Mənəviyyatımızın güzgüsü, ruhumuzun qidası

 

On dörd il tamamdır ki, dünya UNESCO tərəfindən qəbul olunan 21 fevral - Beynəlxalq Ana Dili Gününü böyük ehtiramla qeyd edir. Əlbəttə, dünyanın ana dili uğrunda belə qətiyyətlə mübarizəyə qalxması çox mühüm əhəmiyyət daşıyır. Bir daha təsdiqlənir ki, həm nitqimizdə, həm də yazılarımızda ədəbi dilin tələblərinə tabe olmaq, onun qayda-qanunlarına əməl etmək hər birimizin vətəndaşlıq borcudur. Dil insanın mənəvi aləminin əks-sədasıdır. Ulu Tanrının insana bəxş etdiyi ən ecazkar və qüdrətli nemətdir. Dil hər bir millətin, xalqın varlığı deməkdir. Dünyada yüzlərlə dil mövcuddur. Doğma ana lisanımız olan Azərbaycan dili isə bizim üçün bu dillərin sırasında ən möhtəşəmidir.

Laylalı, bayatılı dilimizin cazibəsində yaşamaq, onu qorumaq, yad təsirlərdən mühafizə etmək, daha da zənginləşməsi üçün yeni sözlərin, ifadələrin yaradıcısı ola bilmək xoşbəxtlikdir. Ana dilimiz bizim milli varlığımızdır. Məhz onun vasitəsilə dünyanı dərk edir, informasiyalar alır, məlumatlar ötürür, başqa dillərə açar tapır, olumdan ölümə qədər onun qanadlarından ucalırıq.

XX əsrin əvvəllərində söz bahadırlarımız - Firidun bəy Köçərli, Abdulla Şaiq, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Nəriman Nərimanov ana dili uğrunda qələm çalıb qətiyyətlə döyüşdülər. Fərhad Ağazadə ana dilimizin aşiqi kimi  ömrünü odlara tuş etdi. Ötən əsrin ortalarında yazıçı Mirzə İbrahimov ana dili uğrunda vətəndaşlıq mövqeyi göstərdi, nəticədə vəzifəsini itirsə də, yolundan, haqlı tələbindən dönmədi. Bütün bu baş verənlər bir daha təsdiqləyir ki, yazıçı və şairlərimiz zaman-zaman ana dilimizin təşəkkülü, yaşaması və mühafizəsi yolunda öz xidmətlərini göstərib və heç bir təqibdən, təzyiqdən geri çəkilməyiblər.

Əlbəttə, hər bir dilin özəlliyi və özünəməxsus gözəlliyi var. Bunu kimsə inkar edə bilməz. Amma bir vətəndaş olaraq bizim üçün Azərbaycan dilinin əvəzi yoxdur. Bu dilin şirinliyini heç bir dildə tapmaq olmaz. Vaxtilə əcnəbi dillərə meyilli olan insanlar Azərbaycan dilində danışmağı özlərinə ar bilirdilər. Hətta elə bir dövr yaranmışdı ki, Azərbaycanın rəsmi dairələrində, dövlət idarələrində özgə dildə danışmağa üstünlük verilirdi. Quruluşun sərt rejimi bir sıra məmurlar arasında doğma dilimizə qarşı ögey münasibət yaratmışdı. Bütün ziddiyyətli dövrlərdə Azərbaycanın yazıçı və şairləri dilimizin keşikçisi olmaq missiyasını ləyaqətlə yerinə yetirdilər. Onlar ana dilində yazıb- yaratdılar. Bunun da nəticəsində dilin şirinliyi, təbiiliyi qorunub saxlandı.

