YASAMAL dinamik inkişaf yolundadır
Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində artıq dünya birliyində öz layiqli yerini tutan, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan respublikamız dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək hədəfinə doğru böyük inamla irəliləyir, ötən hər bir il bütün sahələrdə əldə olunan uğurlarla tarixə düşür.
Əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də qlobal iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyyatı uğurlu siyasət sayəsində mənfi xarici iqtisadi təsirlərə dayanıqlılıq nümayiş etdirdi, iqtisadi artımın davamlılığı təmin olundu. Makroiqtisadi sabitlik qorunub saxlanıldı, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların inkişafı sürətləndi, valyuta ehtiyatlarının səmərəli idarə edilməsi və milli valyutanın sabitliyi təmin olundu, sahibkarlığa dövlət dəstəyi gücləndirildi, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradıldı, əhalinin sosial rifahı daha da yaxşılaşdı.
2012-ci
ildə Bakı və onun qəsəbələrinin
inkişafı proqramı da uğurla icra edildi, irihəcmli
işlər görüldü. Bu il başa çatacaq proqrama
əsassən Bakının bütün rayon və qəsəbələrində
infrastruktur layihələri icra edilir, yollar salınır,
lazımi şərait yaradılır. Ümumiyyətlə,
bu proqram çox müfəssəl, geniş və dəqiqdir,
o cümlədən icrası daim nəzarətdədir. Bu ilin
sonuna qədər proqram çərçivəsində qəsəbələrin
əsas infrastruktur və sosial məsələləri öz həllini
tapacaq, mövcud problemlərin böyük əksəriyyəti
aradan qaldırılacaq.
Ümumi inkişafa layiqli töhfələr
Azərbaycanda geniş vüsət
alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq
işləri Yasamal rayonunda da yüksək templə davam edir.
Bütövlükdə Yasamal rayonu paytaxt Bakının və
ölkənin inkişafı prosesinə ildən-ilə
özünün layiqli töhfələrini verir. Rayonun
inkişafından danışarkən, ilk növbədə,
qeyd etməliyik ki, bu yuksəlişə və qazanılan hər
bir nailiyyətə Prezident İlham Əliyevin göstərdiyi
böyük diqqət və qayğı sayəsində nail
olunub. Ölkə Prezidentinin birbaşa təşəbbüsü
və himayəsinin nəticəsidir ki, son illər Yasamal
rayonunda mühüm obyektlərin inşası uğurla
başa çatdırılıb. Çoxsaylı səhiyyə
və təhsil müəssisələri, yollar, yol
ötürücüləri, piyada keçidləri, parklar,
infrastruktur obyektləri, dünya standartlarına cavab verən
hotellər, yeni inzibati binalar istifadəyə verilib.
Görülmüş bütün işlər rayon sakinlərində
dövlətə inamı, dövlət
başçısına etimadı daha da artırıb,
ümummilli lider Heydər Əliyevin siyasi kursunun
alternativsizliyini bir daha təsdiq edib.
Özünün
tarixi ənənələri, milli mədəniyyət
nümunələri, bəzi coğrafi özəllikləri ilə
seçilən bu rayon həm də ziyalı, alim və tələbə
kontingentinin sıx yaşadığı, işgüzar
insanların məskunlaşdığı məkan kimi
tanınır. Odur ki, özünəməxsus tarixi ənənələri
zəngin olan Yasamal rayonu paytaxtın mühüm elm, o cümlədən
iqtisadi mərkəzlərindən sayılır. Lakin bu rayon
da müstəqilliyin bərpasının ilk illərində
ciddi problemlərlə üzləşmişdi. Bütün
respublikada olduğu kimi, Yasamalda da iri müəssisələr
fəaliyyətini dayandırmaq məcburiyyətində
qalmış, istehsal prosesi zəifləmiş, işsizliyin səviyyəsi
dözülməz həddə çatmış, əhalinin
sosial vəziyyəti pisləşmişdi. Rayonun sosial-mədəni
infrastrukturu tamamilə yararsız hala düşmüş,
ekoloji problemlərin kəskinləşməsi insanların
sağlamlığı üçün ciddi təhlükəyə
çevrilmişdi. Bütövlükdə respublikada hökm
sürən sosial-iqtisadi tənəzzül prosesinin
doğurduğu ciddi problemlər və depressiv ovqat Yasamalda da
özünün kəskinliyi ilə duyulurdu.
