Azərbaycan və Küveyt arasında mədəni əlaqələrin inkişaf perspektivləri müzakirə edilmişdir

 

Xəbər verildiyi kimi, fevralın 18-də Küveytdə Azərbaycan Mədəniyyəti Günləri başlamışdır.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, fevralın 23-dək davam edəcək tədbirlərdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə ölkəmizin  nümayəndə heyəti iştirak edir.

Fevralın 20-də Küveytin informasiya naziri Şeyx Salman Əl-Hamad Əs-Sabah Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev ilə görüşmüşdür.

Ədalət Vəliyev ölkələrimiz arasında mövcud mədəni əlaqələrin inkişafından danışmışdır. Bu yaxınlarda Bakıda Azərbaycan-Küveyt birgə əməkdaşlıq komissiyasının ikinci iclasının keçirildiyini xatırladan nazir müavini tədbirdə müxtəlif sahələr üzrə əməkdaşlığa dair sənədlərin, o cümlədən "Azərbaycan Respublikası hökuməti və Küveyt Dövləti hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş"in imzalandığını məmnuniyyətlə qeyd etmişdir.

Nazir müavini həmçinin  Azərbaycanda müxtəlif beynəlxalq müsabiqə və festivalların keçirildiyini diqqətə çatdırmışdır. Küveytli nazir Şeyx Salman Əl-Hamad Əs-Sabah onun üçün münasib vaxtda bu tədbirlərdə iştirak etməyə dəvət olunmuşdur.

 Eyni zamanda, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin əhatə etdiyi sahələr, onların inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat diqqətə çatdırılmışdır.

 Görüşdə incəsənət ustalarının qarşılıqlı səfərlərinin təşkilinin əlaqələrimizin daha da yaxınlaşmasına xidmət edəcəyi bildirilmiş və tərəflər bir-birilərinə xatirə hədiyyələri təqdim etmişlər.

Azərbaycanın Küveytdəki səfiri Tural Rzayev görüşdə iştirak etmişdir.

 

 

Azərbaycan.-2013.- 21 fevral.- S.4.