XX əsrin son 30 ili ərzində Azərbaycan dilinin hərtərəfli inkişafı, onun təkcə sözdə deyil, gündəlik təcrübədə ümumişlək, dövlət dilinə çevrilməsi beynəlxalq münasibətlər sisteminə - diplomatiya aləminə yol açması, zənginləşə-zənginləşə nüfuz qazanması, hətta dünyanın mötəbər kürsülərindən eşidilməsi ümummilli lider Heydər Əliyevin qayğısı və fədakarlığı sayəsində baş verib. Ulu öndərin ana dilimizə bəslədiyi məhəbbət və prinsipiallıq sayəsində 1978-ci ildə Konstitusiyanın 73-cü maddəsinə Azərbaycan dilinin dövlət dili olması barədə xüsusi bir müddəa daxil edildi. Ulu öndər Heydər Əliyev çıxış və nitqlərində ana dilinin gözəlliyindən, zənginliyindən məharətlə istifadə edərək dilçi və ədəbiyyatçılardan daha səlis və rəvan danışardı. Tərifində də, tənqidində də elə ifadələr, sözlər işlədərdi ki, bəzən ən təcrübəli dilşünas-alim də ulu öndər Heydər Əliyevin yaddaşına, sözdən yerində istifadə etmək məharətinə, Azərbaycan dilinə yanaşmaq istedadına heyrətlənməyə bilmirdi. Həyat göstərdi ki, Heydər Əliyev bütün ömrü boyu Azərbaycan dilinə məhz millətin taleyi kimi yanaşaraq onu sevməklə bərabər, keşiyində də mərdliklə dayandı, nüfuzunu qaldırdı, tərəqqisi üçün illərlə mübarizə apardı və istəyinə nail oldu. Elə bu şərəfli xidmətin nəticəsidir ki, ana dilimizin adı çəkilən kimi ulu öndəri xatırlayırıq. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində Heydər Əliyevin xidmətləri unudulmazdır. 18 iyun 2001-ci il tarixdə ümummilli lider tərəfindən "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman verildi. Həmin tarixi fərmanda Azərbaycan ədəbi dilinin portreti çox aydın çəkildi, keçdiyi tarixi yola ətraflı işıq salındı. Həmin fərmanda deyilir: "Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır. Azərbaycan dilinin dünya dilləri arasında ən kamil dillərdən biri olduğu həqiqətini bir çox xalqların görkəmli nümayəndələri də dönə-dönə etiraf etmişlər. Onlar öz əsərlərində bu dili XIX əsrdə Avropada geniş yayılmış fransız dili ilə müqayisə edərək onu Avrasiyanın hər tərəfində işlənilən bir dil kimi yüksək qiymətləndirmişlər". Bu tarixi fərman Azərbaycan ədəbi dilinin taleyinə, sözün həqiqi mənasında, yaşıl işıq saldı.

2001-ci ilin avqust ayında isə ümummilli liderin ana dilinə bəslədiyi məhəbbətin bir tarixi hadisəsi də baş verdi. Azərbaycan dilini dövlətçiliyin əsas rəmzi kimi qiymətləndirərək 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edildi. Ulu öndərə məxsus bir fikir bu gün də bizim hər birimiz üçün istiqamətverici məna daşıyır: "...Musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz, Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar da olmaz, musiqi də olmaz".

Təbii ki, dilin təşəkkülü həmişə müxtəlif proseslərdən keçir. Bu gün istər danışıq, istərsə də yazılı şəkildə işlətdiyimiz Azərbaycan dili də mürəkkəb bir yol keçmişdir. Qəzetimizdə dəfələrlə ana dili ilə bağlı müxtəlif problemlərə toxunmuş, dilimizə xələl gətirən nöqsanları göstərmiş, alimləri, ziyalıları, jurnalistləri ana dilimizin keşiyində dayanmağa səsləmişik. Unutmaq olmaz ki, ana dilimiz çox zəngindir, hər sözün neçə mənası, yozumu var. Ona görə də istər yazıda, istərsə də nitqdə məntiqli olmaq, sözü düzgün və yerində ifadə etmək lazımdır. "Azərbaycan" qəzetində dəfələrlə şəhərimizdə reklam və elanların dili, eləcə də fəaliyyət göstərən şirkətlərin, müəssisələrin, şadlıq saraylarının, hətta qəzetlərin adı ilə bağlı müxtəlif qüsurların olduğu barədə yazılar dərc edilmişdir. Amma hələ də bu qüsurlar davam edir. Bəzən elə reklama rast gəlinir ki, mənası anlaşılmır. Bəzi üzdəniraq "sənətçilərin" çimərlik geyimində səhnəyə, ekrana çıxması və ədəbsizlik nümayiş etdirməsi dildə də göyərir. Ədəbi dilimizin qanun-qaydalarına əməl olunmur. Ayrı-ayrı ləhcələrin, jarqon ifadələrin yazılarda baş alıb getməsi qəbuledilməzdir. Vaxtilə xalq yazıçısı Əzizə Cəfərzadə ilə apardığımız söhbətdə bu söz aşiqi yana-yana söyləmişdi: "Özəl kanallarda ana dilimiz yapmalara, xoşagəlməz hallara məruz qalır. Bu kanallardakı əməkdaşların əksəriyyəti dilimizi korlayır, bərbad hala salır. Qəsdənmi, yoxsa bilməyərək ətirli gülüstanı zibilləyirlər. Bu, heç yaxşı hal deyildir. Hər bir vətəndaş öz dilini qorumalıdır, keşiyində durmalıdır. Neçə dil bilirəm və müxtəlif dillərdə də mühazirələr oxuyuram. Təkcə öz ali məktəblərimizdə deyil, vaxtilə xarici məktəblərdə də çalışıb işləmişəm. Müxtəlif arxivlərdə araşdırmalar aparmışam. Deməyim odur ki, Azərbaycan dilinin gözəlliyini heç bir dildə görməmişəm". İllərdir ki, xalq yazıçımız haqq dünyasına qovuşub. Amma onun vaxtilə söylədiyi iradlar, qüsurlar hələ də davam edir.