1993-cü
ildə respublikada hakimiyyətə qayıdan ulu öndər
Heydər Əliyev bu rayonun da problemlərinə xüsusi diqqət
və qayğı ilə yanaşdı. Yasamal rayonu tədricən
iqtisadi potensialını bərpa etdi, əvvəlki
şöhrətini özünə qaytardı.
İnsanların rifahında, yaşayış tərzində əsaslı
keyfiyyət dəyişiklikləri baş verdi. Son 10 ildə
isə Azərbaycanın təkcə dövlət büdcəsinin
gəlirlərinin deyil, ümumən valyuta ehtiyatlarının
dinamik artımı Yasamal rayonunun da problemlərinin həllinə
imkanlar yaratdı. Yasamaldakı real sosial-iqtisadi inkişaf əsla
quru, cansız rəqəmlərdə deyil, rayon sakinlərinin
gündəlik həyatında, məişətində, maddi
rifah halında əksini tapır. Ötən 10 ildə
Prezident İlham Əliyevin dəfələrlə Yasmal
rayonunda olması, onun inkişaf perspektivləri ilə
bağlı dəyərli tövsiyə və
tapşırıqlarını verməsi görülən
işlərini səmərəsini və keyfiyyətini
artırıb.
Bu gün Yasamal paytaxtın əsas rayonlarından biri olduğundan daim diqqət mərkəzindədir. Eyni zamanda, mövcud potensialın səmərəli realizə edilməsi, rayonun malik olduğu əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası, Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin əzm və bacarıqla həyata keçirilməsi Yasamal rayonunun bugünkü uğurlarını şərtləndirən başlıca məqamlar sırasındadır. Rayonda həyata keçirilmiş çoxşaxəli tədbirlər sistemi həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlıdır. Rayon rəhbərliyi üzərinə düşən məsuliyyəti düzgün dəyərləndirməklə fəaliyyətini dövlət başçısı İlham Əliyevin yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurmağa, idarəetmədə mütərəqqi prinsipləri tətbiq etməyə, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirərək vaxtında icrasına nail olmağa çalışır.
Prezident
İlham Əliyevin apardığı siyasətin mahiyyətinə
uyğun olaraq ötən il rayonda qarşıya qoyulmuş
başlıca vəzifələr əhalinin sosial rifah
halının yaxşılaşdırılması,
abadlıq-quruculuq işlərinin daha sürətlə və
keyfiyyətlə aparılması, təhsil-səhiyyə
müəssisələrinə diqqətin
artırılması, xidmət və infrastruktur sahələrində
işin müasir dövrün tələblərinə
uyğunlaşdırılması, sahibkarların fəaliyyətinə
mane olan süni əngəllərin aradan
qaldırılması olub.
Hər
bir ölkənin, şəhərin, qəsəbənin
inkişafı makroiqtisadi göstəricilərdən daha
aydın görünür. Bu mənada, Yasamal rayonunun
sosial-iqtisadi nəticələrinə nəzər yetirək. Yasamal rayonunun sosial-iqtisadi həyatında
son illər əldə olunan sürətli inkişaf 2012-ci ildə
də davam etdirilib. Həm sosial, həm də iqtisadi sahələrdə
yeni nailiyyətlər qazanılıb. Belə ki, ötən
ilin yekunlarına əsasən rayon üzrə sənaye məhsulunun
ümumi həcmi 198,5 milyon manat, nəqliyyat sektorunda xidmətlərin
həcmi 1 milyard 577 milyon manat, rabitə xidmətlərinin həcmi
184 milyon manat, ümumi investisiyadan tikinti-quraşdırma
işləri 570 milyon manat təşkil edib. Orta aylıq əməkhaqqı
6,9 faiz artaraq 488,5 manat olub. İl ərzində rayonda 4179 yeni
iş yeri açılıb ki, onlardan 421-i yeni
yaradılmış müəssisə və təşkilatlarda,
1139-u mövcud və bərpa olunmuş müəssisələrdə,
2619-u isə fiziki şəxslərdən ibarət olub.
