Pakistanda «Azərbaycan və Pakistan - dostluq və əməkdaşlığın 20 ili» kitabı çapdan çıxmışdır

 

Pakistanın SülhDemokratiya İnstitutunun direktoru, diplomatik sahədə yazıları ilə seçilən  "Diplomatic İnsight" jurnalının təsisçisi və baş redaktoru Məhəmməd Asif Nurun müəllifliyi və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi  ilə "Azərbaycan və Pakistan - dostluq və əməkdaşlığın 20 ili" kitabı ingilis dilində çapdan çıxmışdır.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, 104 səhifəlik kitabın üz qabığında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Pakistanın sabiq Baş naziri Benazir Bhuttonun ölkələrimizin dövlət bayraqlarının fonunda fotoşəkilləri yerləşdirilmişdir.

Kitabın ilk fəsilləri Azərbaycanın qədim, orta əsr və müasir tarixinə həsr edilmişdir. Nəşrdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, ümummilli liderin müasir müstəqil Azərbaycan dövlətinin yaradılmasında və dünya ölkələri sırasına qüdrətli bir dövlət kimi daxil edilməsində oynadığı müstəsna rol barədə geniş məlumat verilmişdir. Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu daxilixarici siyasətin məqamları açıqlanmışdır.

Nəşrdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətindən də geniş söhbət açılmışdır. Həmin fəsildə Azərbaycanın birinci xanımının təşəbbüsü ilə respublikamızla yanaşı, Pakistan da daxil olmaqla xarici ölkələrdə həyata keçirilən humanitar layihələr, həmçinin bu fəaliyyətin Pakistan mediasında geniş işıqlandırılması haqqında məlumat verilmişdir.

Kitabda Azərbaycanın tanınmış xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyəti, Bakının rəmzi olan Qız qalası, dahi şairfilosof Nizami Gəncəvinin "Yeddi gözəl" əsəri, Azərbaycan muğamı barədə məqalələr yer almışdır.

Azərbaycan-Pakistan münasibətlərinin dinamikasına həsr olunmuş fəsildə iki ölkə arasında 20 il ərzində baş vermiş yüksək səviyyəli qarşılıqlı səfərlərdən bəhs edilmişdir.

Daha sonra kitabda azərbaycanlı professorlar Rövşən İbrahimovun və Əziz Hüseynovun "Pakistan-Azərbaycan - 20 il ərzində özünü doğrultmuş əlaqələr", pakistanlı professor Masum Yasinzayın "Azərbaycan elmi iqtisadiyyat yolunda", Preston Universitetinin rektoru, professor Əbdül Basitin "Azərbaycanın iqtisadi tərəqqisi. Nailiyyətlər və perspektivlər", professorlar Əhməd Malikin, Asiya Maharın, "Diplomatic İnsight" jurnalının baş redaktoru Məhəmməd Asif Nurun ikitərəfli münasibətlərə həsr edilmiş yazıları və həmçinin professor Zahid Ənvər, rumıniyalı tədqiqatçı-alim Lavinia Lupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş məqalələri yer almışdır.

Heydər Əliyev Fondunun Pakistanda gördüyü işlərə xüsusi yerin ayrıldığı nəşrdə fondun dost ölkədə səhiyyə, təhsil və humanitar sahələrdə həyata keçirdiyi irimiqyaslı layihələrə dair ətraflı məlumatlar oxucuların diqqətinə çatdırılmışdır.

"Diplomatic İnsight" jurnalı tərəfindən nəşr olunmuş kitabda, eyni zamanda, Pakistanın tarixi, mədəniyyəti və siyasətinə dair məqalələrə də yer verilmişdir.

Nəşrdə, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan Prezidenti Asif Əli Zərdari ilə görüşünü, 2012-ci il fevralın 26-da Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Bakıda keçirilmiş ümumxalq yürüşünü, paytaxtımızın tarixi binalarını, məscidlərini, ölkəmizin tarixi abidələrini, təbiətini, Heydər Əliyev Fondunun Pakistanda reallaşdırdığı humanitar tədbirləri əks etdirən çoxsaylı fotolar yerləşdirilmişdir.

Kitabın tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:

http://thediplomaticinsight.com/wp-content/uploads/2013/02/azerbaijan.swf

 

 

Azərbaycan.-2013.- 21 fevral.- S.1.