Ümummilli lider Heydər Əliyev həmişə məsləhət görürdü ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır. Dil xalqın milli sərvətidir. Onunla bağlı müxtəlif qərarlar, fərmanlar imzalamaqda məqsəd bu olub ki, ana dilimiz hərtərəfli inkişaf etsin. Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə quruluşun müxtəlif təzyiqlərinə, diktələrinə baxmayaraq, Azərbaycan dilinin çiçəklənməsinə, hərtərəfli inkişafına, beynəlxalq münasibətlər sisteminə yol tapmasına, zənginləşməsinə böyük əhəmiyyət verirdi. Ulu öndər həmişə dili ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla və vətənpərvərliklə bağlayırdı. Məşhur bir ifadəsi böyük mənalar, duyğular kəsb edirdi: "Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini də yaxşı bilməz". Ulu öndər Heydər Əliyev Azərbaycan dilini millətin milliliyini saxlayan ən böyük vasitə sayırdı.

Bir məsələni də təəssüflə bildirək ki, bəzən dilin qorunmasına, zənginləşməsinə mənəvi borcu olanlar belə, ana dilimizi korlayırlar. Azərbaycanda söz meydanı indiki kimi bu qədər geniş və zəngin olmayıb. Təəssüf ki, çoxu bu imkandan qədərincə bəhrələnə bilmir. Elə bil ki, hər şeyin açarı söz pəhləvanlarının pəncəsinə keçib. Xüsusilə də televiziya kanallarında baş alıb gedən anarxiya bu sahədə müəyyən qüsurların yaranmasına səbəb olub. Dil torpaq sahəsi deyil ki, onu istədiyin şəkildə şumlayıb müəyyən formaya salasan, sinəsinə qondarma ifadələri toxum kimi səpəsən. Bir daha təkrar edirik: şivələrə, dialektlərə, başqa dillərə tor atmağa ehtiyac yoxdur! Dünyaya göz açanda laylanı hansı dildə eşidibsənsə, orta məktəbdə hansı dilin qrammatikasını öyrənibsənsə, elə o dildə də yazmalısan, danışmalısan. Ədəbi dilin tələblərinə tabe olmaq, onun qayda-qanunlarına əməl etmək hamının borcudur!

Professor Nizaməddin Şəmsizadə haqlı olaraq yazır ki, ümummilli liderin Dünya azərbaycanlılarının I qurultayındakı nitqi (10 noyabr 2001-ci il) azərbaycançılığın tarixi proqram sənədidir. Heydər Əliyev dövlətçiliyimizin və ideoloji düşüncəmizin tarixi ənənələrə bağlılığında və mühafizəsində azərbaycançılıq təliminin gələcəyə yönəlməsində ana dilimizin vacibliyini, rolunu dəqiq və sərraf müəyyənləşdirərək qətiyyət və qürurla deyirdi: "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.

Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-ənənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".