Abadlıq-quruculuq
işləri müasirliyi və çoxşaxəli olması
ilə diqqət çəkir
Milli iqtisadi modeli, makroiqtisadi uğurları ilə dünyanın aparıcı maliyyə mərkəzlərinin diqqət mərkəzində olan, insan amilinin yüksəlişinə xidmət edən qlobal infrastruktur layihələrini inamla həyata keçirən, sosial məsələlərə geniş diqqət ayıran Azərbaycan, eyni zamanda, böyük tikinti meydanını xatırladır. Prezident İlham Əliyev xüsusən inzibati mərkəz statusu daşıyan Bakının Şərq və Qərb arxitekturasının uğurlu sintezi əsasında yenidən qurularaq modern Avropa şəhərinə çevrilməsi üçün müəyyənləşdirdiyi kompleks tədbirlərin icrasını gündəlik nəzarətdə saxlayır. Özünün gündən-günə gözəlləşən siması ilə Yasamal rayonu da paytaxtın müasir görkəminə böyük töhfələr verir.
Qeyd etdiyimiz kimi, Yasamal rayonu Bakının mərkəzi və əsas rayonlarından biridir. Azərbaycan Respublikasının bir çox strateji ünvanları, nazirliklər, nüfuzlu ali təhsil ocaqları, Azərbaycan Milli Elmlər Akademiyası və bir çox aparıcı elmi-tədqiqat institutları, Bakımetropoliten idarəsi və sair dövlət idarələri bu rayonda yerləşir. Yasamal rayonu ərazisində çoxlu istirahət və gəzinti parkları, tarixi şəxsiyyətlərin abidələri var. Odur ki, Yasamal rayonunda abadlıq və quruculuq işləri hər zaman diqqət mərkəzindədir.
Son dövrlər rayonun inkişafında keyfiyyətcə yeni mərhələ başlayıb və həyata keçirilən tikinti-abadlıq, quruculuq işləri özünün sistemliliyi, qlobal miqyası, müasirliyi ilə diqqət çəkir. Cəmi 10 il əvvəllə müqayisədə Yasamal rayonu tanınmaz dərəcədə müasirləşib, yeniləşib. Ümumiyyətlə, Azərbaycanın müxtəlif guşələrində müşahidə olunan abadlıq, tərəqqi və yüksəliş Yasamal rayonunda da qabarıq görünür. Ölkə başçısı rayonda aparılan işlərə xüsusi əhəmiyyət verir, mütəmadi olaraq aparılan işlərin gedişi ilə maraqlanır, açılış mərasimlərində şəxsən iştirak edir. Təkcə ötən il Prezident İlham Əliyev 9 dəfə Yasamal rayonunda olub.
İndi bura yolu düşənlər rayondakı genişmiqyaslı abadlıq və quruculuq, yenidənqurma işlərinə heyrətlərini gizlədə bilmirlər. Ən müasir şəhərlərə xas arxitektura əsasında abadlaşdırılan rayonun əksər küçə, meydan, park və xiyabanlarında, sosial-mədəni, inzibati obyektlərində, o cümlədən çoxsaylı yaşayış binalarında aparılan təmir və yenidənqurma işləri həqiqətən göz oxşayır. İlk baxışdan aydın görünür ki, görülən işlər kampaniyaçılıqdan, kosmetik dəyişikliklərdən tamamilə uzaq olub rayonun uzun illərdən bəri həllini gözləyən problem və qayğılarının kompleks həlli məqsədinə hesablanıb.
Qeyd edək ki, Bakı şəhərində abadlıq və quruculuq işlərinin sistemli şəkildə aparılmasında Prezident İlham Əliyevin 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq etdiyi "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" xüsusi rol oynayır. Ölkə başçısının sədrliyi ilə 2012-ci ilin mayında Bakı Şəhər İcra Hakimiyyətində dövlət proqramının icra vəziyyəti müzakirə olunmuş və Prezident tərəfindən dövlət proqramına əlavə və dəyişikliklər edilməsi barədə müvafiq sərəncam imzalanıb. Ölkə başçısının sərəncamı ilə təsdiq olunmuş əlavələrdə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən qaldırılan məsələlərin əksəriyyəti öz əksini tapıb.
Proqramda Bakı şəhərinin və ətraf qəsəbələrin problemlərinin həllini önə çəkən məqsədyönlü və ardıcıl tədbirlər sistemi paytaxtın qədim tarixi ənənələrə, mədəni-mənəvi irsə malik rayonlarından olan Yasamalın da simasını əsaslı şəkildə dəyişib. Xüsusi vurğulamaq lazımdır ki, dövlət başçısı İlham Əliyev proqram çərçivəsində müxtəlif obyektlərin açılış mərasimlərində iştirak etmək üçün, qeyd etdiyimiz kimi, dəfələrlə Yasamala gəlib, bu diqqət və qayğı rayonun dinamik inkişafına, uzun illərdən bəri yığılıb qalmış bəzi problemlərin həllinə əsaslı təkan verib. Ən əsası, bu səfərlərin hər biri Yasamal sakinlərinin həyatında müsbət irəliləyişlərə səbəb olub, onların yaddaşında xoş izlər buraxıb.
