Gömrük ödənişlərinin
qaytarılması qaydaları
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1.
Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin
(bundan sonra - Gömrük Məcəlləsi) 266-270-ci maddələrinə
əsasən hazırlanmışdır və gömrük
borcu üzrə ödənilmiş gömrük ödənişlərinin
qaytarılması qaydalarını müəyyən edir.
1.2.
Gömrük orqanları tərəfindən alınan vergilərin
qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə
uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq
edilmiş "Artıq ödənilmiş vergilərin, faizlərin
və maliyyə sanksiyalarının vergi ödəyicisinə
qaytarılması Qaydaları" ilə müəyyən olunmuş
qaydada həyata keçirilir.
1.3.
Gömrük orqanları tərəfindən alınan dövlət
rüsumunun qaytarılması "Dövlət rüsumu
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq
edilmiş "Düzgün tutulmamış və ya artıq
ödənilmiş dövlət rüsumunun qaytarılması
Qaydaları" ilə müəyyən olunmuş qaydada həyata
keçirilir.
1.4.
Gömrük orqanları tərəfindən alınan
gömrük rüsumlarının, gömrük
yığımlarının və haqqın qaytarılması
bu Qaydalara əsasən həyata keçirilir.
2. Gömrük borcu üzrə
ödənilmiş gömrük ödənişlərinin
qaytarılması halları
2.1.
Gömrük borcu üzrə ödənilmiş gömrük
rüsumu aşağıdakı hallarda qaytarılır:
2.1.1.
mallar qüsurlu olduqda;
2.1.2.
gömrük ödənişlərinin məbləği
hesablanarkən səhvə yol verildikdə.
2.2.
Gömrük Məcəlləsinin 231-ci və 233-cü maddələrində
nəzərdə tutulmuş hallarda gömrük
orqanlarının həyata keçirdiyi əməliyyatlar
üçün ödənilmiş haqqın və
gömrük yığımlarının məbləğləri
hesablanarkən səhvə yol verildikdə, onlar bu Qaydalara əsasən
Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar
inkişaf fondundan geri qaytarılır.
3. Qüsurlu mallara görə
ödənilmiş gömrük rüsumunun qaytarılması
3.1.
Sərbəst dövriyyəyə buraxılmamışdan əvvəl
xarab olmuş mallar qüsurlu hesab edilir.
3.2.
Qüsurlu mallara görə ödənilmiş gömrük
rüsumu həmin mallar istifadə olunmadıqda (malların
qüsurlu olmasının müəyyən edilməsi
üçün zəruri olan istifadə istisna olmaqla) və
gömrük ərazisindən aparıldıqdan sonra
qaytarılır.
3.3.
Bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq, gömrük
rüsumunun qaytarılması yalnız həmin malların
gömrük ödənişlərini tətbiq edən
gömrük orqanı tərəfindən eyniləşdirilməsi
aparıldıqdan sonra həyata keçirilir.
3.4.
Gömrük orqanları şəxsin müraciəti əsasında
qüsurlu malların gömrük ərazisindən
aparılması əvəzinə onların daxildə emal (məhv
edilmə də daxil olmaqla), beynəlxalq tranzit, gömrük
anbarlarında saxlanc və ya sərbəst zona xüsusi
gömrük prosedurları altında yerləşdirilməsinə
icazə verir.
4. Gömrük rüsumlarının,
gömrük yığımlarının və haqqın məbləği
səhv hesablandıqda, gömrük borcu üzrə ödənilmiş
gömrük ödənişlərinin qaytarılması
Gömrük
rüsumlarının, gömrük
yığımlarının və haqqın (bundan sonra -
gömrük ödənişləri) hesablanmasında səhvə
yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda
və ya gömrük orqanları tərəfindən aşkar
edildikdə, artıq ödənilmiş məbləğ
ödəyiciyə geri qaytarılır.
5. Gömrük ödənişlərinin
qaytarılması barədə müraciət
5.1.
Gömrük ödənişlərinin qaytarılmalı
olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi
gömrük ödənişlərinin ödənildiyi tarixdən
1 (bir) il müddətində onu tətbiq edən gömrük
orqanına müvafiq ərizə ilə müraciət edə
bilər.
5.2. Ərizədə
ödəyicinin bank rekvizitləri, qaytarılmalı olan
gömrük ödənişlərinin məbləği, onların
yaranma tarixi və yaranma səbəbləri, həmçinin
ödəyici hüquqi şəxs və ya hüquqi şəxs
yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul
olan fiziki şəxs olduğu təqdirdə, vergi ödəyicisinin
eyniləşdirmə nömrəsi - VÖEN göstərilməlidir.
5.3.
Qaytarılmalı olan gömrük ödənişlərinin
yaranma səbəblərini ərizə ilə müəyyən
etmək mümkün olmadıqda, onların qaytarılmalı
olduğunun təsdiqi üçün şəxs
aşağıdakı sənədləri gömrük
orqanına təqdim edə bilər:
5.3.1.
gömrük ödənişlərinin hesablanması və
alınması üçün əsas olan, həmçinin
alınmasını təsdiq edən sənədlər (bəyannamə,
qəbzlər və s.);
5.3.2.
gömrük ödənişlərinin səhv nəticəsində
artıq ödənilməsini və ya malın qüsurlu
olmasını sübut edən sənədlər (malın
qiymətini təsdiq edən sənəd, müşayiət sənədləri,
müqavilə, müvafiq normativ sənədlər, malın
texniki pasportu və s.).
5.4.
