Beynəlxalq imici daim yüksələn Azərbaycan «Yüksək
insan inkişafı»
ölkələr qrupuna daxildir
Prezident İlham Əliyev:
"Azərbaycan iqtisadiyyatı dünya
miqyasında ən sürətlə inkişaf
edən iqtisadiyyatdır"
Müasir dünyada iqtisadi inkişaf potensialı hər bir dövlətin gücünü şərtləndirən başlıca amil qismində çıxış edir. Prezident İlham Əliyev də davamlı siyasi sabitliyə, iqtisadiyyatın sürətli inkişafına çalışmış və bu sahədə həlledici uğurlara imza atmışdır. Bu gün ikinci elə bir dövlət tapmaq çətindir ki, son 9 ildə ümumi daxili məhsulun artım tempinə görə dünyada lider mövqelərini qoruyub saxlasın. Azərbaycan bununla yanaşı, həm də regionların sosial-iqtisadi inkişafına xidmət edən mühüm dövlət proqramlarını, fərman və sərəncamları uğurla icra etmiş, həyata keçirilən sosial infrastruktur layihələri nəticəsində bölgələrin siması dəyişmiş, sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, yeni iş yerlərinin açılması naminə sistemli addımlar atılmışdır.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunları bir daha bölgələrin davamlı inkişaf etdiyini və qarşıya qoyulan vəzifələrin uğurla gerçəkləşdiyini sübuta yetirdi. Neftdən qazanılan vəsaitlərin müəyyən hissəsinin infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldilməsi həm də respublikamızın milli inkişaf modelinin mahiyyətindən irəli gəlir. İnfrastrukturun yeniləşdirilməsi insanların firavan və rahat yaşayışı, sahibkarlığın dinamik inkişafı məsələləri ilə yanaşı, bu gün həm də ölkənin milli təhlükəsizliyi ilə bağlı məsələdir. Həyata keçirilən şaxələndirmə tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun dinamik inkişafı davam etmişdir. Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda bildirib: "Bizim iqtisadi sahədəki islahatlar, eyni zamanda, güclü sosial siyasətlə də tamamlanır. Əgər yenə də son doqquz ilin statistikasına nəzər salsaq görərik ki, 2004-cü ildə Azərbaycanda orta əməkhaqqı təxminən 100 dollar səviyyəsində idi, bu gün 500 dollar səviyyəsindədir. Orta pensiya 20 dollar səviyyəsində idi, bu gün 200 dollar səviyyəsindədir. Əlbəttə, bu rəqəmlər də bizi qane etmir və mən hesab edirəm ki, orta pensiyanın, orta əməkhaqqının səviyyəsi artmalıdır və artacaqdır. Dövlət müəssisələrində çalışanların əməkhaqları, pensiyaları artırılacaq, eyni zamanda, sahibkarlığın inkişafı üçün yaradılan şərait nəticəsində özəl sektorda çalışanlar da öz maliyyə vəziyyətini yaxşılaşdıracaqlar. Ancaq yenə də deyirəm, bu böyük fərq onu göstərir ki, biz sosial məsələlərin həllində də böyük nailiyyətlərə çata bilmişik".
Bölgələrin tarazlı və
davamlı inkişafının təmini, yeni
iş yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan
qaldırılması məqsədilə imzaladığı
dövlət proqramlarının, fərman və sərəncamların
icrası vəziyyəti ilə yerindəcə tanış olmaq, sıravi vətəndaşlarla
birbaşa ünsiyyət quraraq
çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq
üçün vaxtaşırı Azərbaycanın
müxtəlif rayonlarına səfərlər etməsi də
cənab İlham Əliyevin son 9 il ərzində prezidentlik dövrünün
əsas istiqamətlərindən biri kimi diqqəti çəkir. Azərbaycanın
son illərdəki büdcəsinə nəzər
saldıqda, həyata keçirilən iqtisadi
strategiyasının milli maraq
və mənafe baxımından səmərəliliyi bir daha təsdiqini
tapır. MDB dövlətlərinin büdcə vəsaitləri
2003-2012-ci illərdə ən yaxşı halda
3-4 dəfə artdığı halda,
respublikamızda bu göstərici üzrə
fərq 10 dəfədən çoxdur. Azərbaycanın
büdcə gəlirlərinin illik
artım tempi ötən dövrdə orta hesabla 30-40 faizlə
müşayiət olunmuşdur. Məsələn,
əgər 2003-cü ildə büdcə gəlirləri 1 milyard 200 milyon manat təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 17 milyard
manatı ötmüşdür.
