Qarabağdan ucalan səs

 

Ağdam rayonunun Quzanlı qəsəbəsində xalq artisti, Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri, professor Arif Babayevin anadan olmasının 75 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir.

Respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin qatıldığı yubiley gecəsi muğamsevərlər üçün əsl bayrama çevrildi. Tədbirin aparıcısı əməkdar artist Azad Şükürov milli musiqimizin, muğam, xalq mahnıları və təsniflərin mahir ifaçısı Arif Babayevin şərəfli ömür yolu, bənzərsiz yaradıcılıq fəaliyyəti barədə mərasim iştirakçılarına geniş məlumat verdi.

Ağdamın Sarıhacılı kəndində anadan olan A.Babayev 1961-ci ildə rayon mədəniyyət evində əmək fəaliyyətinə başlamışdır. Qarabağdan ucalan möcüzəli səsin sahibi sonra Dövlət Akademik OperaBalet Teatrına dəvət alır. Uzun illər Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında çalışan Arif Babayev müxtəlif illərdə "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Məcnun, Kərəm, "Aşıq Qərib"də Qərib, "Şah İsmayıl"da Şah İsmayıl, "Gəlin qayası"nda Camal rollarını məharətlə oynamışdır. Onun ifa etdiyi "Şur", "Rast", "Bayatı-Şiraz", "Çahargah", "Mirzə Hüseyn segahı", "Zabul segah", "Segah" muğamları, xalq mahnıları, təsniflər, bəstəkar mahnıları musiqi mədəniyyətimizin xəzinəsində qorunur.

Arif Babayev həm də bacarıqlı pedaqoqdur. Azərbaycan Dövlət Konservatoriyasının muğam sinfinin ilk müəllimlərindən olan Arif Babayev Azərbaycan muğam ifaçıları arasında ilk dəfə professor elmi dərəcəsini almışdır. A.Babayev bu gün Azərbaycan Milli Konservatoriyasında muğam kafedrasının müdiri kimi səmərəli fəaliyyət göstərir.

Arif Babayevin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Xalq artisti fəxri adına layiq görülmüş, ümummilli lider Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan Arif Babayev Prezident  İlham Əliyevin sərəncamı ilə Azərbaycan muğam sənətinin inkişafındakı böyük xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif olunmuşdur. Heydər Əliyev Fondunun təqdimatı ilə xanəndənin xalq mahnıları, təsnif və muğamlardan ibarət kompakt diskləri buraxılmış, "Arif Babayev-70" kitabı Azərbaycan və ingilis dillərində nəfis şəkildə nəşr edilmişdir. Muğam sənətinin böyük hamisi olan Heydər Əliyev Fondu tərəfindən xanəndəyə "Qızıl çinar" mükafatı təqdim olunmuşdur.

Yubiley gecəsində çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi, xalq artistləri Əlibaba Məmmədov və Canəli Əkbərov, A.Zeynallı adına musiqi kollecinin direktoru Nazim Kazımov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov ustad xanəndəni 75 yaşı münasibətilə təbrik etmiş, xoş arzularını çatdırmışlar.

Yubiley gecəsinin iştirakçıları xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova, əməkdar artistlər Təyyar Bayramov, Cabir Abdullayev, xanəndələr Ehtiram Hüseynov, Sabir Abdullayev və "Şur" ansamblının ifasında səslənən muğam və təsniflərdən zövq almışlar.

Yubilyar tədbirdə çıxış edərək mədəniyyət və incəsənətimizin inkişafına göstərdiyi qayğı və diqqətə görə Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmiş, qədirbilən xalqımıza minnətdarlıq etmişdir.

 

 

 Lazım QULİYEV

 

Azərbaycan.-2013.- 20 fevral.- S.8.