Milli Kitabxana-İnformasiya Mərkəzinin və ilk toplu

 kataloqun təqdimatı keçirilmişdir

 

Fevralın 20-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında respublikada ilk toplu kataloqunMilli Kitabxana-İnformasiya Mərkəzinin (AZLİBNET) (www.azlibnet.az) təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, mərasimdə respublikanın tanınmış ziyalıları, elm və mədəniyyət xadimləri, şəhər (rayon) kitabxanalarının rəhbərləri və geniş ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Tədbiri C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov açaraq ölkəmizdə kitabxana sahəsinin inkişafı istiqamətində mühüm işlərin görüldüyünü bildirmişdir. Direktor Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın əhəmiyyətini xüsusilə qeyd etmişdir.

Bildirilmişdir ki, dövlət proqramının reallaşdırılması üzrə Tədbirlər Planına uyğun olaraq kitabxanaların informasiyalaşdırılması, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işi uğurla həyata keçirilir.

T.Sadıqov Milli Kitabxana-İnformasiya Mərkəzinin və toplu kataloq haqqında ətraflı məlumat verərək bildirmişdir ki, AZLİBNET  Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına Gənclər Kitabxanasının nəzdində yaradılmışdır.

Qeyd edilmişdir ki, AZLİBNET-in əsas vəzifəsi Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan respublika əhəmiyyətli böyük kitabxanalar, habelə şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin elektron resurslarının vahid mərkəzdən idarə olunmasına, onların təhlükəsizliyinin təmin edilməsinə, elektron resurslarının istifadəçilərə fasiləsiz və operativ olaraq təqdim edilməsinə, kataloqlaşdırma zamanı əlavə vaxt, zaman, vəsait itkisinin, habelə biblioqrafik yazıların tərtibində nöqsan və təkrarçılığın aradan qaldırılmasına nail olmaqdır.

Hazırda AZLİBNET-in həyata keçirdiyi ən vacib Azərbaycan kitabxanalarında birgə kataloqlaşdırma, kitabxanaların milli toplu elektron kataloq sistemini yaratmaqdır. Azərbaycanın toplu elektron kataloqu böyük ümummilli əhəmiyyətə malikdir. O, kitabxanaların inkişafının strateji istiqamətidir. Kataloqun yaradılması Azərbaycan kitabxana fondlarının məzmunu haqqında informasiya almağa, ölkənin bütün ərazisində istifadəçilərə sənədlərin rasional çatdırılmasını təmin etməyə, komplektləşdirmə prosesini əlaqələndirməyə, mərkəzləşdirilmiş kataloqlaşdırma prosesini təşkil etməyə imkan verəcəkdir.

Diqqətə çatdırılmışdır ki, toplu kataloqdan AZLİBNET-in www.azlibnet.azya C.Cabbarlı adına Gənclər Kitabxanasının www.ryl.az ünvanlı veb-saytları vasitəsilə istifadə etmək olar.

Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında 2013-cü ilin ölkədə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edildiyini xatırladaraq təqdim olunan layihəni kitabxana sahəsinin inkişafında, kitabxanaların elektronlaşdırılması istiqamətində və onların müasirləşməsi zəminində mühüm hadisə kimi qiymətləndirmişdir.

Diqqətə çatdırılmışdır ki, respublikamızda 12 minə yaxın kitabxana fəaliyyət göstərir və daim yenilənən informasiyatexnologiyalar əsrində də kitabxanalarımız bu müasirlikdən geridə qalmamalı, oxucunun bu sahəyə həvəs və maraqlarını artırmaq məqsədi ilə öz işlərini zamanın tələblərinə uyğun qurmalıdırlar.

Nazir müavini kitabxana-informasiya sisteminin inkişafına dair dövlət proqramının əhəmiyyətini xüsusilə qeyd etmişdir.

Prezident Kitabxanasının direktoru Mail Əhmədov belə bir layihənin həyata keçirilməsini kitaxana sahəsində mühüm yenilik kimi qiymətləndirmişdir. O, təqdim edilən layihənin hər bir oxucunun elektron kitabxanadan asanrahat istifadəsinə zəmin yaradacağını bildirmişdir. Qeyd etmişdir ki, elektron toplu kataloq vasitəsilə oxucu istədiyi materialı tez və asanlıqla əldə edə biləcəkdir.

 M.Əhmədov bildirmişdir ki, hazırda layihəyə 5 kitabxananın resursları birləşdirilmiş, digər kitabxanalar isə layihəyə qoşulmuşlar.

Təqdimat mərasimində Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru, professor, əməkdar mədəniyyət işçisi, əməkdar elm xadimi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü,  "Şöhrət" ordenli, Prezident təqaüdçüsü Abuzər Xələfov çıxış edərək kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işinin daha səmərəli həyata keçirilməsində yeni yaradılmış mərkəzin əhəmiyyətini xüsusilə vurğulamışdır.  Qeyd etmişdir ki, ölkəmizdə kitabxana sahəsində ardıcıl olaraq mühüm tədbirlər həyata keçirilir. Ümummilli lider Heydər Əliyev daim bu sahəyə diqqət və qayğı göstərmişdir. Hazırda bu siyasət onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

A.Xələfov daim inkişafda olan texnologiyalar əsrində toplu kataloqun əhəmiyyətini xüsusilə vurğulamış, layihəni dövlətin, kitabxanaların oxucu qarşısında yüksək xidmətlərinin nəticəsi kimi qiymətləndirmişdir. Təqdim edilən layihədə əməyi olanlara minnətdarlığını bildirən alim bunun kitabxanalarda  informasiya texnologiyalarının inkişafı sahəsində mühüm hadisə olduğunu söyləmişdir.

Tədbirdə Milli Məclisin deputatı Fərəc Quliyev, Azərbaycan Diplomatik Akademiyasının elmi kitabxanasının bölmə müdiri Elçin Məmmədov bu təşəbbüsü yüksək qiymətləndirərək  gələcəkdə Azərbaycanda kitabxana sisteminin inkişafında AZLİBNET-in böyük əhəmiyyətə malik olacağını vurğulamışlar.

Sonda Milli Kitabxana-İnformasiya Mərkəzinin (www.azlibnet.az) təqdimatı olmuş və mərkəz haqqında ətraflı məlumat verilmişdir.

Bildirilmişdir ki, AZLİBNET vasitəsilə respublikada mövcud olan elektron resursların fasiləsiz və uzaq məsafədən idarə edilməsi sistemi yaradılmışdır. Mərkəz respublikanın bütün kitabxanaları ilə (sahə, elmi, kütləvi) əlaqələr qurur.

 

Azərbaycan.-2013.- 21 fevral.- S.7.