Azərbaycanın hazırda qarşıya qoyduğu məqsədlərdən biri də məhz respublikanın orta inkişaf etmiş ölkələr səviyyəsindən yüksək inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılmasıdır. Bu məqsədin gerçəkləşdirilməsi üçün 2020-ci ilədək ümumi daxili məhsulun azı 2 dəfəyədək artırılması mühüm vəzifə kimi müəyyənləşdirilmişdir. Respublikanın ilbəil artan maliyyə vəsaitləri isə bu məqsədin reallaşmasına xidmət edən islahatları keyfiyyətcə yeni mərhələdə də yüksək dinamizmlə davam etdirməyə imkan verir.
Son 9 ildə Azərbaycanın strateji valyuta ehtiyatları 28,8 dəfə artaraq 46 milyard dolları ötmüşdür. 2003-2012-ci illərdə Azərbaycan iqtisadiyyatına yönəldilən 128,3 milyard dollar investisiyadan 65,7 milyard dollarını daxili investisiyalar təşkil etmiş və xarici ticarət dövriyyəsi 6,4 dəfə artmışdır. Dünyanın ən nüfuzlu "Standart & Poor s", "Fitsh" və "Moody s" beynəlxalq agentliklərinin Cənubi Qafqazda investisiya reytinqinə layiq görülən ilk ölkə də məhz Azərbaycandır. "Qlobal Rəqabətlilik hesabatı"nda ölkəmiz 144 ölkə arasında 46, MDB məkanında isə ardıcıl olarq dörd ildir ki, birinci yerdədir. Beynəlxalq imici daim yüksələn Azərbaycan "Yüksək insan inkişafı" və "Yuxarı orta gəlirli" ölkələr qrupuna daxildir.
Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, "Qoldman Saks" təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsi və digər qurumların hesabatlarında da Azərbaycanda investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi, əcnəbi sərmayəçilər üçün hökumət tərəfindən əlverişli imkanların təmin edilməsi, eləcə də digər tədbirlərin intensiv xarakter alması əksini tapmışdır.
İnsan amilini əsas tutan sosialyönümlü iqtisadi siyasət nəticəsində son illər Azərbaycanda işsizliyin səviyyəsində də nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması istiqamətində həyata keçirilən sistemli tədbirlər əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan verir.
Müqayisə üçün bildirək ki, hazırda Avrozonada işsizliyin səviyyəsi 10,8 faiz olduğu halda, Azərbaycanda bu göstərici 5,2 faiz təşkil edir. 2003-cü ildən ölkədə 1 milyondan artıq iş yeri açılmış, yoxsulluğun səviyyəsi 44,7 faizdən 6 faizə qədər azalmışdır. Bununla belə, əmək bazarındakı mövcud vəziyyət, daha dəqiqi, əksər hallarda işəgötürənlərlə işçilər arasında münasibətlərin hüquqi müstəvidə tənzimlənməməsi hökuməti ciddi narahat edir. Dövlət başçısı İlham Əliyev bildirib: "Əminəm ki, bu il qarşıda duran bütün vəzifələr uğurla icra ediləcək və beləliklə, ikinci beşillik proqramımız yerinə yetiriləcəkdir. Onu bu gün deməyə əsas verən bir neçə amil var idi ki, 2004-cü ildə hələ o amillər mövcud deyildi. Bu gün iqtisadiyyatımız çox güclü iqtisadiyyatdır. Bizim çox böyük valyuta ehtiyatlarımız vardır. Bizim neft-qaz sahəsində irəli sürdüyümüz bütün təşəbbüslər demək olar ki, artıq reallaşır. 2004-cü ildə isə, sadəcə olaraq, biz öz niyyətimizi ortaya qoymuşduq və öz iradəmizi səfərbər etmişdik. 2004-cü ildə neft strategiyamızın tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan neft kəməri hələ tikilməmişdi. Hələ biz ölkə iqtisadiyyatına böyük həcmdə valyuta axınını təmin etməmişdik. Buna baxmayaraq, 2004-cü ildə hesab edirəm ki, bu cəsarətli və düşünülmüş addım iqtisadiyyatımızın hərtərəfli inkişafına təkan vermişdir.
Bu gün isə bu proqramı uğurla başa çatdırmaq üçün bizim bütün imkanlarımız vardır. Artıq yenə də demək istəyirəm ki, güclü iqtisadi vəziyyətimiz vardır. Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən sürətlə inkişaf edən iqtisadiyyatdır. Ölkəmiz bu baxımdan bütün mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Bizim artıq gözəl təcrübəmiz vardır".
Əldə
olunan nəticələr deməyə əsas verir ki, dövlət
başçısı İlham Əliyevin həyata
keçirdiyi çoxşaxəli siyasətin ən ali məqsədi
Azərbaycanın hər bir vətəndaşı
üçün layiqli və firavan həyat tərzinin təmin
olunması, ölkədə azad və demokratik cəmiyyətin
qurulmasıdır. Bütün bu proseslərdə Azərbaycan
Prezidentinə ən böyük dəstək xalqdan gəlir.
Elnur HACALIYEV
Azərbaycan.-2013.- 21 fevral.- S.1.