Bütövlükdə dövlət proqramının icra olunması rayonun yol təsərrüfatı, abadlıq və yaşıllaşdırma sahələrində öz müsbət nəticələrini göstərməkdədir. Proqrama rayonla bağlı salınmış 53 bəndin 25-i tamamilə icra olunub, 14 bənd icra olunmaqdadır. Qalan tədbirlərin icrası isə bu il nəzərdə tutulub.
Aparılan
abadlıq və quruculuq işlərinə gəldikdə qeyd
etmək lazımdır ki, ötən il rayon icra hakimiyyəti
tərəfindən İnşaatçılar prospektində
sahəsi 3500 kv.m olan ərazidə yeni park salınıb. Ulu
öndər Heydər Əliyevin anadan olmasının 89-cü
ildönümündə istifadəyə verilən parkın
açılışında Prezident İlham Əliyev
iştirak edib. 2012-ci ildə rayonun Mikayıl Müşfiq
küçəsi boyunca Mətbuat prospektindən
"Kempenski-Badamdar" hotelinə qədər olan ərazidə
genişmiqyaslı abadlıq işləri də
görülüb. Mətbuat prospekti 501-ci məhəllədə
3000 kv.m sahədə yeni yaşıllıq zolağı və
istirahət parkı salınıb. 5 yaşayış məhəlləsində
- Mətbuat prospekti 29, Şərifzadə küçəsi
75A, Talıblı küçəsi 32, H.Cavid prospekti 91 və
Şəfahət Mehdiyev 97 və 94 saylı evlərin
qarşısındakı məhəllələrdə
genişmiqyaslı abadlıq işləri aparılaraq
nümunəvi həyətlər yaradılıb. Sonuncu məhəllədə
uşaqların asudə vaxtının səmərəli
keçirilməsi məqsədilə mini-futbol
meydançası tikilib istifadəyə verilib. Rayon ərazisində
6 yaşayış binasının fasadında yenidənqurma və
bərpa işləri görülüb.
Yasamal
rayonunda şəhərin ümumi görkəminə xələl
gətirən köhnə dam örtüklərinin, o cümlədən
binadaxili su, istilik və kanalizasiya xətlərinin dəyişdirilməsi,
yenisi ilə əvəz olunması da diqqət mərkəzindədir.
Belə ki, ötən il 180 yaşayış binasında 16100
kv.m müxtəlif örtüklü dam örtüyü, 57
yaşayış binasında 3510 p/m. aşağı
paylayıcı istilik xətləri dəyişdirilib. İl ərzində
432 min kubmetr məişət, 40320 kubmetr isə
süpürüntü və digər tullantılar Balaxanı
zibilxanasına daşınaraq zərərsizləşdirilib.
Magistral yollara 456 min kv.m məhəllədaxili yollara isə
115 min kv.m asfalt örtüyü salınıb. Rayonun Zərdabi,
Şərifzadə küçələri tamamilə yenidən
qurulmuş, müasir işıqlandırma sistemi tətbiq
edilib. 24 ədəd müxtəlif təyinatlı qeyri-qanuni
tikili, 6 ünvanda zəbt olunmuş torpaq sahəsi ətrafına
çəkilmiş hasarlar sökülüb.
Təhsil
və səhiyyə infrastrukturu müasirləşir
Ötən
il Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev
Fondunun Prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
təhsil və səhiyyəyə diqqət və
qayğıları sayəsində ölkənin bütün
bölgələrində olduğu kimi, Yasamal rayonunun orta
ümumtəhsil məktəblərinin, məktəbəqədər
uşaq və səhiyyə müəssisələrinin
maddi-texniki bazalarının möhkəmləndirilməsi
istiqamətində saysız- hesabsız işlər
görülüb.
"2011-2013-cü
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafının Dövlət
Proqramı"na əsasən Yasamal rayonunda 11 məktəbin,
21 məktəbəqədər uşaq müəssisəsinin
əsaslı təmiri, yenidən qurulması və Yeni Yasamal
yaşayış massivində məktəbəqədər
uşaq müəssisəsinin tikintisi nəzərdə
tutulub. 2011-2012-ci illərdə 6 tam orta məktəb (150, 225,
21, 31, 38, 173 saylı məktəblər) dövlət
proqramı, 13 nömrəli tam orta məktəb Heydər Əliyev
Fondunun dəstəyi ilə əsaslı təmir olunub.
