Misirin nüfuzlu «Əl-Məsəiyyə» qəzetində Xocalı soyqırımının

 21-ci ildönümü ilə bağlı geniş yazı dərc edilmişdir

 

Misirin geniş oxucu auditoriyasına malik "Əl-Məsəiyyə" qəzetinin 16 fevral tarixli nömrəsində bu nəşrin baş redaktor müavini Məhəmməd Sələmənin "Xocalı soyqırımının 21-ci ildönümündə beynəlxalq pisləmə" sərlövhəli məqaləsi dərc edilmişdir.

Misirli jurnalist yazısında erməni silahlı qüvvələrinin 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırımı nəticəsində 106 qadın, 63 uşaq və 70 qoca olmaqla, ümumilikdə, 613 dinc sakinin qətlə yetirildiyini, 1275 günahsız insanın girov götürüldüyünü və 150 nəfərin itkin düşdüyünü oxucuların diqqətinə çatdırmışdır.

Müəllif bu soyqırımının bir çox ölkələr tərəfindən pisləndiyini xüsusilə qeyd etmiş, ABŞ və bir sıra Avropa ölkələrində Xocalı soyqırımı ilə bağlı həmrəylik tədbirlərinin keçirildiyini önə çəkmişdir. Qətliamla bağlı Azərbaycan Respublikasının Misirdəki səfirliyinin bəyanatına müraciət edən baş redaktor müavini bu sənəddə Xocalı soyqırımının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən amansız həlqəsi olduğunu ifadə etmişdir. O, bu soyqırımının Azərbaycana qarşı hərbi təcavüz edən Ermənistan silahlı birləşmələri tərəfindən törədildiyini vurğulamış, həmin faciənin XX əsrdə ən amansız beynəlxalq terror cinayətlərindən biri olduğunu diqqətə çatdırmışdır.

Məqalədə həmçinin səfirliyin bəyanatına istinadla soyqırımının təfərrüatları barədə geniş məlumatlar təqdim edilmişdir.

 

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Qahirə

Azərbaycan.-2013.- 21 fevral.- S.6.