Ödəyici və ya onun nümayəndəsi gömrük
ödənişlərinin qaytarılması haqqında ərizənin
gömrük orqanına verilməsinin fors-major hallar nəticəsində
gecikdirildiyini sübuta yetirdikdə bu Qaydaların 5.1-ci bəndində
göstərilən müddət gömrük orqanları tərəfindən
daha 1 (bir) ilədək uzadılır.
6. Gömrük ödənişlərinin
qaytarılması üzrə gömrük orqanının hərəkətləri
6.1.
Gömrük ödənişlərinin qaytarılması barədə
qərar onları tətbiq edən gömrük orqanı tərəfindən
qəbul edilir.
6.2.
Gömrük ödənişlərinin qaytarılması və
ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən
ərizə gömrük orqanına daxil olduğu tarixdən
15 (on beş) gün müddətində yazılı formada qəbul
edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan
Gömrük Məcəlləsinin 10-cu fəslində müəyyən
edilmiş qaydada şikayət verilə bilər.
6.3.
Gömrük ödənişlərinin qaytarılması bu
barədə qərar verildikdən sonra 1 (bir) ay müddətində
həyata keçirilir.
6.4.
Gömrük ödənişlərinin qaytarılması
üçün müəyyən edilmiş 1 (bir) ay müddət
gömrük orqanı tərəfindən onların
qaytarılması barədə qərar verildiyi gündən vəsaitin
dövlət xəzinədarlığının hesabından
çıxdığı günədək olan dövrü əhatə
edir.
6.5.
Şəxsin müraciəti olduqda, gömrük ödənişlərini
tətbiq edən gömrük orqanı qaytarılmalı olan
gömrük ödənişlərini onun və ya onun
göstərdiyi digər şəxsin gələcək xarici
iqtisadi fəaliyyətində istifadə üçün qəbul
edir.
6.6.
Şəxsin gömrük ödənişləri üzrə
borcu mövcud olduğu halda, qaytarılmalı olan
gömrük ödənişləri və ya onların bir
hissəsi (qaytarılmalı olan gömrük ödənişlərinin
məbləği borcun məbləğindən çox
olduqda) gömrük orqanı tərəfindən borcun ödənilməsinə
yönəldilir.
6.7.
Gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi tərəfindən təsdiq edilmiş formada
gömrük rüsumunun qaytarılması barədə 4
nüsxədə rəy tərtib edir.
6.8.
Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin
surəti gömrük rüsumunun dövlət büdcəsindən
qaytarılması məqsədi ilə ərizə daxil
olduğu tarixdən 15 (on beş) gün müddətində
gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq
maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə
göndərilir, 1 nüsxəsi isə gömrük
orqanında qalır.
6.9.
Gömrük orqanı bu Qaydaların 6.2-ci bəndində qeyd
olunan gömrük yığımlarının və
haqqın qaytarılması haqqında qəbul etdiyi qərarın
və ərizənin surətinin 1 (bir) iş günü
müddətində Azərbaycan Respublikasının Dövlət
Gömrük Komitəsinə (bundan sonra - Komitə) göndərilməsini
təmin edir.
6.10.
Komitə gömrük orqanının qərarı və ərizə
əsasında artıq ödənilmiş gömrük
yığımlarının və haqqın Azərbaycan
Respublikasının gömrük sisteminin büdcədənkənar
inkişaf fondundan qaytarılması məqsədi ilə həmin
sənədlərin daxil olduğu gündən 3 (üç)
iş günü müddətində maliyyə orqanına
müraciət edir.
7. Gömrük ödənişlərinin
qaytarılması üzrə maliyyə orqanının hərəkətləri
7.1.
Maliyyə orqanı gömrük orqanı tərəfindən
bu Qaydaların 6.7-ci bəndinə uyğun olaraq tərtib
edilmiş rəyi və bu Qaydaların 6.10-cu bəndinə
uyğun olaraq, Komitənin göndərdiyi müraciəti qəbul
edir.
7.2.
Gömrük ödənişlərinin qaytarılması
maliyyə orqanı tərəfindən həyata keçirilir.
7.3.
Gömrük rüsumları qaytarılarkən, dövlət
büdcəsinin mədaxili faktiki qaytarılmış məbləğ
qədər azaldılır.
7.4.
Gömrük yığımları və haqq qaytarılarkən
Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar
inkişaf fondunun mədaxili artıq ödənilmiş vəsaitin
faktiki qaytarılmış məbləği qədər
azaldılır.
7.5.
Maliyyə orqanı gömrük ödənişlərinin
qaytarılması barədə 5 (beş) iş günü
müddətində gömrük orqanına məlumat verir.
8. Yekun müddəalar
8.1.
Bu Qaydaların 8.2-ci bəndində nəzərdə
tutulmuş hal istisna olmaqla, gömrük ödənişlərinin
qaytarılması gömrük orqanları tərəfindən
faizlərin ödənilməsinə səbəb olmur.
8.2.
Gömrük ödənişlərinin qaytarılması barədə
qərar verildikdən sonra 3 (üç) ay müddətində
ödəniş edilmədikdə və bu gecikmə
gömrük və ya maliyyə orqanlarının (onun vəzifəli
şəxslərinin) hərəkətləri (hərəkətsizliyi)
nəticəsində baş verdikdə, gömrük
orqanları tərəfindən Azərbaycan Respublikası Mərkəzi
Bankının müəyyən etdiyi uçot dərəcəsi
ilə faizlər hesablanır və ümumi borc məbləği
şəxsə bu Qaydalara əsasən ödənilir. Faizlər
üç aylıq müddət başa
çatdığı tarixdən gömrük
rüsumlarının, gömrük
yığımlarının və haqqın
qaytarıldığı tarixədək olan müddət
üzrə hesablanır.
Azərbaycan.-2013.- 21 fevral.- S.2.