Belə bir fikir də var ki, dövlət rəhbərləri arasında ilk dəfə məhz Heydər Əliyev ədəbiyyatla cəmiyyətin münasibətlərini sahmana saldı. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ana dilinin himayədarı oldu. Səlis, rəvan, aydın nitqi ilə həm də gözəl və örnək bir nümunə yaratdı: "Dil xalqın böyük sərvətdir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir".

Heydər Əliyev həmişə onu anlatmağa və şüurlara biryolluq həkk etdirməyə çalışırdı ki, dil yalnız mənəviyyat problemi, filoloji fikir məsələsi deyil, azərbaycançılıq fəlsəfəsinin təməl problemidir. Bu səbəbdən də Heydər Əliyevin ana dilimizə göstərdiyi həssas münasibətdə millətin və dövlətin taleyi dayanırdı. Dil həm də şərəfli dünənimiz, qürurlu bugünümüz və gələcəkdəki əbədiliyimizdir.

Firidun bəy Köçərli 1913-cü ildə "Molla Nəsrəddin" jurnalında yazırdı: "Ananın südü bədənin mayesi olduğu kimi, Ana dili də ruhun qidasıdır... Bir millətin malını, dövlətini, hətta vətənini əlindən alsan ölüb-itməz, amma dilini alsan puç olar, ondan bir nişan qalmaz". Həqiqətən də bizi bir millət kimi qoruyan, müxtəlif qovğalardan, olaylardan, müstəmləkə şəraitindən, imperiyadan, yad quruluşdan salamat çıxardan məhz dilimiz olmuşdur. Onun vasitəsilə bir-birimizlə ünsiyyətimizi itirməmiş, ədəbiyyatımızı, mənəviyyatımızı, tariximizi, ənənələrimizi, adətlərimizi qoruya bilmişik. Bizim birinci kimliyimiz - Ana dilimizdir!

Bu gün qürur və fəxrlə bildiririk ki, Prezident İlham Əliyev də Ana dilimizin keşiyində dayanan, onun mühafizəsi yolunda qətiyyət göstərən  dövlət başçısı kimi milli-mənəvi dəyərlərə sadiqliyi ilə seçilir. Ziyalılar, alimlər, yazıçı və şairlər, eləcə də sadə insanlarla keçirdiyi görüşlər zamanı dəfələrlə Azərbaycan dilinə olan sevgisinin ifadəsi kimi yumşaq, səlis, təmiz və aydın nitqi ilə nümunə göstərib. Dəfələrlə danışığında qüsura yol verən, yad söz işlədən məmura, iş adamına yerindəcə iradını bildirib. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda həm giriş, həm də yekun nitqi söyləyən Prezident İlham Əliyev ana dilində necə aydın, yumşaq, qəzəbli və təsirli danışmağın da mümkünlüyünü bir daha təsdiq etdi. Bütün bunlara rəğmən bəzi məmurlarımız hələ də bu böyük örnəkdən nümunə götürməkdə çətinlik çəkirlər. İllərdir ki, nazir, komitə sədri vəzifəsində çalışan bəzi insanlar hələ də mütəxəssisə "mütəhəssis", müsahibəyə "müsabiqə", dəstək əvəzinə "dəstə", insanın qabında deməkdənsə "insanın qabığında"... sözlərini işlədirlər. Maraqlıdır ki, bu vəzifəli şəxslərin ətrafında olan insanlar, xüsusilə mətbuat xidməti orqanları ya qəsdən, ya da ehtiyatlanaraq öz rəhbərlərinin səhvlərini, yanlış danışıqlarını düzəltməyə, növbəti çıxışalrında bu qüsurlara yol verməməklərinə səy göstərmirlər. Susqunluq isə yeni nöqsanlara yol açır. Əgər hər kəsin Ana dili onun mənəviyyatının güzgüsü və ruhunun qidası rolunu mükəmməl oynaya bilsə, yəqin ki, heç belə səhvlərə də, gülünc ifadələrə də yol verilməz. Bir də söz insanın içinin ətridir! Gəlin dilimizi qoruyaq! Onu Allahın bəxş etdiyi İlahi gözəllikdən, ətirdən məhrum etməyək!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.-2013.- 21 fevral.- S.2.