çoxsaylı pozuntuların qeydə alınması isə onun nəticələrini şübhə altına alır. Məsələn, prezidentliyə namizəd Raffi Ovanisyanın seçkiqabağı qərargahına Ermənistan vətəndaşlarından prezident seçkilərinin gedişatında qanun pozuntularına yol verilməsi ilə bağlı çoxlu məlumat daxil olub. Məlumatlardan birində deyilir ki, Ermənistanın vilayət, şəhər və kəndlərində insanlar seçki məntəqəsinə gedir, bülleteni götürərək səsvermə kabinəsinə keçir və bülletendə prezidentliyə namizəd Serj Sarkisyanın adının qarşısında artıq əvvəldən işarə qoyulması halları ilə qarşılaşırlar. Oxşar hadisələr çoxsaylı seçki məntəqələrində qeydə alınıb.

Daxil olan daha bir məlumat isə rüşvət ilə bağlıdır. Bildirilir ki, Lori vilayətinin kəndlərindən birində yerləşən 2945 nömrəli seçki məntəqəsində 5000 dram (Ermənistanın milli valyutası) seçki rüşvəti paylanıb. Bundan əlavə, məlumata görə, prezidentliyə namizəd Serj Sarkisyanın adamları və komissiya sədri seçicilərə açıq şəkildə fəaliyyətdə olan prezidentin adını göstərib və onun lehinə səs verməyə məcbur ediblər. Daha bir məlumata görə, Yerevan şəhərinin Sarı Taxada hissəsində sahə müvəkkili və Ermənistanın Respublikaçılar partiyasının təmsilçiləri seçiciləri qorxudub və onları 5000 dram rüşvət verməklə öz tərəflərinə çəkiblər. Qeyd olunur ki, insanları məcburən marşrut avtobusları və taksilərdə seçki məntəqələrinə gətirib, onları S.Sarkisyanın xeyrinə səs verməyə məcbur ediblər. Məlumatı verən vətəndaşların çoxu ailələrinin təhlükəsizliyi naminə şəxsiyyətlərinin açıqlanmamasını xahiş ediblər.

Baş verənlərə münasibət bildirən Raffi Ovanisyan qeyd edib ki, Ermənistan xalqı öz qələbəsini bayram edir: "Hamı bilir mən nəyi nəzərdə tuturam. Xalqın qələbə qazandığını söyləyən ilk Ermənistan prezidenti olmaq üçün Sarkisyanın azca cəsarəti çatmalıdır. Sarkisyan uduzdu. Qələbəni xalq qazandı. Bizim xalqımız özünə layiq prezidentini seçir. Əlbəttə, bu, "de-yure" qələbə qazanmış Raffi Ovanisyandır".

Ovanisyan qeyd edib ki, hansı partiyanın hansı işi görməsindən asılı olmayaraq, hər kəs seçki saxtakarlığına görə cavab verəcək. O, seçilmiş prezident kimi bəyanatlar verib. Deyib ki, xalqın arzusunun həyata keçməsi onun üçün ən vacib şərtdir. Prezidentliyə namizəd deyib ki, ona göstərilən etimadı doğruldacaq və 5 ildən sonra hakimiyyəti gənc nəslə ötürəcək.

 

 Valideynlərinə təzyiq üçün körpələr girov götürülüb

 

 Raffi Ovanisyanın seçki qərargahının nümayəndəsi Ovsep Xurşudyan isə bildirib ki, Ermənistanda fevralın 18-də keçirilən prezident seçkilərində misli görünməmiş hadisə baş verib. Onun sözlərinə görə, prezidentliyə namizəd Serj Sarkisyanın tərəfdarları 23 saylı uşaq bağçasından körpələri Arabkir administrasiyasının binasına gətiriblər. Prezidentliyə namizədin tərəfdarları bildiriblər ki, uşaqlar yalnız valideynləri səs verdikdən sonra buraxılacaqlar. Xurşudyan deyib ki, səsvermə ilə əlaqədar qanun pozuntuları səhər saatlarından qeydə alınıb. Səhər saatlarında səs vermiş insanların pasportlarına vurulmuş möhürün rəngi adi nəm salfet kağızı ilə təmizlənir. Xurşudyan bunu əyani şəkildə jurnalistlərə göstərib.