Dövlət Proqramına əsasən, 16 uşaq
bağçası da əsaslı təmir edilib. Prezident
İlham Əliyev 150, 225, 21 və 173 nömrəli məktəblərdə
aparılan əsaslı təmir işləri ilə şəxsən
tanış olub. Dövlət başçısı 15
sentyabr "Bilik günü"ndə 18 nömrəli məktəbdə
aparılmış əsaslı təmir və yenidənqurma
işlərindən sonra açılışında da
iştirak edib. Rayonda Azərbaycan-Avropa məktəbi də bu
tədris ilindən fəaliyyətə başlayıb. Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva ötən ilin
iyul ayında 27 və 325 nömrəli uşaq
bağçalarının əsaslı təmirdən sonra
açılışlarında iştirak ediblər.
Dövlət
proqramının icrasının son ilində isə Yasamal
rayonunda 4 məktəbin, 5 uşaq bağçasının əsaslı
təmiri, 99 nömrəli uşaq bağçası
üçün əlavə korpusun və Yeni Yasamal
yaşayış massivində uşaq
bağçasının tikintisi nəzərdə tutulub.
Bununla da 2013-cü ilin sonunadək rayonda təmir olunmayan məktəb
və bağça qalmayacaq.
Müasir
dövrdə hər bir dövlətin qarşısında
duran əsas vəzifələrdən biri də vətəndaşlar
üçün keyfiyyətli və müasir səhiyyə
xidməti təşkil etməkdir. Azərbaycan Prezidentinin son
9 ildə imzaladığı fərman və sərəncamların
nəticəsi kimi, bu sahələrdə əldə
olunmuş nailiyyətlər Bakının Yasamal rayonu
üçün də səciyyəvidir. Paytaxtın digər
rayonlarında olduğu kimi, burada da səhiyyə
infrastrukturunun yeniləşdirilməsinə xüsusi
qayğı göstərilir, bu sahədə problemlərin həlli
üçün davamlı tədbirlər həyata
keçirilir.
Xatırladaq
ki, ötən illərdə rayonun səhiyyə müəssisələrinin
əsaslı təmiri, yenidən qurulması və müasir tələblərə
cavab verən tibbi avadanlıqlarla təchiz olunması istiqamətində
xeyli iş görülüb. Respublika Uşaq Klinik Xəstəxanasının,
Uşaq Nevroloji Xəstəxanasının, Respublika Diaqnostika
Mərkəzinin, Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə
İnstitutunun, Topçubaşov adına Respublika Elmi Cərrahiyyə
Mərkəzinin əsaslı təmiri, yenidən qurulması
və ən müasir tibbi avadanlıqlarla təchiz olunaraq
istifadəyə verilməsi bunun bariz nümunəsidir. Bu tibb
ocaqlarının açılışlarında Prezident
İlham Əliyev və ölkəmizin birinci xanımı
Mehriban Əliyeva iştirak ediblər.
Həmin
səhiyyə müəssisələrinin maddi texniki
bazasının möhkəmləndirilməsi
üçün daim iş görülür. Bu yaxınlarda
isə 13 nömrəli uşaq poliklinikasında əsaslı
təmir işləri başa çatıb. Müalicə
profilaktika müəssisələri ilə birgə Yasamal Rayon
İcra Hakimiyyəti də rayon əhalisinin
sağlamlığını daim diqqət mərkəzində
saxlayır. Güzəştli əhali qrupuna pulsuz dərman
preparatlarının verilməsi istiqamətində müəyyən
işlər görülür.
Vətəndaş
müraciətinə həssas münasibət
Hər bir cəmiyyətin tərəqqisi
ilə yanaşı, sosial həmrəyliyini təmin edən əsas
şərtlərdən biri vətəndaşı
düşündürən problemlərin vaxtında həll
edilməsi, hər bir insanın dövlət strukturlarına
olan müraciətlərinə çevik və ədalətli
münasibətin ortaya qoyulmasıdır. Ələlxüsus
söhbət sosial dövlətdən və sosial cəmiyyətdən
gedirsə, burada vətəndaşı narahat edən məsələlərə
daha diqqətlə yanaşılması olduqca vacibdir.