Xurşudyan seçki məntəqələrində baş verən saxtakarlıqlardan da danışıb. O bildirib ki, bəzi məntəqələrdə "yuxarıdan" təlimat gözlədikləri üçün səslərin vaxtında sayılması həyata keçirilməyib: "Bəzi məntəqələrdə bülletenlər oğurlanıb. Digərlərində Raffi Ovanisyanın xeyrinə olan bülletenlər əsassız olaraq yararsız hala salınıb. Bir sıra məntəqələrdə bizim üzvlərimizə hədə-qorxu gələrək protokolları imzalamağa məcbur ediblər. Nümayəndəmiz Daniela İoanisyana isə rüşvət təklif olunub. İndiki prezident seçkilərini saxtakarlığın miqyasına görə digərləri ilə müqayisə etmək olmaz. Mən kəmiyyət və keyfiyyətcə bu qədər qanun pozuntusuna yol verilən başqa seçki xatırlamıram". O bildirib ki, bülletenlərin topa şəkildə qutulara atılması, rüşvət paylanması, seçicilərə təzyiq, yerli hakimiyyət orqanları rəhbərlərinin səsvermə prosesinə müdaxiləsi və digər qanunsuz hallar baş alıb gedir.

 

 Seçki saxtakarlığı ifrat həddə çatıb

 

Seçki saxtakarlığı bununla bitmir. Sarkisyanın tərəfdarları seçki məntəqələrinə əlavə siyahılar təqdim ediblər. Adları bu siyahılarda qeyd olunan şəxslərin isə böyük əksəriyyəti çoxdandır ki, xarici ölkələrdə yaşayırlar və Ermənistandan rəsmi qeydiyyatdan çıxıblar. Məsələn, İrəvan sakini Yurik Xulxikyan deyir ki, onun oğlu 7, qardaşı isə 10 ildir ki, Ermənistanda yaşamırlar və qeydiyyatdan çıxıblar. O, bu barədə hələ ötən parlament seçkilərində polisə məlumat verdiyini bildirir. Amma buna baxmayaraq, qardaşının və oğlunun adları seçici siyahılarına salınıb və onların yerinə səs də veriblər.

Ümumiyyətlə, səsvermə ciddi qanun pozuntuları ilə keçirilib və bu seçkilərdə misli görünməmiş saxtakarlıqlar qeydə alınıb. Qanun pozuntuları ilə bağlı dairə və məntəqə seçki komissiyalarına müraciətlər olunsa da, komissiyaların sədrləri bu iradları və müraciətləri qəbul etməyiblər.

Prezidentliyə namizəd, keçmiş baş nazir Qrant Baqratyan da pozuntuların kütləvi xarakter aldığını və seçkidən sonra vəziyyətin gərgin olacağını bildirib. Onun sözlərinə görə, ölkənin bir sıra şəhərlərindən çoxlu sayda insan avtobusla Yerevana göndərilərək, təkrar səs veriblər. Qrant Baqratyan həmin şəxslərin adlarının və familiyalarının da məlum olduğunu deyib.

Artıq 29 gündür ki, aclıq edən digər namizəd Andrias Qukasyan hələ də iradəsindən dönməyib.

Seçkilərin saxtalaşdırıldığını deyən müxalifət nümayəndələri artıq Mərkəzi Seçki Komissiyasının binası önündə aksiya keçirməyə başlayıblar.

Ermənistanda səsvermənin gedişatını izləyən bir sıra beynəlxalq müşahidəçilər də qanun pozuntularının qeydə alındığını bildirib. Helsinki Komissiyasının müşahidəçiləri Serj Sarkiysanın nümayəndələrinin seçki məntəqələrinə girib-çıxdıqlarını müşahidə ediblər. Bundan başqa, müşahidəçilər bir səsvermə otağında 15 nəfərə qədər insanın olduğunu da qeydə alıblar.

Bütün bunların nəticəsidir ki, Ermənistanda keçirilən saxta seçkilərə qarşı xalq etiraza qalxıb. Mərkəzi Seçki Komissiyasının binası qarşısında gecə saatlarında prezident seçkilərinin nəticələrinin saxtalaşdırılması əleyhinə etiraz aksiyası başlayıb. Aksiya iştirakçıları etirazın müddətsiz olduğunu və tələbləri yerinə yetirilənədək meydandan getməyəcəklərini bəyan ediblər. Aksiya iştirakçıları seçkilərdə, səslərin hesablanması zamanı yol verilən saxtakarlıqlara qarşı etiraz edirlər.

Fəallar aksiyanın müddətsiz olacağını deyiblər. Onlar tələbləri yerinə yetirilənə qədər etirazlarını davam etdirəcəklərini bildiriblər.

Saxtakarlıqlara qarşı etirazlar isə müxtəlif formalarda özünü büruzə verir. Məlumata görə, səsvermə kabinəsində səs verəndən sonra çıxan A.Minasyan adlı seçici zərfdən bülleteni çıxardıqdan sonra onu yeməyə başlayıb. Daha sonra o, "Rejimə son" və "Tiqran Arekelyana azadlıq" deyə qışqırmağa başlayıb. Bu an Böyük Britaniyanın Ermənistandakı səfirinin müavini də həmin seçki məntəqəsində olub. Seçki Komissiyasının sədri həmin şəxsi məntəqədən çıxarıb.

Jurnalistlər A.Minasyandan onun orqanizminin kağızı necə həzm edəcəyini soruşanda cavab verib ki, orqanizm kağızı necə həzm edə bilmirsə, rejim də bu saxta seçkiləri həzm edə bilmir. Erməni Milli Konqresinin fəallarından biri Tiqran Arakelyan isə 6 il azadlıqdan məhrum edilib. Məlumata görə, o, zorakılıq və dələduzluq yolu ilə hakimiyyət nümayəndələrinə müqavimət göstərdiyinə görə həbs olunub.

 

 ATƏT də narazıdır

 

 "Vətəndaş Cəmiyyəti İnstitutu" adlı ictimai təşkilatın təmsilçiləri də bildirirlər ki, Ermənistanda prezident seçkilərində səsvermənin gedişində ciddi qanun pozuntuları qeydə alınıb. İctimai təşkilatın məlumatında deyilir ki, Yerevanda Avam icmasında 16 saylı seçki məntəqəsində möhürlənmiş seçici qutusunun  yarıldığı aşkar edilib. Həmin yarıqdan isə seçici bülletenləri keçirmək mümkündür.

"Vətəndaş Cəmiyyəti İnstitutu" bildirib ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri bu məsələ ilə bağlı deyib ki, həmin qutunu bütün komissiya üzvləri yoxlayıblar və möhürləyiblər. Lakin bu cür qutular bütün seçki məntəqələrində olub.

Prezidentliyə namizəd Raffi Ovanisyanın vəkil edilmiş nümayəndəsi isə bildirib ki, komissiya ona həmin məntəqədə nə işləməyə, nə də prosesdə iştirak etməyə və informasiya verməyə imkan verib. Lakin ictimai təşkilatın bu açıqlamasına baxmayaraq, Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan bildirib ki, səsvermə prosesi öz təbii axarı ilə keçib.

24 saylı məktəbdə təşkil olunmuş seçki məntəqəsində səs verən Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan jurnalistlərin suallarını cavablandırıb. "Siz hansı namizədə səs verdiniz? Hansı namizəd daha güclüdür?" sualına eks-prezident istehza ilə "Bütün namizədlər "güclüdür". İmkanım olsa, hamısını prezident seçərdim" - deyə cavab verib və bununla seçkilərin qeyri-demokratik olmasına işarə edib.