Çünki məhz bu kimi məsələlərin
kökündə insanların dövlət orqanlarına
inamının və etimadının formalaşması
dayanır.
Bu məsələlər
Yasamal rayonunda da diqqət mərkəzindədir. Yasamal
RİH-nin rəhbərliyi dinamik yüksəliş
üçün bütün zəruri tədbirləri həyata
keçirməklə, ölkədəki inkişaf prosesinə
öz töhfəsini verməklə yanaşı, fəaliyyətinin
digər zəruri istiqamətini məhz vətəndaş
müraciətlərinin dinlənilməsinə, öyrənilməsinə,
araşdırılmasına və problemlərin yoluna
qoyulmasına yönəldir.
Əhalinin
sosial-məişət problemlərinin öyrənilməsi və
vaxtında həll edilməsi məqsədilə rayon rəhbərliyi,
xidmət sahələrinin rəhbərlərinin
iştirakı ilə yerlərdə 2012-ci il ərzində
müxtəlif ünvanlarda 20 səyyar qəbul və
görüşlər keçirib. Həmin görüş və
qəbullarda 3500 nəfər sakin iştirak edib. Qəbullar
zamanı edilən 185 müraciətdən hamısı öz
həllini qısa müddətə tapıb. Müraciətlərin
əksəriyyəti yaşayış binalarının,
ümumi giriş sahələrinin, damların təmiri,
küçə və məhəllədaxili yolların, həyətlərin
asfaltlanması və abadlaşdırılması, elektrik
enerjisi, istilik ilə təchizat, kanalizasiya xidməti və digər
sosial-məişət və mənzil məsələləri
ilə bağlı olub.
Ümumilikdə
2012-ci il ərzində Yasamal RİH-yə 2837 ərizə
şikayət və təklif daxil olub. 2011-ci ildə bu rəqəm
3225 olub. Daxil olmuş 2743 müraciətdən 2687-nə
baxılaraq 717 müraciət müsbət, 268-i qismən həll
olunub, 920-nə müvafiq izahat verilib, 81 müraciət tabeli təşkilatlara
göndərilib, 573 müraciət isə əsassız hesab
edilib. Vətəndaşlardan daxil olmuş müraciətlər
əsasən mənzil, təmir-tikinti, sahibkarlığın
inkişafı, təhsil sahəsi və sairlə əlaqədar
olub. Ötən il vətəndaşların qəbulu və
müraciətləri ilə iş məsələləri
icra hakimiyyəti başçısı aparatında müxtəlif
müşavirələrdə 21 dəfə müzakirə
edilib.
2012-ci
ildə icra hakimiyyəti başçısının
aparatında 3167 vətəndaş qəbul edilib. 410 nəfər
isə icra hakimiyyəti başçısının qəbulunda
olub. Vətəndaşların müraciətləri əsasən
mənzil məsələsi, evlərin təmiri, abadlıq
işlərinin aparılması, kommunal problemlərin həllinə
kömək göstərilməsi ilə əlaqədar olub,
bunların da böyük əksəriyyəti müsbət həllini
tapıb.
Ümumiyyətlə,
ötən illərdə olduğu kimi, 2012-ci ildə də
Yasamal rayonunun sosial-iqtisadi inkişafı və
genişmiqyaslı abadlıq-quruculuq işlərinin
aparılması, əhaliyə göstərilən kommunal məişət
xidmətlərinin səviyyəsinin daha da
yaxşılaşdırılması istiqamətində əhəmiyyətli
işlər görülüb. Bunun nəticəsidir ki, Yasamal
rayonu surətlə abadlaşır və
paytaxtımızın ən gözəl güşələrindən
birinə çevrilir. Qeyd olunan faktlar isə ötən il
rayonda aparılan genişmiqyaslı işlərin yalnız bir
hissəsinin qısa xronikasıdır. Başqa sözlə
desək, Yasamal rayonunun da hər bir sakini Prezident İlham Əliyevin
rəhbərliyi altında qazanılan uğurların bəhrəsini
öz gündəlik həyatında bariz şəkildə
hiss edir, ölkədəki ümumi yüksəliş və tərəqqi
xəttini ürəkdən dəstəkləyir. İndi
qarşıda daha böyük vəzifələr dayanır və
rayon ictimaiyyəti onların da öhdəsindən layiqincə
gələcəyinə əmindir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-2013.- 21 fevral.- S.3.