ATƏT Parlament Assambleyası müşahidəçilərinin Ermənistanda keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyində isə bildirilir ki, 18 fevral tarixində Ermənistanda keçirilən prezident seçkiləri namizədlərin zəif təmsilçiliyi ucbatından rəqabətlilik şəklində keçməyib. Qurumun bəyanatında deyilir ki, seçki prosesində əsl rəqabət yox idi. ATƏT Parlament Assambleyasının müşahidəçi missiyasının rəhbəri Tonino Pitsula yerlərdə inzibati resurslardan sui-istifadəni, seçkidə və kampaniya işlərində iştirak etmək üçün dövlət qulluqçularına edilən təzyiqləri də qeyd edib: "Mediada seçicilərin məlumatlanması üçün yaxşı şərait yaradılıb. Lakin bəzi nüfuzlu siyasi güclərin namizədlər sırasında olmaması seçicilər arasında inamın yoxluğuna və süstlüyə səbəb olub".

Ermənistanda hakimiyyətə etibarın olmamasını Avropa Şurasının Parlament Assambleyası da vurğulayıb. AŞ PA keçən ay verdiyi bəyanatında yazırdı ki, seçkilərin keçirilməsinə siyasi partiyaların etimadının olmaması ən böyük narahatlıq doğurur. Rəqabətsizliyə gəldikdə, Serj Sarkisyana ən güclü rəqib ola biləcək Levon Ter-Petrosyan seçkidə iştirak etmək istəmədi. Ermənistan Milli Konqresinin lideri, 68 yaşlı Ter Petrosyan bildirib ki, nəticələr onsuz da saxtalaşdırılacaq.

Səsvermə davam edərkən ABŞ-ın Ermənistandakı səfiri Con Heffern Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyanla görüşüb. Səfir qanun  pozuntuları barədə informasiyaları şərh etməyərək ATƏT müşahidə missiyasının beynəlxalq ictimaiyyət adından müvafiq qiymətləndirmə ilə çıxış edəcəyini söyləyib. O, ABŞ səfirliyinin seçki prosesinə nəzarət etdiyini bildirib: "Cənab Mukuçyan Ermənistan hakimiyyət orqanları adından açıq şəkildə bildirdi ki, bütün pozuntular üzrə təhqiqat aparılacaq, günahkarlar cəzalandırılacaq". Lakin günahkarların cəzalandırılacağına inam olduqca azdır.

Qeyd edək ki, Ermənistanda prezident seçkilərinin rəsmi nəticələri fevralın 25-i elan ediləcək.

 

 Saxta prezidentə inam azdır

 

İndiki prezident seçkiləri Ermənistan iqtisadiyyatının böhrandan sonra özünə gəlmək uğrunda mübarizə apardığı dövrə düşüb. Ölkənin 3,2 milyonluq əhalisinin 1/3-i, yəni 1 milyon adam kasıblıqdan aşağı həddə yaşayır.

"Reuters" agentliyinə müsahibəsində Ermənistanın baş naziri Tigran Sarkisyan deyib ki, Ermənistanın növbəti prezidenti çətin problemlərlə qarşılaşacaq. "Adamlar gözləyirlər ki, prezident ölkənin təhlükəsizliyini və sabitliyini təmin edəcək,  digər sosial və iqtisadi problemlər bu zəmində həll olunacaq. Bu baxımdan həll edilməli ən vacib problem bizim insanlar üçün iş yerlərinin yaradılmasıdır".

Lakin xalqda Sarkisyanın bunu bacaracağına inam azdır. Çünki Sarkisyanın ölkəyə hansısa xeyir verəcəyinə ümid yoxdur. Digər tərəfdən isə Ermənistanda sosial-iqtisadi vəziyyətin son dərəcə ağırlaşması bu ölkədə insanların gələcəyə nikbin baxmasına belə imkan vermir. Yoxsulluq səviyyəsinin 51 faizə çatması, xaricə köç edənlərin sayının artması, bu tendensiyanın qarşısının ala bilinməsi üçün addımların atılmaması onsuz da problemlər içərisində boğulan Ermənistanda vəziyyətin daha da ağırlaşması gözlənilir. Bunun fərqinə varmaq istəməyən Serj Sarkisyanı isə xalqı yox, daha çox hakimiyyət maraqlandırır.

 

 

Elçin CƏFƏROV

 

Azərbaycan.-2013.- 20 fevral.- S.7.